______________Milli Kitabxana_____________
139
taleyini, onun aqibətini düşünən adam kimi təsvir olunmuşdur.
Dastan bir neçə hissəyə bölünür:
1. Gilqameşin Uruk əhalisinə əsir verməsi;
2. Enkidu ilə dostluğu;
3. Onların qəhrəmanlığı;
4. Enkidunun ölümü və Gilqameşin əbədi həyat axtarması.
Gilqameş Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra
özünü sərbəst aparır, şəhər əhalisinə zülm edir, qız və qadınlara
sataşır. Uruk sakinləri allahlara şikayət edirlər. Şikayət sədası
allah Anuya çatır. O, ana ilahə Arurunu yer üzərinə göndərir və
deyir: «Sən onu yaratmışsan, indi də ona bənzər (qəhrəman)
yarat». Aruru gildən vəhşi görkəmli və təbiətli Enkidunu yaradır.
Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda vahiməli bir əcaib
insan peyda olmuşdur. Onu ancaq Gilqameş məğlub edə bilər.
Lakin Gilqameş belə ona qarşı çıxmaqdan çəkinir, çünki Enkidu
vəhşi təbiətə malik idi. Onun təbiətini dəyişdirmək lazım idi.
Məbəd qadınlarından birini Enkidunun yanına göndərirlər. Qadın
ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi təbiəti dəyişilir,
başına ağıl gəlir, gücdən düşür. Qadın məhəbbəti ona şüur gətirir.
İnsana çevrilmiş Enkidu Gilqameş ilə döyüşə hazırlaşır.
Enkidu Gilqameşin zülmünə son qoymaq üçün Uruk
şəhərinə daxil olur. Burada Gilqameş onun yolunu kəsir. Onlar
tutaşmalı olurlar. Enkidu Gilqameşə üstün gəlir, lakin Gilqameş
tam basılmır. Hər ikisi əhd-peyman bağlayıb dostlaşırlar. Bundan
sonra Gilqameş və Enkidu uzaq Sidr ölkəsinə şər qüvvələri təmsil
edən Humbabaya qarşı döyüşə gedirlər. Onlar sidr meşələrinə
çatırlar və sidr ağaclarını Uruka gətirmək üçün kəsirlər. Səsə
gələn Humbaba döyüşdə həlak olur.
İlahə İştar Gilqameşin qəhrəmanlığını görüb ona vurulur,
qəlbini ona açır. Lakin Gilqameş onun məhəbbətini rədd edir.
Gilqameş yaxşı bilir ki, İştar heç bir sevgilisinə axıra qədər sadiq
qalmamışdır. İştar bu təhqirə dözmür, səma allahı Anqudan xahiş
edir ki, Gilqameşə qarşı səma öküzünü göndərsin. Vəhşi öküz
Urukda qabağına çıxanı dağıdır, məhv edir. Gilqameş və Enkidu
güc-bəla ilə öküzü öldürürlər.
Uruk camaatı qəhrəmanların şərəfinə mahnılar qoşur. Lakin
______________Milli Kitabxana_____________
140
allahlar Enkidunu Gilqameşə qarşı yönəltmişdilər. O isə
Gilqameşlə dostluq edir, Humbaba və səma öküzünün
öldürülməsində iştirak edir. Allahlar Enkiduya ölüm hökmü
çıxarırlar. Enkidu xəstələnir və ölür, Gilqameş hədsiz qəmə batır.
Həyatın, qəhrəmanlığın, şöhrətin sonunu gözü qabağında
canlandırır. O, əbədi həyat axtarmağa gedir...
Gilqameş eşitmişdi ki, allahlar uzaq okean sahilində yaşayan
Utnapiştimə nə vaxtsa əbədi həyat bəxş etmişdilər. Çox gedir,
dağı-daşı aşır, okeanı keçir, Utnapiştimi tapır, ondan əbədi həyatın
sirrini öyrənmək istəyir. Utnapiştim «Ümumdünya daşqını»
əhvalatını danışır, lakin əbədi həyat sirrini açmaq istəmir. Lakin
Utnapiştim arvadının təkidi ilə sirri açmalı olur. Gilqameş onun
məsləhəti ilə okeanın dibinə enir və orada cavanlıq otu dərir.
Lakin bu otu qaynadıb suyunu içmək lazım imiş. Yolda Gilqameş
soyunub göldə çimir ki, uzun yolun yorğunluğu bədənindən
çıxsın. Bu məqamda bir ilan cavanlıq otunu aparır. Gilqameş
pərişan halda Uruka qayıdır. O, insanların ölümə qarşı aciz
olduğunu qəti dərk edir.
«Gilqameş haqqında dastan» dünya ədəbiyyatının qızıl
fonduna daxil olmuşdur.
İkiçayarası qeyri-dini ədəbiyyatı sırasına hekayə və nağıllar,
ibarə və zərb-məsəllər daxildir. Hekayələrdə müxtəlif cəhətlər öz
əksini tapmışdı. Lirik ədəbiyyat silsiləsindən nümunə olaraq
«Ağanın qul ilə söhbəti» hekayəsini göstərmək olar. Hekayədə
həyatın mənasızlığı, ağanın hər şeyə inamını itirməsi, qoyulan
suallara qulun ikibaşlı cavabı əks olunmuşdur. Ağanın bədbinliyi,
qulun hazırcavablığı əsərin əsasını təşkil edir. Qul ağanın hər bir
arzusuna bəraət qazandırıcı cavab verir:
- Ey qul, mənim xidmətimdə dayan!
- Bəli, mənim ağam, bəli.
- Yola tələs! İş arabasını hazırla! Mən saraya gedirəm.
- Get, mənim ağam, get. Səni uğur gözləyir.
- Yox, mənim qulum, yox. Saraya getmək istəmirəm.
- Getmə, mənim ağam, getmə! Birdən səni uzaqlara
göndərərlər, naməlum yola çıxmağa məcbur edərlər. Onda sənin
payına gecə və gündüz iztirabı düşər!
______________Milli Kitabxana_____________
141
- Ey qul, mənim xidmətimdə dayan!
- Bəli, mənim ağam, bəli.
- Əlimi yumağa su hazırla. Mən kef eləmək istəyirəm.
- Kef elə, mənim ağam, kef elə. Eyş-işrət şadlıqdır. Kim ki,
şad qəlblə və təmiz əllə kef eləyir, Şamaş onunladır.
- Ey qul, mən kef eləmək istəmirəm.
- Eləmə, mənim ağam, eləmə. Aclıq və toxluq, susuzluq və
içki adama əzab verir.
- Ey qul, mənim xidmətimdə dayan.
- Bəli, mənim ağam, bəli.
- Mən ev tikmək istəyirəm.
- Tik, mənim ağam, tik! Ədalətsiz və zalım rəqibindən
canını qurtar.
- Ey qul, mən ev tikmək istəmirəm.
- Ev tikmə. Ev tikən atasının evini sökür.
- Ey qul, mənim xidmətimdə dayan.
- Bəli, mənim ağam, bəli.
- Üsyan qaldırmaq istəyirəm.
- Qaldır, mənim ağam, qaldır. Əgər üsyan qaldırmasan,
aqibətin necə olar? Düşərgəni təmin etmək üçün kim sənə ərzaq
verər?
- Ey qul, üsyan qaldırmaq istəmirəm.
- Qaldırma, mənim ağam, qaldırma. Üsyan qaldıran adamı
ya öldürürlər, ya gözlərini çıxarırlar, ya da həbsxanaya salırlar.
- Ey qul, mənim xidmətimdə dayan.
- Bəli, mənim ağam, bəli.
- Mən istəyirəm allahıma qurban kəsim.
- Kəs, mənim ağam, kəs. Öz allahına qurban kəsən adamın
ürəyi sevinc ilə dolu olur.
- Ey qul, mən öz allahıma qurban kəsmək istəmirəm.
- Kəsmə, mənim ağam, kəsmə. Yəqin sən fikirləşirsən ki,
allahın istəyini yerinə yetirsən, onu öz arxanla gəlməyə məcbur
edə bilərsən?
- Ey qul, mənim xidmətimdə dayan.
- Bəli, mənim ağam, bəli.
- Mən qadın sevmək istəyirəm.
Dostları ilə paylaş: |