______________Milli Kitabxana_____________
87
idi, akkad məhsuldarlıq ilahəsi İştar isə onun müqabili hesab
edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya,
Ninlil və s. allahlara ibadəti mənimsəmişdilər. İştar şir üzərində
qanadlı təsvir olunurdu. Telepin hetlərin əkinçi allahı idi. O, hat
dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin "ölən və
dirilən" allahı təmsil edirdi. Təbiətdə mövsümün (qış və bahar)
dəyişilməsi onun adı ilə də bağlanılırdı.
Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan
cəmiyyətində mövcud olmuşdur. Ovsun həmişəlik insan həyatına
daxil olmuş ən qədim təfəkkür formasını özündə saxlamışdı.
Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök
salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları öz əksini
tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi.
Ovsun həyatın müxtəlif sahələrində tətbiq olunurdu. Bol məhsul
arzusu, ailə ixtilafını yatırma, şər qüvvələri qovma, düşmənlərə
lənət, dostlara uğur və s. arzuların gerçək olması üçün ovsuna
müraciət edirdilər. Bu qəbildən bir neçə nümunə misal gətirək:
Xəstənin müalicə ovsunu: "(xəstə) qulağına qara yun
tıxayır... və qara paltar geyinir". Cadugər arvad bir sıra ovsun
əməlləri etdikdən sonra onun qara paltarını yuxarıdan aşağıya
qədər cırır, qulağından yun parçasını çıxarır və deyir: "indi isə
mən onu natəmizliyin törətdiyi cəhalət və keylikdən, ona cəhalət
və keylik gətirən natəmizlik vasitəsilə azad edirəm, günahı
uzaqlaşdırıram". Sonra xəstənin toxunduğu hər bir şeyi qara
paltarlarla birlikdə çaya atır.
Belə ibtidai ovsun vasitəsilə müalicə üsulları müxtəlif
xəstəliklərə tətbiq olunurdu. Sonsuz qadının övlad arzusunu
ovsunçu söz və hərəkətlə "yerinə yetirirdi". Ovsunçu arvad boğaz
inəyin buynuzundan yapışıb deyirdi: "Günəş allahı, mənim ağam,
bu inək boğaz olduğu kimi, zəngin pəyəni öküz və inəklə (doğub)
doldurduğu kimi, qoy bu xəstə də övladlı olsun, qoy öz evini oğul!
və qızlarla, nəvə və nəticələrlə doldursun". Andına sadiq
qalmayan və dövlətə xəyanət edənləri də ovsun vasitəsilə
lənətləyirdilər. Ovsunçu mum və qoyun piyini oda atıb deyirdi:
"Bu mum əridiyi kimi, bu piy dağlandığı kimi, qoy Hatti
hökmdarına andını pozan və xəyanət edən mum kimi ərisin və
______________Milli Kitabxana_____________
88
qoyun piyi kimi dağlansın". Qədim hetlər ovsunun təsirinə
inanırdılar.
Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat
ənənəsi ilə bağlıdır. "İlluyank haqqında əfsanə" hat mənşəli hesab
edilir. Əfsanədə tufan allahının əjdaha, yaxud ilan əndamlı əjdaha
İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni
il (yaz) bayramında söylənilirdi. Guya əjdaha İlluyankın
öldürülməsi ilə Yeni il başlanırmış. Əfsanəvi hekayət iki rəvayət
şəklində mövcud idi. Bir rəvayətə görə, tufan allahı İlluyankla
mübarizədə məğlub olur. Bu halda Tufan kömək üçün bütün
allahlara müraciət edir. İlahə İnara ona köməyə gəlir. İnara
müxtəlif içki növləri hazırlayır və İlluyankı balaları ilə birlikdə
ziyafətə dəvət edir. İçkidən şişmiş İlluyank öz yuvasına girə
bilmir. İlluyankın əl-qolunu bağlayırlar. Tufan gəlib onu öldürür.
İkinci rəvayətə görə, İlluyank tufan allahı üzərində qələbə çalır,
onun ürəyini və gözünü çıxardır, evində saxlayır. Tufan ürək və
gözünü qaytarmaq üçün hiylə işlədir. O, yoxsul bir adamın qızına
evlənir, ondan bir oğlu olur. Oğlan həddi-buluğa çatandan sonra,
əjdaha İlluyankın qızına evlənir. Tufan oğluna tapşırıq verir ki,
"arvad evinə gedəndə, mənim ürəyimi və gözümü ondan istə".
Beləliklə, Tufan ürək və gözünü geriyə alır. Bundan sonra o,
İlluyanka qalib gəlir.
Hat əsatirləri ilə bağlı olan digər folklor nümunəsi "ölən və
dirilən allah Telepinin" adı ilə bağlıdır. Rəvayətə görə, bitki allahı
Telepinin atası tufan allahı ilə mübahisə edir, nədənsə qəzəblənir
və qeyb olur. O, qeyb olmağa elə tələsir ki, "sağ başmağını sol
ayağına geyinir, sol başmağını sağ ayağına geyinir". Telepin qeyb
olandan sonra sanki həyat dayanır. Rəvayət nəql edir: "duman
pəncərələri tutdu, evi tüstü bürüdü. Ocağın közü sönmüş,
allahların nəfəsi kəsilmişdi, qoyunlar, öküzlər pəyədə
qurumuşdular. Qoyun quzunu, inək buzovu yaxına buraxmırdı.
Buğda və taxıl göyərmirdi, inək, qoyun daha döllənmirdi, qadınlar
hamilə olmurdu, olan da doğmurdu. Dağlar quruyur, ağaclar
quruyur, heç nə göyərmirdi. Otlaqlar qurudu, bulaqlar qurudu,
ölkədə aclıq başladı, adamlar və allahlar acından ölürdülər".
Yəqin ki, folklorda qışın gəlməsi və quraqlıq mövzuları əks
______________Milli Kitabxana_____________
89
olunmuşdur. Belə şəraitdə "Günəş allahı ziyafət verir və min
allahı dəvət edir. Onlar yeyir, lakin doymurlar, içir, lakin
yanğılarını söndürə bilmirlər". Onda tufan allahı oğlu Teiepini
yada salır: "Telepin ölkədə yoxdur, o qəzəbləndi və getdi. Böyük
və kiçik allahlar Telepini axtarmağa getdilər". Hətta qartal da onu
tapmayıb geriyə qayıdır. Tufan allahının axtarışları uğursuz oldu.
Belə halda bal arısı dağı-daşı, çay və bulaqları uçub keçdi,
Telepini çəmənlikdə yatmış gördü. Arı Telepini sancdı. Telepin
oyanıb öz məbədinə qayıtdı. Həyat yenidən canlandı. Adətən
"Telepin haqqında əfsanəni" qış və yaz mövsümlərinin
dəyişilməsi ilə əlaqələndirirdilər. Bu əfsanə də bahar şənlikləri
zamanı söylənilirdi. Kumarva əfsanəsi hurrilərə mənsub idi. Hurri
əsatirlərində Kumarva allahların atası hesab olunur, şumer-babil
allahı Enlilə bənzədilirdi. Əfsanədə səma allahı Alalu və
şumerlərin baş allahı Anu arasında mübarizədən, sonra
Kumarvanın bu mübarizəyə qoşulmasından bəhs edilir. Kumarva
onun ayağından yapışıb yerə endirdi, onun "dizini" dişlədi və
sevincdən uğundu. Anu isə ona müraciət edib dedi: - Dişlədiyinə
çox da sevinmə, mən sənin qarnına üç müdhiş allah toxumu
saldım. Biri tufan allahıdır, o biri Aransax (Dəclə) çayıdır, digəri
Tasmisudur. Bunu deyib Anu səmada qeyb oldu. Kumarva
tüpürdü, bununla torpaq mayalandı və üç "müdhiş allahı" törətdi.
Kitabənin ardı zədələndiyindən əfsanənin sonu naməlum qalır.
İncəsənət. Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar,
əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli və təsvirsiz
hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı
(fiquru), uzunboğaz çəkmə şəklində düzəldilirdi. Tunc və
qurğuşundan insan əndamı tökürdülər.
Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər
yaradırdılar. Təsvirlər qabarıq şəkildə yonulurdu. Belə abidələr
het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub
düzəldilirdi. Daş heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir
edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi əks
etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun
tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı
yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı allahı təmsil edirdi.
Dostları ilə paylaş: |