XVII əsr Qərbi Avropa ədəbiyyatı
133
bilməmiş, klassisizm qədər şüurlara hakim kəsilməmişlər.
Klassisizm əvvəlcə İtaliyada meydana çıxmış, antik
teatrın dirçəldilməsi və onun barbar orta əsrlər
dramaturgiyasına qarşı qoyulması kimi meydana çıxmışdır.
Ona görə də klassisizm özünün ən parlaq təcəssümünü
dramaturgiyada tapmışdır. İntibah dövrünün humanistləri
orta əsrlər dramaturgiyasını rədd edir, onun inkişafı,
nailiyyətləri, xalqın bədii zövq və tələbləri ilə
uyğunlaşmasına göz yumur, xalqın tarixi inkişaf
xüsusiyyətlərini və zamanın tələblərini nəzərə almadan
Evripid, Seneka, Plavt, Terensi kimi dramaturqların
ənənələrini dirçəltməyə can atırdılar. Onlar məntiq,
mühakimə yolu ilə antik teatrda gördükləri qanu-
nauyğunluqlar əsasında teatrın əbədi və qaçılmaz qanunlarını
müəyyənləşdirdilər.
Hələ XVI əsrə qədər İtaliyada dini tamaşalar mühüm
yer tuturdu. İntibah dövrünün humanistləri isə Senekanın
faciələrini tamaşaya qoyurdular. 1515-ci ildə Trissino
"Sofonizba" faciəsini yazır. Evripid və Senekanı özü üçün
örnək götürən müəllif əsərin mövzusunu Tit Livinin
əsərindən götürmüşdür. Süjetin inkişafındakı rasionalist
ciddilik, düzgünlük, məntiqə uyğunluq, səhnə təcəssümünün
yoxsulluğu, bədii surətlərinin mücərrədliyi, uzun-uzadı
dialoq və monoloqlar, nitqdəki əzəmətli pafos, əzəmətli
vəziyyətlər və hərəkətlər, on bir hecalı qafiyəsiz şeir bu pyesi
səciyyələndirən əsas xüsusiyyətlər idi. Həm də bütün bu
xüsusiyyətlər sonrakı dövrlərin klassisist faciəsi üçün bir
qanuna çevrildi. Tədqiqatçılar Trissinonun "Sofonizba"
əsərini haqlı olaraq Avropa klassisizminin ilk nümunəsi
sayırlar. Bundan sonra klassisizm İtaliyadan Avropanın başqa
ölkələrinə də yayılır. Fransanın, İngiltərənin, İspaniyanın,
Almaniyanın universitetlərində geniş təbliğ edilir.
Klassisizm əvvəlcə təcrübə və nəzəriyyə sahəsində
Afaq Yusifli İshaqlı
134
antik mədəniyyətə təqlid kimi meydana çıxmışdır. Antik
sənətkarların əsərlərinin və bədii yaradıcılıq təcrübələrinin
öyrənilməsi özlüyündə zəruri və faydalı idi. Məhz antik
mədəniyyəti öyrənmək nəticəsində İntibah dövrünün
sənətkarları öz istedadlarını bütün zənginliyi və dərinliyi ilə
nümayiş etdirmiş və dünya mədəniyyətinin ölməz incilərini
yaratmışlar. Klassisistlərlə İntibah dövrü humanistlərinin
antik mədəniyyətə müraciəti eyni səciyyə daşımırdı.
Klassisistlər müxtəlif tarixi dövrlərin özünəməxsusluğunu
nəzərə almır, antik dövrün təcrübəsini qanun şəklinə salır,
bununla da incəsənət ehkamçılıq bataqlığına, durğunluğa,
nüfuzlara səcdə etməyə gətirib çıxarırdı. Buna görə də
Fransa müstəsna olmaqla heç bir ölkədə klassisizm dünya
miqyaslı yüksək sənət əsərlərinin yaradılmasına gətirib
çıxarmamışdır.
Bəs necə olmuşdur ki, Fransada klassisizm uzun
müddət hegemon mövqe tutmuş, iki əsr ərzində ölkənin bədii
fikrini təmsil etmişdir? Bunun əsas səbəblərindən biri bu idi
ki, klassisizm XVII əsrdə Fransanın dövlət tərəfindən etiraf
edilən rəsmi bədii üslubu idi. Kral və hakim dairələr
klassisist sənətkarları himayə edir, onlara təqaüdlər
verirdilər.
Mütləqiyyətçi
dövlətin
siyasəti
feodal
məhəlləçiliyindən və əyalətçiliyindən ümummilli birliyə
keçid dövründə mütərəqqi bir hadisə idi. IV Henrixin,
kardinal Rişelyenin və XIV Lüdovikin köhnə feodal
qaydalarını dağıdıb yeni dövlət və vətəndaşlıq intizamı
prinsipini yeritdiyi bir dövrdə incəsənətdən də ciddi forma
intizamı tələb olunurdu. Siyasi həyatda Rişelye dövlət
əleyhinə olan hər cür özbaşınalığa qarşı amansız olduğu
kimi, klassisist incəsənət nəzəriyyəsində də fərdiyyətçilik,
bədii ilham prinsipi rədd olunurdu. Sənətkarın azad yaradıcı
ilham və dühası məcburi qaydalarla əvəz edilirdi. Rişelye
özü müəyyən edilmiş qaydalara əməl olunmasına ciddi göz
XVII əsr Qərbi Avropa ədəbiyyatı
135
yetirirdi. Bu qaydalara əməl edilməsinə nəzarət başqa işlərlə
yanaşı Akademiyaya tapşırılmışdı. Kornelin "Sid" faciəsi
üzərində qurulan mühakimə, qaydalara əməl etmək
baxımından onun ən xırda təfərrüatlarına qədər təhlil
edilməsi buna ən yaxşı sübutdur.
Rişelye dili də dövlətə tabe etməyə cəhd etmiş və
Akademiyaya dilin vahid lüğətini hazırlamağı, sintaktik
qaydalarını müəyyənləşdirməyi tapşırmışdı. Bu iş nə qədər
çətin, hətta qeyri-mümkün olsa da, Akademiya ölkənin ədəbi
ictimaiyyətini bu işə cəlb etməklə danışıq dilində işlənən söz
və istilahların qaydaya salınmasına müəyyən dərəcədə nail
ola bildi. XVI əsr yazıçılarının azad, zəngin, həm də məhəlli
ziddiyyətlərlə dolu olan dili ümumişlək sözlərin ciddi
qanunları və ölçüləri çərçivəsinə salındı. Dil müəyyən qədər
solğunlaşdı, əlvan rənglərin, orijinal, özünəməxsus cizgilə-
rini azaltdı, lakin ümumişlək bir səslənmə gücü, qüdrəti
qazandı. Onun leksika və sintaksisinin əsasını ciddi aydınlıq,
dəqiqlik, məntiqə uyğunluq təşkil etdi. Dildə belə bir sərt
səliqə və sahman yaradan Akademiya ədəbiyyatdan da belə
bir səliqə və sahman tələb edirdi.
Fransada klassisizmin çiçəklənməsinin şərtlərindən,
mühüm səbəblərindən biri də onun yaradıcılıq metodunun
fəlsəfi əsasının Dekart fəlsəfəsində öz təsdiqini tapması
olmuşdu. XVII əsr fransız fəlsəfi fikrinin zirvəsi olan Dekart
fəlsəfəsinin
materialist
tendensiyası
klassisistlərin
dünyagörüşünə bir aydınlıq möhürü vurmuşdu. Fransız
klassisizmi həmçinin Fransanın başqa bir görkəmli filosofu
olan Pyer Qassendinin /1592-1655/ əsərlərindən və
materialist fikirlərindən qidalanmışdır.
Pyer Qassendi "Fəlsəfə məcmuəsi" və "Aristotelçilər
əleyhinə paradoksal məşqlər" əsərlərində orta əsrlər
sxolastikası və dini asketizminə qarşı çıxmışdır. Ancaq
Dekartdan fərqli olaraq Qassendi sxolastika əleyhinə ağıl
Dostları ilə paylaş: |