ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə25/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   17   18   19   20   21   22   23   24   25

Qurbanlıq
Bir para ailələrdə, uşağa xüsusilə, uşaq oğlan doğulanda qurbanlıq kəsmək vacib sayılırdı. İnanırdılar ki, uşağa kəsilən qurbanlıq qiyamət günü bir dəvəyə çevrilər, uşağı dalına mindirib, Sirat körpüsündən keçirdər. Uşaq üçün kəsilən qur­banlıq evdə, ya evə yaxın yerdə kəsilərdi. Onun qanını, dərisini, içalatını haman yerdə qoyurdular. Onun ətindən yekə qazanda bışirib, ona istiot, sarıkök töküb kasa-kasa paylayardılar. Bu qurbanlıq sümüklərini qurbanlıq kəsilən yerdə basdırardılar.
Dayə
Uşaq yuyundurulub bələndikdən sonra bir ağbəxt ana bar­mağının ucu ilə uşağın ağzına kərə sürtərdi. Onun ardınca uşağa çay qaşığı ilə qəndab verirdilər. Bu işi edən adam az yeyən olmalı idi ki, uşaq böyüyəndə yeyimcil qarınqulu olmasın.

Üç gün uşağa kərə ilə şuvərən, türüncü, nabat xakəsi verir­dilər. Kərə uşağın qarnını təmizləmək üçün verilirdi.

Dördüncü gündən uşağa süd verilərdi. Bir neçə gündən sonra ana südü gəlirdi. Ana südü gec gəlsə, ya uşaq əmcəyi tutmasa o ac qalır, çığır-bağır salırdı.

Əyanlar körpə uşağı saxlamaq üçün taya (dayə) tutardılar. Uşağa inək südü vermək istəməzdilər. Bu süd uşağın sağlam­lığını pozurdu.

Belə bir inancdan asılı olaraq, uşağa dayə axtaranda çalı­şırdılar dayə mümkün qədər nəcib, xoşxasiyyət, sağlam, boy-buxunlu, südlü olsun.

Dayənin yeməyinə çox diqqət yetirər, ona qüvvətli ye­mək­lər verirdilər. Başının üstə noğul, paxlava, peşmək, mürəbbə, bu kimi enerji doğuran yeməklər qoyardılar.

Dayələri uşağı olub qalmayan, südü aşıb-daşan, öz uşağın­dan əlavə ayrı uşağı da əmizdirən anaların içərisindən seçirdilər. Bu dayələr uşağın süd anası kimi tanınardı.

Uşağı öz doğma anasından savayı öz uşağına süd verən qadın əmizdirəndə, bu uşaq həmin arvadın yaşıd qızı, ya oğlu ilə süd bacısı, ya süd qardaşı sayılırdı. Bir sira ailələrdə bu qardaş-bacılığa çox hörmət qoyulardı.


Qulaq dəlmək
Uşaq qız olursa, elə həmin gün, ya ad qoyma axşamı mama, ya zahının yaxınlarından biri uşağın hər iki qulağını dəlirdi. Qulağı dəlmək üçün əvvəl onu yumşaq kül ilə ovur, sonra yeməlı yağla sarı küldə yoğrulmuş sapı iynəyə saplar, qabaq­cadan ucu odda yandırılmış iynənin ucu ilə qulağı dələr, sapdan qırıb halqa kimi düyünləyirdilər. Bu iş deşiyin yenidən örtülmə­məsi üçün idi. Neçə gün sonra uşağın anası sapı kəsib uşağın qulağını təmizləyirdi.

Ölüm və cəza
İnsan həyatında doğum şadlıq yaratdığı halda, ölüm həsrət, qəm gətirir. İnsan iki yolla dünyadan gedir: Biri yatdığı yerdə, yataq içində yaşın çoxluğundan. Ya sağalmaz naxoşluqdan vücudun sarsılması, ölgünləşməsi ilə, ikincisi, ayaq üstə vücudunda həyat çağladığı halda ölür. Bu ikinci yolla ölənlərin içində təsadüfə uğramaq kimi gözlənilməz ölümlər olduğu kimi, bu saya göz yumanların çoxunu, din, haqq, xalq, vətən yolunda canından kecən şəhidlər təşkil edir. Doğmaq halında dünyadan gedən analar, səğir uşaqlar da bu şəhidlər sırasında olur. İnanclara görə şəhidlər bağışlanmış olur, onlar sual-sorğusuz behiştə gedir. Kərbala şəhidləri övliyaların himayəsi altında yer tuturlar. Din, haqq, vətən yolunda şəhid olanların torpağa tapşırılma, əza mərasimi el mərasiminə çevrilir, bunların cənazəsini el yola salır, əzasını da el saxlayır.

Bir adamın can üstə olduğunu duyunca, istər kişi olsun, ya qadın, xüsusən, yorğan-döşək olsa, mümkün surətdə onu təmizləyir, alt paltarlarını dəyişir, əl-ayağına həna qoyarlar. Çünki həna peyğəmbərdən qalmadır. İnkir-minkir ölünün sorağına gələndə hamıdan qabaq onun əlinə-ayağına baxır, əgər həna qoyulmuşsa onun peyğəmbər ümməti, Əli şiəsi olduğuna inanıb qayıdır. Bir para dünya görmüşlər can üstə olan adamın simasında, səsinin xırıltısından onun canını tapşırmaqda olduğunu bilirlər. Can verməkdə olan adamı üzü qibləyə üzadır, yastığı onun başının altından götürürlər. Can tapşırmaqda olan adamı tək başına buraxmaq olmaz. Lakin arvad xeylağı onun yanında tək olmamalıdır. Can verməkdə olanın yanında ucadan danışmaq, ya bərkdən ağlamaq olmaz. Onda can bezikməsi yaratdığına görə caiz sayılmaz. Bu halda ölüm yatağında olan adamın dişləri qayırma olsa, ağzından çıxarırlar. Çay qaşığı ilə ağzına suda çalınmış Kərbala türbəti damızdırarlar. Kəlmeyi-şəhadəti ona dedirdirlər, ruhun bədəndən rahat çıxması üçün mümkün qədər ona əl vurmazlar.

Can bədəndən çıxanda, ulduz göy üzərindən axandan sonra, onun gözlərini, ağzını yumar, çənəsi düşməsin deyə bağlarlar. Ayaqlarını, əllərini düz uzadırlar. Ayaq-baş barmaqlarını bir-birinə bağlayıb üstünə ağ parça çəkib, üstündən bir tirmə şal salırlar. Bütün bu işləri yerinə yetirəndə, çalışarlar əlləri ölüyə toxunmasın. Əlin, ya bədənin ölüyə toxunması ölü qüslü tökməklə pak ola bilər.

İnsan axşam öləndə, onu məhəllə, ya kənd məscidinə apa­rıb, orada əmanət qoyurdular. Lakin gecə ölsəydi, evdə saxlayıb, səhər tezdən evdən çıxardırdılar. Ölünün yerdən tez qalxmasına tələsir, onun yüngül qalxması savabkarlıq əlaməti sanılırdı.

O gecə ölənin yaxınları, qohum-qardaşları səhərə kimi ayıq qalıb ağlayıb-oxşayırdılar. Ölü gecədən evdə qalmalı olsaydı, onun sinəsı üstə Quran qoyar, başı üstə də Quran oxuyardılar. Məsciddə Allahın evi olduğu üçün şeytan oraya yol tapa bilməzdı. Məsciddə ölü tək qalmasın deyə, bir Quran oxuyanı onun başı üstə oturdardılar. Quran oxuyan gecə yuxuya getməsin, ya durub getməsin deyə, dəfələrlə ona baş vurardılar. Ölü istər evdə saxlanıla, ya məsciddən aparıla, onun otağında səhərəcən çırağ, ya şam yandırardılar.

Ağlamaq, sıtqamaq ölünün can bağışlamasından başlayar, əza mərasiminə qədər davam edərdi.

Ölünün yaxınları, uşaqları, qardaş-bacıları, hamıdan çox arvadı şıvən qoparır, başına- döşünə vurur, özündən gedərdi.

Bu bir də ona görə idi ki, arvad ərinin dalınca şivən qopar­masaydı, dalınca dodaq büzər, olmazın dedi-qodular deyərdilər. Ölünün ardınca ağlayıb sıtqamaqda arvadlar kişilərdən irəli gedirdi. Ölü torpağa tapşırılanda bərk qışqırıq qoparır, qəbrin üstünə sərilir, torpağı başlarına sovurur, tüklərin yolur, üzlərinə dırnaq çəkərdilər. Bununla belə, bir inanc da bunda idi ki, əzizlərinin qəbri üstə getməyincə soyumazdılar.

Ölünün evdən çıxarılması nə qədər lazımdırsa, onun tez yuyunub-təmizlənməsi, kəfənə tutulması da bir o qədər lazımdır. Qəbiristanlıqda ölü yumaq yeri olmurdu. Hal-hazırda bir cox kəndlərdə ölü evdə yuyulur. Ölü evdə yuyulanda həyətin açıq yerində çadır qurulurdu.

Ölü adi camaatdan olanda parçadan, ya çadradan bir pərdə çəkilirdi ki, gəlib-gedənin gözü ölüyə sataşmasın.

Ölü məhəllə məscidindən əmanət gətirilən taxta tabut üstə yuyulurdu. Əgər ölü yuyan olmasa, bir nəfər yaxın adamla­rından soyunub, belinə fitə tutar, lazım gəlirsə, bir ayrıca adam da ona su tökməyə yardımçı olardı.

Qüsl başlamamış ölünün yaxınlarından biri ölünü soyun­durub, yuyulmasına icazə verir. Ölünün üstünə suyu ilk dəfə onun yaxınlarından biri töküb, ölünün adını çağırıb deyərdi: – Heç qorxma, biz sənin qohumların, yaxınların, hamımız burdayıq.

Bu sözdən sonra ölünü yuyub-arıdıb, əvvəl sidr suyu, sonra kafur suyu, üçüncü dəfə xalis su ilə qüsl verirlər. Qüsl qurtarandan sonra bir miqdar kafur onun alnına, əllərinin içinə, dizlərinin gözünə, ayaq barmaqlarına sürtürlər. Bu kafur ölüdən yaxşı qoxu qalxmaq, qəbr evində həşaratların ona yaxın düşməməsi üçün sürtülür. Ölünün lazım olan yerlərinə pambıq qoyurlar, sonra da söyüd ağacından bir cüt qoltuq ağacı onun sağ ilə sol qoltuğu altına qoyurdular ki, sual-cavab başlayanda onlara dayansın. Kişi ölüsünü kişi, arvad ölüsünü arvad yuyardı. Ölü kişi olanda yanına möhür qoyur, arvad olsa, boynuna türbət təsbehi salardılar.

Qüsl mərasimi qurtarandan sonra ölü kəfənə tutulurdu. Kəfən hətmən ağ çəlvardan olmalı idi. Kəfən kişilərdə beş tikə­dən, arvadlarda yeddi tikədən təşkil olunurdu. Bir çox möminlər ölməkdən qabaq Məşhəd, Kərbala, Məkkə kimi müqəddəs yerlərə ziyarətə gedəndə özləri, yaxınları, habelə tapşıranlar üçün apardıqları, ya aldıqları kəfən parçasını təbərrük etməyə (zərihə sürtməklə) lazım olan günə qədər saxlayırdılar.

Ölünün əynindən çıxarılan paltarlar ölü yuyanlara çatır. Onlar qabaqcadan həmin paltarların cibinə qoyulmuş pulu muzd olaraq götürürlər. Bundan əlavə ölü yiyəsi bacardıqca onları razı salır.

Qüsl, kəfən işi qurtarandan sonra ölünü əbədi evinə apar­maq üçün tabuta, ya taxtadan qayrılmış qutuya qoymazdan qabaq üç kərə onu yerdən qalxızıb tabuta yaxınlaşdırır, yenidən yerə qoyurlar.

Dördüncü dəfə qaldırıb tabuta qoyur, üstünə bir taqə, şal, ya bir xalça salırlar. Cənazəni üç kərə qaldırıb, yerə qoymağın səbəbi budur ki, onun ruhu tabutun üstündə uçur və deyir:- Məni ev-eşiyimdən, əhli-əyalımdan ayırıb hara aparmaq istəyirsiniz?

Tabut, ölünün yaxın adamları, onu uğurlamağa gələnlərın birgə “Lailəhəillah” səsilə dörd tərəfdən qaldırılır, ona yapışan­lar tez- tez bir-birlərini dəyişir. Yoldan ötənlər savab qazanmaq üçün yoldan ayrılıb, 7 qədəm tabuta yardım göstərir, yenə qa­yı­dıb yollarına davam edirlər. Qəbiristanlıq yaxın olanda, xüsu­silə, kəndlərdə cənazə çiyində aparılır. Uzaq olanda maşınla, kəndlərdə bu kənddən o biri kəndə dəvə, ya at üstə aparılırdı.

Qəbrin dərınliyi 2 metr olur. Arvad qəbri kişi qəbrindən bir az da dərin qazılır.

Ölünün namazı evdə qılınmamış olsa, bir axund onun namazını qılır. Namaz qurtarandan sonra ailə adamlarından birisi ölü qadın olursa, mərhəm kisilərdən biri ayaqyalın-başıaçıq qəbrin içinə girir, o biriləri cənazəni tabutdan qaldırıb, yenə üç dəfə yerə qoyub, götürürlər. Dördüncü dəfə baş tərəfdən qəbrin içindəki adama verirlər. O da cənazəni sağ böyrü üstə, üzü qibləyə yatırdır, başı altına da bir kərpic qoyur, kəfənin ölünün üzünə tərəf hissəsini açır, sonra qəbrin aşağısından çıxır. Axund təlqın verir. Sonra qəbirqazanlar böyük daş, ya kərpic ilə qəbrin üstünü örtürlər. Dəfndə olanlar da hər biri qəbrin üstə bir miqdar torpaq atırlar. Arvadlardan qəbir üstünə gələn olsa, qəbrin üstünə döşənib, şivən qoparır, ondan ayrılmaq istəmirlər. Baş barmaqlarını qəbir torpağına qoyub, fatihə oxuyurlar.

Sonra qəbrin üstünə su səpib, qayıtmaq istəyəndə, bir neçə adam qəbirdən uzaqlaşıb, yenə qayıdır. Kəndlərdə çox vaxt qəbrin üstündə od yandırırlar ki, torpaq qurusun, yerin təzə qazıldığı bilinməsin. Ölünün torpağa tapşırıldığı günün axşamı məhəllə mollası, ya hər mömin hazır olsa, ölüyə məhşət namazı qılır ki, ölü təklikdən, yaxınlarından uzaq düşdüyündən vəhşətə düşməsin.

Haman gecə yenə ölənin evində, bəzən də məsciddə “şamı-qəriban” məclisi qurulur. Məclisdə “Quran”oxunur, qapı-qonşu, eşidib-bilənlər baş sağlığı verirlər.



MƏMMƏDƏLİ FƏRZANƏ

(1923-2006)
Altmış ildən bəri Məmməd­ə­li Qövsi Fərzanə adı ilə tanınan ədəbiyyatşünas, tənqidçi və icti­mai xadim 1923-cü ildə elm və mədəniyyətin beşiyi olan Təbriz şəhərində çoxuşaqlı və yoxsul bir ailədə həyata göz açmışdır. İqti­sadi cəhətdən kasıb, mənəviyyat­ca zəngin olan bu ailə balaca Fər­­zanə üçün ilk məktəb rolunu oynamışdır. Belə ki, bu məktəb­də doğma ana dilimizin incəlik­lə­rinə yiyələnmiş, bu dilin əzə­mə­­tini uşaq yaşlarından dərk et­miş­dir.

M.Ə.Fərzanə gənc yaşların­dan xalq ədəbiyyatı xəzinəmizin zənginliklərinə heyran qalmış, milli-mənəvi dəyərlərimizi böyük məhəbbətlə sevərək təbliğ et­mişdir. O, Təbrizdə orta məktəbi bitirmiş və burada da pedaqoji texnikuma daxil olmuşdur. Fərzanə 1942-ci ildən əmək fəaliy­yə­tinə başlamış, Təbriz kitabxanasında işə girmişdir. Kitabxanada işləmək, çoxsaylı ədəbiyyatla tanışlıq onun həyata baxışında, dünyagörüşünün formalaşmasında yeni bir səhifə açmışdır. Elə həmin illərdən elmi və bədii yaradıcılığa başlayan M.Ə.Fərzanə müxtəlif mövzularda dəyərli elmi məqalələr yazaraq çap et­dirmişdir.

Uzunömrlü “Varlıq” dərgisi nəşrə başladığı 1979-cu ilin ilk günlərindən M.Ə.Fərzanə bu dərgi ilə əməkdaşlıq etmiş, klassik və müasir ədəbiyyatın, folklorun toplanılıb araşdırılmasında bö­yük xidmətləri olmuşdur. O, by fəaliyyəti ilə yanaşı, milli mə­dəniyyətin digər sahələri ilə bağlı dəyərli elmi məqalələri ilə “Varlıq” dərgisində tez-tez nəşr olunmuşdur.

İlk məqalələrindən özünəməxsus üslubu ilə seçilən M.Ə.Fər­zanə getdikcə daha çox ictimai-siyasi, ədəbi yaradıcılığı ilə tanınmağa başlamışdır. Onun ilk məqalələrindən sayılan “Füzuli lirikasına bir baxış” və “Divani-lüğət-it-türk” əsərində olan atalar sözü və məsəllər “Vətən yolunda” (bu qəzet 1941-ci ilin oktyabrında nəşrə başlamışdır) qəzetində nəşr etdirmişdir.

M.Ə.Fərzanə iyirmi yaşından milli azadlıq hərəkatının iştirakçısı olmuş, qələmi ilə də bu yolda xalqına xidmət etmişdir. Milli azadlıq hərəkatının canlanması ictimai fikir və xəyalların gerçəkləşməsi dövrü olmuşdur. Həm də bu dövrdə milli ədə­biy­yatın və incəsənətin, ən başlıcası doğma dilimizin inkişafı üçün hər cür şərait yaranmışdır.

M.Ə.Fərzanə bu dövrdən istifadə edərək (1945-1946-cı il­lərdə) daha böyük vüsətlə yazıb-yaradaraq Azərbaycan dastan­la­rı və Azərbaycan şifahi xalq ədəbiyyatının digər sahələri ilə bağ­lı silsilə məqalələrini qələmə almışdır. O, təkcə bu bir il içə­ri­sin­də həmin mövzuda 40-a yaxın məqalə yazıb çap etdir­mişdir. O, İranda, eyni zamanda, Bakıda da nəşr olunurdı. “Azər­baycan ədə­biyyatı tarixi”nin iki cildliyinə dair araşdırma xarakterli mə­qalələr yazıb həmin məqalələri “Şəfəq” jurnalında çap etdirmiş­dir.

Bu bir ildə xalqımız böyük nailiyyətlər qazanmış, lakin bu­na baxmayaraq milli hökumətin süqutu çoxları kimi M.Ə.Fər- zanənin də həyatına öz təsirini göstərmiş, o, Təbrizdə işlədiyi kitabxana işindən kənarlaşdırılmışdır. Bütün kitabları anbara yığıb kitabxananın qapısını möhürləmişlər. Lakin gənc Fərzanə təkcə “Kitabi-Dədə Qorqud” dastanlarını gizli şəkildə əldə edərək qoruyub saxlaya bilmişdir (Azərbaycanın görkəmli mə­də­niyyət xadimlərindən sayılan Məhəmmədəli Tərbiyət “Də­də-Qorqud” dastanlarını İrana gətirmiş və yeni üslubda qurul­muş bu kitabxanaya vermişdir). Bu elə bir zaman idi ki, dilimizin ya­saq olunması və bir dil kimi aradan çıxarılması üçün çox şey edilir, ana dilində olan bütün kitablar müxtəlif yollarla məhv edilir və yandırılırdı. Amma bunu edənlər bilmirdilər ki, millə­timizin, xalqımızın ana dilini unutdurmaq mümkün deyil.

Folklorşünas alim, fədakar tədqiqatçı M.Ə.Fərzanə İkinci Dünya savaşından sonra ədəbi-bədii düşüncəmizin əksi qaynaq­larından olan “Kitabi-Dədə Qorqud” dastanı barədə ilk söz de­yənlərdən olmuşdur. Belə ki, o, “Azərbaycan milli dastanları” adı altında dastanın xeyli hissəsini çap etdirərək İranda tanın­masına səbəb olmuşdur. Çətin dövr olsa da, Fərzanə bu illərdə bir neçə kitab və monoqrafiya, ictimai-siyasi mövzularda məqa­lələr də nəşr etdirmişdir.

Milli hökumətin süqutu, onun nailiyyətlərinin məhv olun­ması, ana dilli ədəbiyyatın, dərs vəsaitlərinin tonqallarda yandı­rılması, Fərzanənin həyatında heç vaxt unudulmayan acı xati­rələr kimi “Ana dilimiz və varlığımız uğrunda mübarizələr” adlı xatirələr kitabının yazılmasına səbəb oldu. Belə silsilə yazıları ilə Fərzanə ana dilimizin zənginliyindən, milli-mənəvi dəyərlə­rindən, folklorundan bəhs edərək xalqımızın qarşısına sipər çəkənlərə cavab vermişdir.

Onun folklorla bağlı yazılarına diqqət etdikdə bir neçə cə­hətdən özünəməxsus keyfiyyət kəsb etdiyini görərik. Hər şeydən əvvəl, onun məqalələrində dərin müşahidəçilik özünü büruzə ve­rir. Bu müşahidənin arxasında isə milli bədii təfəkkürə dərindən bələdlik açıq hiss olunur. Buna misal olaraq qeyd etmək lazım­dır ki, o, anasını xatırlayaraq yazırdı: “Anam savadlı olmadığı halda, sinəsi tükənməz söz xəzinəsi idi. Əqlə sığmaz qədər na­ğıl, dastan, məsəl, bayatı, tapmaca, qoşma, gəraylı, daha nə bi­lim nə... bilirdi”.

Məhz elə bu xüsusiyyətlər nəticəsində də onun yazılarında elmiliklə bədiilik, xatirə düzümü ilə publisist çalar bir-birini ta­mamlayır. Belə ki, onun doğma xalqına bağlılığını əks etdirən be­lə silsilə məqalələrində dərin milli ruh duyulur.

Fərzanə o illəri ürək sıxıntısı ilə belə xatırlayırdı: “Bir para alim və tədqiqatçı adı daşıyanlar, kimlərinsə diktəsi ilə yazılan kitablarında Azərbaycana qondarma tarix yazaraq ana dilimizi rabitəsiz bir dil, ləhcə adlandırmışlar”.

M.Ə.Fərzanə onu da qeyd etmişdir ki, Cənubi Azərbaycan­da xalq ədəbiyyatının nisbi halda olsa da, səmərəli toplanıb çap edilməsi 1945-1946-cı illərdə olmuşdur. Bu illərdə Güney və Quzey Azərbaycanı birləşdirən musiqi, teatr, mətbuat və nəşriy­yat körpuləri yaranmışdır. Təbrizdə dərc olunan “Vətən yolun­da” qəzeti xalqa yadırğamış olduğu dilini anlatmışdır. Fərzanə həm də onu xatırlatmışdır ki, azərbaycanlıların dilinin və mədə­niyyətinin yasaq edildiyi illərdə onu yaşadıb qorumaqda xalqın, xüsusilə də, anaların rolu çox böyük olmuşdur. Başqa nə qədər dözülməz olsa da, xalq küçə-bacada, iş yerlərində bayatı, qoşma, yetim sevdalı təranə və tiringə oxumaqla, analar evdə öz körpə­lərinə layla çalıb nağıl deməklə bu milli varlığı qoruyub yaşat­mışdır.

Folklorşünas alim 1948-ci ildən sonra bir neçə kitab və mo­noqrafiya, ictimai-siyasi mövzularda məqalələr yazmış, həm də fars dilli mətbuatda dəyərli kəskin yazıları ilə də nəşr olun­muş­dur. O, həm də bu illərdən başlayaraq tərcüməçilik sahə­sində də qələmini sınamışdır.

Azərbaycanın dahi klassik şairi N.Gəncəvinin 850 illiyi ilə bağlı yazdığı və Təbriz qəzetində nəşr etdirdiyi məqalələr elmi dəyərinə görə maraqla qarşılanmışdır. Fərzanə o vaxt Təbriz Universitetinin nəşr etdirdiyi “Nəşriyyə” haqqında tənqidi mə­qa­lələrini yazmışdır ki, həmin məqalələrdə Azərbaycan əleyhinə olan fikirlər tənqid olunurdu.

Fərzanənin xalqına olan xidmətlərindən biri də böyük çə­tin­liklər bahasına yaranmış, iki qardaşı ilə birlikdə açdığı “Fərza­nə” nəşriyyatı olmuşdur. Bu nəşriyyatın yaranmasında əsas məq­səd qırxıncı illərdə məhv edilmiş dərs vəsaitlərinin, milli-mə­nəvi dəyərlərimizi əks etdirən əsərlərin çap olunması ol­muş­dur. M.Ə.Fərzanə bu yolda yorulmadan çalışaraq mövcud boş­luğu doldurmaq üçün əlindən gələni əsirgəməmiş, 30-dan artıq kitabın çapına nail olmuşdur. Fədakar alim özünün neçə-neçə kitabının çapa ehtiyacı olduğu halda, digər müəlliflərin kitab­ları­nı ön plana çəkmişdir ki, bu da onun xalqına xidmətinin, nəcib hisslərinin bariz nümunəsidir.

1964-cü ildə Məmmədəli Fərzanə uzun illərin zəhmətinin bəhrəsi olan “Bayatılar” kitabını geniş müqəddimə ilə nəşr etdirmişdir. Elə həmin ildə həmçinin “Azərbaycan dilinin qram­matikası” kitabının iki cildliyini çap etdirmişdir. Bu nəşrlər müxtəlif mübahisə və rəylər doğurmuşdur. Kitabı M.Ə.Fərzanə böyük məhrumiyyətlər içərisində-həbsxanada yazmışdır. Fər- zanənin bu kitabı böyük marağa səbəb olmuşdur. Hətta onun sorağı Almaniyaya da gedib çatmışdır. Burada kitabın dəyəri haqqında fikirlər və mülahizələr söylənilmiş, kitab alman dilinə tərcümə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu da bu əsərə müsbət rəy vermişdir. Onun istər “Bayatılar”, istərsə də “Azərbaycan dilinin qramma­tikası” kitabları Pəhləvi rejimi şəraitində yalnız bir dəfə nəşr edilmişdir. 1979-cu il inqilabından sonra isə ayrı-ayrı vaxtlarda “Bayatılar” doqquz, “Azərbaycan dilinin qramma- tikası” kitabı dörd dəfə nəşr edilmişdir. Fərzanə “Azərbaycan dilinin qram­matikası” kitabında ilk dəfə olaraq dilin fonetik səs tərkibini latın qrafikası ilə vermişdir.

1964-cü ildən sonra Azərbaycan dili İranda yenidən qada­ğan olunduğu üçün M.Ə.Fərzanə də fars dilində yazmağa baş­lamış, xüsusilə, tərcüməçilik sahəsində fəaliyyətini davam etdir­mişdir. 1963-cü illərin sonu, 1970-ci illərin əvvəllərində “M.H.Şəh­­riyarın “Heydərbabaya salam” mənzuməsinin bədii xüsusiyyətləri” adlı geniş məqaləsini, habelə Səhəndin “Sazımın sözü” kitabına həm farsca, həm də azərbaycanca müqəddi- mə­lərini yazmışdır.

1979-cu il inqilabından sonra M.Ə.Fərzanənin bir sıra ki­tabları və tərcümələri işıq üzü görmüşdür. “Kitabi-Dədə Qor­qud”, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” xatirələri və novellaları, Şəhriyarın şeirləri və “Heydərbabaya salam” poema­sı, “Hopopnamə”nin yeni çapı, Ələviyyə Babayevanın “Hara­da­san, dost, haradasan?”, Əziz Nesinin “Belə gəlmiş, belə getməz” romanları müəllifin tərcüməçilik fəaliyyəti ilə bağlı olmuşdur.

Səksəninci illərdə isə M.Ə.Fərzanə 1945-1946-cı illərdə ya­zılmış bəzi dərslikləri yenidən nəşr etdirmişdir. “Varlıq” dərgi­sinin səhifələrində onun aşağıdakı elmi məqalələri də nəşr olun­muşdur: Azərbaycan fars dillərində geniş müqəddimə ilə “Molla Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri, məsəllər və deyimlər”, “Azərbaycan ədəbiyyatı antolo­giyası”, “Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas in­ciləri” və s.

O, Azərbaycan dilindən fars dilinə, fars dilindən Azərbay­can dilinə onlarla əsər tərcümə etmiş, 100-dən artıq elmi və publisistik məqalənin, neçə-neçə kitabın müəllifi olmuşdur.

M.Ə.Fərzanə bütün bu xidmətlərinə görə uzun illər Azər­bay­can Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnsti­tutunun elmi əməkdaşı olmuşdur. O, Azərbaycan Yazıçılar Bir­liyinin üzvü, Azərbaycan Pedaqoji Universitetinin fəxri dok­toru olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı folklor antologiyasının Cənu­bi Azərbaycan folklorunu əhatə edəcək 3 cildini Fərzanə tərtib etmişdir.

Ümumiyyətlə, M.Ə.Fərzanənin elmi-ədəbi, bədii yaradı- cılığına nəzər salanda görürük ki, o, əsərləri və bütövlükdə ya­radıcılığı ilə ana dilimizin inkişafına, zənginliklərinin üzə çı­xa­rılmasına, öyrədilməsinə yorulmadan xidmət etmişdir.

Zəngin yaradıcılıq yolu keçən M.Ə.Fərzanə ahıl çağlarında belə, ömrünün sonunadək əlində qələm xalqının rifah halının yüksəlməsində fəallıq göstərmişdir.


Nəzakət İsmayılova.

Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə, yaxud “Varlıq” ədəbi məktəbinin nümayəndələri,

Bakı, “Elm və təhsil”, 2010, s. 70-78

BAŞLIQLAR
Ön söz əvəzi 3
I İnanclar 17

II Alqışlar, qarğışlar, andlar 31

III Sayalar, holavarlar 47

IV Nağıllar 53

V Atalar sözü və məsəllər 120

VI Tapmacalar 146

VII Bayatılar 153

VIII Lətifələr 175

IX Yuxuyozmalar 204

X Uşaq folkloru 244

XI Xalq mahnıları 262

XII El deyimləri 283

XIII Yekanat və Həmədan folkloru 302

XIV Etnoqrafik cizgilər 375


Məmmmədəli Fərzanə 449


Güney Azərbaycan folkloru,

I kitab (Təbriz, Yekanat və Həmədan

ərazi­lərindən toplanmış folklor örnəkləri).

Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:

Ülviyyə Əliyeva
Korrektoru:

Sönməz Abbaslı
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Ramin Abdullayev

Kağız formatı:

Mətbəə kağızı: №1

Həcmi: 456 səh.

Tirajı: 300

Kitab AMEA Folklor İnstitutunun

Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən



ofset üsulu ilə çap olunmuşdur.



1 Hesari M. Folklor yığmaqda qabaqcıllar, “Varlıq” dərg., 1996, № 103, s. 49-54

2 Hüseynova N. Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə yaxud, “Varlıq” ədəbi məktəbinin nümayəndələri. Bakı, “Elm və təhsil”, 2010, s.44

3 Səbri Məryəm. Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və təd­qiqində “Varlıq” jurnalının rolu, filologiya üzrə fəlsəfə doktoru dissertasiyası, Bakı, 2011, s. 11. “Varlıq” dərgisi ilə bağlı özgə bir nəşr P.Məmmədovanın araşdırmasıdır: “Varlıq” jurnalında ədəbiyyat məsələləri, Bakı, Elm, 2000

4 Yenə orada, s.11

5 Sərrafi Ə. İran türklərinin dili və folkloru, “Varlıq” dərgisi, 1999, №114-3, s. 60-71

6 Abbaslı İ. Folklorşünaslıq. Azərbaycan ədəbiyyatı tarixi, altı cilddə, I cild, Bakı, “Elm”, 2004, s. 699-701.Yenə onun: Azərbaycan folklorşünaslığının təşəkkülü və inkişaf mərhələləri, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, IX kitab, Bakı, Səda, 2000

7 Hüseynova N. Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə yaxud, “Varlıq” ədəbi məktəbinin nümayəndələri, s.160

8 Acaryan H. Erməni dilinin tarixi, I hissə, İrəvan, 1940, s. 222 (ermənicə)

9 Çukaszyan B.A. Erməni-İran ədəbi əlaqələri (V-XVIII əsrlər), İrəvan, Erm. EA nəşriyyatı, 1963, s. 208 (ermənicə)

10 Yenə orada

11 Şahsuvaryan Av. “Şahnamə” və erməni mənbələri, İrəvan, “Hayastan” nəşriyyatı, 1967(ermənicə)

12 Hüseynova N. Cənibi Azərbaycan ədəbiyyatı müasir mərhələdə yaxud “Varlıq” ədəbi məktəbinin nümayəndələri, s.60

13 Abbaslı İ. Dastanlarımızın Moskva nəşrinin taleyi: vəziyyətimiz və vəzifələrimiz, Folklorşünaslıq axtarışları, II cilddə, I cild, Bakı, Nurlan, 2009, s.451-462

14 Çukaszyan B.A.Erməni-İran ədəbi əlaqələri (V-XVIII əsrlər), s.203

15 Yenə orada

16 Alboyanyan A. Erməni köçkünlüyü tarixindən, III cild, Qahirə, 1961, s. 156 (ermənicə)

17 Qasparyan S. Xarici erməni koloniyaları bu gün, İrəvan, Haypetrat, 1962, s. 89 (ermənicə)

18 Yenə orada, s. 97

19 Bayramzadə S. Z. İran hakim dairələrinin Cənubi Azərbaycan maarifi sa­hə­sindəki siyasəti, Cənubi Azərbaycan tarixi məsələləri (məqalələr toplusu), Bakı, Elm, 1991, s. 46

20 Kasparyan S. Xarici erməni koloniyaları bu gün, s. 97

21 Tərbiyət Məhəmmədəli. Danışməndani Azərbaycan (Görkəmli elm və sənət adamları), Bakı, Azərnəşr, 1987, s. 439-447

* Çirkli su

* *Üyütmək



*٭fanus-fənər

٭٭ йащалдым-йанылдым




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə