130
yerinə yetirilən ümuminkişaf hərəkətlərindən, habelə topların bir-birinə ötürülməsindən sıra
ilə yerişə
keçmək olar. Məsələn, şagirdlər üz-üzə deyil, dörd cərgəyə düzülübsə (istiqamətçi müəllimdən sol
tərəfdə) onlara aşağıdakı kimi komanda verilir: Soldan boy sırası ilə zal ətrafında tək sıra marş! Bu vaxt
istiqamətçi qabaqda olmaqla, əvvəlcə birinci sıradakı dörd şagird, sonra isə digər sıralar bir-birinin
ardınca göstərilən istiqamətdə hərəkət edirlər.
Şagirdlərin zalda lazımi qaydada yerləşdirilməsi və düzləndirilməsi hazırlıq hissəsinin səmərəli
təşkili üçün əsas şərtlərdən biridir. Bəzi müəllimlər şagirdlərin sıraya və cərgəyə düzülməsinə o qədər də
diqqət vermirlər. Buna görə dərs elə ilk mərhələdən mütəşəkkil olmaması ilə diqqəti cəlb edir.
Düzülmələr vacib şərt kimi şagirdlərə lap tədrisin başlanğıcından öyrədilməli, getdikcə vərdiş
halına salınmalıdır. Şagirdlərə,
ilk növbədə, zalın divar boyu cərgəyə düzülməyi öyrətmək lazımdır.
Şagirdlər pəncərədən təxminən 1 m aralı olmalı, istiqamətçi zalın yuxarı, tamamlayıcı isə qapı tərəfində
durmalıdır. Müəllim cərgənin ortasına yaxın, şagirdlərdən 3-4 m aralıda dayanmalıdır. Bu zaman
istiqamətçi müəllimin sağında, tamamlayıcı isə solunda durmalıdır. Cərgəyə yaxud sıraya düzülmələrdə
iki cəhətə xüsusi diqqət yetirilməlidir. Əvvəla, şagirdlər öz yerlərini yaxşı tanımalı, ikincisi, müəllim sıra
və ya cərgə qarşısında özü üçün elə yer seçməlidir ki, bütün uşaqlar onu və onun hərəkətlərini görə
bilsinlər.
Şagirdlərin bələdləşmə, məkan və zaman vərdişlərinə yiyələnməsində sıra və cərgəyə
düzülmələr xüsusi rol oynayır. Buna görə də düzülmələri həmişə eyni yerdə deyil, zalın və ya
meydançanın müxtəlif sahələrində öyrətmək lazımdır. Düzülmələri əvvəlcə zalda uzununa (cərgə və
sıraya), sonra zalın baş və aşağı tərəfində köndələn, daha sonra ortada diaqonal üzrə və s. öyrətmək
lazımdır. Düzülmələr zamanı oğlan və qız yarımqruplarının yerlərini dəyişmək faydalıdır. Çünki bu, həm
qız, həm də oğlanların bələdləşmə vərdişləri qazanmasına real imkan yaradır.
Düzülmələrə bayır şəraitində daha çox diqqət verilməlidir. Çünki şagirdlər bayırda özlərini daha
sərbəst
hiss edir, onların diqqətini tez və asanlıqla yayına bilir. Kənar amillər onların vərdiş etdikləri
intizamı sarsıdır. Digər tərəfdən, azyaşlı şagirdlər açıq havada çevik hərəkətlər etməyə və oynayıb
şənlənməyə daha çox meyl göstərirlər.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fikrət Tağıyev adına 72 saylı məktəb-litseyin sinif müəllimi
Əliyeva Naibə şagirdlərin bələdləşməsinə səy göstərir. Həmin məqsədlə o, düzülmələrin aşağıdakı
formalarından istifadə edir:
- Tapşırıqları yarımqruplar üzrə yerinə yetirdir; axtarıb tapma vərdişlərinə yiyələnməsinə xüsusi
fikir verir;
- Düzülmələrin yerini və istiqamətini dəyişdirir;
- Hərəkətlərin icraolunma müddətini tədricən məhdudlaşdırır;
- Hərəkətetmə üsullarını yeri gəldikcə dəyişdirir;
- Yarımqruplar arasında tapşırıqların əvvəlcə dəqiq, sonra dəqiq və tez yerinə yetirmək uğrunda
yarış keçirir;
- Düzülmə formasını uşaqların özlərinə seçdirir və onun yaradıcılıqla yerinə yetirilməsinə nəzarət
edir.
Düzülmələr ciddi tələbkarlıqla
icra edilməli, şagirdlərin qarşısında konkret qayda və tələblər
qoyulmalıdır. Bura yarımqrupların və ya sinfin zaman, məkan və bələdləşmə üzrə tapşırıqlara düzgün və
dəqiq yanaşması: hərəkətlərin bir-birinə uyğun və dəqiqliklə icrası; fərdi və kollektiv hərəkətlərin sürətlə,
düzgün yerinə yetirilməsi, habelə şagirdlərin diqqəti toplamağa, vəziyyəti yaradıcılıqla dəyişməyə hazır
olması bacarığı və s. daxildir.
Müşahidələrdən məlum olur ki, sinifdə şagirdlərin sayı təxminən 25-30 –dan çox deyilsə, onları
dairə üzrə düzləndirib, xüsusi və ümuminkişaf hərəkətləri, habelə mütəhərrik oyunlar keçmək əlverişlidir.
Çünki dairəvi düzülmədə yerində hərəkətdən yeriş hərəkətlərinə və əksinə keçmək asan olur. Eyni
zamanda, şagirdlər dairəvi düzülmədə müəllimin və yoldaşlarının hərəkətləri
necə yerinə yetirməsini
yaxşı görə bilərlər.
Hərəkətlər dairədə icra olunarkən şagird nümunəsindən istifadə etmək tədrisin səmərəliliyinə
kömək edir. Bu zaman hərəkəti səlist yerinə yetirən şagird mərkəzə (qabağa) çağrılır, hərəkət onun
tərəfindən nümayiş etdirilir. Belə bir üsuldan istifadə etmək şagirdləri fəallaşdırır və onların dərsə qarşı
münasibətini yaxşılaşdırır. Şagirdlər fiziki hərəkətləri dairədə daha məsuliyyətlə icra etməyə səy
131
göstərirlər. Hərəkəti düzgün icra edə bilməyən şagirdləri dairənin mərkəzinə çağırıb, həmin hərəkəti
yerinə yetirmələrini təşkil etmək olar. Bu şərtlə ki, yoldaşları onlara gülməsinlər. İşin belə təşkili
müəllimin daha çox təcrübəli olmasından və dərsin düzgün təşkilindən asılıdır. Dərsdə həmin şəraitin
yaradılmasının həm tərbiyəvi, həm də tədris əhəmiyyəti var. Bu vaxt uşaqlar yoldaşı müşahidə etmək
qabiliyyətinə yiyələnməklə yanaşı, hərəkətin icrasına dair yarışların keçirilməsi ilə əlaqədar nöqsanları
görür, yeri gəldikcə özündə yaranmış həmin istiqamətli qüsurları aradan qaldırmaq bacarığına da malik
olurlar. Təəssüf ki, bəzi sinif müəllimləri hərəkəti lazımi qaydada icra edə bilməyən şagirdləri yamsılayır,
onları gülünc vəziyyətdə qoyurlar. Şübhəsiz, müəllimin belə hərəkəti sinfin təlim-
tərbiyəsinə mənfi təsir
edir. Hər şeydən əvvəl, şagirdlərdə müəllimə qarşı nifrət hissi oyanır, dərs onlar üçün cansıxıcı keçir.
Ümumiyyətlə, düzülmələrin səmərəli təşkili və keçirilməsində müəllim aşağıdakılara nail olmalıdır:
1. Ən əvvəl şagirdlərin nizam-intizama riayət etməsini təmin etməlidir;
2. Fiziki hərəkətləri və mütəhərrik oyunları tədricən çətinləşdirməlidir;
3. Düzülmələrin dəqiq, çevik və sürətlə yerinə yetirilməsinə nail olmalıdır.
Bütün bunlar şagirdlərə tərbiyəvi təsir etməklə yanaşı, həm də az vaxt ərzində daha çox hərəkət
etməyə zəmin yaradır.
Bundan başqa, düzülmələr zamanı gövdənin və başın düz tutulmasına, əl, qol, ayaq, qıç
hərəkətlərini ritmik, səlis, bir-birinə uyğun və çevikliklə icra olunmasına da xüsusi diqqət verilməlidir. Bu
tələblər şagirdlərin əhval-ruhiyyəsini, emosionallığını yüksəldir, dərsə həvəsini artırır, estetik hisslərini,
zövqünü daha da inkişaf etdirir.
Qeyd etməliyik ki, sıra və cərgəyə düzülmə hərəkətlərinin düzgün və musiqinin müşayiəti ilə
yerinə yetirilməməsi şagirdlərdə ruh düşkünlüyünə,
tez yorulmaya səbəb olur, dərsə marağı azaldır,
uşaqlar tapşırığı lazımi fəallıqla icra etmirlər. Buna görə də ibtidai siniflərin bədən tərbiyəsi dərsləri
musiqinin müşayiəti ilə aparılmalıdır.
Raport və davamiyyətin yoxlanması. Bədən tərbiyəsi dərsinin tərbiyəvi cəhətlərindən biri də
raportun verilməsii və qəbul edilməsidir. Raport şagirdlərin dərsə həvəsini artırır, estetik hisslərini
yüksəldir. Raport vermək III sinfin proqramında tələb olunur. Lakin o, I sinifdən başlayaraq verilməli və
qəbul edilməlidir. Təcrübə göstərir ki, bədən tərbiyəsi dərsində təbii hərəkət bacarıq və vərdişləri
aşılandığı kimi, raport vermək üzrə bacarıq və vərdişləri də I sinifdən başlayaraq öyrətməyin mühüm
təlim-tərbiyəvi əhəmiyyəti var. Raportu əvvəlcə qız və oğlan bədən tərbiyəsi təşkilatçılarına – ən fəal
şagirdlərə, sonra isə sinfin bütün şagirdlərinə öyrətmək lazımdır.
Sual olunur: raporun təlim-tərbiyəvi imkanları hansılardır? Raport zamanı şagirdlər «Düzlən!»,
«Farağat!», «Diqqət!», «Mərkəzə!», «Azad!» komandalarını verməyi öyrənirlər ki,
bunlar da tədris
elementləridir.
Raport prosesi nə qədər düzgün, ciddilik və tələbkarlıqla yerinə yetirilərsə sinfin təşkil olunması,
şagirdlərin ümumi intizamı və dərsin səmərəliliyi bir o qədər yüksək olacaqdır. Raportun verilməsi və
qəbul olunması prosesi az vaxt içərisində keçsə də, onun aşıladığı rəsmiyyət vərdişi nəticə etibarı ilə uzun
müddət şagirdlərin təfəkküründə qalır və hərbi mükəlləfiyyət illərində hərbi intizama riayət olunmasında
çağırışçıların qayda-qanuna tez alışmasına kömək edir.
Raport zamanı şagirdlər komandanı daha düzgün yerinə yetirməli, intizamı pozmamalı, bədən
düz tutulmalı, lakin həddindən artıq gərginləşdirilməməlidir. Bu zaman şagirdlərin diqqəti mərkəzə
yönəldilməli, raportu verən və qəbul edən (raportu ibtidai siniflərdə müəllim qəbul etməli, lakin yeri
gəldikcə şagirdlərə də raportu qəbul etmək qaydasını öyrətmək məsləhətdir) müşahidə edilməlidir.
Verilən komandanı eşitmək və yerinə yetirmək, yəni eyni vaxtda başı sola (sağa) döndərərək düz
saxlamaq, döş qəfəsini nisbətən irəli vermək,
mərkəzə baxmaq, rəsmi məlumata ciddiyyətlə qulaq asmaq,
sonra «Azad!» komandasına keçmə və s. həm raport verənin, həm də cərgədə farağat duranların
təşkilatçılıq, icraetmə və komanda vermə qabiliyyətini, habelə onların cəldlik, çeviklik və dözümlülüyünü
artırır. Komandanın eyni bir vaxtda icrası cərgənin ahəngdarlığını, gözəlliyini və şagirdlərin
mütəşəkilliyini, habelə onların verilən tapşırığa məsuliyyətini yüksəldir. Raport şagirdlərin diqətini
toplayır, zehni və hərəkət fəallığını artırır, estetik zövqünü inkişaf etdirir. Raport vaxtı şagirdlərin söhbət
etməsinə, diqqətin yayınmasına imkan verilməməlidir. Çünki bunlar nəinki raportun, hətta dərsin yüksək
təşkilatçılıq zəminində aparılmasına mənfi təsir göstərir.