ÇAĞDAŞ folklor: problemləR, perspektiVLƏr baki – 2015 TƏRTİBÇİ: Nuridə muxtarzadə



Yüklə 1,27 Mb.
səhifə11/13
tarix21.04.2018
ölçüsü1,27 Mb.
#39524
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Nizami Muradoğlu

ÖVLİYA KƏRAMƏTLƏRİ

Son vaxtlar Azərbaycan folklorşünaslarının yazılarında rast gəldiyim mənqabə termini haqqında fikirləşirdim. Bu sözün hansı anlamda işlənilməsi, bir janr kimi xüsusiyyətləri istər-istəməz düşüncələrimi qarışdırırdı. Azərbaycan dilinin izahlı lüğətində tapa bilmədiyim sözün mənasını axtarırdım. Sözün ərəb-fars mənşəli ola biləcəyi şübhəsiz idi. Yenə də hər halda işlədilən terminin Azərbaycan folklorşünaslığında yer alması müsbət hal kimi qiymətləndirilməlidir. Ərəb dili ilə məşğul olanlara müraciət etdikdə sözün “mənqəbə” kimi işləndiyi aydınlaşdı. Sözün mənası 1) ləyaqət, 2) tərifə layiq sifət, təriflənəsi xidmət, fəaliyyət, 3) mədh, mədhiyyə kimi verilmişdir (1, 354). Söz Türkiyənin “Çağ öyrətim şirkətinin” hazırladığı osmanlı türkcəsi ilə Azərbaycan türkcəsinin qarşılıqlı izahlı lüğətində də “menkibe-mənkibə, dini hekayə”(2,341) kimi təqdim edilmişdir.

Rus ərəbşünası X. Baranovun 42 min söz və söz birləşməsini əhatə edən mükəmməl ərəbcə-rusca lüğətində (3, 822) “naqabə” feilindən (qazıntı aparmaq, qazmaq, axtarmaq, kəşf etmək, kəşfiyyat aparmaq və s.) düzələn “mənqabə” sözünün mənası ləyaqət, tərifli keyfiyyət, xidmət və s. kimi verilmişdir. Həmin lüğətin 828-ci səhifəsində “nakabə” feilindən (məğlub etmək, bədbəxtliyə səbəb olmaq, əzab vermək, yolundan döndərmək, geri çəkilmək, istiqamətini dəyişmək və s.) düzələn “mənkibun” sözünün mənası isə çiyin, tərəf və s. kimi göstərilmişdir.

Bu yaxınlarda filologiya elmləri doktoru, professor Füzuli Bayatın nəşr etdirdiyi “Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri” kitabı düşüncələrimizə bir aydınlıq gətirdi. Füzuli Bayat termini türk dilinin İstanbul ləhcəsində işlədildiyi formaya münasib bilərək “mənkabə” kimi işlətmişdir.

Sözüm terminin hansı formada işlədilməsi ilə bağlı deyildir. Yəqin ki, gələcəkdə Azərbaycan folklorşünaslığında janr məsələlərinə baxılarkən bu terminin də necə işlədilməsinə aydınlıq gətiriləcəkdir.

Füzuli Bayat kitabın əvvəlinə “Ərənin baxışı kimyadır, qara torpağa baxsa, qızıl eylər” adlı çox anlamlı, həm də hər yarımbaşlığı ərənlərin sözü ilə bəzəyərək geniş məqalə (səh.7-20) yazaraq müəllifin sözü ilə desək, mənkabələrin nədən bəhs etdiyini aydınlaşdırmağa çalışmışdır. Cənubi Azərbaycan mühitindən az xəbərdar olduğumuzdan mənqabələrin həmin mühitdə nə dərəcədə mövcudluğu barədə mülahizə yürütməkdən yan keçmək məcburiyyətindəyik. Şimali Azərbaycanda isə Füzuli Bayatın qeyd etdiyi kimi, “mənkabə”, dini rəvayət, mənakibnamə, vilayətnamə kimi adlarla bilinən bu folklor janrı Sovetlər İttifaqının çökməsinə qədər öyrənilməmiş, aradan keçən iyirmi iki illik uzun zamanda ateist düşüncənin dini dəyərlərə, mənəviyyata münasibətlər kodunu qıra bilməmişdir” (4, 7). Qeyd edək ki, Füzuli Bayat mənkabə janrı haqqında ayrıca məqalə də çap etdirmiş, bu janrın spesifikası, məğzi haqqında geniş məlumat vermişdir. Bundan başqa Füzuli Bayat “Folklor dərsləri” adlı kitabında ilk dəfə olaraq Azərbaycan folklorunun zənginliyi olan mənkabələrin hər gün yeni-yeni növlərinin yaranması ilə diqqət çəkdiyini də xüsusi vurğulamışdır.

Sovet hakimiyyətinin yetmiş il ərzində Şimali Azərbaycanda islam dinini yasaq etməsi, təbii ki, bir çox milli dəyərlərimizin məhv olmasına, dağılmasına, unudulub yaddan çıxmasına səbəb olmuşdur. Dini mərasimlərə qoyulan qadağalar, “Allahsızlar cəmiyyətlərinin” yaradılması, məscidlərin sökülüb dağıdılması və ya qapısına qıfıl vurulması, digər tərəfdən ateizmin məktəb şəbəkələrində geniş təbliği kəramət sahiblərinə, seyidlərə olan təzyiqlər, dini-ürfani görüşlərinə görə həbs olunub sürgün edilmələri onların əksəriyyətini öz dəruni qeyb elmlərindən bilərəkdən imtina etmələrinə gətirib çıxartmış, kəramətlərinin ortaya çıxmasının qarşısını xeyli dərəcədə almışdır. Ancaq bütün bu qadağalara baxmayaraq “cidanı çuvalda gizlətmək mümkün olmadığı” (5) kimi kəramət sahiblərinin həbsi, öldürülməsi, sürgün edilməsi onların kəramətlərinin yox olmasına gətirib çıxara bilmədi. Bu gün də xalq içərisində kəramət sahiblərinin adı ilə deyilən çoxlu hekayələr vardır ki, gələcəkdə onların toplanıb çap edilməsi mənəvi dünyamızın paklaşmasına, eyni zamanda xalq yaradıcılığının bu sahədə gizlin qalmış bir xəzinəsinin aşkara çıxarılmasına ilkin olaraq xidmət edən amil kimi nəzərə alınmalıdır.

Professor Füzuli Bayatın tərcümə edib yayımladığı bu kitabı oxuduqca Xoca Əhməd Yəsəvi, Hacı Bəktaş Vəli, Yunus Əmrə, Şəms Təbrizi, Nəsimi kimi övliyaların kəramətləri insanı riqqətə gətirir, ətrafımızda baş verən müdhiş hadisələrə yetərincə diqqət vermədiyimizin peşmançılığını çəkirik. Yaxşı yadımdadır, kəndimizdə Mir Əyyub ağa adında bir seyid var idi. Allah ona rəhmət eləsin. Mir Əyyub ağa hərdən kəndin mərkəzi meydanına çıxardı. Üzündən nur yağırdı. Ağappaq saqqalı sifətini bir az da nurlandırırdı. Hamı Mir Əyyub ağaya xüsusi ehtiramla yanaşardı. Qonşu kəndlərdən, Culfa rayonundan Mir Əyyub ağanın ziyarətinə gələnlər çox olardı. Hətta söyləyirdilər ki, Mir Əyyub ağanın adına deyilmiş qoç qurbanları özləri mələyə-mələyə gedib ağanın qapısında dayanardı.

Ordubad rayonunda bu tipli rəvayətlər indi də danışılmaqdadır. Rayonun Qorxular kəndində çoxlu seyid ailələri yaşayır. Kəndin ayrıca seyidlər məhəlləsi və seyidlər qəbiristanlığı vardır. Burada yaşamış seyidlərdən biri haqqında deyirlər ki, onun evində ildə bir qoç kəsilib qovurma edilərmiş, amma o qovurma bərəkət bağlayar, heç tükənməzmiş. Yaxud Kotam kəndinin axundu haqqında deyirdilər ki, o, sübh namazını Arazın üzərindən keçərək çayın cənub sahilində qılıb qayıdarmış. Suyun üzərində hərəkət etmək, təbii ki, çox böyük kəramət sahibi olmağa dəlalət edən faktorlardandır. Naxçıvanın Qarabağlar kəndində yaşamış Mir Həsən ağanın (Allah ona rəhmət eləsin) kəramətləri haqqında indi də danışırlar. Bu gün də Mir Həsən ağanın ziyarətinə gələnlər onun çarpayısında uzanıb qısa bir müddət üçün yatmaqla şəfa tapırlar. Mir Həsən ağanın oğlu Mir Həşim ağa ilə söhbətimizdə məlum oldu ki, bir gün ağanın yanına hansısa rayondan havalanmış bir gəlin gətirirlər. Əhvalat sovet dövründə baş vermişdir. Gəlini saxlamaq mümkün olmadığından əllərini, qollarını və ayaqlarını iplə möhkəm-möhkəm bağlamışdılar. Mir Həsən ağa gəlini bu halda gördükdə buyurur ki, ipləri açın. Gəlini gətirənlər tərəddüd içində qalsalar da, ipləri açmalı olurlar. Gəlin heç nə olmamış kimi öz sağlam halına qayıdır və oradaca şəfa tapır.

Yaxud Şərur rayonunun Dizə kəndindən olan, hazırda Bakı şəhərində yaşayan Mir Həbib ağa söyləyir ki, “babam (Mir Yasin ağa) ağır seyid idi. Ona görə də deyirdilər ki, bizim ocağa həmişə çöl heyvanları gələrdi, evimizi ziyarət edərdilər. Bu günə qədər çöl heyvanlarının bizim ocağa gəlməsi hələ də davam edir. Bir dəfə mən özüm bir sürü ovun həyətimizə gəlməsinin şahidi olmuşam”(6,199).

Mən özüm də belə bir hadisəni dəfələrlə müşahidə etmişəm. Anam çox imanlı bir qadın idi. Böyük qonaqlıqlarda anam xörək bişirəndə həmişə belə deyərdi:

- Bu mənim əlim deyil, Fatimeyi-Zəhranın əlidir. İnşallah yeməklər artımlı olar.

Həqiqətən də, bişirilən yeməklər artımlı olardı. Qonaqlıq rahatlıqla yola verilərdi. Bir də uşaqların boğazı gələndə anam həmin sözləri deyib, barmağı ilə uşaqların boğazını basardı. Uşaqlar tezliklə sağalardılar. Belə nəticəyə gəlmək olur ki, müxtəlif insanlarda olan kəramətlər həm də onların inamlı, pak olmaları ilə əlaqədardır. Bu yüksək mənəvi keyfiyyətlər bəşərin Hazır və Nazir olan Böyük Yaradana nə qədər yaxın olduğunun göstəricilərindəndir.

Professor Füzuli Bayat kitabda istidrac deyilən bir termin də işlətmişdir. Müəllifin təbirincə desək, “əməli saleh olmayan adamların göstərdikləri qeyri-adiliklərə istidrac deyilir. Kafirlərin göstərdikləri qeyri-adi hallara da istidrac deyilmişdir. Kəramətdə, möcüzədə Allah qüdrəti, Allah lütfü əsasdırsa, istidracda sehr, tilsim, cadu hakimdir”(4, 12). Qurani-kərimin “Taha” surəsində Musa peyğəmbərə verilən möcüzələrlə bağlı bir neçə ayə vardır. Allah tərəfindən Musaya vəhy olunan elm nəticəsində onun əl ağacı istədiyi anda bir əjdahaya çevrilir, Fironun sehrbazlarının quraşdırdıqları dəyənək və kəndirlərdən əmələ gələn ilanları udur. Həmin sehrbazlar bir olan Allaha iman gətirib Musa peyğəmbəri Allahın rəsulu kimi qəbul etdiklərinə görə Fironun qəzəbinə tuş olurlar. Musa peyğəmbər gecə ikən inam gətirmiş qulları ilə yola çıxır. Firon da öz qoşunu ilə onun ardınca gəlir. Musa peyğəmbər əsasını dənizə vurmaqla dalğalar şahə qalxır, dənizin ortasından yol açılır. Musa peyğəmbər və ətrafındakılar xilas olurlar. Firon isə öz qoşunu ilə birlikdə dənizə girir və qərq olurlar. Musa peyğəmbər Allaha ibadət etmək üçün Tur dağına tələsir. Arxasınca gələnlər Musa peyğəmbərdən geri qaldıqları üçün dayanıb üzərlərində olan qızıl- gümüş əşyaları oda atıb yandırırlar. Samiri adında biri oda atılan qızıl, gümüş əşyalar əridikdən sonra ona torpaq qatıb böyürən bir buzov düzəldir. Adamlardan bir neçəsi sarı buzovu tanrı olaraq qəbul edir, Musa peyğəmbərin ardınca getməkdən imtina edirlər. Bu zaman Allahdan Musa peyğəmbərə vəhy gəlir. Qullarının yenidən xəyanət yoluna yuvarlandığını başa düşən Musa peyğəmbər onların yanına qayıdıb;

95. – “Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi? – deyə soruşdu.

96. (Samiri) belə cavab verdi: – “Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi.” (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum).

97. (Musa) dedi: – “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kisə toxunmayım!)” – deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vaxt (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!

98. Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!” (7,318)

Bizim axtardığımız nəticə Qurani-kərimin “Taha” surəsinin 98-ci ayəsində verilmişdir. Deməli, peyğəmbərlərlə bərabər digər insanlara da verilən kəramət və ya istidrac adlandırmağımızdan asılı olmayaraq əzəli elmdir. Bəsirət gözü açıq olan xeyirxah missiyalı insanlar bunu bəşərin maddi-rifahının yaxşılaşdırılması naminə istifadə etdikləri halda, digərləri “qara yollara” düşüb özlərinə zülm edərlər. Zaman içində bir zamansızlıq qazanmaq, məkanı dəyişdirmək, azı çoxa döndərmək xeyirxah missiyalı övliyaların işidir. Bu elmin açarları Allah-talanın əlində olduğundan insanların onu tam mənada dərk etməsi bir qədər qeyri-mümkün kimi görünür. Ancaq sidq ilə Allahına bağlı olub Dünyanın nizamını anlamağa çalışan insanlar (onlar çox azdır) özləri ilə ruhlar aləmi və ya digər məxluqlar arasında münasibətlər müstəvisində yer tuta bilir, zamanın içində zaman duyğusunu və ya zamansızlığı başa düşür, məkan, zaman anlayışlarının nisbi xarakterli kateqoriyalar olduğunu təhtəlşüurla dərk edə bilirlər. Öncə görmələr, yuxular, hətta nana-texnologiya özü də danışdığımız elmin zərrəcikləri hesab edilə bilər. Əsl həqiqətdə isə o dərin elm Həzrəti İsanın qeyb olması, Məhəmməd (s.s.) peyğəmbərin Meraca getməsi və ya barmağı ilə Ayı iki yerə bölməsi, yaxud Xızır peyğəmbərin nağıllardan bildiyimiz altı aylıq yollarda çarəsiz qalanları atının tərkinə alıb bir anda qət etməsi, İbrahim peyğəmbərin odda yanmaması ilə təhtəlşüurumuza çatan elmdir.

Professor Füzuli Bayatın nəşr etdirib oxucuların ixtiyarına verdiyi “Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri” kitabının çox böyük elmi əhəmiyyəti vardır. Bu kitabdan faydalanma insanın öncə özünə inamının yaranmasına və imanlı olmağa səsləməsi, batini təkamülə çevrilə biləcək hisslərin formalaşması ilə Böyük Yaradan ilə insan arasında mənəvi bağlantının təzahürlərinə çevrilməkdədir. İnsanın özünü dərk etməsi, təbiət qanunlarına vaqif olması cəmiyyətin inkişaf mərhələsini təşkil edən amillərdən sayıla bilər. İnsan özünü dərk etdikcə özünə inam hissi qüvvətlənir, “mümkünsüz” sayılan amillərin “mümkünə” çevrilməsində mühüm rol oynayır və nəhayətdə insan yaradanına qovuşmaq mərhələsinə qədər yüksələ bilər. Hər bir insanın batinində kodlaşdırılmış kəramətin təzahürü isə onun özünü tərbiyəsindən, kamil iman sahibi olmasından, inamlı cəsarətindən çox asılıdır.

Bu kitab oxucunun daxili aləminin zənginləşməsinə kömək etməklə yanaşı insanın özünə inamını artırır, mənəvi dünyamızı paklaşdırır, düşüncəmizdə bir şəffaflıq yaranmasına səbəb olur. Fiziki və mənəvi aləminin bir-birinə təması ilə insanın ortaq duyğusunu bir məxrəcə gətirməsi və yaxud belə demək mümkünsə, qızıl ortanı müəyyənləşdirə bilməsi onun kəramətlərinin başlanğıcı ola bilər. Bu anlam da daxil olmaqla kitabın insanın özünün batinini öyrənə bilməsindəki rolu əvəzsizdir. Bu kitabın araya-ərsəyə gəlməsində, Azərbaycan oxucusuna çatdırılmasında professor Füzuli Bayatın böyük işi təqdirəlayiqdir. Bu və digər böyük uğurları ilə yanaşı qeyd etmək lazımdır ki, alimin 56 yaşı tamam olmaqdadır. Biz də professor Füzuli Bayatı yaşının kamilləşmə mərhələsinə qədəm qoyması münasibəti ilə təbrik edir, ona can sağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Ədəbiyyat:
1. Ərəb və fars sözləri lüğəti. Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, Bakı-1966, 1036 s.

2. Azərbaycanca-Türkcə; Türkcə-Azərbaycanca lüğət, Bakı, 2006, 428s.

3. Х. Баранов. Арабско-русский словарь. Москва, «Издательство», 1981. 942 с.

4. Füzuli Bayat, Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri, Bakı, 2013

5. Füzuli Bayat, Folklor dərsləri, Elm və təhsil, B., 2012

6. Füzuli Bayat, İslami anlayış içində mənkıbə // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXII, B., 2010, s.3-18

7. Atalar sözü.

8. N. M. Məmmədov, “Vətən dərdi”, Bakı, “Nurlan”, 2005, 240 s.

9. Qurani-kərim, Ərəb dilindən tərcümə edənlər: Z. M. Bünyadov, V. N. Məmmədəliyev. Bakı, 2005. 612 s.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə