ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə23/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   17   18   19   20   21   22   23   24   25

Seyidlərə hörmət
O zaman seyid olan şəxsləri çox möhtərəm sayardılar. Camaatın onlara inamları var idi. Əgər iki nəfərin arasında dava olsaydı, dava tərəflərinin biri günahkar sayılsaydı, bir nəfər seyid vasitəçilik edib onun əhfini istəsəydi, o seyidin sözünü yerə salmazdılar. Çünki seyidləri Rəsulun (s) balası bilərdilər.
Həzrəti-Hüseynin (ə ) müsibət günləri
Qurban axşamı günü Həzrəti-Müslüm şəbihi çıxardardılar. Zəncirçi dəstəsi, sinəçi, şaxsey-vaxseyçilər çıxıb bazarı, küçələri gəzib təziyyədarlıq edərdilər. Məhəllənin cavan uşaqları məscid qabağında yığışardı. Məscidin qabağında bir dəsmal da yerə salardılar. Gələn- gedən adamlar şaxsey pulu atıb keçərdi. Bu vəsilə ilə çoxlu pul yığılardı. Onlar pulu verib neft alardılar. Hər kəs bir miqdar cındır, köhnə parça gətirərdi, bu parçalardan məşəl yandırmağa istifadə edərdilər. Məşəli məscid qabağında yerə sancardılar. Onun içini parca ilə doldurub, üstünə bir miqdar neft tökərdilər. Hər kəs əlinə bir uzun ağac alardı. Şaxseyçilər qollarını bir-birinin biləyındən keçirib uca səslə deyirdilər: “Şaxsey-vaxsey.”

Sonra deyirdilər: – “Hansı guruhun belə mollası var, şiələrin Həzrəti Abbası var”. Bir də dolanar, məşəllərdən iki-üc dənə yandırıb hərəyə birini verərdilər.

Bir dənəsini də aparib içində yandırardılar. Onları yandırmaq üçün xeyli neft götürərdilər. Bu məşəllərin içinə təzək yığardılar, neft töküb odlayardılar.

Məşəllərə parça davam gətirməzdi. Onlar məhəllələrə gedib məscidlərin qabağında şaxsey vurardılar. Mərasim qurtarandan sonra hər kəs öz məhəlləsinin qabağına qayıdıb, fatihə oxuyub evlərinə gedərdi. Ayın axırına kimi belə təziyyədarlıq edərdilər.

Məhərrəm ayına 3 gün qalanda təşt qurdu başlanardı. Ərdəbildə əvvəl məscidin təştini qoyardılar. Üç günün ərzində tamam məclislərdə təştgüzari olunardı. Ağalar qırx gün məscidi camedə əllərində şam təştli qabağında dayanardılar. Hərənin əlində bir şam olardı.

Mərhum Məşədi Ağababa Ərdəbilin ağsaqqallarından biri idi. Ağayi Hacı Rəhim həmin məhəllə məscidinin rəisi olub. Məscidin işlərinə özü yetişirdi, ağsaqqallardan biri sayılırdı. Mərhum Hacı Dadaş Təbari də məsciddə çox zəhmət çəkirdi. Məscidin tamam nəzm-intizamına nəzarət edərdi. O mərhum daha çox Həzrəti Hüseyn (ə) dəstgahına xidmət edərdi. Məşədi Ağbaba da hərənin əlinə bir şam verib, bir gözəl tərtiblən fatihə verərdi.

Hər məhəllənin adamları bir dəfə gündüz, bir dəfə gecə məscidə gedərdilər. Zəncirçilər, sinəçilər bazara çıxanda bazar əhli çox istiqbal edirdi. Öz dükanlarının qabağında səndəli düzüb, onlara çay, qəhvə, şərbət, su verərdilər. Sinəzəncirçilərə xələt də verərdilər. Bəzisinin çiyni xələtnən dolu olardı. Fərşçi bazarında onların ayaqları altında fərş döşərdilər. Məscidlərin də qabağında təziyyədarlıq edərdilər. Təbil, qara ney, zəng də vurardılar. Hər məhəllənin bayrağını bir neçə nəfər qoruya-qoruya aparardı. Məhəllələrin dəstələri bir-birinə yaxınlaşanda ağsaqqalları bir-birinin pişvazına gedərdi.

Ağsaqqallar məscidin içində əyləşərdilər, sinə, zəncir vu­ran­lar məscidin qabağına yığışardılar. Üçdükan məhəlləsi baş­qa məhəllələrdən yaxşı nəzir verərdi. Məhəllədə təziyyədarlıq qur­ta­ran kimi təbil çalınar, dəstə başqa məhəlləyə gedərdi. Gecələr də elə o tərtiblə məhəllələrdə gəzərdilər. Təziyyəçilərin hamısı məscidin içində əyləşirdilər. Sübh namazına bir az qalanadək hər məscidə dalbadal yeddi-səkkiz dəstə gələrdi. Hər məhəllədən gələn çay, kakaolu südlə nəziralıq elərdilər.

Kasıb məhəllənin uşaqları çox olardı, onlara çay verərdilər. Uşaqların bəziləri başqa məhəllənin qonaqlarının kakaolu südünə göz tikərdilər. Tabar məhəlləsinin camaatı məclisdən hamıdan axırda çıxardı.

Axırıncı gün hamı şam təhiyyə edərdi. Bazar-dükan bağla­nardı. Şamların başlarına neft vurardılar ki, tez yansın. 30-40 nəfər yığışıb ayaqyalın, qaraköynək, yaxalarını açıb, gedib dəs­tə-dəstə məhəllələri dolanıb səslənərdilər: “Əddəxil ya Abbas”. O şamları məscidlərə paylardılar. Hər məsciddə şam yandırardılar.

