AMEA Tarix İnstitutunun
Elmi işlər üzrə direktor müavini, t.e.n.
C.Ə.Bəhramov
8
I HİSSƏ. İBTİDAİ İCMA QURULUŞUNUN TARİXİ
I FƏSİL
İBTİDAİ İCMA QURULUŞUNUN
ÖYRƏNİLMƏ TARİXİ
1. İnsanın yaranması
Bəşər tarixinin ən qədim dövrü olan ibtidai icmanın tarixini
öyrənərkən müxtəlif mənbələrdən - arxeologiyadan, etnoqrafiyadan,
dilşünaslıqdan, antropologiyadan, geologiyadan və digər elmlərdən istifadə
edilir. Lakin bu dövrün öyrənilməsində əsas mənbə arxeoloji, etnoqrafik və
antropoloji məlumatlar sayılır.
İbtidai icma tarixinin öyrənilməsində əsas mənbələrdən birinin
arxeologiya olduğu üçün biz şərhimizdə bilavasitə maddi mədəniyyət
abidələri qalıqlarının öyrənilməsindən, tarixi dövrlərin işıqlandırılmasında
onların rolundan başlayacağıq.
Ulu babalarımız öz dövrlərində yaşayıb-yaradaraq, həyat səhnəsini
təbii və təsadüfi hadisələr nəticəsində tərk etmişlər. İnsanlar harada
olmuşlarsa orada müəyyən iz qoyub getmişlər. Qədim dövrün insanlarının da
özlərinə görə nailiyyətləri olmuşdur, bunlar nəsillərdən-nəsillərə keçmiş,
artıb-çoxalmış, təkmilləşmiş, köhnələri yox olmuş və daha mükəmməl olan
yeniləri ilə əvəz olunmuşlar. Belə silsilə şəklində olan inkişaf yolunu ancaq
maddi mədəniyyət abidələrinin vasitəsilə öyrənmək mümkündür. Bu abidələr
qədim
dövr yaşayış yerlərindən, onlara aid qəbiristanlıqlardan,
emalatxanalardan, qayaların üstündəki rəsmlərdən, müxtəlif müdafiə
qurğularından, ibadətxanalardan, dini ocaqlardan və s. ibarətdir. Belə abidələr
tədqiq edilərkən (qazılarkən) onların torpaq qatında, yəni insanların həyat
fəaliyyəti və bu fəaliyyətin qalıqlarından əmələ gəlmiş təbəqədə
(arxeologiyada bu, «mədəni təbəqə» adlanır) vaxtilə işlədilmiş məişət və
təsərrüfat alətləri, silahlar, bəzək əşyaları, sümük, bitki qalıqları və başqa
maddi mədəniyyət vasitələri tapılır. Bu tapıntıların hamısı insan əməyinin
məhsulu olmaqla ibtidai icma tarixinin əsas mənbəyini təşkil edir.
Antik dövrün filosof-materialisti Demokritə (e.ə. 460-370) görə,
insanlar ilk dəfə Yer üzünə heyvan aləmindən dönmüşlər: «Onlar kobud və
vəhşi həyat keçirərək bitkilər və təsadüfi meyvələrlə qidalanmaqla, bir yerdən
başqa yerə köçmüşlər». Deməli, Demokritə görə, qidalanma və özünü vəhşi
heyvanlardan müdafiə etmək zərurəti insanları bir yerdən başqa yerə
keçməyə, təbiətə qarşı mübarizə aparmağa sövq edirdi. Əlbəttə, Demokritin
baxışlarında ibtidai icma dövrü haqqında sadəlövh cəhətlər də az deyildir.
9
Digər bir yunan filosofu Aristotel (e.ə.384-322) Demokritin əksinə olaraq,
insanı «siyasi heyvan» sayırdı. Aristotel öz dövründəki patriarxal xarakterli
təknigahın cəmiyyət tarixində ilk kəbin sistemi olduğunu və bunun ən ibtidai
ailədə belə qanun olduğunu idealistcəsinə təsdiq edirdi. İbtidai cəmiyyətdə ilk
dövrlərdən patriarxal ailənin mövcud olduğunu təsdiq edən Aristoteli
«patriarxal ailə» nəzəriyyəsinin əsasını qoyanlardan biri hesab etmək olar.
Cəmiyyətin mənşəyi haqqında «patriarxal nəzəriyyə» ilk dəfə antik
dövrdə əmələ gəlmişdir (Platon, Aristotel). Bu nəzəriyyəyə əsasən, bəşəriyyət
tarixinin ilk mərhələsi «xoşbəxt əsr» hesab edilir. İnsan cəmiyyətinin ilk
hüceyrəsi isə, bu nəzəriyyəyə əsasən, xüsusi mülkiyyət, quldarlıq,
təkarvadlılıq (monoqamiya) və təkallahlığın (monoteizmin) mövcud olduğu
patriarxal ailə olmuşdur. Ailə başçısı - ər və ya ata - öz ailəsi üzərində tam
hakim hüquqlu ikinci bir monarx idi. Nəzəriyyə tərəfdarlarının fikrincə, onun
hakimiyyəti, eyni zamanda, guya dövlət hakimiyyətinin də mənbəyi
olmuşdur.
Antik dövrdə hətta bəşəriyyətin maddi inkişafını müəyyən dövrlərə
bölməyə təşəbbüs edilmişdi. Lukretsi Kar öz poemasında, əfsanə və nağılları
bir tərəfə ataraq, «xoşbəxt əsr» deyil, silahların hazırlandığı daş əsrini bəşər
cəmiyyəti inkişafının əsası hesab etmişdir. Lukretsi Kar həmin poemasında
nəzm ilə yazır ki, keçmişlərdə bir silah kimi qüvvətli əllərdən, diş, dırnaq və
daşlardan, ağac parçası və oddan istifadə olunmuşdur. İnsanlar, Lukretsiyə
görə, odu kəşf etdikdən sonra, mis və dəmirdən də istifadə etmişlər. Lukretsi
misin yumşaqlığına və təbiətdə xalis halda daha çox rast gəlindiyinə görə
dəmirdən əvvəl işlədildiyini də göstərir.
Göründüyü kimi, Lukretsi öz poemasında tarixi inkişafı daş, mis, tunc
və dəmir əsrlərinə bölməyi nəzərdə tutur.
Utopik sosialist J.J.Russo (1712-1778) «...Bərabərsizliyin mənşəyi və
əsasları haqqında mühakimə» (1755) və «İctimai saziş və ya siyasi
hüquqların prinsipləri» (1762) adlı əsərlərində insanların ibtidai həyatını o
qədər idealizə edir ki, bu dövr az qala həqiqətən «behişti» və yaxud
yunanların adlandırdığı kimi, «qızıl əsri» xatırladırdı. J.İ.Russoya görə,
ibtidai insanlar guya, bir-biri ilə münasibəti olmayan, bir-birindən tam təcrid
olmuş halda yaşayan fərdlər olmuşlar.
Böyük rus alimi M.V.Lomonosovun ibtidai icma tarixinin
öyrənilməsində böyük xidməti olmuşdur. Onun əsərlərində slavyan tayfaları
haqqında qiymətli etnoqrafik məlumatlar vardır. Xüsusən onun 1767-ci ildə
yazdığı «Qədim Rusiya tarixi» (rus xalqının mənşəyindən böyük knyaz I
Yaroslavlın ölümünədək və yaxud 1054-cü ilədək) adlı əsəri rus
tarixşünaslığı üçün qiymətli bir mənbədir. Bu əsərində M.Lomonosovun rus
xalqının tarixini ryuriklərdən deyil, rus xalqının mənşəyindən başlaması
diqqətəlayiqdir. Böyük rus alimi bu əsərində elmi olmayan «norman»
10
nəzəriyyəni ifşa etmişdir. Bundan əlavə, M.V.Lomonosov başqa xalqları (və
dilləri) qiymətdən, hörmətdən salmaq və onların bəşəriyyət tarixindəki
əhəmiyyətini azaltmaq istəyənlərin baxışlarına qarşı çıxmışdır.
XIX əsrin 60-70-ci illərindəki elmi baxışlarda böyük mövqeyə malik
olan Ç.Darvinin «Təkamül nəzəriyyəsi» ibtidai icma dövrünün öyrənilməsinə
və etnoqrafiya elminə çox təsir etmişdir.
Canlı aləmin inkişafındakı qanunauyğunluq və orqanizmlərin
təbiətdən asılı olaraq dəyişməsi haqqında mütərəqqi fikirlər Ç.Darvindən
çox-çox əvvəl (məsələn, hələ XVIII əsr fransız filosofları D.Didro (1713-
1784), P.Holbax (1723-1789), J.Lametri (709-1751) və başqaları tərəfindən)
söylənmişdi. Yerin və təbiətdəki bütün hadisələrin dəyişməsi haqqında daha
aydın və səlis baxışlar böyük rus alimi M.V.Lomonosova məxsusdur. Bu
baxışlar sonralar böyük ingilis alimi Ç.Darvinin (1809-1882) «Təbii seçmə
yolu ilə növlərin əmələ gəlməsi» (1859) əsərində özünün sistemləşdirilmiş
məcmusunu tapmışdır. Biologiya və bir sıra təbiət elmlərinin əldə etdiyi
müvəffəqiyyətlərə əsaslanaraq Ç.Darvin göstərmişdir ki, təbiətdəki
orqanizmlər mövcud şəkildə yaranmayaraq uzun bir tarixi inkişafın
məhsuludur. Ç.Darvinə görə, bu «təkamülün» əsasını «təbii surətdə seçilmə»
təşkil edir. Belə ki, təbiətdə bir sıra orqanizmlər ətraf mühitə uyğunlaşaraq və
onun təsirinə qarşı daha dözümlü çıxaraq yaşayır, bəzi orqanizmlər isə bu
cəhətdən dözümsüz olduğundan məhv olub gedir və bu səbəbdən, təbiətdə
orqanizmlər təbii surətdə seçilib ayrılaraq dəyişir.
Ç.Darvinin baxışları canlılar aləminin inkişafına dair metafiziki və
dini baxışlara o dövrdə böyük zərbə idi. Təkamül nəzəriyyəsi təbiət elminin
inkişafında böyük müvəffəqiyyət qazanaraq elmi biologiyanın əsasını
qoymuşdur. Eyni zamanda ibtidai cəmiyyətin inkişafı, insanların mənşəyi ilə
bağlı elmi mülahizələrdə uzun müddət aparıcı yer tutmuşdur.
İbtidai icma tarixinin öyrənilməsində XX əsrin 60-cı illərinin böyük
müvəffəqiyyətlərindən biri olan qəbilə quruluşunun öyrənilməsi hesab edilə
bilər. Bu cəhətdən görkəmli Amerika alimi Luis Henri Morqanın tədqiqatları
çox əhəmiyyətlidir.
L.H.Morqan İrogez tayfa ittifaqını dərindən tədqiq etmişdir. O, hətta
bu ittifaqa daxil olan Seneka tayfası içərisində uzun müddət yaşamış və öz
tədqiqatlarını ümumiləşdirərək - «İrogezlərin ittifaqı» (1861), «Qohumluq
sistemi və insan ailəsinin xüsusiyyətləri» (1869), xüsusilə «Qədim cəmiyyət»
(1877), «Amerika yerlilərinin evləri və həyatı» (1881) kimi bir sıra qiymətli
əsərlər yazmışdır.
Paleontologiya, antropologiya və arxeologiya elmlərinin məlumatları,
insanabənzər meymunların həyatı üzərində müşahidə, insanın və insan
cəmiyyətinin yaranması şəraitini və prosesini aydınlaşdırmağa imkan verir.
11
XX əsrin əvvəllərində Vyana yaxınlığında Miosen dövrünə aid yer
təbəqələrindəki kirəc laylarında qədim zamanlarda yaşamış bir meymunun
azı dişi tapılmışdır. Bu diş bəzi xüsusiyyətlərinə görə insan dişinə daha çox
oxşayırdı. Oradaca həmin heyvanın daha iki dişi tapılmışdır. Bu dişlərin
sahibi o zaman alimlər tərəfindən driopitek
*
adlandırılmışdır. Ehtimal ki,
insanların və eləcə də, Afrikada yaşayan insanabənzər meymunların ümumi
əcdadları da bu driopiteklər olmuşlar.
1934-cü ildə Hindistanda Himalay dağları ətəyində Sivalik təpələrinin
üçüncü dövrünə aid olan qatlarında bir neçə ali meymunun qalıqları
tapılmışdır. Bu meymunlardan biri yastısifət ramapitek adlandırılmışdır.
Pliosen çöküntülərində həmin meymunun bir neçə dişi olan yuxarı çənəsinin
bir parçası da tapılmışdır. Ramapitekin köpək dişi ilə kəsici dişi arasındakı
aralıq («diastem») yox dərəcəsindədir (bu aralığın olmaması insana xas olan
bir əlamətdir). Ramapitekin dişlərində onu insana oxşadan başqa əlamətlər də
vardır. Ramapiteklər driopiteklərə nisbətən insana daha çox oxşayırlar. Onlar
insanabənzər meymunlardan köpək dişlərinin digər dişlərinə nisbətən qabağa
çıxmaması ilə fərqlənir və demək onlar ki, insana daha yaxın olmuşlar. 1924-
cü ildə Cənubi Afrikada tapılmış və avstrolopitek («avstralis» - cənub və
«pitekos» - meymun sözlərindən əmələ gəlib, «cənub meymunu» deməkdir)
adlanan insanabənzər meymunların tədqiqi və insanın əcdadları haqqında
çoxlu material vermişdir. 1935-1951-ci illərdə 30-a qədər meymunun qalığı
kəşf edilmişdir. Bunların tədqiqi nəticəsində avstrolopiteklərin şaquli
vəziyyətdə hərəkət etdikləri də sübut edilmişdir. Avstralopiteklərin iki ayağı
üstə yeriməyə başlaması ehtimal ki, onun yaşayış şəraitinin dəyişməsi ilə izah
edilir.
Yüz min illər boyu Yer üzərindəki dəyişikliklər və inkişaf
avstrolopitek
tipli
meymunların
da
tədricən
insanabənzər
başqa
meymunlardan ayrılmasına və yüksəlməsinə səbəb olmuşdur. Düz yeriməyi
öyrənməsi həyat uğrunda mübarizədə onlara böyük imkanlar qazandırmış,
ağac və daş kimi təbii silahlardan istifadə etmək bacarığına yiyələnməyə
kömək etmişdir.
Əlbəttə, avstrolopiteklərin insanın əcdadları olduğu haqqında tam və
qəti hökm vermək olmaz. Uzaq geoloji dövrlər haqqında hələ natamam
məlumatlarımız bu barədə qəti fikrə gəlməyi çətinləşdirsə də, hər halda,
demək olar ki, insanların ilk əcdadları avstrolopiteklərə oxşar və onlara yaxın
olmuşdur.
*
Driopitek yunanca «drio» (ağac) və «pitekos» (meymun) sözlərindən olub ağacda gəzən
meymun deməkdir. İnsana ən çox bənzər meymunlar qorilla, şimpanze və oranqutan meymunları
hesab olunur. Bunlar bədən quruluşu, əzələ və qan tərkibinə görə insan ilə ümumi olan 100-ə
qədər əlamətə malikdir. Bu ümumi əlamətlər oranqutanlarda azdır (50-yə qədərdir).
12
Yaşamaq uğrunda mübarizə nəticəsində, avstrolopiteklərin həyatı
tədricən dəyişmişdir. Özünə qida əldə etmək üçün onlar ağaclara
dırmaşmaqdan düzənliklərdə yeriməyə keçmişlər (buna coğrafi mühitdəki
dəyişikliklər də təsir edirdi). Bədənin şaquli vəziyyət alması, başın dikliyi
beynin inkişafına da təsir etmişdir. Beləliklə, düz yeriməyi öyrənmək sonrakı
təkamül üçün çox qiymətli hadisə olmuşdur. Lakin bütün bunlar yenə də
insanın əmələ gəlməsində başlıca və həlledici amil kimi qiymətləndirilmir.
F.Engels özünün «Meymunun insana çevrilməsi prosesində əməyin
rolu» adlı məşhur əsərində yazır ki, əmək bütün insan həyatının birinci əsas
şərtidir, həm də o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada
deməliyik: insanın özünü əmək yaratmışdır. F.Engelsə görə, əllərin və beynin
inkişaf etməsinin meymunun insana çevrilməsində həlledici rolu olmuşdur.
Bunun üçün isə yuxarıda deyildiyi kimi, şaquli vəziyyətdə yerimək, əllərin
əmək fəaliyyəti üçün hərəkət orqanı olmaqdan azad olmasının həlledici
əhəmiyyəti olmuşdur.
Əlbəttə, əllər də birdən-birə tam təkmilləşməmişdir. İnsan, əlinin
köməyi ilə ilk çaxmaqdaşı bıçağını hazırlayana qədər çox uzun bir dövr
keçmişdir. Bu müddət ərzində əl yeni-yeni vərdişlərə alışmış, əldə edilən
daha böyük çeviklik isə nəsildən-nəslə keçib təkmilləşmişdir. F.Engels
yazmışdır ki, əl nəinki əmək orqanıdır, o, həmçinin əməyin məhsuludur. Dik
yerimək və əllərin əmək orqanına çevrilməsi insanın meymundan ayrılmasına
başlanğıc olmuşdur. F.Engels «Təbiətin dialektikası»na girişdə yazır: «Min
illər boyu davam edən mübarizədən sonra, ən nəhayət, əl ayaqdan ayrılıb,
insan dik yeriməyə başladığı zamandan etibarən insan meymundan ayrıldı,
beləliklə də, aydın nitqin inkişafı üçün əsas yaranmış oldu və bunun
sayəsində o zamandan etibarən insanla meymun arasında keçilməz bir
uçurum meydana gəldi».
Məlumdur ki, insanın əcdadı sürü halında, dəstələrlə yaşayırdı. İlk
insanlar da sürü halında, dəstələrlə yaşamışlar. O dövrdə ilk əmək prosesi də
yalnız möhkəm birləşmiş qruplar içərisində mümkün ola bilərdi. Qrupların
möhkəmliyi isə formalaşmaqda olan insanların əmək fəaliyyətindən asılı idi.
Heyvan aləmindən öz əməyi nəticəsində insana çevrilməkdə olan ibtidai
insan kollektivinin qüvvəsi isə məhsuldar qüvvə idi.
Dostları ilə paylaş: |