ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə17/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

MƏZƏLİ SÖZLƏR
Bəzi sözlər zahirdə mənasız, namərbut nəzərə gəlir, lakin məclisi şirinlətmək üçün ağıza gətirilir. Məsələn bir qonaqlıqda, çaydan doymaq bilməyən bir kəs belə deyir:

– Çayın ikisi qaydadı, üçü cana faydadı, keçdi beşə, vur on beşə. On beşi keçdi, say nədi? Bir başdan tök iç da....

Onun müqabilində çox çay içən barədə deyirlər: Nə xəbərdi? Qarnınızda paltar yumursunuz ki...

Saqqalım çıxınca canım çıxaydı. Bəzi adamlar şuluqbaz olurlar, hər sözün qabağında bir başı yuxarı cavab verirlər. Məsələn, deyəndə ki, filan işin, ya sözün əsli var? Deyər: – Əsli olmasaydı, Kərəm dağda-daşda nə qayırardı?!

Ya qapı döyüldükdə, biri soruşanda ki, nə barədə danışırsız, deyər:

– Heç zad baba.. Kənddən gələn var idi. Qatığın arşınını soruşurdu. Parçanın batmanını.

Biri sözü çətin başa düşəndə deyərlər: – Gəl, bu yol yumurtanı düyünlə, buna söz başa sal.

Biri bir işdə şikəst tapanda, xüsusən uşaqlar bir işi görə bilməyib bir yerləri inciyəndə lağ ilə deyərlər: – Sən ki üzmək bacarmırsan, ağac başında nə qayırırsan.

Biri Tehrana gedib qayıtdıqda, dedilər farsca öyrənmisən? Dedi:

– Hə.


Dedilər, qarışqaya farsca nə deyirlər?

Dedi:


– Çox kiçik şeyləri öyrənməmişəm.

Dedilər:


– Dəvəyə nə deyirlər?

Dedi:


– Çox yekə şeyləri də öyrənməmişəm.

Biri də Tehrana gedib qayıtdıqda, soruşdular ki: ─ Farsca öküzə nə deyirlər?

Dedi: – Qav.

Dedilər, buzova nə deyirlər? Demə buzovun farscasını bilmirmiş. Deyir ki, buzova heç zad deməzlər, səbr elərlər, yekələndən sonra deyərlər “Qav”, yəni öküz.

Biri də Tehrana gedib qayıtdıqda, soruşmuşdular ki: ─ Tehranda nə öyrəndin?

Dedi: – Arpaya “cov” deyirlər, buğdaya “kəndom”, darıya ad qoyanda, mən gəldim.

Biri çox ac olanda deyir: – Acımdan dişlərim sümüyə dönübdü.

Birinə yalandan can yandıranda deyərlər: – Öləndə canım çıxaydı.



QARAVƏLLİLƏR VƏ LƏTİFƏLƏR
Hədi, Hüdü, bir də mən
Hədi idi, Hüdü idi, mən idim, getdik şikara gördük bir ov. Dedim, Hədi, tüfəngin var?

– Yox.


– Hüdü tüfəngin var?

– Yox.


– Məndə də biri vardı, lüləsi yox.

– Hədi fişəngin var?

– Yox.

– Hüdü fişəngin var?



– Yox.

Məndə də biri var, barıtı yox.

Bu barıtsız fişəngi, lüləsiz tüfəngi qoyub nişana getdim. Ovu lap alnının ortasından vurdum.

Hədi bıçağın var?

– Yox.

Hüdü bıçağın var?



– Yox.

Məndə də biri var, tiyəsi yox.

Bu tiyəsiz bıçaqla ovun başını kəsib, dərisini soydum.

Hədi, qazanın var?

– Yox.

– Məndə də biri var, dibi yox.



Gətirib bu dibi yox qazanı gövhan ilə dəlib, ocaq üstə qoydum bişməyə, ətlər tökülüb suyu qaldı. Oturduq yeməyə.

Amma çox yağlı idi, mənim sağ əlim yağlı oldu, çəkdim sol başmağımın üzünə, sağ başmağım acıq eləyib getdi. Dağa çıxdım, görmədim, daşa çıxdım görmədim. Gedib düzdə iynə ilə bir quyu qazdım. İynəni sancdım quyunun tərkinə, çıxdım iynə­nin üstünə, gördüm odu ha başmaq tayım Muğanda çəltik əkir.

Getdim Muğana, dedilər səbr elə çəltik yetişsin, biçib, döyüb, götürüb gedək.

Bir gün getdik biçməyə, gördük qabanlar düşüb çəltiyi yeyirlər. Hirslənib orağı atdım qabana. Orax keçdi qabanın quyruğunun altına. Qaban qaçdı, oraq biçdi, qaban qaçdı, oraq biçdi, çəltiklər hamısı biçildi. Yığıb tayaya vurduq.

Bir gün getdik, gördüm ki, bir dəstə at düşüb tayaya çəltikləri yeyirlər. Bir daş götürüb atdım, dəydi atın nalına.

Naldan bir od atılıb düşdü tayaya. Çəltikləri söküb qırağa atdım, bir də gördüm çəltiyin içindən bir palan çıxdı. Palanı sökdüm, gördüm içindən bir quvlan çıxdı. Quvlanı açıb oxudum, gördüm mənim bu dediklərimin hamısı yalan imiş.


Xeyir söyləməz
Bəzi adamlar hər nə soruşsan, insana pis xəbər verərlər. Xeyir söz ağızlarından çıxmaz. Bunlara “xeyir söyləməz” adam deyirlər. Bir gün biri Məşhəddən qayıtmışdı, kənd əhli onun pişvazına gəlmişdi. Hamı “xoş gəldin” deyir və “Ziyarət qəbul” deyə, əlini sıxırdılar. Bir zaman gördü bir əhşur (“xeyir söylə­məz”) şəxslərdən biri qabağa gəlir, əl verib öpüşəndən sonra Məşhəddən gələn adam öz yanında dedi ki, mən bundan hər kimi soruşsam deyəcək ki, ölübdü, yaxşısı budu ki, bir qara itimiz var, onu soruşsam desə ölübdü, cəhənnəməcən, əhəmiy­yəti yoxdur. Bu mənzur ilə dedi:

– Filankəs, bizim bir qara itimiz var idi, o, nə haldadır?

Xeyr söyləməz qəmgin qiyafə tutaraq cavab verdi: ─ Öldü, da....

Məşədi kişi ürəyində gülümsünərək yenə soruşdu:

– Eh, nə cür oldu, öldü?

Xeyir söyləməz dedi:

– Vallah, o sarı inəyiniz mundar olandan sonra onun ətindən yemişdi, odur ki, öldü.

Məşədini bir az nigaranlıq basdı, dubarə soruşdu:

– İnək niyə öldü bəs?

Xeyir söyləməz bir ah çəkib dedi:

– Eh, sahibsiz mal o cür olar da... Rəhmətlik anan mərhum olandan sonra daha inəyə baxan olmadı öldü da.

Məşədinin bədəni silkələndi.

– Ey vah, - dedi, anam ölübdü. Onun ki, bir zadı yoxuydu.

Xeyir söyləməz kədərli halda:

– Vallah, nə deyim,... oğlanlarınızın quyuya düşüb ölməyini eşidəndə birdən elə yazığın bağrı çatladı... biçarə...

Məşədi kişi ikiəlli başına vuraraq:

– Oğlanlar quyuya düşdülər?... Onlar quyu başında nə qayırırdılar?

Xeyir söyləməz bir az duruqsunaraq:

– Eh baba.... Nə qədər ki, rəhmətlik anaları sağ idi, uşaqları qoymazdı evdən eşiyə çıxsınlar. Amma....

Məşədi kişi başını yolub ağlayaraq soruşdu ki:

– Tifaqın dağılsın bu xəbərlərin ilə de görüm evdə sağ qalan var, ya yox?

Xeyir söyləməz dedi:

– Vallah mən bundan artıq bir zad bimirəm. Ancaq indi gələndə, gördüm ki, sizin küçə qapınızı palçıqlayıblar. İki nəfər həyətinizə saman boşaldırlar.
Şəqq-ül-qəmər
Bir kişi evinə qayıdarkən, arvadının üzündə cırmaq yeri gördükdə, təəccüblə soruşdu:

– Mah ruyində nədi əbru kimi ləkkə təri?

Arvad özü də şeir əhli imiş, cavabında deyir:

– Mustafa barmağdır şəqq eləyibdi qəməri.

Beləliklə, “şəqq-ül-qəmər” hədisindən istifadə edərək, oğlu Mustafanın (Peyğəmbərin də bir adı Mustafa imiş) üzünü cırdığını zərifliklə bəyan edir.


Ağıllı nökər
Bir xanın bir düşüncəli nökəri var imiş. Bir gün qonaqlıqda üç düyü dənəsinin ağasının saqqalına düşdüyünü gördükdə, məc­lis əhli bilməmiş o düyüləri götürsün deyə nökər bu şeiri oxuyur:

Ağalar ağası, bəylərin xası,

Bir söz ərz eyləyim, öldürmə məni.

Zərifşan dağında, üç ov görmüşəm.

Göndər beş qardaşı yendirsin onu.

Ağa nökərin işarəsini başa düşüb əlini saqqalına çəkib, düyüləri yerə salır.


İki yalançı
Bir gün bir şəhərin məşhur yalançısı o biri şəhərdəki yalan­çını görüb, onunla bağlaşmaq üçün o şəhərə gedir. Soruşub yalançının evini tapır. Qapını döydükdə, beş- altı yaşlı kiçik bir qız qapını açır.

Kişi uşaqdan soruşur ki:

– Qızım dədən haradadı?

Qız deyir:

– Göy yırtılıb, dədəm gedib onu yamamağa.

Kişi bunu eşitdikdə, elə ordan qayıdır. Öz-özünə deyir:

– Bir adamın ki, beş yaşında uşağı belə bir yalan deyə, o da yer yalanı əvəzinə göy yalanı deyə, gör özü nəmənə ola bilər.
Əlif ilə Gilif
Bir gün bir uşağı məktəbə qoyurlar. Molla əvvəl günü əlifbanın ilk hərfini öyrətmək üçün bir hərfi göstərib deyir:

– Denən Əlif

Uşaq deyir: – Gilif

Molla deyir: – Əlif

Uşaq yenə deyir: – Gilif

Molla hər nə qədər uşağı vurub deyir ki, desin Əlif, uşaq deyir Gilif. Molla daha yorulur.

Bir nəfər deyir: – Ay uşaq, sənin beynin daşdı, dəmirdi, nədi? Bir Əlifi öyrənmək ki, bir zad deyil, onun üstündə bir belə kötək niyə yeyirsən?

Uşaq deyir: – Baba mən Əlifi elə əvvəl gündən öyrənmi­şəm, amma qorxuram deyəm Əlif, dalısınca deyə ki, denən “be”.


Marağaya təşrif aparmısan?
Bir gün yenə iki nəfər oturmuşdular, bir söz tapa bimirdilər danışsınlar. Handan-gecdən biri o birindən soruşdu:

– Marağaya təşrif aparmısız?

Dedi: –Yox.

O dedi: – Mən də yox.

Dedi: – Nə olsun ki?

Dedi: – Söhbətdi eləyirik da.


Üstəki yorğanı götü, tərlədim
Biri qızdırmışdı, evdə hər nə var idi üstünə saldılar, yenə də deyirdi üşüyürəm. Bir su ilə dolu qazan qalmışdı, onu da o biri şeylərin üstündən qoydular. Naxoş tərpəşdikdə, qazanın suyu töküldü üstünə, çığıraraq dedi:

– Üstəki yorğanı götürün, deyəsən tərlədim.


Adını demə, bas belimə
Biri də yenə qızdırmışdı, evdə hər nə var idi saldılar üstünə, yenə deyirdi ki, üşüyürəm. Biri dedi ki, daha bir zad qalmayıb, təkcə bir palan qalıb. Naxoş dedi:

– Adını demə, qoy belimə.



İssi bir yannan, farsi bir yannan
Biri yay fəslində Tehrana gəlmişdi. Tehranın da yayı issi olur. Qayıdandan sonra soruşdular ki: – Filankəs, səfərin necə keçdi?

Dedi: – Nə xoş keçəcək, issi bir yannan, farsi bir yannan, dədəmi yandırdılar.


Şah nə yeyir?
Iki nəfər kəndli oturub danışırmışlar. Biri o birindən soruşur:

– Ədə, görəsən şah nə yeyir?

Yoldaşı cavab verir ki, nə yeyəcək, rəhmətliyin oğlu, şah cılğa piy yeyər də.

O biri təəccüblə deyir:

– Pəh, atoynan, onda tikəsi bir tümənə başa gələr, ha...
Üzüm ağ oldu
Bir gün bir maldar adam səfərə getdikdə, yüz dənə qoyunu bacısı oğluna tapşırıb gedir. Bacısı oğlu da qoyunların hamısını satıb xərcləyir. Bir müddətdən sonra dayı gəlir bacısı oğlunun yanına, deyir: – De görüm, qoyunlar nə haldadı, haradadılar?

Bacıoğlu deyir, dayı otur, hesab eylə də.

Sonra deyir:

– Dayı, doayıdan doydaq uşdu, qırx beşi daşdan düşdü, iyirmisin verdim qəssaba, iyirmisin gətirmə hesaba. Bu oldu səksən beş, qaldı on beşi, on dördünü də qurd yedi, qaldı birisi.

Bu zaman yanındakı dərini dayısının qabağına qoyaraq deyir:

– Bu da o birisinin dərisi.

Bu zaman dayı əsəbiləşib oyan-buyana baxıb bir qatıq kasasını yanında gördükdə götürüb bacıoğlunun başına çalır. Bacıoğlu əli ilə qatığı üzündən silərək, başını göyə tutaraq deyir:

– Şükür olsun Allaha, dayımın yanında üzüm ağ oldu!



Farsi yaz, özü bilər
Ərdəbildə bir kişi oğlu Sahabı məktəbə qoymuşdu, amma Sahab şuluqluq etdiyinə görə müdir onu mədrəsədən qovmuşdu. Atası yalvarsa da, müdir sözündən dönməmişdi. Kişi bu işdən çox narahat olub, əlacı onda görmüşdü ki, şahın özünə bir ərzi-hal yazsın. O bir mirzəyə müraciət edir. Mirzə qələm-kağızı hazırlayıb müntəzir olur. Kişi əsəbi halda boğazını şişirdib səsini yoğunlaşdıraraq deyir:

– Götü bir kağız yaz Alahəzrətə (Əlahəzrətə)... sən elə Farsi yaz, o, özü bilər. Yaz ki, Alahəzrət. Bu ağa müdir neçə gündür ki, bizim Sahabı məktəbdən tızıxdırdı. Ordan buna bir hay-hüşt elə, bəlkə ağa müdir Sahabı məktəbə qoysun ki, bir yasindən-zaddan öyrənsin... axı ölülərimiz yasindən ötrü itin korluğun çəkirlər.


Karın köylündəki
Kar bir kişi zəmisində cüt sürürdü. Öküzlər yeri sökə-sökə o baş-bu başa gedib qayıdırdılar. Kişi də cütün dalısınca hərdən öküzlərə hey-hey deyərək dərin xəyala dalmışdı. Fikirləşirdi ki, əgər bu yerə yaxşı müştəri düşsə, satsa onun pulu ilə nə işlər görə bilər. Sonra deyirdi ki, yox mənim atamdan qalan elə bu zəmidi, bizim elə bu yerdən güzəranımız çıxır. Bu zaman yoldan keçən bir adam deyir ki: - A kişi, Allah qüvvət versin.

Kar cütçü səsi duyub cavab verir ki:

– Yox, qardaş, satmıram, dədəmdən qalan elə bu bir tikə yerdi, onu da satsam qalaram ac.

Yolçu kişi təəccüblə baxıb dubarə harayladı ki:

– A kişi, deyirəm Allah qüvvət versin, yorulmayasan.

Kar kişi yenə deyir: – Yox, qardaş, çox üz vurma, dedim satmaram, bu yer dədəmdən yadigardı.

Yolçu kişi dodaqlarını büzərək yolunu davam etdirdi.

Cütçü kişi gün bir az əyiləndən sonra öküzləri açıb evə qayıdır. Öküzləri həyətə buraxıb, üzünü arvadına tutaraq deyir:

– Arvad, bu gün yerə bir yaxşı müştəri düşmüşdü, amma hər nə üz vurdu, dedim satmaram, bu yer dədəmin yadigarıdı.

Sən demə, arvadın da qulaqları ağır eşidirmiş. Fikri-zikri təzə tuman yanında imiş. Çünki tumanı çox köhnəlib, cırılmışdı. Gülərək kişisinə cavab verir ki:

– Özün bilərsən kişi, hər nə alsan, geyərəm, bez də alsan, şal da alsan geyərəm. Ancaq tuman olsun ki, bədənimi örtsün.

Sonra arvad sevincək evə qayıdıb gülə-gülə qızına deyir:

– Qızım atan gəlmişdi ki, istəyirəm sənə tuman alam. Dedim ki, hər nə alırsan, al, özün bilərsən. Mənə fərqi yoxdu.

Demə qız da dədə-anası kimi kar imiş. Sevinc ilə yerindən durub gülümsünərək deyir:

– Ana, siz böyüksüz, mənim ixtiyarım sizin əlinizdədi, hər kimə versəz gedərəm, məndən niyə soruşursunuz?

Qız bunu deyib, həyətdə günün altında oturan böyük nənəsinin yanına qaçaraq deyir:

– Nənə, ata-anam istəyirlər məni ərə versinlər. Dedim hər kimi onlar məsləhət görsələr gedərəm.

Qoca qarı nənəsinin də qulağı tutulmuşdu, eşitmirdi. Dedi bəlkə nahar barəsində onun fikrini soruşur, deyir:

– Bala hər nə bişirirsiz, bişirin, amma elə bir zad olsun ki, mənim dişim yoxdu, yeyə bilim.
Heyvanlarla ilgili məsələlərdən
Dəvələri tuturdular.

Tülkü də qaçırdı, bir nəfər dedi:

– Nə olubdu, niyə qaçırsan?

Tülkü dedi: – Dəvələri tuturlar.

Dedi: – Sən ki dəvə deyilsən.

Dedi: – Mən sübut eləyincə ki, mən dəvə deyiləm, dərimi boğazımdan fırığ çıxardarlar.



Ağılsız qurd
Biri vardı, biri yoxdu, bir qurd vardı. Bu qurd acmışdı. Çıxır bir zad tapmağa bir qoyuna rast gəlir. Deyir acam, səni yeyəcəm.

Qoyun deyir: – Olsun da... amma mən yaxşı oynuyuram, qabağca qoy bir az oynayım.

Qurd deyir: – Eybi yoxdu, oyna.

Qoyun başlar oynamağa, yavaş-yavaş uzaxlaşır, birdən qaçır.

Sonra bir qurd gəlib bir quzu görür. Deyir: – Səni yeyəcəm.

Quzu deyir ki, mən çox arığam ətimin dadı, duzu olmaz, qoy gedim bir az otlayım, dad-duz tapım, gəlim, ye.

Qurd deyir: – Olsun.

Ordan gəlir bir keçiyə rast gəlir. Deyir: – Səni yeyəcəm.

Keçi deyir: – Mən arığam, bir dəri, bir sümüyəm. Səni do­yur­maram, qoy gedim iki-üç dənə də keçi gətirim, hamımızı birdən ye.

Qurd deyir: – Yaxşı get, amma tez gəl.

Ordan gəlir bir eşşəyə rast gəlir. Deyir: – Səni yeyəcəm.

Eşşək deyir: – Sənin rəhmətlik dədən mənim dədəmi yeyəndə, yorğan-döşək üstündə yemişdi, qoy gedim yorğan-döşək gətirim, yat üstündə rahatlıqla məni ye.

Qurd deyir: – Olsun, get, amma tez qayıt, gəl.

Sonra ata rast gəlir. Deyir: – Acam, səni yeyəcəm.

At deyir: – Olsun da, amma mənim nalımın altında bir bayatı var, əvvəlcə onu oxu, sonra istəsən məni ye. Sonra at dal qıçını qovzayır. Qurd atın dalısına keçib üzünü yaxınlaşdıranda, at bir təpik vurur, qurdun dişləri sınır tökülür, özü də bir tərəfə tullanır. At da qaçır. Qurd ac və yaralı halda ağlayaraq belə oxuyur:

Harda gördün qoyun, ye qalsın quru boyun, neynirsən oyun-moyun?

Harda gördün quzu, ye qalsın quru dizi, neynirsən dadı-duzu?

Harda gördün keçi, ye qalsın quru qıçı, neynirsən iki-üçü?

Harda gördün eşşək, ye qalsın quru köşşək, neynirsən döşək-möşək?

Harda gördün at, ye yanında yat, neynirsən barat-marat?



Molla Nəsrəddin barədə lətifələrdən
Bir gün Molla Nəsrəddinin evini oğru aparmışdı. Səhər qonşuları yığılıb Mollanı danlamağa başladılar. Biri deyir:

– Molla, niyə qapını möhkəm bağlamamışdın ki, oğru aça bilməyə.

Biri deyir: – Kişi, sən necə yatmısan ki, oğru gəlib bilmə­mi­sən?

O biri deyir: – Kişi, sən niyə qiymətli şeyləri bir yerdə gizlətməmişdin?

Hərə bir söz dedikdə, Molla deyir:

– Bəs məlum ola ki, oğrunun heç günahı yoxmuş, hamı təqsirlər məndə imiş.


* * *

Bir gün Mollanın bir cüt çuvalını oğurlamışdılar. Molla car çəkib dedi:

– Oğrular dedilər, bu Molladan hər nə desən çıxar, yaxşısı budu çuvallarını verək. Gətirib çuvalları qaytarır, sonra deyirlər:

Molla sən ki, belə təhdid edirdin, de görək, çuvalların tapılmasaydı, nə iş görəcək idin?

Molla deyir: – Heç... Evdə böyük xurcunumuz var idi, onu aradan kəsib, iki çuval edəcəkdim.
Bəhlul Danəndə barədə lətifələr
Dalı yana bir zad qoy
Bir gün məclisdə ağsaqqallar Bəhlul Danəndəni danlayıb nəsihət edirlər ki, pullarını korlamayıb, dalı yana bir zad qoysun. Bəhlul üzdən gülüb deyir: – Yaxşı bundan sonra edərəm.

Bir azdan sonra şam araya gələndə, Bəhlul bir kasa xörək götürüb, dalında gizlədir. Şamın arasında bir də görürlər ki, Bəhlulun dalında pişiklər boğuşur. Deyirlər:

– Bəhlul, genə nə iş çıxardıbsan orda?

Bəhlul deyir: – Bir iş görməmişəm, bir zad dalı tərəfə qoymuşdum, indi pişiklər vərəsəlik üstündə savaşırlar.


Əcaib səslər
Bir gün Bəhlulu nəsihət edib evləndirdilər. Bəhlul ilə gəlini bir otağa salırlar. Bəhlul gəlini uzadıb qarnını açıb, qulağını gəlinin qarnına qoyub, bir az qulaq asdıqdan sonra birdən qışqıraraq otaqdan çıxır, başına vura-vura qaçmağa başlayır. Tökülüb Bəhlulu tutub deyirlər:

– Bəhlul sən ki, ağıllı olmuşdun, bu nə işdi görürsən?

Bəhlul deyir: – Axı, siz bilmirsiz, mən qulağımı gəlinin qarnına dayadıqda, gördüm elə bir əcaib səslər gəlir ki, vəhşət elədim. Biri deyirdi: – Dədə, mən acam, çörək ver, biri deyirdi: – Dədə, başmağım yoxdu, başmaq al, biri deyirdi: – Dədə naxoşam, biri deyirdi... Xülasə, o qədər qəribə səslər eşitdim ki, qorxumdan qoydum qaçdım.
Adamcıl qurd barəsində söyləmələr
Bu söyləmələrdə türklərin ən qədim inamlarının nişanəsi və izlərini görmək olar. Deyilənə görə gecə yarıları eşiyə başı açıq çıxan arvadın başına “don” – qurd cildi atılır. Beləliklə, o arvad gecələr qurd donuna girib, adam yeyər, gündüz olduqda hava işıqlanmamış gəlib donunu çıxardıb gizlədər və evdar arvad kimi evin işlərinə baxar. Odu ki, arvadlara gecə başı açıq eşiyə çıxmaq çox sifariş olunar.

İndi isə Yekanatda şayiə olan bu söyləmələrdən ikisini təq­dim edirik.


Birinci söyləmə
Deyirlər bir igid kişinin oğlu varmış. Bir gün qış fəsli bu oğlan ayrı bir kənddən qayıdarkən, bir dəstə qurda rast gəlir. Qurd qışda çox xətərli olur. Yayda qarınları tox olduğuna görə adam ilə işləri olmaz. Amma qışda aclıqdan hücum edirlər. On­lar əvvəlcə dal ayaqları ilə qarı adamın baş-gözünə sovurub ka­rıxdırar və bir ləhzə qəflətdən istifadə edərək adamı parçalarlar. Qurd tək olsa, onun öhtəsindən gəlmək çətin olmaz. Bu zaman çuxanı çıxarıb qollarına dolayıb qurdun ağzına verərək, həmişə səfərdə götürülən ağacla onun başına tapdayaraq öldürərlər.

Əlqərəz, igid və qorxmaz cavan qurdlardan beşini öldürər, özü də yaralanar.

Bu xəbər ataya çatanda o deyir ki:

– Yox, mənim oğlum yaralanmaz, yaralansa o mənim oğ­lum deyil.

Kəndlilər təəccüblə soruşurlar:

– Sənin oğlun beş qurdu öldürüb, nə üçün sən onun yaralandığını qəbul edə bilmirsən?

Atası deyir: – Qulaq verin mən onun dastanını deyim, görün ki, mən haqlıyam, ya yox?

Ata söhbətə başlayır:

– Cavan çağlarımda bizim yerdə əcaib bir hadisə üz verdi. O da bu idi ki, ölü quylanan gecəsi bir heyvan gəlib, qəbri qazıb onu çıxardıb yeyirdi.

Günlərin bir günü mənim igidlikdə çox məşhur dayım öldü. Dayımın cənazəsi çıxardılıb yeyilsə idi, mənim üçün çox baş alçaqlığı ola bilərdi. Odur ki, dedim dayımın qəbrinin yanında mənim üçün də bir çuxur qazdılar. Gecə sıyırma qılınc əldə çuxura girib gizləndim. Gecə yarısı bir qurda bənzər heyvanın qəbrə yaxınlaşıb, ayaq tərəfdən qəbri sökməyə başladığını görüb qılınc əldə onun üstünə yumuldum. O heyvan da mənim üstümə atıldı. Saatlarla bir-birimiz ilə qucaqlaşıb sürüşdük, gah o məni, gah da mən onu alta basırdıq. Bədənim neçə yerdən yaralanmışdı.

Bu çəkişib-sürüşmə hava işıqlanacan davam etdi. Az qalırdı ki, mən ona zor gəlib başını yerə çırpıb dağıdım, birdən qışqırdı ki:

– Evin yıxılsın, məni öldürmə, mən bir qızam, gecələr qurd donuna girirəm.

Beləliklə, mən ondan əl çəkib, qurd donunu çıxardıb yan­dır­dıqdan sonra onunla evləndim. Bu oğlan o evləndiyim arva­dın balasıdır. Odur ki, deyirəm qurddan olana qurd neyləyə bilər?

İkinci söyləmə
Deyirlər bir zaman bir kənddə gecələr qurd gəlib uşaqları apararmış. Kənd əhalisi kəndin ətrafında gecələr səhərə təkin keşik çəkərmiş. Amma genə də bu iş davam tapar, gecədə bir uşaq yox olarmış.

Kəndlilərin biri bu barədə öz arvadından şübhələnir. Gecə oyaq qalaraq, güdüb arvadın yerindən durub eşiyə çıxmasını görür. Kişi də onun dalısınca durub, onu pusur. Görür ki, arvad qalağın içinə girdi. Amma bir az sonra qalağın içindən bir qurd çıxıb duvardan atılıb getdi. Səhər işıqlananda isə gördü ki, qurd qayıdıb gəlib, qalağa daxil oldu, az müddətdən sonra isə arvad qalaqdan çıxıb gəlib yerinə girdi. Səhər arvad kəhrizə su gətirməyə gedəndə kişi qalağa girib, onun qurd donunu yandırır. Donun yanmaq iyisi kəhrizdə arvadın burnuna dəydikdə, səyənki yerə çırpıb evə qaçır. Amma don yanıb qurtarmış, arvad isə rahatlığa çıxmışdı.


Cinlər ilə bağlı söhbətlər
Keçmiş evlərdə hamam yox idi. Ümumi hamamlar kişilər üçün olub. Arvadların ayrıca hamam günü olardı. Kişilər, xüsu­sən namaz qılanlar qüsul etmək üçün səhər tezdən durub ha­mama gedərdilər.

Bir nəfər səhər tezdən durub hamama gedir. Gedir görür hamam açıqdı, gəl-get var, bu da gedir bir tərəfdə soyunub içəri girir. Əvvəl xəzinəyə girir, sonra çıxıb bir guşədə kisə çəkmək istəyir. Birdən gözləri çimənlərdən birinin ayağına sataşır. Görür ki, bunların ayaxları keçi ayağı kimidi. O birilərə baxır görür bəli... hamısının keçi kimi dırnaqları var. İşi anlayıb tələsik durub eşiyə qaçıb paltarlarını geyir. Üzünü hamamçıya tutaraq deyir: – Usta içəridəki adamların hamısının dırnaqları var.

Camadar qıçını altından çıxardaraq deyir: – Yəni bu cürdürlər?

Kişi görür ki, onun dırnağı var, qorxudan yıxılıb huşunu itirir.



Hacı ilə şeytan
Bir gün bir lotu adamın işi çox dala düşmüşdü. Günü çox pis keçirdi. Şeytanın ürəyi lotuya yandı. Yanına gəlib dedi:

– Lotubaşı niyə belə qəmginsən?

Lotu dedi: – Vallah, bir yandan gəlirim gəlmir, xərcliyim yoxdu, bir yandan borclu düşmüşəm, güzaranım çox pis keçir.

Şeytan dedi: ─ Qüssə eləmə, mən bir yaxşı ərəbi at olaram, apar məni sat, xərclə. Şeytan bunu deyib, vird oxuyub bir ərəbi at oldu. Lotu sevincək atın cilovundan yapışıb, şəhərə çıxartdı. Bir dövlətli Hacının qapısının qabağına gətirdi. Hacı eşiyə çıxanda gözü bir gözəl ata sataşdı.

Hacı dedi: – Lotubaşı, bu atı haradan almısan? Nə yaxşı atdı.

Lotu dedi: – Hacı ağa, bu atı əmirlərdən biri mənə bağış­layıb, satıram.

Hacı dedi: – Neçəyə deyirsən?

Dedi: – On min tümənə.

Hacı dedi: – Yaxşı atdı, amma bu qiymətə dəyməz.

Lotu dedi: – Hacı ağa, bundan artığa dəyər, pula ehtiyacım var ona görə satıram.

Oyan- buyan Hacı atı lotudan 8 min tümənə alıb evə apardı.

Hacı atın şövqündən yerdə-göydə durmurdu. Bir təmiz otağı boşaldıb, atı oraya bağladı. Pərvanə kimi onun başına dolanırdı, sığallayıb tumarlayırdı.

Axşamçağı özü atın cilovundan yapışıb, onu suvarmağa gətirir. At ağızını su axan lüləyə dayayıb içməyə başlayır. Hacı da ləzzət ilə ona baxaraq, ağzı ilə fışqırıq çalırdı. Bir də gördü atın ağzı, burnu su lüləsinin içinə girib. Hacı gördüyünə inana bilmirdi. O yekəlikdə atın başı bu darlıqda su lüləsinə necə girirdi. Dili tutulub mat qalmışdı ki, bir də gördü atın başı tamamilə su lüləsinin içindədi. Hələ atın boynu da yarıya kimi lüləyə girmişdi. Hacı hər nə gücü var idi cilovu çəkdi. Atın qabaq ayaqları da lüləyə girdi. Hacı çığırıb haray çəkdi. Uşaqlar Hacının dövrəsini alıb, işin nə yerdə olduğunu soruşdular.

Hacı dedi: – Nə olacaq, evim yıxılıb, səkkiz min tümənlik atım su içərkən girdi su lüləsinə.

Uşaqlar qah-qah çəkib güldülər, Hacını huya basaraq dedilər:

– Hacı, dəli olmusan, ya nədi? O yekəlikdə at nə cür bu darlıqda lülənin içinə girə bilər?

Hacı hirslənib uşaqları qovaladı ki:

– Dəli özünüzsüz, cədd-əbadızdı, hələ mənim öz dərdim özümə bəs deyil, mənə dəli adı da qoyursuz...

Bu zaman böyüklər yığılıb Hacını danlayıb dedilər:

– Hacı, sənin saqqalın ağarıb, nə üçün uşaqlara baş qoşursan?

Hacı dedi: – Axı bilmirsiz, mənim atım su içəndə, su lülə­sinin içinə giribdi. İndi bular da mənimlə baş-başa qovuşurlar ki, Hacı dəli olubdu.

Dedilər: – Axı, Hacı, sən özün bir fikirləş, gör o yekəliklə at nə cür bu darlıqda lülənin içinə girə bilər. Bu lüləyə barmaq da girə bilməz.

Hacı dedi: – Vallah, mən də bilirəm ki, ağıla sığışan iş de­yil, amma nə eləyim. Mən öz gözüm ilə gördüm ki, at bu su lüləsinə girdi.

Camaat dedilər: – Biçarə Hacı dəli olubdu.

Hacı bu sözü eşitdikdə, genə də hirslənib xalqa hücum gəti­rərək yamanlanmağa başladı. Xalq da onu huya basıb, oynat­mağa başladı. Bu zaman məmurlar gəlib, Hacını tutub idarəyə apardılar. Orda davanın səbəbini soruşduqda, Hacı qəziyyəni onlara da nəql elədi. Qazi başını tovlayıb dedi:

– Hacını dəlixanaya aparın, qalar evdə arvad-uşağa sədəmə vurar. Yaxşı olandan sonra evinə qaytarın.

Hacı dəlixanada özünü dəlilər arasında gördükdə, vəhşətə düşüb çığırıb səs salmağa başladı ki: – Axı, mənim haram dəlidi, məni niyə buraya salmısız?

Məmurlar dedilər: – Hacı, eyb eləməz, inşallah tezliklə toxtarsan.

Sabah doktor gəlib Hacı ilə keyf-əhval etdikdən sonra bir qədər danışdı. Hacı sağlam adamlar kimi ona cavab verirdi.

Doktor dedi: – Hacı, məncə səndə heç nə yoxdu, mən təəccüb edirəm ki, səni buraya salıblar.

Hacı dedi:

– Doktor, vallah, mənim heç nəyim yoxdur, fəqət bir haqq söz danışdığım üçün məni gətirib buraya salıblar.

Doktor dedi:

– O haqq söz nədi?

Hacı dedi:

– Sözün düzü bir gözəl at almışdım. Apardım suvaram, əvvəlcə başı, sonra da tamam bədəni su lüləsinin içinə girərək qeyb oldu.

Doktor gördü ki, ağlı çox da salim deyil. Gətirib bir neçə iy­nə vurdu. Sonra da neçə nəfər Hacının dostlarından onun dəli ol­duğunu soruşmaq üçün gəldilər. Çoxlu söhbət etdikdə, hamısı təəccüb etdilər ki, Hacı bu ağıl-huşu ilə nə üçün dəlixanaya salı­nıb. Ancaq fəqət at barəsində dediyi sözlər onun dəliliyini göstərirdi.

Onlardan bir neçəsi doktorun yanına gəlib, ona dedilər ki, Hacının hər zadı düzgün və öz yerindədi, fəqət bu at barəsində danışanda çaşır. İndi bir cürlük ilə, o kəlməni başından çıxardın getsin işinin dalınca.

Sabah doktor gəlib Hacıdan soruşdu:

– Hacı, at necə oldu?

Hacı dedi: – At girdi su lüləsinə.

Doktor göstəriş verdi, iki nəfər Hacını yerə uzadıb yoğun ağacla döyməyə başladılar. Hacının bağırtısı göyə çıxdı. Sabah doktor genə gəlib, Hacıdan soruşdu ki: – Hacı, at hara girdi?

Hacı dedi: – Su lüləsinə.

Doktor genə əmr elədi, Hacını saldılar kötək altına.

Bir aya qədər hər gün doktor Hacıdan bu sözü soruşdu. Hacı da bu cavabı verirdi və doktor da onu ağac altına saldırırdı ki, bəlkə bu sözü başından çıxarda. Bir gün dostlardan biri Hacının yanına gəldi, gördü Hacı bir dəri, bir sümük olubdu.

Soruşdu ki: – Hacı niyə belə olubsan?

Hacı dedi: – Bəs ki, məni döyüb incidirlər.

Dostu dedi: – Nə üçün səni vururlar?

Hacı dedi: – Mən bir at almışdım. At su içəndə girdi su lüləsinə. Odu ki, gündə məni vururlar ki, niyə deyirsən at girib su lüləsinə.

Dostu dedi: – Hacı elə şey olmaz ki...

Hacı dedi – Axı mən öz gözümlə gördüm ki, at girdi su lü­ləsinə.

Dostu dedi: – Tutax ki, düz deyirsən. Amma sən görürsən ki, bu söz üstə gündə səni döyürlər, demə, yoxsa, bu kötəklərin altında ölərsən.

Hacı bir az düşünüb, dedi: – Sən düz deyirsən, bunlar məni öldürərlər. Sabahdan daha demərəm. Sabah doktor gəlib soruşduqda Hacı dedi:

– At əlimdən qurtarıb qaçıb.

Doktor dedi: – At su lüləsinə girməyibdi?

Hacı dedi: – Əlbəttə ki, yox. O yekəlikdə at necə su lüləsinə girə bilər?

Doktor sevinib dedi: – Hacı yaxşı olubdu, daha boşlayın getsin. Hacı evinə qayıtdıqda, su lüləsinin qabağından keçəndə bir də gördü ki, atın qulaqları və burnu su lüləsindən eşiyə çıxıbdı. Dedi:

– Mən bilirəm ki, sən oradasan, amma o kötəklərin qor­xusundan daha deyə bilmərəm.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə