ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə14/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

MƏN DƏ SƏNLƏ


Gəl, gedax bağa

Mən də sənlə.

Çıxaq budağa

Mən də sənlə.

Şaftalı dərək

Mən də sənlə.

Cibi doldurax

Mən də sənlə.

Bağban gələndə

Mən də sənlə.

Qaçıb gizlənək

Mən də sənlə.

O bizi görsə

Mən də sənlə.

Tutmaq istəsə

Mən də sənlə.

İti küşgürtsə

Mən də sənlə.

Divardan aşaq

Mən də sənlə.

Qaçaq qurtulaq

Mən də sənlə.




KEÇƏL


Keçəl, keçəl, bamiyə,

Getdi həkimxaniyə.

Həkimxana bağlıdı,

Keçəlin başı yağlıdı.


Keçəl, keçəl, daz keçəl,

Tayı tapılmaz keçəl.

Qış çıxıb qurtarıbdı,

Budu gəlir yaz, keçəl.

Keçəl, aşın bişibdi,

Noxudları şişibdi.

On iki keçəl bir yerdə,

Xarta-xarta düşübdi.


Keçəl deyər: “Vay başım,

Qazanda qaynar aşım.

Aşımı içən öleydi,

Başıma siçan oleydi”.

Keçəl, keçəl, mərəndi,

Yaxası düymələndi.

Eşitdi saçlı gəlir,

Başına gül ələndi.


Keçəlin xundi başi,

Eşşəyə mindi başi.

O yanda dava düşdi,

Bu yanda sındı başi.




SANAMALAR


İynə, iynəcə,

Uci düyməcə,

Bal ballıca,

Ballı keçi,

Şam ağacı,

Şatır keçi.

Qoz ağacı,

Qotur keçi.

Happan, huppan,

Yarıl, yırtıl,

Su iç, qurtul.



BARMAQLAR
Bura bir xrmən idi,

İçi doli dərman idi.

Bura bircə quş qondi,

Bu vurdi, bu tutdi,

Bu bişirdi, bu düşdi.
Bu deyər: “Gəlin, gedək oğurluğa”,

Bu deyər: “Hani nərdivan?”

Bu deyər: “Məndən uca nərdivan?”

Bu deyər: “Axı Allah var, peyğəmbər var”.

Sən də ki kül qalasan, böyümiyəsən.

YANILTMACLAR (ÇAŞDIRMALAR)
Bizim küçənin döngəsi, qoşqa inəyin cöngəsi, quqqulu qu, bir dana bisti* tapmışam.
Boz atın boz torbasın boş as başından, apar islat, gətir yaş as başından.
Bu ev mənim babamın imiş.
Gəl gedək qonum-qonşuyla bayramlaşaq, qonum-qonşu bayramlaşsa da bayramlaşaq, bayramlaşmasa da bayramlaşaq.
Girdim təndirə, sildim, süpürdüm, silkindim çıxdım.
Gəl gedək bu çəltiki toxmaqlayaq, toxmaqlasan da mən toxmaqlayacağam, toxmaqlamasan da toxmaqlayacağam.
Kəsilməlini kəsmək istəsən də kəsməlisən, kəsmək istəməsən də kəsməlisən.
Qırx gün, qırxının da qulpu qırıq gün.
Qalayçi Qasım qara qazanı qalaylaya-qalaylaya qovzayır, qoyur.
Qatığı sarmisaqlasan da yemək olar, sarmisaqlamasan da.
Ocağı sən alovlandırma, alovlandırsan da alovlanacaq, alovlandırmasan da alovlanacaq.
Şəhərə girdi on beş boz eşşək, beşinin yüki bez-buz eş­şək, beşinin yükü duz-buz eşşək, beşinin yüki qoz-buz eşşək.
Tək-tək dükcə, cüt-cüt dükcə, üç cüt dükcə.
Yüyürüb yüyürəni yürüdə-yürüdə yükümü yerinə yetirdim.

_________________________

٭bisti – xırda qara pul

QARAVƏLLİLƏR
XORUZLA PADŞAH
Günlərin bir günündə xoruz küllükdə eşinə-eşinə bir bisti tapdı. O sevincək hər tərəfə səs saldı:

– Quqqulu qu, bir dana bisti tapmışam, quqqulu qu, bir dana bisti tapmışam.

Xoruzun vəktsiz banlaması şahı acıqlandırdı. O, qulamla­rına dedi:

– Gedin, o həramzadənin bistisini alın, səsini batırın.

Qulamlar gedib bistini aldılar, lakin xoruzun səsi nə ki batmadı, bəlkə bir daha ucaldı:

– Quqqulu qu, padşah məndən yoxsul imiş.

Şah öz işindən peşman olub dedi:

– Aparın onun bistisini verin özünə, bəlkə səsin kəsə.

Lakin xoruzun səsi genə hər tərəfə yayıldı:

– Quqqulu qu, padşah məndən qorxarmış.

Bu söz şahı yerindən oynatdı. O dedi:

– Gedin o həramzadəni tutun gətirin, başını kəsin.

Xoruzu tutub gətirdilər, aşpaz piçağı onun boğazına qoyan­da genə səsləndi:

– Quqqulu qu, nə iti piçaq imiş.

Şah dedi:

– Onu bu gün naharda dügü üstə qoyun, hüzura gətirin.

Xoruzun tüklərini ütüb basdılar qazana. Qaynar qazanın içindən xoruzun genə səsi gəldi:

– Quqqulu qu, nə isti hamam imiş.

Nahar çağı onu pilov üstə qoyub gətirdilər. Xoruz genə banladı:

– Quqqulu qu, nə ucaca dağ imiş, qar kimi ağappaq imiş.

Şah qolların çirmayıb xoruzu yeməgə başladı. Xoruz şahın boğazından keçəndə genə səsləndi:

– Quqqulu qu, nə darca küçə imiş. (sonradan səs dərindən eşidildi: “Nə poxlu pəyə imiş”).

O qədər çəkmədi şahın qarnı quruldamağa başladı. Şah çəkildi xəlvətə, iş döndü qiyamətə.
QARI İLƏ BİZOVİ
Biri var imiş, biri yoxuymyş, günlərin bir günündə bir qarı nənənin ceyran baxışlı, maral duruşli, quyruği saçaq, alnı qaşqa bir bizovi var imiş. Amma heyif ki, pəyədə onun yeri darmış. Qarı nənə genə günlərin bir günündə şaxtalı bir qış günündə bizovini suvarmağa apardı. Bizov buzun üstün çıxar-çıxmaz ayağı sürüşdi, yerə yıxıldı. Qarı nənə çox çalışdı, çox əlləşdi, bizovi bir təhər yerdən qovzadı. Amma doğrusu yoruldi, hirsli-hirsli üzün buza tutub dedi:

– Ay buz, sən nə yamansan!

Buz dedi: “Mən yaman olseydim, gün məni əritməzdi”.

Qarı nənə üzüni Günə tutub dedi:

– Ay Gün, sən nə yamansan!

Gün dedi: “Mən yaman olseydim, bulud qabağımı kəsməzdi”.

Qarı nənə üzüni buluda tutub dedi:

– Ay bulud, sən nə yamansan!

Bulud dedi: “Mən yaman olseydim, yel məni dağıtmazdı”.

Qarı nənə üzüni yelə tutub dedi:

– Yel sən nə yamansan!

Yel dedi: “Mən yaman olseydim, yağış məni yatırtmazdı”.

Qarı nənə üzüni yağışa tutub dedi:

– Ay yağış, sən nə yamansan!

Yağış dedi: “Yaman olseydim, göy məndən bitməzdi”.

Qarı nənə üzüni qoyuna tutub dedi:

– Ay qoyun, sən nə yamansan.

Qoyun dedi: “Yaman olseydim, qurd məni yeməzdi”.

Qarı nənə üzüni qurda tutub dedi:

– Ay qurd, sən nə yamansan.

Qurd dedi: “Mən yaman olseydim köpək məni boğmazdı”.
XI. XALQ MAHNILARI
APARDI SELLƏR SARANI!


Arpa çayı aşdı, daşdı

Sel Saranı aldı qaçdı.

Ala gözlü, qələm qaşdı

Apardı sellər Saranı!

Bir ala gözlü balanı!

Apardı sellər Saranı!

Bir şirin dilli balanı!
Arpa çayı dərin olmaz,

Axar sular sərin olmaz,

Sara kimi gəlin olmaz,

Apardı sellər Saranı!

Bir ala gözlü balanı!
Arpa çayı düşüb ada,

Yaradan yetişsin dada,

Sarı başmaq üzür suda,

Apardı sellər Saranı!

Bir şirin dilli balanı!
Sel Saraya oldu yağı,

Su bürüdü solu, sağı,

Yasa batdı toy otağı,

Apardı sellər Saranı!

Bir ala gözlü balanı!

Mən bu bağa girməmişəm,

Qonçə gülün dərməmişəm,

Mən Saranı görməmişəm,

Apardı sellər Saranı!

Bir şirin dilli balanı!


Olduq əcəb günü qara,

Dərdimizə yoxdu çara,

Sara həsrət qaldı yara,

Apardı sellər Saranı!

Bir ala gözlü balanı!
Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana,

Muğan batıb nahaq qana,

Apardı sellər Saranı!

Bir şirin dilli balanı!
Arabalar qoşa-qoşa,

Qurban olum qələm-qaşa,

Oğlan, əlin çıxdı boşa,

Apardı sellər Saranı!

Bir ala gözlü balanı!



GEDİRƏM GÜLÜSTANA
Gedirəm gülüstana gül alam, atam,

Gül alam, atam!

Alagöz sevgilimi axtaram, tapam,

Axtaram, tapam!

Sevgilimi tapmışam, ürəkdən şadam,

Ürəkdən şadam!

Əksin məndədi, vermiyacağam,

Səndən xoşgilin neyliyacağam!


Dəsmalun doludu narın qənd ilən,

Narın qənd ilən!

Sən yeri naz ilən, mən Dərbənd ilən,

Mən Dərbənd ilən!


Məni çağıranda, çağır qənd ilən,

Çağır qənd ilən!


Sevgilim əlində qara çətiri,

Dara tellərivi, səpim ətiri,

Səpim ətiri!

Məhəbbət gözdə olar, çəkər gətiri,

Çəkər gətiri!

Əlində dəsmal, ucunda güli,

Sevgi bir olar, nə ki bir süri.
AHU KİMİ GÖZLƏRUN


Ahu kimi gözlərun,

Şirin-şirin sözlərun,

Sən mənimsən, mən sənun,

Qucaqlama dizlərun.

Canım, gözüm, hər sözüm,

Sənsiz mən necə dözüm.


Sənsən mənim öz gülüm,

Çəməndəki bülbülüm,

Mən səndən əl üzmərəm,

Sənsən mənim sevgilim.


Ay qız, dur gəl yanıma,

Qadan balan canıma,

Mən səndən əl üzmərəm,

And olsun imanıma.





PƏNCƏRƏDƏN DAŞ GƏLİR


Pəncərədən daş gəlir,

Xumar gözdən yaş gəlir.

Səni mənə versələr,

Allaha da xoş gəlir.


Evləri su başında,

Gözüm qaldı qaşında,

Sevdim bir yosma ceyran,

On dörd, on beş yaşında.

Evlərində süsəni,

Barışdırın küsəni,

Göz açdım səni gördüm,

İstəməm özgəsini.


Su saldım bağa neylim,

Dəgməz yar bağa neylim,

Yarım ceyran balası,

Gəlməz oylağa neylim.




KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM


Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.


Samavara od salmışam,

İstəkana qənd salmışam,

Yarım gedib tək qalmışam,

Nə şirindir yarın canı.


Piyalələr irəfdədi,

Hər biri bir tərəfdədi,

Görməmişəm bir həftədi,

Nə əzizdir yarın canı.


Samavarı alışdırın,

Maşa salın qarışdırın,

Yarım məndən küsüb gedib,

Onu mənlə barışdırın.



GƏLMİŞƏM OTAĞUVA
Gəlmişəm otağuva oyadam səni, qaragilə, oyadam səni!

Nə gözəl xəlq eyləmiş yaradan səni, qaragilə, yaradan səni.

Götürərəm qaçaram, aradan səni, qaragilə, aradan səni.
Yaralıyam, dəgmə, dəgmə, dəgmə, dəgmə!

Gül budağın əgmə, əgmə, əgmə, əgmə!


Qapımızın qabağı su gələn arxdı, qaragilə, su gələn arxdı,

Durum çıxım qapıya, yar gələn vəxdi, qaragilə, yar gələn vəxdi.

Yarımı görməmişəm ovqatım təlxdi, qaragilə, ovqatım təlxdi.
Nəqərat

Ayağımı əzibdi küçələr daşı, qaragilə, küçələr daşı,

Yanağımı yandırıb gözümün yaşı, qaragilə, gözümün yaşı.

Sənə qurban olum, yarın yoldaşı, qaragilə, yarın yoldaşı.


Nəqərat

Təbrizin küçələri dolanbadolan, qaragilə, dolanbadolan,

Sən ki məni sevmirsən, get ayrı dolan, qaragilə, get ayrı dolan.

Nə sənə qız əskikdi, nə mənə oğlan, qaragilə, nə mənə oğlan.


Nəqərat

Dərbənd aralı, göylüm yaralı, sevdigim yardan, qaragilə, düşdüm aralı,

Qızılgül əsdi, səbrimi kəsdi, gəl insaf eylə, qaragilə, ağlama bəsdi.
YERİ DAM ÜSTƏ YERİ


Yeri dam üstə yeri,

Ay qızıl cam üstə yeri,

Ayaqlarun incisə,

Ay çıx, sinəm üstə yeri.


Getdim, gördüm yar otaqda,

Qoşa-qoşa xal yanaqda,

Öpüş yeri var buxaqda,

Al yanaqda, al dodaqda, gül yanaqda.


Yeri, yeri naz oğlan

Ay bazarda bezar oğlan.

Al qələmi əlinə,

Mən deyəni yaz oğlan.


Zərxardan arxalıq,

Ay əşrəfidən yaxalıq,

Bir öpüş ver cüt xaldan

Dadına yetişsin xalıq.


Nəqərat

Ayağında çəkməsi,

Ay qızıldandı düyməsi,

Nazlı ceyrana bənzər

Yarın özün öyməsi.



YERİ HA, YERİ HA
Yeri ha, yeri ha, küsmüşəm səndən,

Ayrılıq şərbətin içmişəm səndən, ay dilbər!


Sən bir sərv ağacı, mən bir göyərçin,

Əgər qonmuşudum, uçmuşam səndən, ay dilbər!


Gedirsən, gəlirsən, xəbərim olsun,

Gülüş piyalələr mey ilə dolsun, ay dilbər!


Əgər yar sındırır, ver mənim olsun,

İndi anlamışam özgə yarın var, ay dilbər!


Yeri ha, yeri ha, gilanarun var,

Məni öldürməyə ixtiyarın var, ay dilbər!


SƏNİ YANASAN, AY QIZ!
Bulaq başı toz olar, dəstə-dəstə qız olar,

Əyil dəsmalın götür, mən götürsəm söz olar.


Səni yanasan ay qız!

Yandım, yanasan ay qız!


Xiyabanın arası, gilənarın dənəsi,

Orda bir yar sevmişəm, şux tərlanın balası.


Nəqərat

Söyüd bağı bizimdi, hər tərəfi üzümdü,

Bu sözlərinə gərək bir oğlan bir qızındı.
Nəqərat

Açıq qoy pəncərəni, gözüm görsün gələni,

Necə qəbrə qoyallar yar dərdindən öləni.

DƏRYADA DƏRYALIQLAR
Dəryada dəryalıqlar, suda oynar balıqlar,

Qolların sal boynuma, deyirlər ayrılıq var.

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman.
Dəryada quşüzümü, oğlan eşit sözümü,

Eşitməsən sözümü, öldürrəm öz-özümü,

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman.
Gül üstə bülbül qonar, bülbülsüz güllər solar,

Sevgi adı gələndə, ürəyim qanla dolar,

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman.
QARAGİLƏ
Uca dağlar başında narınc qaşlaram, qaragilə, narınc qaşlaram,

Yarımın ayağına corab başlaram, qaragilə, corab başlaram,

Yarım getsə səfərə, mən naxoşlaram, qaragilə, mən naxoşlaram,

Əlində qarman, ver yeni fərman,

Allah eləsin, qaragilə, dərdivə dərman!

Qaradı, qaşların, arasında bax, qaragilə, arasında bax!

Bivəfa sevgilimin vəfasına bax,

Aç ürəyim başını, yarasına bax, qaragilə, yarasına bax!

Qızılgül xəndan, verin qəlamdan,

Ölüm yaxşıdır, qaragilə, aşiq olmaqdan,

Evimizin qabağı su gələn arxdı, qaragilə, su gələn arxdı,

Durum, çıxım qapıya, yar gələn vəxdi, qaragilə, yar gələn vəxdi!

Yarım gəlib çıxmayıb, ovqatım təlxdi, qaragilə, ovqatım təlxdi!

Ay gözəl oğlan, getmə, bir dayan,

Sevirəm səni, qaragilə, eşqimə inan!

İRƏVANDA XAL QALMADI
İrəvanda xal qalmadı,

O xal, nə xaldı ora döydürmüsən?

De görüm, nə xaldı ora döydürmüsən?
Məndə daha can qalmadı,

O xal, nə xaldı qoşa döydürmüsən?

De görüm, nə xaldı qoşa döydürmüsən?
Xal mənim, ixtiyar mənim

Xəlqə nə vardı, bura döydürmüşəm!

Yarım deyibdi, qoşa döydürmüşəm!
İrəvanda mən işlərəm,

O xal, nə xaldı, ora döydürmüsən?

De görüm, nə xaldı, üzə döydürmüsən?
Xəncərimi gümüşlərəm,

O xal, nə xaldı, üzə döydürmüsən?

De görüm, nə xaldı, qoşa döydürmüsən?
Xal mənim, ixtiyar mənim,

Xəlqə nə vardı, bura döydürmüşəm!

Yarım deyibdi, qoşa döydürmüşəm!
İrəvandan xal istərəm,

O xal nə xaldı, ora döydürmüsən?

De görüm nə xaldı, ora döydürmüsən?
Mən səni özüm istərəm,

O xal nə xaldı, ora döydürmüsən?

De görüm nə xaldı, ora döydürmüsən?
Xal mənim, ixtiyar mənim,

Xəlqə nə vardı, bura döydürmüşəm!

Yarım deyibdi, qoşa döydürmüşəm!
MƏNİM İPƏK YAYLIĞIM VAR
Mənim ipək yaylığım var, görməyə gəlin,

Aşiqlərə mən sataram, almağa gəlin.


Mənim qaşlı belbağım var, görməyə gəlin,

İncə bellərə sataram, almağa gəlin.


Mənim büllur qədəhim var, görməyə gəlin,

Gəlinlərə mən sataram, almağa gəlin.


Mənim səndə darağım var, görməyə gəlin,

Uzun saçları sataram, almağa gəlin.


Mənim əlvan örpəyim var, görməyə gəlin,

Gözəl qızlara sataram, almağa gəlin.


AXŞAM OLCAQ
Axşam olcaq çıraqları yandırram,

Ay nadan balam, ay nadan!

Qaş-göz ilən sözümü sənə qandırram,

Ay nadan balam, ay nadan!

Özgə yar tutaram, səni yandırram,

Ölürəm a ceyran, a ceyran balam.

Axşam olcaq su səpərəm güllərə,

Ay nadan balam, ay nadan!

Qəza işi saldı məni çöllərə,

Ay nadan balam, ay nadan!

Mənim salamımı yetir ellərə,

Ölürəm a ceyran, a ceyran balam!

Yarı yola saldım, göylüm bulandı,

Ay nadan balam, ay nadan!

Evə gəldim, ev başıma dolandı,

Ay nadan balam, ay nadan!

Anası, bacısı göylümü aldı,

Ölürəm a ceyran, a ceyran balam!

Yazığam, a ceyran, a ceyran balam!

Balam, ay balam!


AMAN NƏNƏ
Asta yeri kəmər düşər belindən,

Aman nənə, zalım nənə, yar nənə!

Ayrı düşdüm gülümdən, bülbülümdən,

Aman nənə, zalım nənə, yar nənə!


O qədər sevirəm, düşməz dilimdən,

Aman yar ay, zalım yar ay,

Gözəl yar ay, gül yarım!

Aman nənə, zalım nənə, yar nənə!

Yar nənə hey, yar nənə hey, yar nənə!
Bir yaylığım vardı gülü özündən,

Aman nənə, zalım nənə, yar nənə!

Düşür boynuma özü-özündən,

Aman nənə, zalım nənə, yar nənə!

Mən də dedim, küsdün mənim özümdən,
Nəqərat

Yarıma demişəm mənə saz alsın,

Aman nənə, zalım nənə, yar nənə!

Onu çalım dərdi-qəmim azalsın,

Aman nənə, zalım nənə, yar nənə!

Məgər mən ölmüşəm yarım qız alsın?



Nəqərat

Bəs sən demişdin sənə yar ollam!

Aman nənə, zalım nənə, yar nənə!

Qəmli günümdə sənə qəmxar ollam!

Aman nənə, zalım nənə, yar nənə!

Dur gəl yanıma, sənə qurban ollam!


QALANIN DİBİNDƏ
Qalanın dibində bir daş olaydım,

Gələnə, gedənə yoldaş olaydım,

Bacısı göyçəyə qardaş olaydım,

Atma daş, tökmə yaş, mən yaralıyam,

Şəkinin, Şirvanın, Xoy maralıyam.
Qalanın dibində əkərlər darı,

Əkərlər, biçərlər yarıbayarı,

Yar mənə göndərmiş heyvaynan narı,

Atma daş, tökmə yaş, mən yaralıyam,

Şəkinin, Şirvanın, Xoy maralıyam.
BU GƏLƏN YAR OLAYDI!
Bu gələn yar olaydı,

Qoynunda nar olaydı,

İkimiz bir köynəkdə,

Yaxası dar olaydı.


Bu gələn yar olaydı,

Gözü ceyran gözüdü,

Bir keçdi tanımadım,

Bir baxdım, yar özüdü.


Bu gələn yara bənzər,

Boyu çinara bənzər,

Nə gözəl nazənindi,

Sevgilim yara bənzər.



BU DƏRƏ UZUN DƏRƏ
Bu dərə uzun dərə, getdikcə uzun dərə,

Burda bir bağ saldırram, yar gələ, üzüm dərə.


Bu dərənin uzunu, çoban qaytar quzunu,

Çoxdandı görməmişəm şux yarımın üzünü.


Durma qapı dalında, gözüm qaldı yolunda,

Gedim anama deyim, gəlim qalım yanında.


Su gəlir lülə-lülə, yar gəlir gülə-gülə,

Əlində ipək dəsmal, tərini silə-silə.


EVLƏRİNİN DALI YONCA
Evlərinin dalı yonca,

Yonca qalxıb yar boyunca,

Boyu uzun, beli incə.
Üç telli, dörd telli, beş telli durna,

Sən haralısan, haralı durna!


Sən getmisən dağlar saralı durna!

Ovçu əlindən yaralı durna!

Yaralı, yaralı, yaralı durna!
Evlərinin dalı təpə,

Yağış gəlir səpə-səpə,

Oyadıram öpə-öpə.
Nəqərat

Evlərinin dalı qaya,

Qayadan baxarlar aya,

Mənim dərdim gəlməz saya!



Nəqərat

Evlərinin dalı hasar,

Gün gələr kölgəni basar,

Oxuram, yar qulaq asar!


Nəqərat

Corabının üstü buta,

Mənim ahım səni tuta,

Məni saldın yaman oda.


SAMAVAR ALMIŞAM
Samavar almışam, silənim yoxdu,

Bir dərdə düşmüşəm, bilənim yoxdu,

Göz yola tikmişəm, gələnim yoxdu,

Ay Allah, bu ceyran niyə gəlməz oldu,

Aşdı bu uca dağları, görünməz oldu.

Samavar almışam, silə bilmirəm,

Bir dərdə düşmüşəm, deyə bilmirəm,

Bu acı dərmanı yeyə bilmirəm.


Nəqərat

Samavar almışam, rəngi sarıdı,

Soruşun bu ceyran kimin yarıdı,

Məni yara qovuşduran tarıdı.


Nəqərat

Samavar almışam dörd yanı yarpız,

Soruşun bu ceyran kimin yarıdı,

Məni yara qovuşduran tarıdı.


Nəqərat

Samavar almışam dörd yanı yarpız,

Sənə qurban olum xırdaca baldız,

Qardaşın gedəli qalmışam yalqız.



GİRDİM YARIN BAĞÇASINA
Girdim yarın bağçasına çiçəklər açmış,

Yarım mənim ürəyimə yaralar saçmış.


Gəl, gəl, gözəl yarım, sevirəm səni,

Əgər qismətim olarsan, alaram səni.


Girdim eşqin dəryasına gəmim olmadı,

Gənc yaşımda bir qız sevdim, mənim olmadı.


Nəqərat

Yar yolunda dağlar keçdim, sulardan içdim,

Min bir gözəl gördüm, ay qız, tək səni seçdim.
Nəqərat

Girdim yarım bağçasına, heyvalıq, narlıq,

Məni yardan eyləyəni görməsin sağlıq.
NƏ BAXIRSAN YANI-YANI
Nə baxırsan yanı-yanı,

Olum gözlərin qurbanı,

Əvvəlki məhəbbət hanı?
Səni yanasan, ay qız!

Odlanasan, ay qız!

Bircə danasan, ay qız!
Belə yanı baxmaq olmaz,

Ləbin kimi qaymaq olmaz,

Ay qız səndən doymaq olmaz.

YERİŞİ BUDU BUNUN
Əlində saza yanım,

Etdigin naza yanım,

Baş qoyum dizin üstü,

Qış yatım, yaz oyanım.


Nəqərat

Yerişi budu bunun,

Boyu qumrudu bunun,

Yaşılbaş sonalar tək,

Məskəni sudu bunun.
Əlində ipək yaylıq,

Həqq versin sənə sağlıq,

Gəl, rəqibi qan ağlat,

Qalsın sənə üz ağlıq.


Nəqərat

Əlində vardı kaman,

Könlümə saldı güman,

Bu qaş-göz ki, səndədi,

Nə dil qoyar, nə iman!
QAŞUN ARASINDA XALUN
Qaşun arasında xalun,

Nə gözəldi gül camalun,

Bilmirəm nədi xəyalun,

Kafir qızı yandım axı,

Al qana boyadım axı!

Alagözlüm, al bu canım,

Ayrılığa yox tavanım,

Sənə qurban olsun canım.



Nəqərat

Yarım gəlir uzaqdan,

Mənə göz eylir iraqdan,

Əlində gül budaqdan.


BAŞUVA DOLANIM
Başuva dolanım, harda qalmısan?

İntizar gözümü yolda qoymusan.

Belə məlum olur məndən doymusan.

Getdi yar, getdi yar, aldatdı məni,

Yarımın qüssəsi saraltdı məni.
Mən sənə neyləmişəm, ceyran balası,

Ürəyimə vurmusan hicran yarası,

O yarı mən sevirəm, yoxdi çarası.
Nəqərat

Boynuma salmısan zülfündən zəncir,

Mən sənun əsirinəm, gəl, məni dindir,

Şirin-şirin danışıb məni sevindir.


YAR BİZƏ QONAQ GƏLƏCƏK
Şamamalar irəfdədi,

Hər biri bir tərəfdədi,

Görməmişəm bir həftədi,

Yar bizə qonaq gələcək,

Bilmirəm nə vaxt gələcək.
Samavara od salmışam,

İstəkana qənd salmışam,

Yarım gedib tək qalmışam.
Nəqərat

Şamamalar xallı-xallı,

Yar geyinib allı-allı,

Boyu bəstə, üzü xallı.


GÜL OĞLAN
Qızılgül oyum-oyum,

Dərim qoynuma qoyum,

Yağış yağar, yer doymaz.

Mən səndən necə doyum.

Özü bir gül, sözü bir gül,

Saçı sünbül, gül oğlan!


A boz papaq, tirmə çuxa,

Çit arxalıq, gül oğlan,

Atını yan çək, hamıdan göyçək gül oğlan!

Top qara bircək, gül oğlan!


Nəqərat

Bu dağdan aşmaq olmaz,

Narıncı başmaq olmaz,

Bir cüt öpüşdən ötrü,

Yarla savaşmaq olmaz!
QAŞLARIN KAMANDI
Qaşların kamandı, göydi gözlərun,

Hər baldan, şəkərdən şirin sözlərin,

Sən mənim qəlbimsən, nazlı dilbərsən,

Eşqimdən, dərdimdən, sən bixəbərsən.


Ah çəkdim, ağladım, görmədim vəfa,

Yandırdın qəlbimi çox çəkdim cəfa,

Sənun tək dilbərin eşqin ataram,

Axtarıb vəfalı sevgi taparam.

Hər gülün cilvəsi bir bahar olar,

Yetişər xəzanı, gülüstan olar,

Fəxr etmə, nazənin gül cəmaluva.

Soldurar ruzigar, qalmaz haluva.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə