68
əvvəllərində, yəni son tunc və ilk dəmir dövründə ümumi Azərbaycan
yaşayış yerləri üçün xarakterik olan bəzi problemlər üzərində dayanmağı
lazım bilirik.
Xocalı-Gədəbəy mədəniyyəti. Azərbaycanın qərb bölgəsində e.ə. II
minillikdə yaşamış güclü tayfa ittifaqları əkinçilik, maldarlıq təsərrüfatlarını
intensiv inkişaf etdirməklə yanaşı metallurgiya və metalişləmə sənəti
sahəsində də mühüm nailiyyətlər əldə etmişlər. Bu tayfaların mədəni irsi
arxeoloji ədəbiyyatda məşhur Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır.
XIX-XX əsrlərdə Kür çayının sol sahillərindən başlayıb Araz çayına
kimi böyük bir ərazidə aparılmış arxeoloji tədqiqatlar göstərdi ki, Xocalı-
Gədəbəy mədəniyyətinin izlərinə Azərbaycanın bütün ərazilərində -
Mingəçevir, Gədəbəy, Göygöl (Xanlar), Xaçbulaq, Xocalı, Çovdar,
Daşkəsən, Qazax və digər ərazilərdə, o cümlədən İran Azərbaycanında da
rast gəlinir. Bu mədəniyyəti daşıyan tayfalar əsasən Azərbaycanın qərbində -
dağətəyi ərazilərdə sıx məskunlaşmış, əkinçilik, maldarlıq və sənətkarlıqla
məşğul olmuşlar.
Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji ədəbiyyatda bəzən Gəncə
Qarabağ və Mərkəzi Zaqafqaziya mədəniyyəti kimi də tanınır. Bu
mədəniyyətin yayıldığı ərazilər e.ə. II-I minilliklərə aid hasarsız, ətrafı
müdafiə divarları ilə möhkəmləndirilmiş yaşayış yerləri (Xocalı, Qaramurad,
Cənnət qalası, Göydərə və s.) siklop tikintiləri, istehkam ocaqları, kurqanlar,
daş qutu və torpaq qəbirlərindən ibarət abidələrlə çox zəngindir. Qəbirlərdə
aparılan arxeoloji tədqiqatlar göstərmişdir ki, ölülər bükülü vəziyyətdə
müxtəlif istiqamətlərdə dəfn olunmuşlar. Bu növ dəfn adətinə Orta Asiyada,
İranda, Türkiyədə və s. ölkələrdə də rast gəlinmişdir. Bu abidələr üçün
səciyyəvi olan boz, qara cilalı, ağ inkrustasiyalı gil məmulatları, müxtəlif tipli
zəngin tunc əşyalar dövrün mədəniyyətini və incəsənətini özündə əks etdirir.
Qablar əsasən qabarıq gövdəli küplərdən, darboğaz təkqulplardan,
nehrələrdən, cam formalı qablardan ibarətdirlər.
Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin əsas yaşayış məskənləri
istehkamlı və istehkamsız olmaqla iki qrupa bölünür. İstehkamın yaşayış
yerləri siklop tikililərdə təmsil olunur. Bu abidələr haqda ilk məlumatı 1871-
76-cı illərdə F.Bayern vermişdir. 1935-ci ilə qədər İ.Cəfərzadə 59 siklopik
abidə qeydə almışdır. Hazırda Azərbaycan ərazisində 150-dən artıq siklopik
tikiliyə təsadüf olunmuşdur. Onlardan yalnız 20-si arxeoloji cəhətdən
öyrənilmişdir. Siklopik abidələrin əsas xarakterik cəhəti onların yonulmamış
iri sal daşların üst-üstə qoyularaq heç bir yapışdırıcı məhluldan istifadə
olunmadan bərkidilməsidir. Abidələrdəki mədəni təbəqə qalınlığına görə üç
qrupa bölünür:
I mədəni təbəqə 1, 2 - 2 m arasında (uzunmüddətli yaşayış yerləri
kimi)
69
II mədəni təbəqə - 0,5-0,8 m (istehkam kimi)
III mədəni təbəqə - ya zəif, ya da heç nəzərə çarpmayan (mal-qara
saxlanılan yerlər).
Talış-Muğan ərazisindən tapılan maddi mədəniyyət nümunələri bu
ərazidə yaşayan tayfaların mədəniyyəti üçün uzun, nazik quruluşa malik,
yəhər şəkilli dəstəyi olan xərcər və qılıncların ornamentsiz boz rəngli
qabların səciyyəvi olduğunu göstərir.
Qeyd etmək istərdik ki, Azərbaycanın Son tunc və İlk Dəmir dövrü
arxeoloji abidələri kompleksinin böyük bir qrupu boyalı qablar arxeoloji
mədəniyyətinə aiddir. Bu mədəniyyət elmi ədəbiyyatda Naxçıvan arxeoloji
mədəniyyəti adlandırılır.
Bu dövrdə Azərbaycanda müdafiə qalaları və hasarsız daimi yaşayış
məskənləri (Govurqala, Sarıtəpə, Qaratəpə, Göygöl (Xanlar), Mingəçevir,
Baba Dərviş) ilə yanaşı, mövsümlük yurd yerləri də mövcud olmuşdur.
Yaşayış evləri əsasən yarımqazma formalıdırlar. Qədim yarımqazmalar
dördkünc plana malik olub, əsasən, yonulmamış daşlardan, nadir hallarda isə
gillə suvanmış qamışdan inşa edilmişdir. Çox vaxt divar boyu dirək
yerlərinin izlərinə təsadüf olunur. Otaqların tavanında isə işığın düşməsi və
tüstünün çıxması üçün xüsusi bacalar düzəldilmişdir.
Otaqların əksəriyyətinin ortasında divarları gillə suvanmış dairəvi
ocaq yerlərinə təsadüf olunmuşdur. Otaqların gillə suvanmış döşəmələrində
iri küplər basdırılmış, yaxud da təsərrüfat quyuları qazılmışdır. Qazax rayonu
ərazisində tədqiq edilmiş Sarıtəpə və Baba Dərviş yaşayış yerlərindən
mürəkkəb quruluşlu yerüstü binalar üzə çıxarılmışdır. Düzbucaqlı plana
malik olan bu binalar arakəsmə divarlarla iki hissəyə bölünmüşdür. Nisbətən
böyük hissə yaşayış, kiçik hissə isə mətbəx və ya anbar üçün nəzərdə
tutulmuşdur.
Son tunc dövrü istehkam abidələri siklop tikililəri adı ilə məşhurdur.
Bu abidələrə təkcə Azərbaycanın qədim ərazilərində deyil, Gürcüstan və
Şimali Qafqazın bəzi yerlərində, İranda və Türkiyədə də təsadüf olunmuşdur.
Azərbaycan ərazisində siklop tikililəri əsasən Kiçik Qafqaz rayonunda
aşkar edilmişdir. Sal qaya daşlarından bərkidici məhlulsuz hörülən bu
tikililərə müxtəlif ölçülərdə təsadüf olunur. Onların divarlarının hündürlüyü
əksər hallarda 3m-ə çatır. Yerli əhali arasında "qalaça", "hörük daşı", "hasar",
"səngər", "duzlaq" və s. adlanan bu abidələrin nə məqsədlə tikilməsi
haqqında müxtəlif fikirlər irəli sürülür.
Alimlərin bir qrupu onları yarımköçəri maldarların müvəqqəti yurd
yeri, başqaları müdafiə istehkamı, bəziləri dini ibadətgah, bir qrupu isə
sadəcə yaşayış məskəni hesab edirlər. Həmin abidələrin bilavasitə dağlıq
yerlərdə, əksəriyyətinin isə köç yollarının kənarında yerləşməsi, onların
yarımköçəri maldarlar üçün yurd yeri olması barədə mülahizələrə haqq
Dostları ilə paylaş: |