Bacim evi Qacariyyə məscidinin qapısı ilə yaxın məsafədə idi. Heç yadımdan çıxmaz, bir tasura günü mən başqa uşaqlarla dayanıb şam paylayanların sözlərinə qulaq asırdım. O zaman 4 yaşım var idi. Böyüklər ağlayırdılar, biz də onlara baxıb ağlayırdıq. Mərhum şair Yəhyəvi şeirlərində buyurub: “Hamı gəlir sənin qapuva, biz də gəlmişik.” Bu gün camaat çox xeyrat verirdi. Çoxları məscidə şərbət, halva, süd, şam yollayırdı.

Baş yarmaq üçün bir gün qabaqdan qəmələri itiləyib, ağ parçalardan kəfən kəsirdilər. Baş yaranlar üçün camaat çoxlu ağ parça nəzir eyləyirdilər. Mənim atam mərhum Mirzəbaba Mustoufi çox Allahı tanıyan, mütədəyyin, Hüseynçi idi. O, aşura günü bir böyük qədəh şərbət hazırladardı. Bir miqdar tənzif, ağ dəsmal neft və qənd tozu rahatlayıb dalanın taxçasına yığardı. Özü də yaxasını açıb, qollarını çırmayıb, ayaqyalın qapının səkisində əyləşərdı. O zaman onun yaşı 90-dan artıq idi, o, amadə qalardı. Tamam məhəllələrin təziyyələri Tabardan, yəni bizim qapımızdan keçərdi. Əgər baş yaranların halları qan itirmək nəticəsində xarab olsaydı, onları bizim evin dalanına gətirirdilər. Orada onların başlarının qanlarını qurudar, sonra şərbət verib bir-birinin yanına uzadardılar. Halları düzələn kimi onları faytonla evlərinə aparardılar. Həmin gün faytonlar pulsuz işləyirdi. Mənim atam doktor deyildi, amma o deyirdi ki, istəyirəm İmam Hüseyn (ə) üçün öz nökərlik vəzifəmi yerinə yetirəm. Atamın məqsədi Həzrəti-Əba Əbdullaha xidmət, din qardaşlarına kömək məqsədi daşıyırdı. Tasura gecəsi 7 məsciddə şam bişirərdilər. Dostlar, tanışlar, qohumlar şəbihdən qayıdan zaman bizim evdə nahar yeyib gedərdilər.

Bir şəxsi Ömər Səid şəklində bəzərdilər. O bir faytonun için­də əyləşib özün tutardı. Onun yanında bir işci olardı. O, qəl­yan doldurub əlində saxlardı. Ömər Səid hərdənbir nəfəs çəkərdi.

Bir arabanın içində isə fərş, əlvan üzlü yorğan-döşək salardılar. Onun içinə 7-8 nəfər Bəni-Haşim cavanlarını yaralı şəkildə uzadardılar. Onların hərəsinin başı üstündə əllərində yelpik bir mələk dayanıb onları yelpikləyərdi.

Bir arabada da Yezid qoşunu üçün yemək bişirmək vəsaili götürürdülər. Onun içində odun üstünə sac qoyub, onlar üçün sac çörəyi, süd çörəyi bişirirdilər. Qazanlarda da plov, xürüşt bişirirdilər.

Başqa bir arabada da bir kişi işləyirdi. Bir miqdar mıx, nal, bir çəkic götürərdilər. Rəvayətə görə guya o zaman Səid oğluna dəstur verirmiş ki, atlara təzə nal vursun. Atları şəhidlərin cənazələri üstündə çapsınlar.

Şəbihanlıqda əyləşənlərin içərisində bir necə təbil çalan olurdu. Onlar xüsusi paltar geyinib təbil vurardular. Qəmə vuranlar da qol-qola, qol belə verib 2 dəstə olardı. Onlar üz- üzə dayanardılar. Bir kişi şalvarının üstündən belində bir fitə kimi parça bağlayırdı. Beldən yuxarı lüt olardı. Lüt olan şəxslərin dərisinə sancaq, qıfıl, ox, dəşnə asar, qolundan yapışıb yeridərdilər. Onun adina “qifilbənd” deyirdilər.

Həzrəti-imam Zeynalabdinin (ə) şəbihxanını da dəvəyə mindirib boynuna bir zəncir salır, ayaqlarını da zəncirlə dəvənin qarnının altından bağlayırdılar. Əvvəlcə Həzrəti Zeynəbin şəbihxanını dəvəyə mindirərdilər.

Dəvələrin bəzisinin başına çarqat sancaqlayardılar. Alimlər­dən neçəsi də əmmamələrini açıb çiyinlərinə salardı. Bu əza əlaməti idi. Bir qoca kişi də qara köynəyinin ətəyinə saman yı­ğıb oxşama deyə-deyə onların başına saman səpərdi. Sinəçilərin qabaq səfində qara bayraqları aparardılar. Onun dalısınca dın alimləri hərəkət edərdilər.

Bir atın üstündə Həzrəti-Əbülfəzlin (ə) şəbihxanı əyləşərdi. Bir neçə Bəni-Haşim uşaqları da əllərində cam nəşin dövrəsində dolanardı. Onlar deyirdilər: “Ax, əmican, ələtəş, yandım ətəş­dən, mənə bir cürə su”. Onlar da qoltuqlarında bir parça həsir başları samanlı gedərdilər. Oxşama oxunan zaman sinəvuranlar, zəncirvuranlar, əllərini qoltuqlarına qoyur, zəncirvuranlar da zəncirlərini başı aşağı saxlayardılar. Bəzən də başlarına vurub üzlərinə palçıq yaxardılar. Bayraqların hamısının başını aşağı salardılar. Hər yandan hüznlü əza səsi esidilərdi. Alimlər müx­təlif rənglərdə müxtəlif parçalardan, o cümlədən, atlas, tirmə, məxmərdən istifadə edirdilər. Ağa Nağı Xərməninin şəbihxan­ları çox müfəssəl olardı. Tabar məhəlləsinin bir atı var idi ki, adına “Kutal” deyirdilər. O atı bütün qızılla bəzərdilər. Bir tağə tirməni açar, atın qarnı altından keçirərdilər. İki nəfər biri sağda, o biri solda tirməni tutardı. Üçdükan məhəlləsinin dəstəsi məhşur idi. Bütün məhəllələrdən çox sinəvuran, zəncirvuran var idi. Üçdükan məscidində başqa məhəllələrdən gələn dəstələrə çox yaxşı qulluq edərdilər. Şəbihləri də çox yaxşı olardı. Mərhum Qulam Hüseyn Xəlilzadə cox yaxşı qulluqçulardan idi. O, üstvar idi.

Sərçeşmə məhəlləsinin təbilvuranları məşhur idi. O məhəl­lənin təziyyəçiliyində mərhumlar: ağayi-Delcu, ağayi-Mülki cə­nabları çox zəhmət çəkərdilər.

Səfər ayı çıxanadək müxtəlif məscidlərdə, evlərdə rövzə­xan­lıq keçirilərdi. Mərhum Hacı Mirsaleh Müctəhidinin məsci­dində də 2 ay rövzəxanlıq olardı. Mərhum icazə verməzdi ki, təbilvuranlar onun məscidinin qabağından keçsinlər.

Mərhum Hacı Mirzə Möhsün Müctəhidi bir Hüseyniyyə otağı qayıtdırmışdı. Onun həyətı çox böyük idi. Həyəti meydan şəklində düzəltmişdilər. İki hissədən ibarət idi. Alt təbəqəni kişilər üçün, üst təbəqəni də xanımlar üçün hazırlamışdılar. O mərhum şəbih üçün bütün vəsaili də özü hazırlamışdı. Hazır­lanan vəsail bunlardan ibarət idi: Yezidin qoşunu üçün qırmızı drapdan paltar, yaraqları qızıl. Bəni-Haşim xanımlarının paltar­ları tirmədən olub, qızıl boyunbağı, güşvarə ilə bəzənmişdi.

O zaman bir şəbih çıxardardılar ki, adına “Nəsrani şəbihi” deyirdilər. Mən özüm uşaqkən bu şəbihi yaxından görmüşdüm.. Nəsrani şəbihinin hekayəsi belə idi: “Deyirlər ki, bir xanım var imiş ki, özü müsəlman, şiə imiş, əri isə nəsrani. Bir gün əri evdən çıxanda arvadına deyir ki, nahara 12 nəfər qonağım olacaq. Sən onlar üçün nahar tədarükü gör. Həzrəti Zəhra (ə) o xanımın evinə təşrif aparıb, onunçün yemək bişirir. Xanım nigaran rövzədən qayıdır, görür ki, evi ətir iyinə dolub, yemək də hazırdır. O sevindiyindən bir az ağlayır, bir az da gülür. Axı o ərindən qorxurmuş. O, Allaha şükür eyləyır. Əri qonaqlarla birlikdə gəlir. Xanım naharı çəkib gətirir, mizin üstünə qoyur. Görür bu qazanın ayrı bir ətri var, həmişəkindən fərqlidir. Kişi deyir ki, bu həmişəki qəza deyil. Onun səbəbini soruşur. Xanım əvvəl dinmir. Sonra əri onu şəmşirlə qorxudur, deyir ki, mənə doğru cavab verməsən səni tikə-tikə doğrayacağam. Xanım həqiqəti olduğu kimi danışır. Kişi təamları tərifləyir. Bundan sonra onlar ayağa qalxıb kəlmeyi-şəhadəti oxuyub müsəlman olurlar.


Əkinçilik işləri
Əkinçilər əvvəl yeri öküznən şumlayır, gavahın ilə çevi­rərdilər. Bir müddət qaldıqdan sonra toxum səpirdilər. Onlar toxum səpəndə deyirdilər: Bu dilənçi payı, bir qədər də səpib deyirdilər: bu da qurd-quş payı.

Əkəndən sonra əkini suvarırdılar, elə ki, əkin göyərdi, boy atdı, sünbüllər görsəndi, o zaman deyirdilər ki, sünbül basdı.

Əgər əkin yetişəndən sonra gecə biçsəydilər, sünbüllər ikiqat olub sınardı. Bu zaman deyirdilər ki, biçini vağam aparıb.

Bu halətdə buğda çölə dağılar, məhsul ələ gəlməzdi. Amma əgər gözlətməsəydilər, vaxtında biçsəydilər, biçin vağama get­məz­di. Məhsulu göyşəndən yığandan sonra gətirib, xərmənə tö­kərdilər, sonra öküzlərə vəl bağlayıb xırman sürərdilər. Öküzlər o qədər vəli xırmana tökülmüş məhsulun üstündə çəkərdilər ki, tamam buğda, ya arpa üzə çıxardı. Ondan sonra buğdanı sovu­rardılar. Bu işə sovurnaq deyirdilər. Sovurduqdan sonra buğda ələ gələr, samanın da yığıb qışda mal-heyvan üçün saxlayardılar. Buğ­danı da taxta qaba, ya da quyuya töküb ağzını palçıqlayardılar.

Xəşə yonca da əkərdilər, əgər məhsul yetişən vaxtda gec tərpənsəydilər məhsul saralıb yerə tökülərdi. Bu zaman deyər­dilər ki, yonca xarab olub. Amma əgər vaxtında biçsəydilər, biçəndən sonra bağ bağlayıb, sonra taya vurardılar. Bu mal-heyvanın qışına ruzi olardı. Xəşəni üç dəfə biçərdilər. Bir dəfə biçəndən sonra yenidən sovurardılar. Xəşə yeyəni göyərən kimi bir də biçib, qışa saxlayardılar. Bu məhsulun adına “peşəduran” deyirdilər. Genə də xəş yerini suvarar, göyərən kimi biçərdilər. Bu məhsula “huvadura deyərdilər”. Üçüncü dəfədən sonra xəşə yerində mal-heyvanı otarardılar. Xəşə yoncanı bir il əkərdilər, yeddi il bəhrə verərdi.
Əşayir rəsmləri
Əşayirin bir rəsmi var idi. Bir yerdə çadır qursaydılar oradan möhtərəm şəxs sovuşanda böyük oğlanlarını yollardılar ki, gedib qonağın atının cilovundan yapışsın, ondan xahiş eləsin ki, atdan yenib şama, ya nahara qonaq olsun. Əgər qəbul eləsəydi canü-dildən ondan nəziranlıq edərdilər. Qonaq atdan yenən zaman onun ayağının altında qoyun kəsərdilər. Əgər bir neçə gün qalsaydı, ona hər cür hörmət edərdilər. Bəziləri qonağa at, yaxud tüfəng bağışlardı. Əgər yoldan keçən dəvəti qəbul etməyib, atdan yenməsəydi, bu iş bədbəxtçilik sayılardı.

Əşayirlər Muğandan yaylağa köçəndə hər tayfa əsasiyyəni dəvələrə yüklərdi. Dəvələri bəzərdilər, boyunlarına fanar asıb üstünə fərş asardılar. Qulaqlarından rəngli dəsmal, boyunla­rından zəngi-zınqırov asardılar. Onlar yeməklərini, paltarlarını, xurcuna, ya da balaca sandıqçalara qoyardılar. Elin xanımları rəngli paltarlarını geyib, dəvəyə minərdi. Dəvəçilər də kip, rahat baş­maqlar geyib, dəvələrin çulları əllərində yol getməyə başlayardılar.

Əgər köç gedən zaman xanımların biri boylu olsaydı, sancı­sı zamanı qafiləni bir yerdə saxlardılar. Xanımı dəvədən yendi­rib, bir çadır qurardılar. Uşaq dünyaya gələnə kimi orada qalar­dılar. Yaşlı xanımlar tuluqdan, bal qabından, yağ, bal götürüb bir kasada onları bir-birinə qatır, zahıya verərdilər. Zahı onu qarışdırıb qaşıqnan içərdi. Bundan sonra o, yenə də dəvəyə mi­nərdi. Uşağı da bir yekə parçaya büküb, onun qucağına verər­di­lər. Qafilə yenə də yollanardı. İkinci mənzildə bir qoyun kəsər­dilər. Onun quyruğundan, ətindən kabab eyləyib, zahıya verərdi­lər. Sonra bir kasa kişmişi kərə ilə qaynadıb, zahıya verərdilər.

Malları, qoyunları da dəvələrin dalınca yeridə-yeridə apa­rar­dılar. Yüz qoyunun dalından bir coban at üstə, qabağında bir mühafiz iti gedirdi. Qoyunların hər biri boğaz olsaydı, yolda bala salsaydı onun balaca quzusunu götürərdilər. Yaxın kənddən keçəndə hər kəsin qapısı açıq olsaydı quzunu ora qoyardılar. Quzunu uzaq yola aparmaq çətin olurdu. Onu məqsədə çatdır­maq olmazdı. Yaylağa gedən zaman cavan oğlanlar özlərin qo­ru­maq üçün tüfəngli gedərdilər. Bu işi yol kəsənlərin qabağını almaq üçün də görərdilər. Köç gedən zaman onlarla bərabər bir çörəkçi, bir vərdənə çalan, bir atları qaşovlamaq üçün mehtər, bir nəfər dəvələrə noala verən, bir odun yığan, bir sugətirən, bir çoban onlarla gedərdi. Bu işçilər üçün ayrı bir alaçıq qurardılar.

Əşayir tayfalarının adları bunlar idi: Polada, Alari, Talış, Qocabəyli, Təkəli, Munlu, Qaraxanlı, Rzabəyli, Saxanbəyli, Ca­han xanımlı, Əcirli, İsalı, Çalıbanlı, Muğanlı, Ərəbli, Qara Musalı.

Əşayirlər oğlanlarını evləndirmək istəyən zaman, istədikləri qızın adına bir gəlin-bala düzəldirdilər. Gəlinbalanı parçadan tikərdilər. O qızın adını gəlinbalaya qoyub, onu bir həftəlik ev­də, yük üstdə qoyardılar. Əgər bir həftənin içində onların ev­lə­rində pis tifaq düşməsəydi, canlarına, ya mallarına bir zərər dəy­məsəydi, istədikləri qız üçün elçi yollardılar. Əgər əks surətdə xoşa gəlinməz bir hadisə qabağa gəlsəydi, o qızı almazdılar.

Əşayirlər dəvəni işdən düşən zaman kəsərdilər. Dəvəni kəsmək o biri heyvanlar kimi olmazdı. Onun başını kəsməzdilər, nəhr eyləyərdilər. Sinəsinin arasından bir bıçaq sancardılar. Heyvan bu vəziyyətdə qalardı. Canı çıxandan sonra dəvənin dərisini soyub bölərdilər.
Xan və bəylərin şəhər, kənd yaşayışları
O zaman xanların bir evi şəhərdə, biri də kənddə olardı. Onlar qış fəslində şəhərə gəlib, orda yaşayardılar. Bahar fəsli yenə kəndə gedərdilər.

Onların çoxlu mal-qaraları var idi. Tövlələri mal-heyvanla dolu olardı. Kənddə yoxsul olan adamlar xan evindən süd, kərə, qatıq, ayran, şor, pendir və s. aparardılar. Xanlar həftədə bir qoyun kəsib ətindən kənd əhlinə verərdilər. Onların qonaq otaqları həmişə sahmanlı, hazır olardı. Lapdan şəhərdən qonaq gəlsəydi qabağa çıxıb çox məhəbbətlə, hörmətlə ona xoş gəldin deyərdilər. Sonra qulluqçularına göstəriş verərdilər ki, qonağın ayağı altda bir toğlu kəssin. Qonağa çox ali şəkildə qulluq edər­dilər. Qonaq rahatlanandan sonra bir aftafa-ləyən gətirərdilər ki, o üz-gözün yuyub sərinləsin. Sonra çay gətirərdilər. Onunçun qatıq, kərə, bal, isti çörək gətirərdilər. Qonaq gərək onlardan yeyəydi. Bundan sonra qurbanlıq ətindən kabab verirdilər. Əgər gələn qonaq hörmətli şəxs olsaydı, məhəllənin mömin adamları əlaqə qurmağa çalışardılar. Əgər qonaq orda namaz qılsaydı, onlar hamısı ona qulluq göstərərdilər. Əgər gələn qonaq musiqi əhli olsaydı, onu sevindirmək üçün aşıq çağırardılar. Qonağı kən­din gəzməli, görməli yerlərinə də aparardılar. Əgər bir neçə gün­dən sonra qayıtmaq istəsəydı, onun üçün sovqat hazırlayar­dılar. Bir xurcun yağlı fətir, bir qab bal, kərə, bir dənə toğlu verərdilər.

Deyirlər bir gün xanlardan biri otaqda əyləşmişdi. Oğlu gəlib ərz eyləyir: Xan, nahar hazırdır, buyurun, nahar edın. Oğlan xanı çağırandan sonra gedir, ailə üzvləri ilə birlikdə xanı gözləyirlər. Görürlər ki, yemək soyudu, amma xan gəlmədi. Xanım özü gedib deyir: – Niyə təşrif gətirmirsiz, yemək soyudu.

Xan deyir: – Axı pərdəni qovzuyan yoxdu.

Xanım pərdəni qalxızır, xan zəhmət cəkib yemək üçün süfrə başına gəlir.
Rəiyyətlərin kənddə yaşayış vəziyyəti
Kəndlilər yeri öküznən əkirdilər. Onlar əkini suvarmaq üçün gecələr oyaq qalırdılar. Gündüzlər yer sürərdilər. Məhsul ələ gələndən sonra zəmiləri biçərdilər. Bundan əvvəl bir kəllə qənd aparıb sahibkarlardan taxıl biçməyə icazə alardılar. Malikə darğa, ya zabitə deyırdilər. O, adam gondərirdi ki, xırmanın məhsulunu ölçsün. Məhsuldan 5 qismini rəiyyət özü götürürdü. Bir qismini də ərbabın məmuruna verərdilər. Darğa bəhrəni yığandan sonra rəiyyətdən ulaq istəyirdi ki, məhsulu şəhərə aparsın. Kəndlərdən gələn məhsulu malikin anbarına tökərdilər. Malikin uşaqları hərdən qonşu uşaqları eşşəyə minməyə qonaq edərdi. Rəiyyətlər ondan sonra uşaqları yığıb qayıdar, öz qismətlərini sərib qurudardılar. Qurumuş məhsulu quyuya tökərdilər. Qalın davamlı ipdən böyük otaq boyda tor toxuyurdular. Sonra kəndin cavan­larını nahara dəvət edərdilər, bu ad ilə ki, sabah saman abguştuna gəlin. Böyük qazan abguşt bişirib, böyük süfrə açardılar. Cavanlar hamısı yığılıb samanı torun içinə tökərdilər. Onun hər tərəfindən yapışıb ucadan: “Allah, Mühəmməd, Əli” deyə-deyə dama çıxar­dılar. Damın bacasından samanlığa saman tökərdilər. Bundan sonra nahar yeyib gedirdilər. Hər kəsin samanı olsaydı cavanlar əlmuzdu almadan ona kömək edərdilər. Kəndin qaydası idi, muzd almazdılar. Kənd əhli imanlı olar, xırman qurtarandan sonra yaxşı gəlirləri olan adamlar Kərbəlaya getməyə hazırlaşardılar. Bu iş ücün südlü çörək bişirib kisəyə doldurardılar, ondan əlavə halva bişirib bir qaba yığardılar. Az da olsa pendir düzəldib götürər­di­lər. Sonra səfər yükünü bağlardılar. Əgər Kərbəlaya getmək atala­rının vəsiyyəti olsaydı onu da qəbirdən çıxarıb Kərbəlaya apar­maq üçün bir kisəyə qoyardılar. Hər kənddə bir nəfər çavuş olardı. O bir dənə ələm götürərdi, küçələrə düşüb səslənərdi. O, küçələri dolanandan sonra ələmi məscid qabağında yerə sancardı, ucadan sözlərini deyərdi. Camaat hər tərəfdən ora yığışardı. Bu mərasim on günə qədər hər gün məscid qabağında olardı. Hər gündə hamı yığışıb çavuşun səsi ucalan zaman ağlaşardı. Çavuş tez-tez tilavət çevirib deyirdi: “Əimmə ithar əleyhəssəlami gül camalın tülavət”.

Zəvvar çavuşun Kərbəlaya getmək xərcini verib onu özü ilə aparardı. Bəzi vaxtlar birlikdə mənzilbəmənzil piyada gedər­dilər. Yol üstü hər kəndə yetişəndə çavuş ələmi yerə vurar, çavuşluğa başlardı. Camaat onun başına yığışardı. Pulu olmayanlara pul verərdilər, nəzir verərdilər, ya nahar verərdilər. Hərdən də neçə nəfər onlara qoşulub Kərbəlaya gedərdi. Hər kənddə bu təşrifat təkrar olunardı. Zəvvarın gedib-qayıtmağı altı ay çəkərdi. Hərdən bəzi kəndlərdə zəvvarlara at verər, onlarla bir yerdə gedib qayıdardılar. Bəzi kəndlərdə varid olanda kənd əhli pişvaza gəlib qurban kəsərdi. Onlar zəvvarları kənddən çıxana kimi yola salıb-qayıdardılar.

Zəvvarların öz kəndlərinin əhalisi kəndə xəbər çatan kimi yığışıb pişvaza çıxardılar. Onlar pul yığıb öküz alar, zəvvarların ayaqları altında kəsərdilər. Ziyarətdən gələn adam üç gün bozbaş ehsan verib yaxın kəndlərin əhalisini qonaq çağırardı.

Əgər zəvvarların birinin ölüm xəbəri gəlsəydi, sonra xəbər yalan çıxsaydı, o adam evinə girən zaman qapıdan girməzdi, pəncərənin qabağına bir nərdivan qoyardılar ki, o pəncərədən evə girsin. Sonra kəndin böyükləri yığışıb deyirdilər ki, tənbəlliyyəti açırıq. Sonra gələn sovqatı paylayardılar. Hər evə bir möhür, üç dənə xurma, bir ipək dəsmal, bir az da çörək xırdalayıb verərdilər. Pay alan şəxs də sovqatın yerinə bir cüt ip corab, dörd şahı pul (o zaman bir abbası deyirdilər) qoyardı. Deməliyəm ki, ipək dəsmalı hər adama yox, çox yaxın adamlara yollardılar.


Kənd yaşayışı
Kəndlərdə indiki kimin bolluq deyildi. Hər ailə bir neçə to­yuq saxlayardı. Yumurtaları yığıb satardılar. Çox zaman dü­kan­da qənd, çay, kişmiş və s. alıb, yerinə yumurta verərdilər. On­­ların həmişəlik yeməkləri süd, qatıq, kərə, ayrandan ibarət idi.

Kənd əhli çox türkəsaya, inamlı insanlar idilər. Kənd əhali­sinin əli çox zaman təbibə çatmazdı. Onlar xəstələri sağaltmaq üçün türkədavadan istifadə edirdilər. Məs: Qızdırması olana bənövşə gülünün dəmlənmiş çayı, şəkəri olanlara bulaq otu, ishalı olanlara boymadərən, bədəninə soyuq olanlara yarpız dəmlənməsi, ürəyi tutğun, qüssəli olanlara boymadərən, bədən­ləri soyuq olanlara kəklikotu dəmlənmişi, bədənlərində çirk olanlara yarpız dəmlənməsi, gözlərinə çırtıq çıxanlara xərçəng sümüyünün tüstüsünü, sevdası olanlara şatrənin xam suyundan acqarnına bir stəkan verərdilər.

Xanımlar evdə müxtəlif əl işləri görərdilər. Cəhrə ilə ip, əlkin ilə sap əyirərdilər. Kişilərin, uşaqların müxtəlif paltarlarını xanımlar toxuyurdular. O cümlədən, şərf (şal), corab, əlcək, börk və sairə şeylər. Bunlardan əlavə kilim, cecim də toxuyar­dılar. Hamısının ipi, sapı yundan olardı.

Onlar çayı qara aftafada düzəldirdilər. Kərə düzəltmək üçün nehrədən istifadə edərdilər. Onlar qatığı nehrəyə töküb çalxa­layır, kərə düzəldirdilər. Onu böyük bir qazana boşaldıb, kərəni ayrandan ayırırdılar.

Qoyun kəsilən zaman onu doğrayan kimi uşaqlar ətindən parça-parça götürüb kuzənin içinə atar, sonra alaçiy bişirib dişlərinə çəkərdilər. Qoyun doğrayanın işi qurtarana kimi ətin dördən biri yeyilərdi.

Kəndlilər çarıqlarını özləri dəridən tikərdilər. Xanımlar keçə börk tikərdilər. O zaman kəndlərdə hamam olmazdı. Ca­maat yay fəslində çayda yuyunardı. Soyuq düşən zaman, qışda təndir başında yuyunardılar. Sabun yerinə coğan istifadə edir­dilər. Paltarlarını coğanla yuyardılar. Gil ilə yuyulan baş tez ağar­maqdan, tökülməkdən xilas olurdu.

Şəhərə piyada gedərdilər. Ümumən bədəni tez yormazdılar. Gecələr tez yatar, səhər tezdən durub namaz qılıb, səhər hava­sından istifadə edərdilər. Beləliklə, həm işləri qabağa düşərdi, həm də səhhətləri yaxşı olardı. Onlar qəlyanaltı üçün şirin çay içməzdilər. İsti çörəynən şor, ya qatıq, ya da kərə yağı yeyər­dilər. Mədələri də salim olardı. Yeməkdən sonra uşaqlar, bö­yüklər iş üçün kövşənə dağılardılar.

Kənd əhlinin tamahı az olardı, dünya malına elə əhəmiyyət verməzdilər, zər- zivər üçün qüssə yeməzdilər. Allah şükür edən bəndələr idilər. Bunların içindən çox doktor, alimlər çıxıblar. Bu da salim yeməyin, azad havanın, fikir rahatlığının nəticəsi idi.

Qış gecələri neçə ailə bir yerə yığışardılar. Əyləncə üçün savadlı olan bir şəxs “Əmir Aslanın” nağılın söyləyirdi, hamı da qulaq asırdı. Zənənlər oturub kişilərə, uşaqlara corab toxuyar­dılar. O zaman bərq yoxdu, neft az idi. Evləri işıqlandırmaq üçün qamışdan istifadə edərdilər. Qamışı yığıb qurudardılar. Təndirdən bir miqdar soyuq kül çixardıb evin bir guşəsinə tökərdilər. Hər dəfə bir qamış əlin içinə sancıb yandırardılar. Bir qamış yanandan sonra başqasın sancıb yandırardılar. Beləliklə, şam kimi onun işığından istifadə edərdilər. Xanımlar qamışın işığında toxuma işi görürdülər.

Kənddə gündəlik çörək bışirərdilər, boyat çörək yeməz­dilər. Çörək bişirəndə hər işi özləri görərdilər. Xanımlar özləri təndir salmaq, xəmir eləməkdən tutub, ya kündə, vərdənə, oxlov atmaq kimi işləri də özləri görərdilər. Bir miqdar işləyəndən sonra gedib qəhvəxanada əyləşib, çay içib qəlyan çəkərdilər. Xanımlar axşamadək ayaqyalın gəzərdilər.

Axşam naxır gələn vaxt gedib bulaqda, ya çayda ayaqlarını yuyub evə gələrdilər. Kişilər başmaq yerinə çarıq geyərdilər.

O zamankı rəiyyətlər malikə bir toyuq aparardılar. Qohum, ya tanışlardan biri naxoş olsaydı deyirdilər: Ağalığa toyuq aparıram. Onu mərəzin başına dolandırıb verərdilər. Gətirib, onu əzib isladardılar. Xanımlar da süpürgə ilə otaqları ağardardılar. Bu işi məmulən bayrama yaxın görərdilər.

Kəndlilərin toyları da maraqlı olardı. Biri istəsəydi birinin qızını oğluna alsın, əvvəl kəndin ağsaqqallarından bir neçə ağıl­lı, təcrübə götürmüş adamı dəvət edərdilər. Onlar gecə oğlan evi­nə yığışardılar. Bu məclisin adına “məsləhət çayı” deyərdilər. Əvvəl çay gətirərdilər, sonra oğlanın atası deyirdi: Mən filən­kəsin qızını istəyırəm oğluma alam, siz nə məsləhət bilirsiniz? Onlar da əgər səlah bilsəydilər, öz aralarından iki nəfəri seçib yollardılar qızın atasının yanına. O da vaxt istəyərdi, öz dövrəsini məsləhət çayına dəvət edərdi. Oğlanın əxlaqı, rəftarı dədəsinin işlərində köməkçi olması, xərmən yığışdırması, su suvarması kimi məsələlər barədə götür-qoy eyləyib, əgər səlah bilsəydilər, xəbər verərdilər ki, gəlsinlər. Buna görə oğlanın atası bir iddə, qızın atası da bir iddə ağsaqqallardan çağırırdılar. Hər iki adama bir nəlbəki kişmiş qoyardılar, çay gətirərdilər.. Əvvəl oğlanın qonaqlarından hər hansı ki, daha hörmətli olsaydı, çayı o içərdı, təbrik deyərdı, stəkanı aparıb “ağzın şirin olsun” deyərdi. Ondan sonra o çayi o birilər içərdilər.

Kəbin sözün, başlıq sözün danışardılar. Bir inək, iki qoyun. Oğlanın atası hampa olsaydı, bir qitə zəmı saldırardı qızın kəbininə. Başlıq da kəbinə baxardı, çox olsaydı, çox alardılar. Az olsaydı, az. Aldıqları başlıqla cehiz alardılar, gəlin özü ilə oğlan evinə aparardı. Cehiz üçün bir təşt, bir məcmiyə, bir dəst dövri boşqab, kasa, piyalə (bunların hamısı misdən olardı), bir dəst yorğan-döşək, kürəkənə bir cüt corab, bir pul kisəsi, bir tuman bağı, bir canamaz qoyardılar. Bunlardan sonra damadın anası, bacıları, xalası, bibisi, dayı arvadı, əmi arvadı, ağbir­çəklərindən neçə nəfəri yığışıb gedərdilər şəhərə bazarlığa.

Hansı dükançıya müştəri olsaydılar, ora gedərdilər. Bir az da noğul alıb, aparardılar ki, mağaza sahibləri ağızlarını şirin elə­sinlər. Bazarlığa gələnlərin hər birinə xələt alardılar. Gəlinin parçasını kəsdirərdilər. Bazarda onlara çay gətirərdilər. Bəyin yoldaşları-dostları gəlinin qabağında at çapdırardılar. Gəlin qapıya çatanda, varlılar bir top parça payəndaz salardılar. Payəndaz qapıdan ta gəlinin atının ayağına dayanana kimi olardı. Meyvə fəsli olsaydı, bu əbrişəm parçanın o tərəf-bu tərəfinə cürbəcür meyvələr düzərdilər. O boşqabların bir- birindən bir metr arası olardı.

Gəlin gələndə aşıqlar qabağa çıxardılar. Gəlinin adamları onların qavalına pul atardılar, gəlini evə aparardılar. Gəlinin çi­lovdarı parçanı yığıb, meyvələri xurcuna tökərdı, parça da ona yetişərdi.

Gəlini evə gətirəndən sonra qabağında tamam qoca xanım­lar, bibidən, xaladan, damadın anası, bibisi, xalası aşığın alnına qızıl yapışdırardılar. Gəlin əyləşərdi, aşıqlar mürəxəs olub, sazlarını götürüb gedərdilər.

Sonra nahardan qabaq aşpaz qonaqlara kabab yollardı. Qonaqlar onun yerinə pul qoyardılar, oğlanın anası da xələt verərdi. Sonra qayınanası gəlib gəlinə deyirdi: – O tövlədəki sarı inəyi verdim sənə, əyləş. Əyləşməzdi.

Böyük qaynı gəlib deyərdi: O qaşqa inəyi verdim sənə, əyləş. Əyləşməzdi.

Kiçik qayın gəlib deyirdi: O qaşqa inəyi verdim sənə, əyləş. Əyləşməzdi.

Böyük baldız gəlib deyirdi: – Bir dənə naxışlı cecim uzat­mışam, dardadı kəsəndən sonra onu verəcəm sənə. Əyləşməzdi.

Kiçik baldız gəlib deyirdi: – Bir cüt məfrət verdim sənə, əyləş. Əyləşməzdi.

Qayınana xəbər alırdı: Gəlin, bəs məndən nə istəyirsən?

Gəlin deyərdi: – Sırğa istəyirəm, yəni güşvarə.

Deyirdi: – O da gözüm üstə, gəlin, əyləş.

Bu zaman o əyləşərdi.

Gəlini dədəsi evindən gətirəndə atası gəlib ona nəsihət verib deyirdi:

– Qayınnənəvun, qayınatavun, qayınlarivün otağında olasan, oğullu-qızlı olasan, get səni Allaha tapşırdım.

Sonra gəlini ayaq açdıya çağırırdılar. Yeyib, icib gedəndə, dədəsi gəlib deyirdi:

– Yasəmən, ya Bagdagül, o tövlədəki kəhər atı verdim sənə, gedəndə özünlə apar. Gedəndə bəy atı tövlədən çıxarıb aparırdı. Əgər dədə evinin dolanışığı zəif olsaydı, iki qoyun ya bir cüt məfrəş verərdi.

Toydan bir gecə qabaq qız evində həna gecəsi tutardılar. Bəy evində bir kasa həna isladırdılar ki, bir məcməyiyə qoyub, iki dənə şam, bir qutu şirni, bir dövri çilov, bir dənə qırmızı carqat qız evinə gətirərdilər. O qırmızı çarqatı qızların biri götürüb gəlinin başına örtərdi. 10-15 nəfər də qızlardan biri qaval çalar, o birilər oynaya-oynaya xına dəsgahını qız evinə aparardılar. Orda hamısı o hənadan əllərinə yaxardı. Şirnisini açıb yeyərdilər, hamı o çarqatı bir-bir başına salardı. Sonra hamısı əl-ələ verib dövrə vurardılar, oynayıb fırlanardılar, halay çəkib, dostun varlığına, elin elliyinə, düşmənin korluğuna hərə bir Allah-Allah deyərdi.

Qədim kənd yerində elə meyvə olmazdı ki, həm özləri yesin, həm də qonağa versinlər. Ulağ üstündə şəhərdən üzüm, ya armud gətirərdilər.

Onlar bir az üzüm, armud verib, əvəzində bir qəlbir buğda alardılar. Bu meyvələri uşaqlara verərdilər.

Şəhərdə indiki kimi cürbəcür meyvə olmazdı. Qışda nə yaxçal var idi, nə fərizər, nə sərdxana. Bir necə almanı pambığa büküb bankada saxlayırdılar. Ondan birini dilim-dilim edib, hə­rə­yə paylayardılar. Kənddə kişilər, zənənlər gecəli-gündüzlü iş­lə­yirdilər.. Yaşı çox olanlar ata, heyvana, toyuğa, tövləyə ba­xardılar. Qadınlar çöldə öz kişilərinə kömək edib, alaq edərdilər. Cavan qız-gəlinlər evdə fərş-cecim toxuyurdu. Onlar özlərinə la­zım olan cecimi götürərdilər. Qalan malları kişilər aparıb şəhər­də satardı. Yerinə hər nə lazım olsaydı alıb qalan pula da mal-davarlarını artırardılar. İmkanı olanlar Məşhədə ziyarətə gedər­dilər. Məşhəddən gəlinin pişvazına çıxıb özləri ilə çavuş aparır­dılar. Çavuş səslənərdi, famil-dəst, aşna zairin başına yığışardı­lar. Bir Məşhəddən gələnin evində yatıb, gecə orda qalardılar. Bir qisim adamlar isə gedərdi. Üç gün nahar, şam ehsanı ve­rilər­di. Ondan sonra xeyirxah insanlar yığışardılar bir yerə, deyir­dilər ziyarətdən gələnin xurcununu açaq. Onlar xurcunu bir yaşlı xanımın önünə qoyardılar. Xurcundan bir yelpik, üc dənə xur­ma, beş-altı səbzə, bir az südlü çörəyi bir boşqaba töküb, dost-aşnalara yollayardılar. Onlar da bir-iki dənə yumurta, iki qara pul, iki şahı pul sovqatın yerinə qoyardılar. Bu pay sovqatı gə­tirənə yetişərdi. Sonra yaxınları hər gün bir zəvvarı nahara ça­ğırardı. Bir zəvvar demişdir ki, ziyarət vaxtı üzümü həzrətin zə­rihi-mübarəkinə sürtürdüm ki, təbərrük olsun. O vaxtdan bu günəcən üzümü yumamışam ki, camaat məni öpəndə, onlar da təbərrük olsunlar.

Qədim Ərdəbildə bir dəllal Məşədi Gülü var idi. Bir boxça parça götürüb, gündə bir əyanın evinə gedərdi. Hər kəs qız almaq fikrinə düşsəydi ona müraciət edərdi. Əvvəl gedib qıza baxardılar. Qızı görən adam əgər onun gözü çəp olsaydı, deyirdi. Quş yaxşı baxır. Əgər ayaqdan çolaq olsaydı, deyirdi: – Sərçə yerişi var. Əgər ağzı yekə olsaydı, deyirdi: – Ağzını büzəndə badama oxşayır. Əgər alnı çox açıq olsaydı, deyirdi: – Ürəyim açıldı, alnında at min çap. Qəddi gözəl olsaydı, deyirdi:- Boyu bəstədir, saçları yernən sürünür. Əgər gözəl olsaydı, deyirdi: – Gül qönçəsidir, istəyirsən dərib gətirim.

Bir nəfər Gülbadam adlı çörək bişirən zənən var idi. Varlıların evində çörək bişirərdi. Bir oğlu vardı, bir əri. Çörəyi bişirib qurtarandan sonra hər nə çörək payı versəydilər, gətirib üç günlüyünü özünə götürərdi, qalanını bir neçə ev arasında yoxsullara paylayardı.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə