Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Din fərdi dünyagörüşün və ictimai şüurun



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə31/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   175
2.2. Din fərdi dünyagörüşün və ictimai şüurun 
forması kimi
Din ictimai şüurun tarixi bir forması kimi meydana gəlmişdir. Doğrudur, 
dini şüur əsasını fərdi şüurdan irəli gəlmişdir, lakin tarixə nəzər saldıqda 
görürük ki, bütün dünya dinləri fərdi şüurun hüdudlarını keçib ictimai xarakter 
qazanmışdır. 
Dini şüur tarix boyu müxtəlif cəmiyyətlərdə fərqli formalarda təzahür 
etmişdir. Bu müxtəliflik, ilk növbədə, cəmiyyətlərin ictimai-mədəni təməllərinin 
fərqliliyindən irəli gəlir. Ümumilikdə, dini şüur nəzəri, praktik və ictimai olmaqla 
üç ifadə formasında özünü göstərir. Dini şüurun nəzəri ifadəsi ilə dini inam və 
etiqadlar, praktik ifadəsi ilə ibadət və ayinlər, ictimai ifadəsi ilə dini birliklər 
nəzərdə tutulur. 
Dini şüurun təməli kimi çıxış edən nəzəri aspektin özü də müxtəlif 
səviyyələrdə təzahür edir. İbtidai dünyagörüşlərində miflər şəklində ifadə 
edilən etiqadlar mədəniyyətin daha mütərəqqi mərhələlərində “dini doktrinalar” 
və ya teologiyaya (ilahiyyat) çevrilmişdir. Dini şüurun nəzəri ifadəsi xüsusi 
əhəmiyyətə malik olan üç mövzunu əhatə edir: tanrı, kainat və insan. Başqa sözlə, 
teoloji, kosmoloji və antropoloji anlayışlar müxtəlif dinlərdə miflər, inamlar və 
doktrinalar formasında təzahür etmişdir. Teologiyada tanrının və ya tanrıların 
mahiyyəti, atributları, mənşəyi və bunların isbat edilməsi mövzularından bəhs 
edilir. Kosmologiyada kainatın mənşəyi, inkişafı, müxtəlif mərhələləri, onun 
aqibəti və ya sonu ilə əlaqəli konsepsiyalar yer tutur. Dini təcrübənin nəzəri 
ifadəsinin antropoloji bəhsi isə insanın yaranması, onun mahiyyəti, vəzifəsi və 
aqibəti ilə bağlı mövzulardan ibarətdir.
Dini şüurun praktik təzahürünə müqəddəs hesab edilən varlıqla bağlı 
ayinlər, mərasimlər, ibadətlər, simvollar və müxtəlif qurban ritualları daxildir. 
Dini şüurun nəzəri, yoxsa praktik yönünün daha önəmli olduğu mövzusunda 
çoxlu müzakirələr aparılmışdır. Nəticə olaraq, ibtidai və milli dinlərdə dini 
təcrübənin praktik və ya ritual aspektinin, ümumbəşəri dinlərdə isə dini şüurun 
nəzəri (etiqad) aspektinin daha əhəmiyyətli olduğu fikri qəbul edilir.
Dini şüurun başqa bir yönünü isə onun ictimai ifadəsi təşkil edir, çünki 
dinlər insanları dini qruplar və birliklərdə birləşdirmə potensialına malikdir. 


61
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Dini şüurun ictimai aspekti, əslində fərdi şüurun ictimai şüur müstəvisinə 
yüksəlmə prosesidir. Belə ki, subyektiv dini şüurun yayılması və ictimailəşməsi 
nəticəsində din bir qrup insanın və ya bütovlükdə cəmiyyətin ictimai şüurunun 
formalaşmasında mühüm rol oynayır.
Dinin funksiyası dedikdə, dinin fərd və cəmiyyət üçün əhəmiyyəti, dinin 
cəmiyyətdəki rolu və yeri nəzərdə tutulur. Dinin sosioloji təriflərinin, eləcə də 
dini şüurun ifadə formalarının müxtəlif olması, dinin fərd və cəmiyyət üçün 
bir-birindən fərqli funksiyaları yerinə yetirdiyi mənasına gəlir. Dinin bütün 
cəmiyyət və zamanlar üçün dəyişməz funksiyalarını müəyyənləşdirmək o qədər 
də asan deyil. Onun ictimai rolu cəmiyyətin strukturundan və mədəniyyətindən 
asılıdır. Məsələn, dövlət strukturuna malik olmayan primitiv cəmiyyətlərdə 
ictimai nizamı tənzimləyici funksiyanı din, dünyəvi dövlətlərdə isə bu funksiyanı 
mədəni hüquq yerinə yetirir. Deməli, dinin funksiyaları universal deyildir
əksinə, bunlar dəyişkən və nisbi xarakter daşıyır. Bununla belə, müxtəlif tarixi 
dinlərin keçmişdə və günümüzdə cəmiyyət və fərd üçün vacib olan bəzi rollarını 
müəyyənləşdirmək mümkündür. Bunları, əsasən, iki qismdə – dinin fərdi 
funksiyaları və dinin ictimai funksiyaları olaraq nəzərdən keçirək.
Dinin fərd üçün əhəmiyyəti çox böyükdür. Belə ki, din insanların həyatına 
məna qazandırır və onların dünyagörüşünü formalaşdırır. İstər keçmişdə, istər 
müasir dövrdə insanlar “Nə üçün varam?”, “Nə etməliyəm?”, “Öldükdən sonra 
nə olacaq?” kimi suallara cavab axtarıblar. Lakin din xaricində bu suallara 
konkret cavab verən başqa dünyagörüşü forması mövcud deyildir. Dini şüurun 
nəzəri ifadəsi, daha öncə də gördüyümüz kimi, müxtəlif etiqad sistemləri, miflər, 
yaxud dini hekayələr vasitəsilə kainatın, insanın necə və nə üçün yaradıldığı, 
vəzifələri, onun aqibəti ilə bağlı cavabları ehtiva edir. 
Elm təbiətlə bağlı olan bir çox hadisələri izah etməyə nail olsa da, 
həyatın mənası və dəyərini izah etmək elmin vəzifələrinə daxil deyildir. Odur 
ki, bir çox filosoflar həyatın mənası, məqsədi və hədəfini elmin deyil, yalnız 
dinin müəyyənləşdirə biləcəyini etiraf etmişlər. Məsələn, tanınmış alman 
sosioloqu 
Maks Veberə (1864-1920)
görə, həyata məna vermək dinin əsas 
funksiyasıdır. Çünki iztirab, haqsızlıq, ədalətsizlik, ölüm kimi hallara din xüsusi 
məna qazandırır, fərdin mənəvi-psixoloji ehtiyaclarına cavab verən əhatəli 
dünyagörüşü formalaşdırır.


MULTİKULTURALİZMƏ GİRİŞ
62
Həmçinin insana mənsubiyyət və kimlik qazandırmaq dinin digər fərdi 
funksiyasıdır. İnsan inandığı fövqəltəbii qüvvəyə tabe olaraq, hansı dinə və ya 
məzhəbə mənsub olduğunu, qısaca, öz kimliyini müəyyənləşdirir. Beləliklə, din
müasir dövrdə bir çox insanın məruz qaldığı kimlik böhranına qarşı güclü sipər 
funksiyasını yerinə yetirir. 
Dinin ictimai funksiyaları da müxtəlifdir. Burada dinin sosial inteqrasiya, 
tənzimedici və legitimləşdirici funksiyaları xüsusilə qeyd edilməlidir. Dinin 
sosial inteqrasiya və birləşdirmə funksiyasını yerinə yetirməsi, demək olar ki, 
bütün funksionalist sosioloqlar tərəfindən vurğulanmışdır. Din ortaq inanc, ayin 
və mərasimlər vasitəsilə insanları dini birlik və qruplarda birləşdirir. Müştərək 
dünyagörüşü və eyni hədəflər insanların cəmiyyət halında yaşamasını mümkün 
edir. E.Dürkheym məhz din sayəsində cəmiyyət həyatının mümkün olduğunu 
ifadə edir və bildirirdi ki, din, əslində ictimai həyatın simvolik ifadəsindən 
ibarətdir. Buna baxmayaraq, dinin inteqrasiyaedici funksiyası nisbi xarakter 
daşıyır. Din müştərək inancları bölüşən insanları birləşdirdiyi halda, fərqli 
inanclara malik olanlara və ya inancsızlara qarşı mənfi münasibət bəsləməyə, 
hətta zorakılığa da səbəb ola bilər. Dinin bu qəbildən olan mənfi rollarına isə dinin 
disfunksiyası
deyilir. Tarixdə və günümüzdə dini zəmində çoxlu münaqişələrin 
baş verdiyi məlumdur. Odur ki, dinin inteqrasiya və ya münaqişəyə səbəb olması 
situasiyaya bağlı olaraq dəyişir.
Eyni zamanda, din ictimai dəyərləri, normaları və mədəniyyəti 
legitimləşdirmə, onlara haqq qazandırma funksiyasına malikdir. Belə ki, o, 
ictimai norma və dəyərlərə müqəddəs məna yükləməklə sosial strukturu qoruyur. 
Beləliklə, din adət-ənənələr, ictimai normalar və dəyərlər üçün sağlam təməl 
rolunu oynayır, həmçinin dini məna daşıyan norma və dəyərləri nəsildən-nəslə 
ötürür. Yaxşı və ya pis əməllərin (normalar) din tərəfindən müəyyənləşdirilməsi 
insanlarda özünənəzarət mexanizmini gücləndirir. Bu da ictimai asayişin təmin 
olunması və ictimai nizamın möhkəmlənməsi sahəsində öz töhfəsini verir. 
Sonda bir daha qeyd etmək lazımdır ki, dinin inteqrasiyaedici, ictimai 
nizamı dəstəkləmə və ya iğtişaşlara səbəbolma funksiyaları cəmiyyətin mövcud 
sosial, mədəni, iqtisadi və siyasi strukturundan, habelə toplumda, geosiyasi 
mühitdə baş verən proseslərdən asılı olaraq, müsbət və ya mənfi istiqamətdə 
inkişaf edə bilər.


63
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə