ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Həzrəti-Xızır nəbiyə inanışlar



Yüklə 3,32 Mb.
səhifə21/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   17   18   19   20   21   22   23   24   25

Həzrəti-Xızır nəbiyə inanışlar

onun üçün olan nəzirlər
Həzrəti-Xızır nəbiyə nəzir edən şəxslərin nəzirləri qəbul olsa idi, Həzrəti-Xızır adına qovud qoyardılar və qonum-qonşuya, qohum-əqrəbaya paylardılar. Qovud düzəltmək üçün noxud və buğdaya qənd ya şəkər qatıb dartar, onu bir təştin içinə töküb üstünə bir parça salar, otaqda süfrə açıb süfrənin içinə qoyardılar. Onunla bərabər aftafa-ləyən, canamaz, daraq, ayna və bir qayçı qoyardılar. Üstünə bir pərdə çəkərdilər. Bir çıraq da yandırıb, yanıq qoyub, qapını bağlayıb gedib yatardılar. Əqidələri var idi ki, Həzrəti-Xızır nəbi gələr və aftafa-ləyəndən istifadə edib, dəstəmaz alıb, orada olan canamazla namaz qılardı. Gülabdan gülab töküb üzünə çəkər və aynaya baxıb başını darayardı. Sonra qayçı ilə bir əlini qovudun üstünə basar və beləliklə, Həzrəti Əlinin rəddi qovudun üstünə düşər, qovud təbərrük olardı. Bundan sonra qovuddan boşqab-boşqab qonum-qonşuya göndərərdilər. Qışda böyük çillədən 4 gün qalanda və kiçik çillənin əvvəl dörd günlüyünü xeyirli günlər sayırdılar. O 8 günün içində Allah-təalanın icazəsilə yerə gizli nəfəs gəlir və yer bala-bala buğlanır, qar əriyirdi. Böyük çillədən 10 gün qalan günlərə deyirlər kürd oğludur. Bu günlərdə havada külək olur, Kürdoğlu günləri və adı barədə bir hekayə vardır. Deyirlər bir kürd oğlu var imiş. Onun anası istəyir onu evləndirsin. Şama qonaq çağırar və oğlundan istəyir ki, getsin qonşu kənddən qazan gətirsin. Oğlan gedir, qazanı alır və evlərinə sarı yollanır. Yolda külək başlayır. Kürdoğlu görür külək tezliklə kəsilən deyil, yerə əyləşir və qazanı başına çevirir. Səhərə kimi bu halətdə qalır. Səbuh adamları dalısınca gedirlər. Yerə baxa-baxa gedirmişlər ki, onun ölüsün tapsınlar. Görürlər ki, bir yerdə qaraltı görsənir. Yaxınlaşıb görürlər ki, Kürdoğlunun nəfəsindən qazanın həndəvəri bir az ərgindir. Yol açır və onu diri görürlər. Sonra anasına muştuluq aparırlar. Anası deyir ki, mən saçımı suya salmışdım, amma saçım donmamışdı. Mən bundan bildim ki, oğlum üçün bir xətər yoxdu. Əgər donsa idi, xətərli ola bilərdi. Sonra da oğlana toy tuturlar. Ona görə də bu günləri Kürdoğlu günü adlandırırlar.
Müxtəlif inam və adətlər
Bayramdan 45 gün keçmiş günə erməni xaçı deyirlər. Rəvayətə görə guya erməni xaçını suya salar və ondan sonra bir yağış yağar ki, onun adına “leysan” deyirlər. Bir də deyirlər ki, ermənilər bu yağışın suyundan bir qaba yığıb tüklərini kəsib salırlar o yağışın suyuna və yer yağışdan doyandan sonra erməni xaçını sudan çıxardırlar.

Kiçik çillə deyib: Əgər böyük çillənin qüdrəti məndə olsay­dı uşaqların ayaqlarını qundaqda və gəlinlərin əllərini yağ bardağında dondurardım.

Yayın orta ayına xurma bişən ay deyirlər. Yayın orta ayında hərdən bir soyuq düşür, ona boran deyirlər. Keçmişdə bir nəfər çöldə bu borana rast gəlir, ayaqlarını soyuq alır. Bir məsəl də var deyirlər: “Niyə bizə gəlmədin, ayaqlaruvi boran almışdı?”

Xanımların boyluluq dövrləri

və uşaqların dünyaya gəlməsi
Xanımların yerikləri 40 gün sürür. Gərək boylu xanımları 4 ay bərk qoruyasan. Boylu xanımları qoymazdılar ki, bir əxlaqı fasid adamdan tikə alsın, deyirdilər əgər pis adamdan tikə alsa, uşaq o cəhətdən həmin şəxsə oxşayar. Həm əxlaqi cəhətdən, həm də zahiri cəhətdən. Əks sürətdə, əgər tikə verən şəxs yaxşı adam olsa, uşaq ona oxşayar.

O zaman oxumuş yox idi. Mamaçalar təcrübəli olurdular. Deyirlər əgər yerikləyən zaman narı dənələyib aynanın üstünə töksən və üzüqoylu düşüb əlin köməyi olmadan onu dodaqlarla yesən, uşaq gözəl olar. Nar qırmzı alma qabığı ilə yeyilsə, uşaq imanlı olar. Boylunu heyvanlara baxmaqdan çəkindirərdilər, deyirdilər baxan surətdə uşaq onlara bənzəyər. Əgər uşaq sağ­lam olsa, üçüncü aydan boylu xanımın ürəyinin çırpıntısı artar.

Niyar kəndində bir imanlı şəxsin məqbərəsi var. Oranın İmamzadə olduğuna inanırlar. O zaman boylu xanımı oraya aparardılar. Oranın xadimi bir tikə sapa dua oxuyardı ki, bu işin adına ovsunlamaq deyərdilər. Ovsunlanmış sapı boylu xanımın boynuna salardılar. Bir dənə də qoyun ürəyi alıb verərdilər, xadim onu da ovsunlar və qəbrin üstünə sürtərdi. Bir zərrə də torpaq götürüb ürəyin üstünə səpərdi və sonra deyirdi: “Ovsunladım, apar bu ürəyi kabab elə, yaxçı olarsan”. Xanım da ürəyi kabab eləyib yeyər, sapı da boynundan asardı. Bir azdan sonra deyərdi ürəyim aram oldu.

9 aydan sonra doğum zamanı çatanda, əlli-altmış nəfər yaxın adamları nahara, ya da şama çağırardılar. Mamanı da çağırardılar. O gələndə özü ilə bir qalın sap gətirib, ülgücü o sapa salıb boynundan asardı. Bir şam kəllə qənd də əlində olduğu halda içəri girərdi. Mama bu işi xanımların ilk uşaqları olduğu zaman edirdi. O şalı işıq üçün və şirinini şirinlik, təbrik üçün gətirərdi. Sonra zahının dalına bir yumruq vurub, deyərdi: “Oba köçdü, sən də köç”. Beləliklə, xanımın qarnındakı uşağa sifariş edərdi ki, oba köçdü, sən də bu işıqlı dünyaya köç.

Qonaqlar bir böyük evə yığışardılar. Bir cecim gətirib, evin ortasına salardılar. Bir məcməyini də onun üstünə qoyardılar. Bir miqdar da kül onun içinə tökərdilər. Bir kərmə zahının sağ ayağının altına, birini də sol ayağının altına qoyardılar. Kərmələrin üstünə parça çəkərdilər. Zahının ən yaxşı paltarlarını geydirərdilər. Bir qırmızı çadra da başına örtərdilər. Çadranın cinsi atlaz, ya madamnandan olardı. Gəlinlik gecəsinin kələsini də üzünə salardılar. Zahı gərək özünü möhkəm tutaydı. İki qız uşağı əllərində şam onun sağ-solunda dayanardılar. Qonaqlarla zahının arasına bir çadra çəkərdilər.

Uşaq dünyaya qədəm qoyan kimi mama bir dənə böyük soğan gətirərdi. Zahı gərək dişini qabıqlı soğana basaydı, amma qopartmamalıydı. Soğanı bir kabab şişinə çəkirdilər. Zahı onu əlində tutub yavaş-yavaş qabaqca saldıqları yorğan-döşəyə sarı gedirdi. Sonra şişə çəkilmiş soğanı onun başının altına qoyurdular. Bu vaxt hamı zahının adını Məryəm çağırardı. Zahını yerinə sarı aparan zaman biri ona deyirdi: “Məryəm”, o da deyirdi “bəli”. Dön daluva bax. Zahı dönüb dalına baxar və üç dəfə bu sözləri təkrar edərdi. Bu sözlərin mənası budur ki, yenə də gələcəkdə zahı uşaq sahibi olsun. Zahını yerinə salandan sonra şamları söndürərdilər. Əlbəttə, şam yandırmaq, qırmızı paltar geydirmək ilk uşaq dünyaya gələn zaman edilərdi, sonrakı uşaqlarda bunu etməzdilər.

Sonra mama əlinə bir kabab şişi götürüb, otağın divarlarına cızıq çəkərdi. O, bu işi görən zaman bir nəfər ondan soruşardı: “Niyə cızıq çəkirsən?” O deyərdi: “Məryəm hasarı çəkirəm”. Onlar 3 dəfə bu işi təkrar edərdilər. Sonra bir miqdar kəklikotu həm zahının üstünə, həm də yerinə və otağa səpərdilər. Uşaq sahibi olan kişi uşağı üçgünlük olan kimi bir qurban kəsərdi. Qurbanı kəsmədən əvvəl onun gözünə sürmə çəkərdilər. Elə haman mili ilə də uşağın gözünə sürmə çəkərdilər. Qurbanın qanından da uşağın qaşlarının arasına sürtərdilər. Qurbanın ətini isə yoxsullara pay yollayardılar.

Uşaq doğulan zaman qadına bir miqdar düyü verərdilər. O, gərək düyünü yeyəydi. Onlar bu işi çox zəhmətlə görərdilər. Sonra da iki xurma, bir piyalə də yağda qovurulmuş kişmiş verərdilər.

Uşağın göbəyini kəsib, bir tay başmağa bağlar, döşəyinin altına qoyardılar. Keçi qılından düzəlmiş qalın sap da paltarının altından uşağın qoluna bağlanardı.

Doğuşdan sonra zahı iki saat oyaq qalmalı idi. Guya o yatan vaxt albastı gəlib onun ürəyini aparar. Bir qızıl da otağın qapısının rizəsinə vurardılar ki, qulyabanunun gəlməsindən otağı qorusun. Deyirdilər ki, qulyabanu dəmirdən qorxar, qızılı görcək qaçar. Əgər o içəri girə bilsə, uşağa, anasına zərər yetirər.

Bu işləri gördükdən sonra mama gəlib zahının qarnı üstündə işlərdi, sonra ondan soruşardı ki, ağırsan, yüngül? O da deyərdi “yüngül”.

Sonra biri muştuluqçu kimi gedib qadının yaxın qohum-qardaşına xəbər verərdi. Əgər uşaq oğlan olsaydı, ona yaxşı ənam verərdilər, əgər qız olsaydı, hamının ovqatı acı olardı. Zahı isə bu zaman yatmaq bəhanəsilə yorğanı başına çəkib ağlardı. Yanında olan əqrəbası da tutqun, narahat olardılar. İlk gün zahıya yemək üçün quymaq verərdilər. İçmək üçün su verməz­dilər, deyirdilər su başına çıxar, amma istədiyi qədər ona çay verərdilər, hərdən o gizlicə su götürüb içərdi. Zahı gərək on gün üzünə su vurmuyaydı. Otağın pəncərəsini də açmazdılar. Zahı­nın yanına gələn qonaq gərək qapı qabağında dayanaydı. Mama uşağı qucağında götürüb, qapı ağzına aparardı və uşağı yuxarıda tutardı ki, qonaq onun altından içəri girsin. Deyirdilər əgər qonağın yanında duası olsa, uşaq dönər, yəni ölər, ya da ki, yuxusu olmaz. Yeddi gecəsində uşaq gərək mama nənənin, ya da başqasının qucağında saxlanaydı. Çünki gecəquşu o gecə gəlib, uşağın başı üstündən sovuşub ona zəfər yetirərdi. O quşa bəziləri şəbnərə deyirlər. Həmin gecə dama bir daraq sancar, bir qədər də darı yerə səpərdilər. Bir az da qabda su qoyardılar ki, quş gəlsə o darıdan yesin, uşağa zəfər yetirməsin. Uşağın qundağında bir gözmuncuğu, bir dənə al muncuğu, bir qanlı babaqurlu, bir kəhraba, bir kəvaz muncuğu, bir göy muncuq, bir şəvə, bir balaca saat açarı, bir şəbəkərə quşunun əli və bir dənə də vanikad qoyardılar.

Yeddinci gecə zahının anası qonaqlıq üçün hazırlıq görüb, əlli-altmış nəfər qonaq çağırardı. Yaxın qonaqlar hərəsi bir hədiyyə gətirərdilər. Məsələn, paltar, vanikad, guşvarə, şirni və s. Uşağı bir tirmə çarqata bükər, aparıb ağaların məclisində bir alim şəxsin qucağına verərdilər. O şəxs uşağın qulağına əzan deyib, adını əgər qız olsaydı Fatma, oğlan olsaydı Məhəmməd çağırardı. Ondan sonra uşağı xanımların məclisinə gətirərdilər. Böyük ananın, ya bir yaşlı xanımın qucağına verərdilər. Sonra deyirdilər: “Al bu uşağı, ver bu uşağı, Allah saxlasın bu uşağı”.

Bu işdən sonra uşağı öpər, bir-bir qonaqların qucağına verərdilər. Bu gecə mama nənə gərək uşağı sübhə kimi yerə qoymayaydı. Deyirdilər qoyan suratdə uşağa zəfər toxunar, zahının görüşünə gələn uzaq qohumlar da hərəsi şaxə nabat gətirərdilər. Bir qran pul da mama nənəyə verərdilər. Mama nənəyə verilən pulun adına göbək pulu deyirdilər.

Uşağın onuncu günü mama onu bazarlığa aparardı. O, əvvəl uşağı hamama aparardı. Hamamın xəzinəsinin suyundan bir az götürüb, uşağın damağına sürtərdi. O sudan bir az da zahı üçün gətirərdi. Sonra uşağı boyaqçı yanına aparardı. Boyaçı ipləri boyayan rəngdən götürüb barmağı ilə uşağın iki yanağına möhür kimi nişan vurardı. Bu işin müqabilində bir miqdar pul da alardı. Oradan uşağı karvansaraya və xarrat bazarına aparardılar. Bazardan bir dənə taxta qaşıq alardılar. Sonra kuzə bazarına gedib, bir miqdar noxud və kişmiş alar, axırda da şirniçiyə gedib, bir az noğul alardılar. Oradan birbaş evə qayıdardılar.

O uşaqla evə çatan kimi qapıda dayanardı. Zahıya xəbər verərdilər ki, onların pişvazına çıxsın. Zahı dayanardı, əvvəl uşağı içəri keçirərdilər, sonra o içəri girərdi.

Onuncu gün gərək oğlanın anası qonaqlıq versin. Mərasimə “Su tökdü” deyirlər. Onlar nahar verib, hamamı qoruq edirdilər. Hamama getmək mərasimi nahardan sonra olardı. Hamı xəzinəli hamama gedirdi. Hamama gedən qonaqlar zahı ilə birlikdə gedərdilər. Bir nəfər 7 dənə girdəkan götürürdü. Yolda yeridikcən hərdən birini zahının ayağı altına qoyardılar. O da girdəkanları sındırardı. Hamamın damına atardı. Doğduğu gün şişə çəkilən soğanı da hamamın damına atıb deyirdi: “Ağırlığı atdım dama”.

Sonra zahı hamamın içinə girərdi. Onun qulaqlarının hərə­sinə bir yumurta sarısı tökərdilər. Bir dənə yumurta sarısın da içərdi. Onun bütün bədəninə zirə, girdəkan içi və bal qarışdırıb sürtərdilər. İki saatdan sonra mama nənənin icazəsi ilə zahının bədənin yuyurdular. Sonra qonaqlardan nəziran eləmək üçün hamamın içinə bir neçə məcməyi qax və əncir islanmışı, alma paludəsi, kasaların içində nar, gülab, çay və şirni gətirərdilər. Qonaqlar ilə zahı onlardan yeyərdi. Hamamdan çıxanda qonaqlar ev sahibi ilə görüşüb gedərdilər. Amma yaxın adamlar bacı, xala zahını evə aparardılar. O günü də zahı yorğan-döşəkdə yatardı. Sabahı gün ayağa qalxıb, məmul işlərinə başlardı.


Uşaqların diş çıxartma mərasimi
Uşaq diş çıxartmaq yaşına yetişəndə dişlik bişirərdilər. Əgər uşaq vaxtından qabaq diş çıxartsaydı, bunun yönümünü xoş bilməzdilər. Evin böyük analarından biri o uşağın sağ əlini onun öz başına uç dəfə qoyub götürürdü və deyirdi: “Nüfusun düşsün öz başuva”. O uşaqdan acıqları gələrdi və deyərdilər: “Uşaq bədyümən və “ecaz”dır ki, dişi tez çıxıb”. Əgər bu işi görməsəydilər, o uşağın anası, ya da atası ölərdi. Bununla uşağın öz ölümün istərdilər.
Qız uşağının təlim yaşı
Qız beş yaşına çatanda ona namaz, “əlhəmdullilah qülval­lahı” öyrədərdilər. Altı yaşında namaz qılar, 7 yaşında məktəbə Quran dərsinə gedərdi. Qız “Quranı” oxuyub qurtaran­dan sonra anası bir qonaqlıq verərdi. Bu işin adına “Quran çıxma” deyərdilər. Bu mərasimdə məktəb uşaqları hamısı yığışardılar və qızın dalında dayanardılar. O qız da axund bacının müqabilində əyləşərdi. Axund Quranın əvvəlinci surəsini açıb deyərdi oxu. O oxuyardı və xəmmullah kəlməsi dilinə gələndə haman axund bacı bir əməlli-başlı sillə o qıza vurardı. O, uşaqların mübəssər, nəzm və intizam məmuru idi. Bir ipək dəsmal axund bacının əlinə verərdi və o, uşağın iki əlin dəsmalla bir-birinə bağlardı. Haman dəsmal və sillə ki axund bacı vurardı, getmək icazəsi nişanəsi idi. Uşaqlar da oxucunun yanına yığışardılar. Tələbənin əlləri bağlı olduğu üçün xəlifə onunla yanbayan gedərdi və ona yardımçı olardı. Sonra hamılığnan Quran çıxan qızın evinə yetişərdilər. Qızın anası onların qabağına çıxardı. O, əlində bir xələt gətirib xəlifəyə verərdi. Xəlifə xələti alandan sonra qızın əllərin açardı. Sonra anası onu bağrına basıb nəvaziş və təqdir edərdi. Sonra çağırılanlar hamısı içəri keçərdilər və nahar edərdilər. Şirni, meyvə və çay ilə onlardan pəziralıq edərdilər. Axund bacıya da bir məcməyidə nahar, kəllə qənd və bir xələt, on tümən gümüş pul yollardılar.

Qız uşağı Quranı çıxan kimi təhsili tamam olunmuş sanılırdı və onun ata-anası ona başqa kitabı oxumaq və ya məktub yazmaq icazəsi verməzdi.


Qızlar və elçiləri
Qız 12 yaşına çatan kimi evdə anaları onlara ev süpürmək, qab yumaq, tikiş tikmək, ət asmaq və s. öyrədirdi. Bu zaman qıza elçi gəlmək zamanı idi. O zaman elçilər gəlib əyləşər və əvvəl bir az su istəyirdilər. Qızın anası tez bilərdi ki, bunlar elçidir. O, qızına deyirdi ki, su gətir. Qız gedib pal-paltarın dəyişib, sonra su əlində gəlib salam verərdi və gələnlərin hər birisin böyük bilsəydi, əvvəlcə suyu ona təklif edərdi. Qız ayaq üstə dayanardı ki, o, suyu içsin. Bu fasilədə gələnlər onun qədd-qamətinə baxardılar. Sonra başqalarına da su təklif edərdi. Suyu bir böyük kasada gətirirdi. Bu mərasimdən sonra daha qız gözə görünməzdi.

Sonra qızın anası onların kim olduğunu öyrənmək istəyərdi. Onlar kim olduğunu deməzdilər. Qızın anasının sualının qaba­ğında deyirdilər: “Yenə də gələcəyik, o zaman bilərsiz və ta­nıyarsız”. Bu söhbətdən sonra durub gedəndə, əgər görsəydilər ki, başmaqlarını cüt qoyublar etiraz edərdilər ki, niyə başmaq­larımızı cütdəyibsiz. Biz yenə də gələcəyik. Bu sözdən məlum olardı ki, qızı bəyəniblər. Əgər bəyənməsələr, sözsüz və sakit gedərdilər. Əgər qız çirkin olsa, yainki anası çox hörmət eləsə, gedib oğlana və anasına tərif edərdilər ki, bir anası var, bağla­ma bağlamışdı. Əgər dağdan fırratsaydın, gedib dərənin dibində qalardı və açılmazdı. Qız özü çox qabiliyyətli idi, çubuq istədik, gətirdi, gətirəndə əlində çox xoştərkib tutmuşdu. Əgər qız gözəl olsaydı deyirdilər: “Doşaba getdik, şansımıza mürəbba çıxdı”.

Bəyənən surətdə 3 gündən sonra yenə də oğlanın bibisi ge­dib söz açardı. Onun istəyinin qabağına qızın anası deyirdi hələ möhlət verin bizim qabaqda müsafirətimiz var. İyirmi gün sonra bir də oğlan evi gələrdi. Qızın anası deyərdi: - Dədəsi deyir ki, hələ uşaqdı və getməli vaxtı deyil. Onlar gəlib bir neçə kişi yollayırdılar qızın dədəsinin yanına. O da bir neçə gün möhlət istərdi və sonra axtarışa gedərdilər və oğlan barəsində məlumat toplayardılar. Onun əxlaqı barəsində istədiklərin öyrənərdilər. Əgər yaxşı nəticəyə çatsaydılar, bu dəfə elçilər gələndə bir şaxə nabat onlara verərdilər. Bu müsbət cavab göstərmək üçün idi.

Ondan bir neçə gün sonra oğlan evi şirni içmək üçün qız evindən icazə alardı. Şirni içdi mərasiminə hər iki tərəfdən 7-8 nəfər ağsaqqal və ağbirçək çağırardılar. Ondan sonra gəlinin görüşünə gedərdilər. Getməzdən əvvəl bir kasa nabat sifariş verərdilər. Onu qarpız şəklində, yaqut rəngində düzərdilər.

Bu mərasimdən üç həftə sonra şal, üzük aparardılar. Bunun üçün bir taqə tirmə, 3 dəst paltarlıq, bir dənə üzük, 3 xalça aparırdılar. Şirniyə çağırılan qonaqlar kifayət qədər olurdu. Şal-üzük məclisinə çalğı da aparırdılar. Sonra mərasim başlanardı. Qayınana gəlinin məclisə gəlməsini istərdi. Gəlin üzük saldı üçün içəri girərdi, onun başında çadra, üzü bürüklü olardı. Sonra qayınana özü üzüyü gəlinin barmağına salıb, bir qırmızı çarqat onun çadrası üstündən başına salar, üzündən öpüb, qayıdıb əyləşərdi. Oğlan evi gətirdiyi tirməni gəlin əyləşən səndəlin üstünə çəkərdi. Gəlinin baldızı bir az noğul, 2 qran xırda pulu qarışdırıb, gəlinin başına səpərdi. Oğlanın bacısı sonra xonçanın yanında əyləşərdi. 3-4 dənə şirni boşqaba qoyub, qonaqların qabağına qoyardı. Qonaqlar şirnini alıb, dəsmallarına yığarlar. Şirni paylanandan sonra qonaqlar gedərdilər. Beləliklə, məclis qurtarırdı. Bir neçə həftə sonra damad ətirdən, dəsmaldan, sabun, ya corab alıb, verərdi kiçik bacısına və o, gəlin üçün aparardı. Bu zamana kimi nə oğlan qızı görərdi, nə də qız oğlanı. Qızı oğlana onun nənə, bibi, yaxud bacısı seçirdi.

Gəlin bir müddət adaxlı qalardı. Novruz bayramında ona bayramlıq göndərərdilər. Bayramlıq bunlardan ibarət idi: bir dəst paltar, bir qızıl qolbaq, bir bulut şirni, bir batman düyünün plovu, neçə toyuq qıyməsı, balıq, kükü, kərə, mürəbbə və turşu. Oğlan adamları buna bayram plovu deyərdi.

Bayramlığı aparmaq üçün qabaqca qız evini xəbərdar edərdilər. Onlar da bu mərasim üçün yaxın qohumlarından çağırardılar. İki nəfər də oğlan evindən bayramlığı aparanlarınan gedərdi və şama da qalardılar.

Orucluqda da oğlan evi iyirmi nəfərlik xörək bişirib, qız evinə yollayırdı. Buna “İftar aşı yollamaq” deyirdilər. Bayram aşı bunlardan ibarət idi: Çilo kabab, kükü, firni, yoxdər behişt, müşkü firni, həliləbadam, rizə küftə, halva, bal, kərə, mürəbbə, biləng, qaymaq, züləbya və bamiya. Bunların hərəsindən bir bulut yollardılar.

Əgər gəlin ilə baldızı birlikdə bir yerə toya dəvət olunsay­dılar, qayınanası onunçün bir xonça şirni, bir qəvara parça və bir qızıl sancaq yollardı. Bunun adına “rüsum” deyirdilər.

Ev sahibinin gəlini ilə qonaq gəlini bir araya gətirərdilər. Qonaq gəlinin xələtin cibinə, sancağın sinəsinə, şirnini də məclis əhlinə paylardılar. Onun baldızı qabağında oynardı.

Oğlan evi təzə gələn meyvələrdən bir yeşik qız evinə yol­lar­dı və buna “nübarlıq” deyirdilər. İndi də bu rüsum vardır. Oğ­lanın bacısı hərdən oğlanın tərəfindən bir kiçik hədiyyələrlə ge­dib gəlinin halın soruşur. Oğlanla qızın icazələri yoxdu ki, bir-bi­rilə görüşsünlər. Oğlan öz ürəyində qızın qardaşını qıza oxşa­dardı, amma qız onun qardaşını da tanımazdı ki, ona oxşatsın.

Bir müddət sonra oğlan evindən gəlib kəbin kəsmək üçün icazə alardılar. Bu mərasimə “kəbin kəsdi” deyirdilər. Bu məra­sim üçün də bir neçə dəst paltar, üç xonça şirni, bir qızıl saat, qənd, çay, işçilərə xələt bir ayna, bir cüt lalə, iki dənə vəziri şa­mı, bir zər, zivərlə bəzənmiş məcməyiyə qoyardılar. Üstünə bir qırmızı örtük çəkib, gətirərdilər, lalələri də əldə götürərdilər, bir məcməyiyə də bir at yəhəri çevirərdilər. Bir şal da onun üstünə çəkərdilər. Qayınananın icazəsilə gəlini gətirib yəhər qaşının üstə əyləşdirərdilər. Sonra kəbin siğəsi oxunardı. Bir nəfər mömünə xanım Həzrəti-Yusif surəsini oxuyardı. Oxuduqca bir kasa suya piləyərdi, sonra qızın anası o suyu bir şüşəyə töküb saxlayardı. Həna günü hamamda suyu gəlinin başına tökərdilər.

Sonra bir neçə xoşbəxt xanımlardan gəlinin başı üstə ağ parça tutardılar. İki nəfər də iki tikə qənd götürüb, parçanın üstündə bir-birinə sürtərdi. Qəndin tozu töküldükcə, onlara xoşbəxtlik arzu eləyirdilər.

Kəbin kəsildikdən sonra da damadın icazəsi yoxdu ki, gəlini görsün. Qonaqlara qulluq keçən məclislərdəki sayaq olar­dı. Məclisdə olan xanımlar qonaqlıqda daddıqları şirnidən evlə­rinə də aparardılar. Bunu xoş yemək sayardılar. Bu mərasimdən bir neçə həftə sonra gəlinə parça aparmaq üçün icazə alardılar. Buna “parçakəsdi” deyirdilər. Bu cəşn təqribən axır cəşn sayılardı. Yenə də qonaq çağırardılar. Bu mərasimdə qonaqların sayı daha artıq olardı. Bu cəşn üçün də 6 dəst paltarlıq, bir cəvahir, ya qızıl sinəzir, 4 xonça şirni, gəlinə layiq başqa ziynət şeyləri, qənd, çay, xələt qoyub bunları qız evinə yollardılar.

Qonaqları çağırmaq üçün bir nəfər işçi yollardılar. Və o, qonaqları dəvət edərdi. O, hər kəsin qapısına dəvət üçün getsə idi, hərə bir qran gümüş pul ona verərdi. Əgər biri pul verməkdə geciksəydi, deyərdi: xanım nə verəcəksən ver, çox yerə getmə­liyəm.

Toyda hədiyyə üçün oğlanın yaxın qohumları, xanəvadəsi xələt, ya da qızıl sikkə verərdi. Qonaqlar yığışandan sonra çay verilərdi.

Gəlin içəriyə gələn zaman bərk üzünü bürüyərdi. İki nəfər onun qollarından yapışıb, içəri gətirər, üstünə tirmə salınmış səndəlin üstündə əyləşdirərdilər. Deməliyəm ki, gəlin içəriyə sazla, avazla varid olardı. Gəlinin səndəlisinin sağ-solunda 2 nəfər dayanıb yanıq lalələri tutardılar. Əlbəttə, gəlin qayınana­sının icazəsilə əyləşirdi.

Oğlanın bacısı bir boşqab rəngli noğul, 2 qran gümüş pulu xırdalayıb, gəlinlə bəyin başına səpərdi. Sonra da onların qabağında oynayardı. Oğlanın bacısı oynayandan sonra növbə qızın bacısına çatardı. Ondan sonra yaxın qohum-əqrəba oynayanlara şabaş verərdi. Çalğıçılara isə xələt verərdilər.

Bundan sonra gəlini başqa bir otağa aparardılar. Bu dəfə növbə parçakəsdi üçün aldıqları paltarlığın göstərməsinə çatardı. Onlar şirni xonçalarını əvvəlcə gətirib düzərdilər. Sonra hər şeydən qabaq bir bulut şirni bəy üçün ayırırdılar. Sonra bir nəfər oğlan qabaqca işarə etdiyim sayaq xonçaların şirnilərini payla­yardı. Başqası da parça xonçasının qabağında əyləşərdi. Oğlan evi tərəfindən gələn parçaları, paltarları göstərib, axırda da “mübarək olsun” deyirdilər. Qonaqlar hamısı birağızdan “müba­rək olsun” deyirdilər.

Bu mərasimdən sonra növbə sazəndələrə yetişərdi. Məmu­lən onlar 3 nəfər olardılar, ikisi çalardı, biri oynayardı. Oynayan əvvəl gedib, dizi üstə qayınana qabağında oynayardı. Qayınana əgər varlı olsaydı bir qızıl yarım əşrəfi onun alnına yapışdırardı. Pullu olmayan surətdə bir dənə iki qaranlıq gümüş sikkə lütf eləyərdi. Əgər biri pul verməsəydi, o, etiraz edib deyərdi: “Niyə gəlib tamaşa edib qulaq asdın?” Hətta toy sahibləri onlara pul verməzdilər. Onlar tamaşaya gələnlərdən, qonaqlardan dövran yığardılar. Dövrandan sonra qonaqlar dağılışıb evlərinə yolla­nar­dılar. Onun sabahı 3-4 nəfər səliqəli şəxslər qayınana ilə birlikdə nahara qız evinə gedərdilər. Oğlan evindən qayınanadan başqa təkcə bir nəfər gedərdi, qalanı qız evindən olardılar. Qayı­nana seçən parçalardan gəlin üçün üç dəst paltar kəsərdilər. Gəlin o paltarların bir dəstin öz gələcək oğlunun toyuna saxla­yardı. Paltarın 2 dəstini isə geyərdi. O paltarlar köhnələndən sonra yenə də qayınananın icazəsilə parçalardan bir dəst də paltar tikdirərdi. Paltarı xəyyata vermək üçün cümə axşamını yaxşı gün sayardılar, onlar təqvimə baxıb saat xoşlar, deyərdilər ki, qəmər əqrəbdə olsa ulduzları barışmaz. Cümə axşamını toy üçün də münasib bilirdilər.

Gündüz gəlini qız-gəlinlər, bəyi isə cavan dost-familləri hamama aparardılar. Hamamda gəlinin əllərinə, ayaqlarına həna yaxardılar. Bu mərasim çalğıçıların həmrahlığı ilə olardı. Çağ­rılan qonaqları şirin çay ilə nəziralıq edərdilər. Bu mərasimdə şam da yandırardılar. Gəlin əlini başına qoyardı, biri onun ovcunun içinə həna tökərdi. Qız-gəlinlər o hənadan götürmək üçün qapan-qapan salardılar. Ondan hərəyə bir zərrə yetişərdi, hər kəs barmağını ona batırardı. Gəlini yuyundurandan sonra hamı başına yığışıb, geyindirərdi. Geyinəndən sonra başına çadra salardılar. Onun üstündən də bir duvaqlıq çarqatı başına salıb bir dənə kəllə də çarqatın üstündən üzünə salardılar. Kəllə zərli sapla toxunardı və ziynət üçün gəlinin üzünə salar­dılar. Gəlini faytonda əyləşdirərdilər. Onun o tərəf, bu tərə­fində iki nəfər yanan şam tutardı. Damad ilə gəlinin bacıları onun sağ-solunda əyləşərdilər, fayton yola düşərdi. Gəlin faytonda qabaq­da, çağırılan qonaqlar da piyada onun dövrəsində hərəkət edər­dilər. Qız evinə yetişən kimi bir nəfər evin işçilərindən üzərrik yandırardı. Sazəndələr də çala-çala evə varid olardılar. Məşşatə gəlini bəzərdi. Gəlin qonaqların içində əyləşərdi, qız-oğlanlar da onun başına pul, noğul səpib oynayardılar.

Qız evində də bu mərasim üçün oğlan evinə xonça bəzəyib göndərərdilər. Xonçaya bəy üçün şalvar, köynək, hamam hacatı, ətir, corab, dəsmal, tirmə göndərərdilər. Bəyi qardaşları, dostları sazəndələrin həmrahlığı ilə hamama aparıb gətirərdilər. Bəyin sag-solunda şam yandırardılar. Sonra qız evindən gələn xonçanı qonaqların içinə gətirərdilər. Bəyin atası gəlib bir tirmə gətirərdi, o tirməni pərdə kimi tutardılar. Onun dalında oğlanın atası qız evindən gələn paltarları bəyə geyindirərdi. Aşıqlar, sazəndələr çalıb bəyin boyuna oxşardılar. Oğlanın qardaşı, dostları qabağında oynardılar. Sağduş-solduş da pul, noğul paylardılar.

Bir gün də qız evinin cavanlarını oğlan evi çağırardı. Qız evi də oğlan evinin cavan qız-gəlinlərindən dəvət edərdi. Bu gecə şamdan sonra məclis artıq qızışardı. Hər iki evin qonaqları sübhəcən çalıb-oynardılar. Sübh vaxtı çalğıçılar mürəxxəs olub gedərdilər. Qonaqlar da dağılışardılar.

Sabahı qız evi xəbər göndərərdi ki, axşama üç saat qalanda cehizi yollayacağıq. Bu münasibətlə oğlan evinin qonaqları qız evi elan eləyən saatdan oğlan evinə yığışardılar. Qızın cehizi evdə lazım olan tamam vəsaildən ibarət olardı. Qızın cehizini beş-altı xanım gətirərdi. Qızın anası qızı üçün qənd, çay, hübubat da qoyardı. O, oğlanın yaxın qohumlarına, işçilərinə xələt qoyardı. Cehiz ilə gedən xanımlar apardıqları vəsaili təhvil verərdilər, açıb bir-bir oğlan evinin qonaqlarına da göstərərdilər. Sonra da aparıb gəlinin evinə düşürərdilər.

Əgər qız gətirən cehiz qayınananın istədiyi qədər olsaydı, o, çox təşəkkür elərdi, amma əgər olmasaydı deyirdi: “Bir qız almışıq, cehizi yox”.

Ağaların, xanımların xələtin bir böyük padnosa (siniyə) qoyub, üstünə bir tirmə örtük çəkərdilər. Onu bir ağbirçək zənənlə oğlan evinə göndərərdilər. Oğlanın anası da xələti gətirənə bir yaxçı xələt verərdi.

Toy gecəsi aşpaz ev sahibinin hesabına 30-40 şiş kabab hazırlayıb bişirər, qonaqlara yollardı. O kababdan hər kəs bir tikə götürər, yerinə pul, ya da qızıl qoyardı. Bir əmin adam onları yığıb, aşpaza verərdi. Bu aşpazın ənamı sayılardı. Mən bir toyda iştirak etmişdim. Orada kəndin kəndxudasının, ərbabının, ağsaqqallarının xanımları da iştirak edirdilər. Yuxarıda dediyim kimi kabab gətirdilər. Hərə bir tikə götürdü, yerinə qızıl qoydu, kəndlilərin biri də kabab götürmüşdü, o, tez durdu ağzındakı kababı çıxardıb həyətə atdı. Mən soruşdum ki, kabab acı idi ki, çıxardıb atdın? O dedi: “Yox, mən nə kabab yeyirəm, nə də qızıl verirəm”. Sonra artırdı ki: “Nə yaxşı udmamışam”.

Toy gecəsi aşpaz xələt almıyınca qazanın ağzın açmazdı. Bəyin anası xələt verəndən sonra o, qazanın ağzını açardı. Qız evində də bu tərtiblə aşpaza xələt verilirdi. Gəlini bəxt evinə köçürən zaman evlərinin işçisi gedib qapını iki əlli daraqlayıb deyirdi: “Xələtimi verməsəz, qoymaram gəlini aparasız”. Bəyin qardaşı, ya da dayı, əmisi onun xələtini verər, onu razı salardılar.

Qədimdə gəlini şam yeməyindən qabaq aparardılar. Gəlini aparmaq üçün oğlanın qohumlarından böyük bacısı, xalası, dayısı arvadı ərlərilə gələrdilər. İki nəfər də qonşu məhlə ağsaqqallarından gətirərdilər. Gəlini aparan zaman qız evində siniyə bir şaxə nabat qoyub, gətirib oğlanın bibi, ya xalasının qabağına qoyardılar, onlardan xahiş edərdilər ki, bundan başqa onların evindən bir şey aparmasınlar. Axı qayda idi ki, gəlini aparan zaman gəlinin dalınca gələnlər qız evindən bir şey oğur­layırdı. Oğurlanan əşyanı oğlan evində gəlinə verərdilər.

Oğlanın bacısı gəlinin sağ ayağındakı corabına bir qızıl sikkə, sol ayağındakına bir gümüş sikkə salardı. Etiqada görə bununla gəlinin ayağı düşərgəli olardı. Gəlinin üzünü bəzəyən zaman yəni qaşını, üzünü alan zaman, gərək məşşatə bəyin hesa­bına bir qızıl sikkə gəlinin dilinin altına qoyaydı ki, o qaşını al­mağa icazə versin. Sonra gəlini aparmaq üçün icazə alardılar. İki nəfər onun qolundan yapışıb, qonaqların yanına gətirərdi. Bu vaxt yeddi-səkkiz oğlan uşağı əlində ruman gələrdi. O, 4 metr qırmızı rumanı 3 dəfə gəlinin belinə bağlayıb açardı, hər dəfə deyirdi: “Nənəm bacım düz gəlin, qəddi-qaməti düz gəlin, yeddi oğlan istərəm, bircə dənə qız gəlin”. Sonra gəlinə deyirdi: “De­yinən o adam mənəm”. Sonra gəlini dəhlizə çıxardardılar, atası ona xeyir-dua verib deyərdi: “Qızım xoşbəxt olasan, yarı­ya­san, çox yaşayasan, qəyim-qədim olasan, ayağuvnan nemət aparasan, ruzulu olasan, səni qayın nənüvə külfət verim, sahibu­vin itaə­tində olasan. Allahı yaddan çıxartmayasan, namazündə tənbəl olmayasan, get, səni Allaha tapşırıram. Bu ağ paltarla gedəsən, kəfənlə çıxasan”. Sonra da bir həzin əzan onun qulağına oxu­yardı. Qızını öpəndən sonra onu aparmağa icazə verərdi.

Gəlini aparanda başına bir qırmızı çadra örtərdilər ki, o da üzünü bərk tutardı. Çadranın üstündən bir qırmızı çarqat, onun üstündən də kəllə sallardılar. Bir nəfər qabaqda yeriyib ayna tutardı. İki nəfər də sağ-solunda şölə tutardılar. Gəlinin üzü örtülü olduğu üçün onun əlindən yapışıb yeridirdilər. Qabaqda bir dərviş qəsidə deyirdi: “Gəlin gəlsin, xeyir görsün, oğlu da olsun”. Hamı bu sözə Allah-Allah deyirdi və tez-tez də tilavat çevirirdilər. Bəyin evinə çatanda biri qabağa çıxardı, səslənib deyirdi, gəlin gəlsin, xeyir görsün. Camaat da Allah-Allah deyirdi. Bir nəfər də qurban kəsirdi. Qurbanın başını küçənin o tərəfinə, bədənin də bu tərəfinə qoyardılar. Gəlin gərək qurbanın başına dolanaydı. Bəyin sağduş ilə solduşı bəyi gəlinin pişvazına gətirərdilər. Bəy gəlinə üç alma vurardı. Almanın bəziləri gəlinin kürəyinə, bəziləri də üzünə dəyərdi. Hərdən də almanın zərbəsindən gəlinin burnundan qan açılardı. Gəlin dəhliz qapı­sına çatan kimi bəy qaçıb damdan onun başına noğul səpərdi. Qayınana da dəhlizdə bir dənə teşti üzüqoylu qoyub, gəlini onun üstündən keçirərdi. Bir nəfər də üzərrik yandırardı. Qayınana bir həvəng dəstəsin də gəlinin ayağına yaxın hərlədərdi. Gəlini qonaq otağına aparıb üstünə tirmə çəkilmiş bir səndəlin üstündə əyləşdirərdilər. Sonra da qonaqlara şam verilərdi, bundan sonra qayınana gəlinə icazə verərdi ki, hücrəsinə getsin.

Toyun sabahı nahardan qabaq gəlinlə bəy gizlicə qızın anasının görüşünə gedərdilər. Qızın anası bir tinə qızıl bəyə hədiyyə verərdi. Onlar yarım saat əyləşib qayıdardılar. O gün nahara qız evindən bir qədəh quymaq, iki kəllə qənd yollardılar. Nahar üçün yaxın qohumlarından da qonaq olardı. Toyun sabahkı gecəsində 40 nəfərin şam yeməyi qız evindən oğlan evinə gələrdi. Bu mərasimin adına “Plov” deyərdilər. Oğlan evi gecə üçün qonaq çağırırdı. Qız evi də 5-6 nəfər çağırıb onları oğlan evinə yollardı. Bu gecə gəlin də süfrə başına gələrdi, amma qayınanasından üzün bürüyürdü.

Onuncu gündə 20-30 nəfər yaxın qohumlardan nahara qo­naq çağırardılar. Oğlanın bacısı gedib gəlini qayınananın hüzu­runa gətirərdi. Bu mərasimin adına “Əl öpdü” deyirdilər. Gəlin əlində bir gülabdan içəri girərdi. O, yenə də üzü bürülü varid olar, başla salam verərdi, dillə salam vermək eyib sayılardı.

Gəlin varid olduğu kimi gərək əvvəlcə qayınanaya salam ve­rə, sonra da əlindəki gülabdan onun əlinə töküb, onun çiynin­dən öpərdi. Qayınana də bir qızıl sikkə, bir qızıl gərdəbdən verərdi, gəlin onun əlindən öpərdi. Qalan yaxın adamlar da ona qızıl hədiyyə edərdilər. Sonra qayınana ona öz mənzilinə getmə­yə icazə verərdi. Əgər toyun üçüncü günü Novruz bayramına rastlaşsaydı, gəlinin qayınarvadı gələrdi, bayram təbriki demək üçün onu qayınatalarının yanına aparardı. Ona nə cür təbrik deməyi də öyrədərdi. Deyirdi denən: “Hacı əmi bayramın mübarək”. Sonra gəlin qayınatanın əlinə gülab tökərdi. Bundan sonra qayınata ona icazə verərdi ki, öz mənzilinə qayıtsın. Sonra qız evi qızları, kürəkənlərini, onun ata-anasını, başqa yaxın adamlarını məclisə dəvət edərdi. Bu mərasimə “ayaq açdı” deyirdilər. Bu gün üçün qızın dədəsi evinin ailəyə yaxın qonaqları olardı. Qızın dədəsi əgər varlı olsaydı, kürəkəninə bir at, ya da bir qiymətli hədiyyə verərdi. Olmayan surətdə bir qızıl sikkə verərdi. Ondan iki həftə sonra oğlanın atası qonaqlıq edərdi. Qız evini çağırardılar. Bir qədimi adət də yadıma düşdü. O zaman adət idi ki, gəlin gərək əvvəl bir sikkə, ya bir üzük bəydən alsın.

Gəlin xanım bir neçə həftə toydan sonra ev əhlinin yanına gələr, onların xidmətində olardı. O, evdə olan ev işlərini öz öhdəsinə götürərdi. Gəlin gərək sübh tezdən yuxudan dura, qayınananın, qayınatanın dəstəmaz sularını hazırlayaydı. Onların aftafalarını doldurub dəsşuyə qoyurdu, başmaqlarını cütləyirdi, canamazlarını döşəyirdi, qəlyanaltılarını verirdi. Əgər qəlyan çəkən, ya çubuq çəkən olsaydılar, gərək onlar üçün amadə edəydi. Qayınatası sübh evdən çıxıb işinə gedəndən sonra ərinin qəlyanaltısını verib, özü də yeyərdi. Sonra qayınananın buyruğu ilə nahar, şamı hazırlayırdı. Şam yeməyini verəndən sonra ona icazə verilərdi ki, gedib yatsın. Hələ bu mərhələdə də gəlin onlarla danışmazdı.

Bu dövran yaşamanın müxtəlif səbəbləri var idi. Bir səbəbi oğlanların savadsızlıqları, digər səbəbi də onların sənət sahibi olmamaları idi. Çox zaman onların özlərinin gəlirləri olmazdı, onlar fəqət bir cür bağ avarası idilər. Özləri ehtiyac içində yaşayar, gedib qız da alıb gətirərdilər. Onların tamam xərc-məxaricləri qızın ata-anasının öhdəsinə düşərdi.

O zaman gəlinin ixtiyarı yox idi ki, hamama getmək üçün ərindən pul alsın. O, bir yerə getmək istəsəydi, əgər evdə baldızı olsaydı, gərək ona deyəydi. Baldızı olmayan surətdə sözünü evin külfətinə deməli idi. O da gedib gəlinin sözünü qayna­na­sına deyirdi. Əgər valideynlər icazə versəydilər, gedərdi, əgər verməsəydilər yox. Hörmətli şair buyurub:

Eyləyən şirləri tülküməcaz.

Ehtiyacdı, ehtiyacdı, ehtiyac.

Gəlinin əzandan sonraya çöldə qalmağa haqqı yox idi. Əgər getdiyi yerdən gec evə qayıtsaydı qayınanası əsəbiləşərdi. Gə­linlər evdə üz bürüyürdülər. Dil açıb danışırdılar. Uşaqların adını qayınananın qayınatanın yanında çəkməzdilər, özlərinin də danışmağa haqqları yox idi. Onlar bütün işlərini qayınanalarının məsləhəti ilə görürdülər. Qayınana öləndən sonra bir qədər azadlığa çıxardılar. Əlhəmdulullah, indi elə deyil. Cavanların ək­sə­riyyəti savad sayəsində çox anlayan, şüurlu olublar, müx­tə­lif sənətlərlə məşğuldular. Qədimdəki çətinliklərdən qurtarıblar. Allah tamam cavanları hifz eləsin.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə