CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
105
pulların tapılması idi. Şahidlərdən Reznikova
ifadəsində bildirmişdi
ki, “Müsavat” dövründə rəis işləmiş N.Şeyxzamanovun həyat yoldaşı
hardasa qalada yaşayır. Onun yerini Bakı şəhəri, Mixaylovskaya küçəsi,
ev 11, mənzil 22-də yaşayan qohumu Tutu Hacıyeva bilir.
Reznikovanın qısa məzmununu təqdim etdiyimiz bu ifadəsindən
sonra çekistlər Hacıyeva Tutu Ağadadaş qızının ünvanını tapmış
və 1921-ci il sentyabrın 17-də onu dindirərək guya məsələləri
aydınlaşdırmağa çalışmışdılar:
“Sual: Bakıda qohumlarınızdan kimlər yaşayır?
Cavab: Mənim valideynlərimdən tutmuş uzaq qohumlarıma qədər
hamısı Bakı şəhərində yaşayır.
Sual: Hazırda bibiniz (biz Tutu xanımla Səlimə xanım arasındakı
qohumluq əlaqəsini dəqiqləşdirə bilmədiyimizdən rus dilində “bibi”,
“xala”, eləcə də “əmi və ya dayı arvadı” mənalarında işlədilən “tyotya”
sözünü bibi kimi tərcümə etdik) Şeyxzamanova harada yaşayır?
Cavab: Bibim Şeyxzamanova Bakıda Arxangelsk küçəsi, 6 saylı evdə
yaşayır. Hazırda Mərdəkandakı bağlarındadır.
Sual: Onun həyat yoldaşı haqqında siz nə bilirsiniz və indi o,
haradadır?
Cavab: Onun həyat yoldaşı “Müsavat” dövründə əks-kəşfiyyatın
xidmətindən azad edilmişdi. Müsavatın devrilməsindən 4 ay əvvəl onlar
ailə qurmuşdular. Çevriliş vaxtı Səlimə Şeyxzamanovanın həyat yoldaşı
Nağı bəy Şeyxzamanov harasa yoxa çıxdı. Onun haqqında nəinki mən,
mənə elə gəlir ki, bibim Şeyxzamanova da heç nə bilmir.
Sual: Onun həyat yoldaşı qaçarkən S.Şeyxzamanova saxladığı
brilyant və qızıllar barədə sizə bir söz demişdimi?
Cavab: Xeyr, onlar haqqında o, mənə heç nə deməmişdi. Əksinə o,
mənə şikayətlənirdi ki, bolşeviklərin hücumu zamanı evindəki əşyalar
götürüldüyündən onun üçün yaşamaq çətinləşmişdi. Həyat yoldaşının
qiymətli əşyaları barədə isə o, mənə heç nə deməmişdi...
Sual: Nağı bəy Şeyxzamanovun qardaşı Məmmədbağır Şeyxzamanov
hazırda harada yaşayır?
Cavab: Azərbaycanda sovet hakimiyyəti qurulanda həbs edilmişdi.
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
106
Sonra yadımda deyil, kimdənsə eşitdim ki, onu güllələyiblər”.
125
Tutu xanım M.Şeyxzamanovun güllələndiyi xəbərini kimdən
eşitdiyini, yəqin ki, bilərəkdən gizlədirdi və bilirdi ki, onun adını
çəksə həmin adamı da ağır cəza gözləyir. Tutu xanımın ifadəsindəki
bir məqam xüsusi maraq doğurur. Səlimə xanım şikayətlənirmiş ki,
bolşeviklərin hücumu zamanı evindəki əşyalar götürülmüşdür. Bu, bir
daha
göstərir ki, bolşeviklər Azərbaycanı işğal edərkən soyğunçuluq
və talançılıqla məşğul olmuşlar.
Həmin gün Tutu xanımdan başqa Hacıyev İsfəndiyar Salam
oğlu da dindirilmiş və onların verdikləri ifadələrə əsasən Az.ÇK-nın
müvəkkilinin köməkçisi Novitski 1921-ci il sentyabrın 20-də aşağıdakı
məzmunda bir sənəd hazırlamışdı. Həmin sənəddə göstərilirdi ki,
dindirilən şahidlərin göstərdiyi kimi, S.Şeyxzamanovada qiymətli
əşyalar hələ ərə getməmişdən əvvəl də olmuşdur. N.Şeyxzamanov
Bakıdan gedərkən özü ilə qiymətli əşyalar aparmışdır. Sənəddə
bildirilirdi ki, ittiham olunanın cinayəti sübut olunmadığından
bu iş ləğv edilmiş hesab olunsun və
bütün materiallar Azərbaycan
Fövqəladə Komissiyasının arxivinə təhvil verilsin.
Göründüyü kimi, istintaq heç nəyi sübut edə bilməmişdi, əslində
sübut ediləsi bir şey də yox idi. Ümumiyyətlə, siyasi repressiyaya
məruz qalanların, demək olar ki, hamısı gözdən, nüfuzdan salınmaq,
təqib olunmaq üçün bu və digər böhtanlara məruz qalmışdılar. Arxiv
materiallarından aydın olur ki, sonralar S.Şeyxzamanova da fürsət
tapıb Türkiyəyə - həyat yoldaşının yanına gedə bilmişdir.
Bu arxiv materiallarının tədqiqində
məqsədimiz gümandan
həqiqətə aparan yolu az da olsa işıqlandırmaq, tarixin bizə ən yaxın
olan və bolşeviklər tərəfindən “ustalıqla dəfn edilən” dövrü ilə bağlı
ümumi təsəvvürləri bir qədər də genişləndirməkdir. Lakin inanırıq ki,
tədqiqatçıların bu sahədə gələcəkdə aparacaqları tədqiqatlar indiyədək
deyilməmiş bir çox mətləblərə aydınlıq gətirəcək və Azərbaycanın
ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlərin
fəaliyyətlərinin açıqlanmasında, eləcə də elmi tərcümeyi-hallarının
yazılmasında müəyyən rol oynayacaqdır.
125 DTX-nin arxivi, S.Şeyxzamanovun istintaq qovluğu, N PR-247.
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
107
IV. 1. Mahmud Səfikürdiskiyə qarşı ittihamlar
Mahmud Balabəy oğlu Səfikürdiski 1898-ci ildə Gəncə qəzasının
(indiki Goranboy bölgəsində yerləşən) Səfikürd
(Safyurd) kəndində
bəy ailəsində doğulmuşdu. Bəy nəslindən çıxmasına baxmayaraq
Səfikürdiski ailəsi bir o qədər də varlı olmamışdı.
Uşaqlığını Səfikürd kəndində keçirən Mahmud kiçik yaşlarından
elmə, təhsilə xüsusi maraq göstərmişdir. Bunu nəzərə alan atası Balabəy
kişi onu 1909-cu ildə Gəncə gimnaziyasına gətirmişdir.
Mahmud
Səfikürdiskinin bu gimnaziyaya gətirilməsinə səbəb olan amillərdən
biri də AXC dövründə əvvəl poçt-teleqraf və əmək, sonra isə ədliyyə və
əmək naziri işləmiş əmisi oğlu Aslan bəy Səfikürdiskinin
(1881-1937)
vaxtilə həmin gimnaziyanı bitirməsi və bəzi qohumlarının Gəncədə
yaşaması olmuşdur.
Əsrin əvvəllərində Gəncə şəhəri də Azərbaycanın
ictimai-siyasi
həyatının qaynar nöqtələrindən birinə çevrilmişdi. Ona görə də
Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində baş verən ictimai-
siyasi hadisələr M.Səfikürdiskinin dünyagörüşünün formalaşmasında
müəyyən rol oynamışdı. Daha dəqiq desək, Azərbaycanda baş
verən hadisələri gənc Mahmud Gəncədən müşahidə etməyə və
qiymətləndirməyə başlamışdı.
Səfikürdiskilər nəsli Gəncə quberniyasında bir çox nəsillərdən
bəylikləri ilə yanaşı, həm də müəyyən elmi dünyagörüşə malik olmaları
ilə fərqlənirdi.
Bu nəslin nümayəndələri elmə, təhsilə xüsusi fikir verir
və övladlarının maarifləndirilməsində əllərindən gələni əsirgəmirdilər.
Həmin nəslin nümayəndələrindən olan Aslan bəy, Bəhram bəy,
Rza bəy və başqaları da ayrı-ayrı sahələr üzrə müəyyən təhsil almış,
Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynamışlar.
1918-ci ildə atası Balabəy kişinin vəfatından sonra Mahmudun
anası Əsmət, qardaşları Həmid, Bəhram, Cahangir, bacıları Sara və
Ziba başsız qaldı. Gənc Mahmud təhsil aldığından ailəni və təsərrüfatı
idarə etmək yükü o biri qardaşlarının üzərinə düşdü.
Bu
illərdə o, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin
müşahidəçisindən tədricən iştirakçısına çevrildi. Belə ki, o,
Gəncədə yaranan “Yaşıl qvardiya”nın fəal üzvlərindən biri oldu.