Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   145

 278
 Təcrübə göstərir ki, valideynlərlə aparılan fərdi iş  şagirdləri tərbiyələndirməkdə, onlarda təbii 
hərəkət keyfiyyətləri və gigiyenik vərdişlər aşılamaqda müəllimə kömək göstərən ən yaxşı vasitələrdən 
biridir. Fərdi iş zamanı müəllimin uşaqların fiziki inkişafında, fiziki hazırlığında və  səhhətində olan 
qüsurların qarşısını almaqdan ötrü müəyyən tədbir görür. Təcrübədən aydın olur ki, müəllim şagirdlərlə 
fərdi işi iki formada şagirdlərin evinə getmək və ailə başçısını məktəbə dəvət etmək formasında aparır. 
Müəllim ata-ana ilə söhbət edərkən uşağın nöqsanını, yaxşı  cəhətlərini pedaqoji ustalıqla onlara 
çatdırmalıdır.  Söhbət elə təşkil olunmalıdır ki, valideyn deyilən nöqsanlardan düzgün nəticə çıxarsın, öz 
uşağının tərbiyəsində məsuliyyət daşıdığını dərk etsin və bu işi özlərinə borc bilsinlər. Uşağın qüsuru ilə 
əlaqədar, valideynlə müəllim arasında  gedən söhbətdə onların iştirakı  məsləhət deyildir. Bir sıra 
məktəblərdə fərdi iş əlaqə formasında istifadə olunarkən müəllimlər ciddi nöqsanlara yol verirlər. Onlar 
valideyni uşağın yanında danlamaqla, həm də  təhqiredici sözlər işlədirlər.  Bəzən bir uşağın qüsuru ilə 
əlaqədar olan söhbəti digər valideyn və  uşaqlar da eşidirlər. Bu nəticə etibarı ilə söz-söhbətə  səbəb 
olmaqla yanaşı, qüsuru olan uşağa və onun valideyninə pis təsir göstərir. Bəzən buna görə də valideynlər 
müəllimin çağırışına gəlmir, məktəblə  sıx  əlaqəni kəsirlər. Belə  vəziyyətin yaranmaması üçün müəllim 
aparacaq söhbətə qabaqcadan hazırlaşmalı, valideynə məsələni necə çatdıracağı haqqında düşünməlidir. 
Buna aid məktəb təcrübəsindən bir misal çəkək. 
Sinif müəllimlərindən biri onun sinfində oxuyan şagird B.-də bədəncə qüsur olduğunu görür, o, hiss 
edir ki, həmin uşaq  sağ çiynini sol çiyinə nisbətən yuxarı tutur. Qamətini düzgün saxlamır. O, bədən 
tərbiyəsi müəllimi və həkimlə bu barədə məsləhətləşir. Onurğa əyriliklərinin qarşısını almaqla əlaqədar 
tibbi-pedaqoji kitablar oxuyur. Bundan sonra uşağın valideynlərini məktəbə çağırtdırır. O, uşaq 
orqanizminin fiziki inkişafı, anatomik-fizioloji xüsusiyyətləri, fiziki hərəkətlərin sağlamlıq üçün 
əhəmiyyəti onun qamətinin inkişafında rolu və s. dair söhbət edir. Sonra uşağın fiziki inkişafda olan 
qüsurundan və onun qarşısını almaq yollarından danışır. Eyni zamanda, müəllim qamətin düzgün inkişafı 
üçün tərtib etdiyi kompleks hərəkətləri yazdırır, düzgün oturmağa, düzgün yerişə dair valideynə məsləhət 
verir. Göstərilənlərin uşaq tərəfindən müntəzəm olaraq yerinə yetirilməsinə ciddi surətdə nəzarət etməyi 
ona tapşırır. Müəllimin valideynlə apardığı əlbir tədbirin nəticəsidir ki, B. düzgün yerişə yiyələnmiş, onun 
qamətində olan qüsur isə  tədricən aradan qaldırılmışdı. 
Valideynlə  məktəbin fərdi  əlaqə saxlamasının ikinci yolu ailəyə getmək, ev şəraiti ilə tanış 
olmaqdır. Qabaqcıl sinif müəllimləri tədris ilində bir neçə dəfə sinifdə oxuyan uşaqların evlərinə gedir və 
ailə şəraiti ilə tanış olurlar. Müəllim ailə şəraiti ilə tanış olmaqla yanaşı, uşaqların özünü evdə, həyətdə 
necə aparması, gün rejiminə necə əməl olunmasını öyrənir. Bu sahədə valideynlərə lazımi kömək göstərir. 
 
X.4.Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu 
Ölkəmizdə  bədən tərbiyəsi və idman günbəgün inkişaf etdirilir. Onun əsası  məktəbdə  və ailədə 
qoyulsa da, idarə və müəssisələrdə də bədən tərbiyəsi və idman geniş yayılır və kütləviləşdirilir. 
Məktəbli gənclər arasında kütləvi bədən tərbiyəsi və sağlamlıq işinin hər  şeydən  əvvəl yaşayış 
yerlərində inkişaf etdirilməsi olduqca vacibdir. Buna görə də idman qurğularının tikilməsi və hazırda əldə 
olan qurğuların yeniləşdirilərək istifadə olunmasına diqqət artırılmışdır. Onların hansı idarəyə 
mənsubiyyətindən asılı olmayaraq hər bir rayonda və mikrorayonda kütləvi bədən tərbiyəsi və sağlamlıq 
işi canlandırılmış, mənzil haqda, mədəni-kütləvi və idman işi üçün ayrılan vəsaitdən istifadə olunması 
qaydaya salınmışdır. 
Respublikanın 25 rayonunda Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi, digərlərində 
isə Olimpiya kompleksinin tikintisinə başlanması, Heydər  Əliyev adına fondun hesabına onlarla 
məktəblərin, məktəbyanı meydançaların, idman zallarının tikilməsi və bir çox şirkətlərin idmana 
himayəçilik etməsi sayəsində ölkəmizdə bədən tərbiyəsi və idman daha sürətlə inkişaf etməyə başlamış və 
daha çox məktəblini özünə  cəlb etmişdir.  Şəhər və  kənd rayonlarımızda yerli təşkilatlar və ictimai 
qüvvələr bədən tərbiyəsi və idmanı yaxşılaşdırmaq üçün öz qüvvələrini səfərbər edir, əllərindən gələni 
əsirgəmir. Nəticədə ictimai qüvvələrin və yerli təşkilatların yaxından köməyi sayəsində bu iş 
məktəblərdə, məhəllələrdə və digər ictimai obyektlərdə daha da canlandırılmışdır. 
İdman cəmiyyətləri və evlər idarələrində  də kütləvi bədən tərbiyəsi işinin genişləndirilməsinə 
kömək etməlidirlər. Yaxın illərdə şəhərlərdəki hər bir idarə nəzdində, hər bir kənddə şagirdlərlə kütləvi 
idman işinin təşkilinə nail olmalı, kompleks idman meydançaları, idman şəhərcikləri və stadionları 


 279
abadlaşdırılmalıdır. Yaşayış yerlərində və bələdiyyə idarələrində uşaqlar və gənclərlə bədən tərbiyəsi və 
idman məşğələlərinin keçirilməsi diqqət mərkəzində olmalıdır. 
İri müəssisə  və idarələrin və ictimaiyyətin qüvvəsinə arxalanaraq respublikamızda da xeyli işlər 
görülmüşdür. Xüsusən Azərbaycanın bir sıra rayon və  şəhərlərində, habelə  məktəblilərin gərgin  əməyi 
sayəsində idman şəhərcikləri, stadion və müvafiq meydançalar yaradılmışdır. Bəzi idman meydançaları 
isə  təmir edilib qaydaya salınmışdır. Bu sahədə Füzuli rayonu zəhmətkeşlərinin təşəbbüsü xüsusilə 
faydalı olmuşdur. Bütün məktəblərdə kompleks idman meydançaları düzəltmişlər. VMH kompleksinə 
hazırlıq və onun tələb və normalarının qəbulu üçün gözəl meydançalar düzəltmişlər. Füzulilərin təşəbbüsü 
rayonlarda da geniş yayılmışdır. Hazırda Yevlax, Ağdam, Qazax və s. rayonlarda idman bazaları, 
Olimpiya kompleksləri yaradılmışdır. 
Bakının bir sıra şəhərlərində, mikrorayonlarda və digər yaşayış yerlərində təşkil olunmuş valideyn 
komitələri məktəblilərlə birlikdə kütləvi idman tədbirləri aparmaqda böyük təcrübə toplamışlar.  İdman 
tədbirlərinin həyata keçirilməsində ayrı-ayrı rayonların gənclər – idman və turizm idarələri yaxından 
iştirak edirlər. Rayonların fəal və ictimaiyyətçi gəncləri, idmançılar MİS-lərə  və  bələdiyyə idarələrinə 
idman bölmələrinin, yarışların, yürüş və ekskursiyaların təşkili və keçirilməsində kömək göstərirlər. 
Bütün bunlar idmançı kadrların hazırlanmasında, onların idman fəaliyyətlərinin 
genişləndirilməsində  zəmin yaradır,  əhalinin yaşadığı yerlərdə kütləvi bədən tərbiyəsi və idmanın 
inkişafına kömək edir. 
Bədən tərbiyəsi və idman tədbirləri, xüsusilə idman yarışları yalnız həyətlər arasında deyil, 
məktəblər və həyətlər arasında, bir rayonun həyət komandaları ilə başqa bir rayonun həyət komandaları 
arasında keçirilir. Yarışan komandaların hər birinin özünəməxsus forması və öz adı vardır. 
Bu yarış qaliblərinə adətən, MİS-in evlər idarəsinin və rayonun fərqlənmə nişanı verilir. Qaliblərə 
həm də bədən tərbiyəsi təşkilatlarının mükafatları təqdim olunur. 
MİS-in evlər idarəsi yeni meydançaların düzəldilməsinə, köhnəsinin təmirinə valideynlərlə yanaşı, 
uşaqları da cəlb etməlidir. Bəzi sadə qurğuları uşaqlar özləri də düzəldə bilərlər. Ümumiyyətlə, uşaqların 
meydançaların düzəldilməsinə  cəlb edilməsi, sadə idman qurğularının hazırlanmasında iştirakı, onların 
avadanlığa qayğısı münasibətinin bəslənməsinə səbəb olur. Əlbəttə, MİS-lərin və evlər idarəsi nəzdində 
bədən tərbiyəsi və idman tədbirləri o zaman yaxşı nəticə verə bilər ki, bu təşkilatlar məktəblə sıx əlaqə 
saxlaya bilsin, ondan lazımi kömək alsın. 
Müşahidələr göstərir ki, bir çox valideynlər uşaqların, xüsusilə  qızların məktəbin idman 
tədbirlərində  iştirak etməsinə icazə vermir, bu işə  hər  vəchlə mane olurlar. Elə buna görə  də  məktəb 
müəllimləri, pedaqoji kollektivin üzvləri belə valideynlərlə  iş aparmalıdır. Bədən tərbiyəsi və idmanın 
sağlamlığın möhkəmləndirilməsində, bəzi  xəstəliklərin qarşısının alınmasında  əməyə  və  Vətənin 
müdafiəsində əhəmiyyətini, zehni, estetik və əxlaq tərbiyəsində  mühüm rolunu onlara izah etməli və başa 
salmalıdır. Yalnız bu zaman ailədə uşaqların fiziki tərbiyəsinin müasir tələblər səviyyəsinə çatmasından 
danışmaq olar. 
 Beləliklə, bütün bunlardan belə  nəticəyə  gəlmək olar ki, dünyada qloballaşma getdiyi bir dövrdə 
yeniyetmə  və  gənclərin sağlamlığını qorumaq və onu daha da möhkəmləndirmək günün vacib 
tələblərindəndir. Bunu isə tam şəkildə  həyata keçirmək məktəb, ailə, ictimai və özəl birliklərin birgə 
fəaliyyətindən asılıdır. 
 
                               
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə