CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
105
pulların tapılması idi. Şahidlərdən Reznikova ifadəsində bildirmişdi 
ki, “Müsavat” dövründə rəis işləmiş N.Şeyxzamanovun həyat yoldaşı 
hardasa qalada yaşayır. Onun yerini Bakı şəhəri, Mixaylovskaya küçəsi, 
ev 11, mənzil 22-də yaşayan qohumu Tutu Hacıyeva bilir.
Reznikovanın qısa məzmununu təqdim etdiyimiz bu ifadəsindən 
sonra çekistlər Hacıyeva Tutu Ağadadaş qızının ünvanını tapmış 
və 1921-ci il sentyabrın 17-də onu dindirərək guya məsələləri 
aydınlaşdırmağa çalışmışdılar:
Sual: Bakıda qohumlarınızdan kimlər yaşayır?
Cavab:  Mənim valideynlərimdən tutmuş uzaq qohumlarıma qədər 
hamısı Bakı şəhərində yaşayır. 
Sual: Hazırda bibiniz (biz Tutu xanımla Səlimə xanım arasındakı 
qohumluq əlaqəsini dəqiqləşdirə bilmədiyimizdən rus dilində “bibi”, 
“xala”, eləcə də “əmi və ya dayı arvadı” mənalarında işlədilən “tyotya” 
sözünü bibi kimi tərcümə etdik) Şeyxzamanova harada yaşayır?
Cavab: Bibim Şeyxzamanova Bakıda Arxangelsk küçəsi, 6 saylı evdə 
yaşayır. Hazırda Mərdəkandakı bağlarındadır.
Sual:  Onun həyat yoldaşı haqqında siz nə bilirsiniz və indi o, 
haradadır?
Cavab:  Onun həyat yoldaşı “Müsavat” dövründə əks-kəşfiyyatın 
xidmətindən azad edilmişdi. Müsavatın devrilməsindən 4 ay əvvəl onlar 
ailə qurmuşdular. Çevriliş vaxtı Səlimə Şeyxzamanovanın həyat yoldaşı 
Nağı bəy Şeyxzamanov harasa yoxa çıxdı. Onun haqqında nəinki mən
mənə elə gəlir ki, bibim Şeyxzamanova da heç nə bilmir.
Sual:  Onun həyat yoldaşı qaçarkən S.Şeyxzamanova saxladığı 
brilyant və qızıllar barədə sizə bir söz demişdimi?
Cavab:  Xeyr, onlar haqqında o, mənə heç nə deməmişdi. Əksinə o, 
mənə şikayətlənirdi ki, bolşeviklərin hücumu zamanı evindəki əşyalar 
götürüldüyündən onun üçün yaşamaq çətinləşmişdi. Həyat yoldaşının 
qiymətli əşyaları barədə isə o, mənə heç nə deməmişdi...
Sual: Nağı bəy Şeyxzamanovun qardaşı Məmmədbağır Şeyxzamanov 
hazırda harada yaşayır?
Cavab:  Azərbaycanda sovet hakimiyyəti qurulanda həbs edilmişdi. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
106
Sonra yadımda deyil, kimdənsə eşitdim ki, onu güllələyiblər”.
125
 
Tutu xanım M.Şeyxzamanovun güllələndiyi xəbərini kimdən 
eşitdiyini, yəqin ki, bilərəkdən gizlədirdi və bilirdi ki, onun adını 
çəksə həmin adamı da ağır cəza gözləyir. Tutu xanımın ifadəsindəki 
bir məqam xüsusi maraq doğurur. Səlimə xanım şikayətlənirmiş ki, 
bolşeviklərin hücumu zamanı evindəki əşyalar götürülmüşdür. Bu, bir 
daha göstərir ki, bolşeviklər Azərbaycanı işğal edərkən soyğunçuluq 
və talançılıqla məşğul olmuşlar.
Həmin gün Tutu xanımdan başqa Hacıyev İsfəndiyar Salam 
oğlu da dindirilmiş və onların verdikləri ifadələrə əsasən Az.ÇK-nın 
müvəkkilinin köməkçisi Novitski 1921-ci il sentyabrın 20-də aşağıdakı 
məzmunda bir sənəd hazırlamışdı. Həmin sənəddə göstərilirdi ki, 
dindirilən şahidlərin göstərdiyi kimi, S.Şeyxzamanovada qiymətli 
əşyalar hələ ərə getməmişdən əvvəl də olmuşdur. N.Şeyxzamanov 
Bakıdan gedərkən özü ilə qiymətli əşyalar aparmışdır. Sənəddə 
bildirilirdi ki, ittiham olunanın cinayəti sübut olunmadığından 
bu iş ləğv edilmiş hesab olunsun və bütün materiallar Azərbaycan 
Fövqəladə Komissiyasının arxivinə təhvil verilsin. 
Göründüyü kimi, istintaq heç nəyi sübut edə bilməmişdi, əslində 
sübut ediləsi bir şey də yox idi. Ümumiyyətlə, siyasi repressiyaya 
məruz qalanların, demək olar ki, hamısı gözdən, nüfuzdan salınmaq, 
təqib olunmaq üçün bu və digər böhtanlara məruz qalmışdılar. Arxiv 
materiallarından aydın olur ki, sonralar S.Şeyxzamanova da fürsət 
tapıb Türkiyəyə - həyat yoldaşının yanına gedə bilmişdir. 
Bu arxiv materiallarının tədqiqində məqsədimiz gümandan 
həqiqətə aparan yolu az da olsa işıqlandırmaq, tarixin bizə ən yaxın 
olan və bolşeviklər tərəfindən “ustalıqla dəfn edilən” dövrü ilə bağlı 
ümumi təsəvvürləri bir qədər də genişləndirməkdir. Lakin inanırıq ki, 
tədqiqatçıların bu sahədə gələcəkdə aparacaqları tədqiqatlar indiyədək 
deyilməmiş bir çox mətləblərə aydınlıq gətirəcək və Azərbaycanın 
ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlərin 
fəaliyyətlərinin açıqlanmasında, eləcə də elmi tərcümeyi-hallarının 
yazılmasında müəyyən rol oynayacaqdır.
125   DTX-nin arxivi, S.Şeyxzamanovun istintaq qovluğu, N PR-247.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
107
IV. 1. Mahmud Səfikürdiskiyə qarşı ittihamlar
Mahmud Balabəy oğlu Səfikürdiski 1898-ci ildə Gəncə qəzasının 
(indiki Goranboy bölgəsində yerləşən) Səfikürd (Safyurd) kəndində 
bəy ailəsində doğulmuşdu. Bəy nəslindən çıxmasına baxmayaraq 
Səfikürdiski ailəsi bir o qədər də varlı olmamışdı.
Uşaqlığını Səfikürd kəndində keçirən Mahmud kiçik yaşlarından 
elmə, təhsilə xüsusi maraq göstərmişdir. Bunu nəzərə alan atası Balabəy 
kişi onu 1909-cu ildə Gəncə gimnaziyasına gətirmişdir. Mahmud 
Səfikürdiskinin bu gimnaziyaya gətirilməsinə səbəb olan amillərdən 
biri də AXC dövründə əvvəl poçt-teleqraf və əmək, sonra isə ədliyyə və 
əmək naziri işləmiş əmisi oğlu Aslan bəy Səfikürdiskinin 
(1881-1937) 
vaxtilə həmin gimnaziyanı bitirməsi və bəzi qohumlarının Gəncədə 
yaşaması olmuşdur. 
Əsrin əvvəllərində Gəncə şəhəri də Azərbaycanın ictimai-siyasi 
həyatının qaynar nöqtələrindən birinə çevrilmişdi. Ona görə də 
Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində baş verən ictimai-
siyasi hadisələr M.Səfikürdiskinin dünyagörüşünün formalaşmasında 
müəyyən rol oynamışdı. Daha dəqiq desək, Azərbaycanda baş 
verən hadisələri gənc Mahmud Gəncədən müşahidə etməyə və 
qiymətləndirməyə başlamışdı.
Səfikürdiskilər nəsli Gəncə quberniyasında bir çox nəsillərdən 
bəylikləri ilə yanaşı, həm də müəyyən elmi dünyagörüşə malik olmaları 
ilə fərqlənirdi. Bu nəslin nümayəndələri elmə, təhsilə xüsusi fikir verir 
və övladlarının maarifləndirilməsində əllərindən gələni əsirgəmirdilər. 
Həmin nəslin nümayəndələrindən olan Aslan bəy, Bəhram bəy, 
Rza bəy və başqaları da ayrı-ayrı sahələr üzrə müəyyən təhsil almış, 
Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynamışlar.
1918-ci ildə atası Balabəy kişinin vəfatından sonra Mahmudun 
anası Əsmət, qardaşları Həmid, Bəhram, Cahangir, bacıları Sara və 
Ziba başsız qaldı. Gənc Mahmud təhsil aldığından ailəni və təsərrüfatı 
idarə etmək yükü o biri qardaşlarının üzərinə düşdü.
Bu illərdə o, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin 
müşahidəçisindən tədricən iştirakçısına çevrildi. Belə ki, o, 
Gəncədə yaranan “Yaşıl qvardiya”nın fəal üzvlərindən biri oldu. 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə