147
güzəştə getməyi bacarsınlar. Uşağı öyrətmək lazımdır ki, ona başqası tərəfindən
verilən hədiyyəni almasın. Bəzən uşaq öz arzusuna çatmaq üçün göz yaşından da
istifadə edir. Bunun qarşısını almaq lazımdır. Göz yaşı iki səbəbdən olur: biri – o bir
şeyi istədikdə vermirlər, bu zaman o göz yaşı tökür, ikincisi, çəkdiyi əzabdan da göz
yaşı tökür. Uşağın üzünə baxdıqda onun nə üçün ağladığını bilmək olur. Birinci
ağlamağın qarşısını almaq lazımdır. Cəsurluq və qorxaqlıq da insan xarakterinin
əlamətlərindəndir. Cəsurluq bütün xeyirxahlığın keşikçisidir. Qorxaq adam heç vaxt
öz insanlıq ləyaqətini yerinə yetirə bilməz. Qorxaqlığın qarşısını lap kiçik yaşlardan
almaq lazımdır. Elə əşyalar olur ki, uşaq görəndə qorxur. Odur ki, elə etmək lazımdır
ki, uşaq qorxmasın.
Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də qəddarlıqdır. Çox zaman uşaq
əlinə düşən zəif canlını – quşu, kəpənəyi incidir. Körpə vaxtı belə heyvanlarla
qəddarcasına rəftar edən uşaq böyüyəndə adamlara da qarşı amansız olacaqdır. Buna
görə də uşaqlarda mərhəmət hissi tərbiyə etmək lazımdır. Belə qayğı uşaqlarda erkən
yaşdan xeyirxahlıq və qayğıkeşlik tərbiyə edir. Uşaqlarda olan mənfi keyfiyyətlərdən
biri də laqeydlikdir. Bu elə bir mənfi keyfiyyətdir ki, irqindən, cinsindən asılı
olmayaraq bütün insanlar arasında yayılmışdır. Uşaqları bu təhlükədən qorumaq
lazımdır.
C.Lokk tərbiyədə nüfuza da böyük əhəmiyyət verirdi. Bu nüfuz nəinki
uşaqlara, hətta onlara baxan dayələrə də təsir etməlidir. O yazır ki, uşaq kiçik yaşda
olarkən ata nüfuzunun böyük əhəmiyyəti vardır. Lakin, bu nüfuz despotçuluğa
çevrilməməlidir. Yeri gəldikcə uşağın arzusunu, tələbini də nəzərə almaq lazımdır.
Jan Jak Russo (1712-1778) on ildən az bir dövrdə (1753-1762) “İctimai
müqavilə”, “Dalamberə məktub”, “Yeni Eloiza” əsərlərini yazır. “Emil və ya tərbiyə
haqqında” əsəri 1761-ci ildə nəşr olunur. Əsər böyük hay-küyə, hakim və dini
qüvvələrin etirazına səbəb olur. Fransa parlamenti müəllifin həbs edilməsi haqqında
qərar qəbul edir. Russo Fransadan qaçmalı olur. Onun adamlarla ünsiyyətdə olması
qadağan edilmişdi. 1765-ci ildə o məşhur “Tövbə” əsərini yazır. Əsərdə özünün
subyektiv həyəcanlarını, tərcümeyi-hal məlumatları çox incə bir üslubla təsvir edir.
Narahat həyat, həyəcanlar onu taqətdən salmışdı. O, 1778-ci ildə iyulun 2-də
Markiz-de Jerardenin qəsrində vaxtsız vəfat edir. De Jerarden onun qəbri üstündə
148
heykəl qoydurmuş, “burada təbiət və həqiqət nəğməkarı olan bir insan yatır” sözlərini
heykələ həkk etdirmişdi.
Komenskinin ideyasına görə, təlim ciddi ardıcıllıqla aparıldığı kimi Russoya
görə də tərbiyə belə bir ardıcıllıqla həyata keçirilir. Həmin ardıcıllığı Russo “Emil və
ya tərbiyə haqqında” əsərində xüsusi qeyd edir. Birinci mərhələ uşağın anadan
olandan dil açana qədər dövrü əhatə edir. Bu mərhələdə uşaq tamamilə köməksiz və
gücsüzdür. Ikinci mərhələ iki yaşından on iki yaşadək dövrü əhatə edir. Bu
mərhələdə fiziki qüvvələr inkişaf edir, lakin hələ əqli düşüncə, əxlaqi anlayış yoxdur.
Üçüncü mərhələ on iki yaşdan on beş yaşadək dövrü əhatə edir. Bu dövr əqli
qüvvələrin və mənəvi inkişafın başlanğıcıdır. Bu dövr insan həyatının ən qiymətli
vaxtıdır, lakin çox az olan dövrüdür. Bu dövr işləmək, oxumaq, elm öyrənmək üçün
ən qiymətli dövrdür. Nəhayət, dördüncü mərhələ gəncliyin böhran dövrüdür,
ehtiraslar, mənəvi özünü inkişaf dövrüdür. Bu dövrdə sanki insan yenidən doğulur,
heç bir insani xassə ona yad deyildir. Bu dörd mərhələnin xüsusiyyətlərinə uyğun
olaraq tərbiyə özü də dəyişir. Birinci mərhələdə tərbiyə özünü sadəcə olaraq uşağa
qulluq etmək, qayğı göstərməklə ifadə edir. İkinci mərhələdə fiziki tərbiyədə və
xarici hisslərin inkişafında öz ifadəsini tapır. Üçüncü mərhələdə əqli tərbiyədən,
dördüncü mərhələdə isə mənəvi tərbiyədən söhbət gedir. “Emil” əsərində hər
mərhələyə bir kitab həsr edilmişdir.
Uşağı kim tərbiyə etməlidir? Öz uşaqlarının tərbiyəsindən imtina edən və
uşaqlarını priyuta verən valideynləri kəskin tənqid edərək Russo hər bir valideyndən
öz uşaqlarını tərbiyə etməyi tələb edir. Uşağa həyat verən ona yaşamağı da
öyrətməlidir. Kim atalıq borcunu yerinə yetirmirsə, ata adlanmağa layiq deyildir. Heç
bir yoxsulluq, heç bir məşğuliyyət, insani böyüklük onu uşaqları yedirtmək, tərbiyə
etmək vəzifəsindən məhrum edə bilməz. Xəstə analar müstəsna olmaqla uşaqları
analar özləri əmizdirməlidir. Russo uşağa ana qayğısının ictimai-əxlaqi əhəmiyyətini
çox gözəl təhlil və təsvir edir. “Ana yoxdursa, uşaq da yoxdur”. Tərəflərdən biri öz
borcunu pis yerinə yetirirsə, o biri tərəf onun əzabını çəkəcəkdir. Uşaq hələ həyatını
dərk etməzdən əvvəl anasını sevməlidir. Ana qayğısı yoxdursa, ailə də yoxdur. Ana
olmayanda bütün mənəvi sistem pozulur, ana və övlad arasında məhəbbət tellərini
bir-birinə bağlaya bilmir. Belə olduqda nə ata, nə ana, nə uşaqlar, nə qardaş, nə də
149
bacı olur, hamı bir-birinə tanış kimi baxır. Onlar bir-birlərini sevə bilərlərmi? Əlbəttə
yox. Çünki hər kəs özü haqqında düşünür. Priyutlara, monastrlara verilmiş uşaqlar
ailə üzvlərinə, ata ocağına bağlılığı itirir. Heç kimlə bağlı olmur. Lakin, Russo qeyd
edir ki, tərbiyəçisiz keçinmək olmaz. Tərbiyəçi lazımdır. Russonun tərbiyəçisi
özünəməxsus ideal adamdır. O, nökər deyildir, uşağın və ailənin ən yaxşı dostudur.
Yer üzündə çox xeyirxah peşə var. Bu peşə pulla deyil, insanın fədakarlığı ilə
müəyyən olunur. Bu hərbçi və tərbiyəçi peşəsidir. Russoya görə tərbiyəçi bütün
məlum olan keyfiyyətlərə sahib olmaqla yanaşı cavan olmalıdır. Onun gənc olması
şagirdin müəllimə inamı və etibarı yaradır. Russo təsdiq edir ki, uşağın bir tərbiyəçisi
olmalıdır. O, həm tərbiyəçi, həm də müəllim olmalıdır.
Uşağa ilk qayğı qida, uşağın bədəninin möhkəmləndirilməsi və nitq
inkişafıdır.
Uşağa ilk qayğı fiziki baxımla səciyyələnir. Uşağa qida verilir, bədəni təmiz
saxlanılır. Bu baxım haqqında Russo xüsusi tövsiyələr verir. Uşağın ilk və əsas qidası
ana südüdür. Uşağı başqa qadın əmizdirəcəksə, onda yalnız bədəncə deyil,
mənəviyyatca, ruhca sağlam və gənc qadın tapmaq lazımdır. Çünki beləsinin südü
uşağın mədəsində tez həzm olur. Qida kimi uşağa ilk gündən azadlıq verilməli, o,
bədən üzvlərinin keyləşməsi olmasın deyə hərəkət etdirilməlidir. Buna görə də Russo
bələməyin qəti əleyhinə çıxırdı. Bələk qan dövranının normal işləməsinə, uşağın
möhkəmlənməsinə mane olur. Uşağın, temperamentinə təsir edir və nəhayət uşaq
əsəbiləşir və qışqırır. Russo bələk bağını uşağın azadlığını əlindən alan ilk zəncir
hesab edir. Bu ağılsız adət elə-belə yaranmamışdır. Adamlar öz rahatlığı üçün ilk
gündən uşağın qol-qıçlarını bağlayıb, onu azadlıqdan məhrum edirlər. Russo uşağın
tez-tez yuyulmasını məsləhət görürdü. Bu vaxt uşaq müxtəlif temperatura öyrənir.
Bütün qayğılarla yanaşı Russo uşağın çox əzizlənməsinin əleyhinə olmuşdur. Ana
uşağı əziz-xələf böyüdür, o, övladına böyük ziyan vurur və belə ana ən qəddar anadır.
Buna görə də Russo uşağı kiçik yaşlarından müxtəlif iqlim şəraitinə öyrətməyi,
çətinliyə alışdırmağı tövsiyə edirdi.
Russo uşaqların ağlamasına xüsusi diqqət yetirir və qeyd edirdi ki, uşaqların
göz yaşları onların ilk xahişidir. Göz yaşları ilə onlar nə isə istəyirlər. Uşaqların
ağlamasının iki səbəbini qeyd edir. Uşaq müəyyən tələbatının ödənilməsini – yerinin
Dostları ilə paylaş: |