CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
111
oxuduğu vaxtdan yaxşı və təmiz bir insan kimi tanıyır. Qeftlerin bu 
sözlərini ƏMT-də işlədiyi zaman evində kirayəçi kimi qaldığı Mariya 
İvanovna Melinin dediyi “Səfikürdiski gəzəyən və içən adam deyildi” 
fikri də təsdiq edir. 
Qeyd etməliyik ki, bəzi şahidlər ifadələrində Səfikürdiskinin 
kommunistlərə münasibətinin pis olmadığını bildirsələr də, təəssüf ki, 
bir çoxları onun əksinə ifadə vermişlər. Şahid Aleksandr Jarikov 1920-
ci il dekabrın 7-də verdiyi ifadəsində bildirmişdi ki, M.Səfikürdiski 
Kommunist Partiyasının və Vilayət Komitəsinin üzvü Çikaryova 
demişdir: 
“Kommunistlər necə ki fəal deyildirlər, bizim onlarla 
işimiz yoxdur, lakin fəallaşsalar, onda biz də onlarla mübarizə 
aparacağıq”. 
Dindirilən şahidlərin ifadələrində gah kommunistləri incidən, gah da 
kömək edən kimi göstərilən M.Səfikürdiski barəsində 14 yanvar 1921-ci 
ildə qərar çıxarılmışdır ki, Səfikürdiski tutduğu vəzifəsində qala bilməz, 
onu işdən azad etmək lazımdır. Bu qərarı və Səfikürdiskilər nəslindən 
olan bir neçə nəfərin bolşevik təqibinə məruz qaldığını, güllələndiyini, 
eləcə də Sibirə sürgün edildiyini nəzərə alsaq, onda M.Səfikürdiskinin 
özünün də təmsil olunduğu bolşevizmin siması aydınlığı ilə görünər. 
Lakin bu məsələyə aydınlıq gətirə biləcək bir cəhətə xüsusilə fikir vermək 
lazımdır. Bu da ondan ibarətdir ki, Nağı bəy Şeyxzamanlının dediyi kimi, 
ƏMT-nin rəis köməkçisi “Hümmət” Partiyasından olmalı idi. Arxiv 
materiallarının, ifadələrinin təhlili və onun tərcümeyi-hal materialları 
göstərir ki, M.Səfikürdiski hansı partiyaya mənsub olmasından asılı 
olmayaraq, Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək işlər 
görməmiş, əksinə müstəqilliyin qorunub-saxlanılması üçün əlindən 
gələni etmişdir. M.Səfikürdiskinin Azərbaycanın müstəqilliyinə və 
dövlətçiliyinə sədaqətini onun Nağı bəylə bərabər Türkiyədə keçirdiyi 
mühacirət həyatı da təsdiq edir. 
İstintaq zamanı “cinayətləri” sübuta yetmədiyindən azadlığa 
buraxılan M.Səfikürdiskini bolşeviklər sonralar yenidən təqib 
etdiklərindən o da Türkiyəyə getmək məcburiyyətində qalmışdır.
Biz onun sonrakı taleyini öyrənmək üçün hazırda Amerikada 
yaşayan və Azərbaycanla əlaqəsini üzməyən Züleyxa Əsədullayeva 
(Veber) ilə görüşdük. O bildirdi ki, “biz Türkiyədə yaşayarkən evimizə 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
112
gələnlər arasında Əksinqilabla Mübarizə Təşkilatının rəisi Nağı 
bəy Şeyxzamanov və rəis müavini Mahmud Səfikürdiski də var 
idi. Onlar yaxın dost idilər. Mahmud orada soyadını dəyişdirərək 
Safyurdlu etmişdi. Əslində, Səfikürdiski Safyurdun ruslaşmış 
variantı idi. Çox xeyirxah və alicənab insandır. Azərbaycanda 
olarkən Tamara adlı bir qadınla evlənmiş, ondan Mələk adlı 
bir qızı da olmuşdu. Lakin nədənsə sonralar ayrılmışdılar. 
Azərbaycanın sovetləşməsi zamanı Yuqoslaviyaya getmişdi 
(Azərbaycanda həbs olunub buraxıldıqdan sonra). Burada ticarət 
işləri ilə məşğul idi. Sonra Mahmud bəy mənim yaxın qohumum, 
hazırda böyük adada yaşayan Gülnar xanımla ailə qurdu. Onun 
Bilqeys və Leyla adlı iki qızı və Əli adlı bir oğlu var idi. Mahmud 
bəy hər üç övladının təhsil almasına nail olmuşdu. Onun oğlu Əli 
Safyurdlu Ümumdünya Bankında yüksək müşavirdir. Leylanın 
həyat yoldaşı Türkiyənin tanınmış arxitektorlarından biridir. 
Bilqeys xanım isə Amerikada yaşayır. Mahmud bəy 79 yaşında 
İstanbulda vəfat etmişdir”.
M.Səfikürdiski 1972-ci il iyul ayının 14-də İstanbulda, Böyük 
adada vəfat etmiş və ada qəbiristanlığında dəfn olunmuşdur.
IV. 2. Əli Razi Şamçızadəyə qarşı ittihamlar
Keçən əsrin 20-ci illərindən Azərbaycanın görkəmli şəxsiyyətlərindən 
biri, Mirzə Ələkbər Sabirin davamçısı, mollanəsrəddinçi şair Əli 
Razi Şamçızadəni də tənqid hədəfinə çevirmişdilər. 1920-ci illərdəki 
kiçik tənqidləri və bir neçə dəfə həbs olunması, eləcə də ayrı-ayrı 
qəzet məqalələrini nəzərə almasaq, onun haqqında ilk və ən amansız 
xarakterli kampaniya 1937-ci il yanvar ayının 16-da Azərbaycan Sovet 
Yazıçılarının Kirovabad 
(o zaman Gəncə belə adlanırdı) filialının maarif 
şöbəsi və partiya üzvləri ilə birlikdə keçirdiyi fövqəladə yığıncaqda 
olmuşdur. Həmin yığıncaqda partiya komitəsinin katibi Petrosyan
bir nəfər həmkarlar ittifaqından, on səkkiz nəfər yazıçı və yeddi nəfər 
partiya üzvü iştirak etmişdir. Yığıncağın gündəliyində yalnız bir məsələ 
dururdu: “Əli Razinin müsavatçı kontrrevolyusioner işləri haqqında”.
128
 
128   DTX-nin arxivi, Ə.R. Şamçızadənin istintaq qovluğu, 1937-ci il № PR- 29861.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
113
Gündəliyə yalnız bir məsələnin çıxarılmasından və məsələnin 
qoyuluşundan görünür ki, məqsəd Əli Razini ləkələmək, onu 
Azərbaycanın ictimai-siyasi səhnəsindən silmək olmuşdur. Aydınlıq 
üçün yığıncaq iştirakçılarının bəzilərinin çıxışlarına müraciət edək: 
“...Əli Razi sovet yazıçılarına qarşı çox amansız olmuşdur. Onları 
qismən təşkilatdan uzaqlaşdıraraq qərəzçilik etmişdir. 4 yerdə 
işləyərək heç bir lazımi produksiya verə bilməmişdir. Özünü 
Azərbaycanının şairi Sabirə qarşı qoymuş, onun tərcümeyi-
halını, yaradıcılığını təhriflərlə vermişdir”.
129
 
Ə.Razi haqqında deyilən bu sözlər iftira və böhtandan savayı bir 
şey deyildir. Ədəbiyyata az-çox bələd olanlar yaxşı bilirlər ki, Əli Razi 
Azərbaycan ədəbiyyatında özünəməxsus deyim və yozum tərzi ilə 
seçilən sənətkarlardandır. O ki qaldı özünü Sabirə qarşı qoymağa 
(yəqin 
ki, burada Sabiri təqlid nəzərdə tutulur - C.Q.), bu, bir həqiqətdir ki, 
mollanəsrəddinçi şairlər bir-birindən qarşılıqlı şəkildə faydalanmışlar. 
Bu təsirlənmə həmişə yaradıcı xarakter daşımış və həmin şəxslər 
təkcə ədəbi əlaqədə olmamış, eyni zamanda yaxından dostluq da 
etmişlər. Mərhum professor A.Zamanovun 1962-ci ildə çap etdirdiyi 
“Müasirləri Sabir haqqında” kitabının 184-cü səhifəsində Əli Razi 
Şamçızadənin Sabirlə ilk görüşü haqqında yazılır: 
“...gülümsəyərək 
məni redaksiya heyətinə apardı və oturmaqda olan üç nəfərlə 
tanış etdi. Bunlardan biri Sabir, ikincisi Əliqulu Qəmküsar və 
üçüncüsü Qurbanəli Şərifov idi”. 
Göründüyü kimi, “Molla Nəsrəddin” jurnalı nəşrə başlayan ildən 
onlar birgə əməkdaşlıq etmiş və dostlaşmışlar. “Mola Nəsrəddin”in 
“müsəlman bacı və qardaşlarını, bütün müsəlman dünyasını oyatmaq, 
elm və ürfan sahibi etmək, dünyanın tərəqqi etmiş dövlətləri 
səviyyəsinə qaldırmaq” ideyası onların da məram və məqsədinə 
çevrilmişdi. Maraqlıdır ki, onlar milləti cəhalət yuxusundan ayıltmağa 
səy göstərərkən, bu mütərəqqi ideyalara mane olan, əngəl törədən 
adamların təqiblərinə məruz qalanda da “Molla Nəsrəddin”ə pənah 
aparmış, ondan bir sığınacaq kimi istifadə etmişlər. Ə.Razinin 1933-cü 
ildə “Hücum” jurnalında nəşr edilən məqaləsində oxuyuruq: “1907-
ci ilin payızında hücumlar böyüdü, təhlükə artdı. Tiflisə qaçıb “Molla 
129   Yenə orada


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə