Dinlərlə tanışlıq necə baş verir: mühit, elm və kitab



Yüklə 76,25 Kb.
tarix21.06.2018
ölçüsü76,25 Kb.


Dinlərlə tanışlıq necə baş verir:

mühit, elm və kitab
Dinlə tanışlıq çox erkən, kitab dünyası ilə yaxın dostluqdan əv­vəl başlanılır. Uşaq öz ailəsi və ətraf mühitin təsiri ilə, onları nü­munə götürmək və müəyyən dərəcədə təqlid etməklə mənəvi-mədəni də­yərləri, o cümlədən dini anlayışları anlamağa və mənim­səməyə baş­layır. İnsanın dinə münasibəti, dindarlığı və ya möminliyi onun tər­biyəsindən, böyüdüyü və yaşadığı mühitdən qaynaqlanır, peşəsin­dən və digər keyfiyyətlərdən qidalanır. Ümumiyyətlə, dini və mədəni duy­ğuların dünyaya göz açan uşaqla bir doğulduğuna, bu duyğuların fitri olduğuna inanmıram. Mənim kimi düşünməyənlərin var oldu­ğunu da bilirəm. Yetkinləşmiş insanın dünyagörüşü və dini baxışları cid­di surətdə dəyişmir, onlar davamlı, qərarlı, oturmuş inanc, bilik, etiqad və duyğular küllisi üzərində formalaşır (izahı çətin olan ruhi fır­tınaları, “yenidən doğulmalar”ı burada bir istisna kimi kənarlaşdırı­ram). Hər bir insan öz sosial və fərdi təcrübəsində din və təmas etdiyi digər mədəni sistemlərlə tanış olur və əlbəttə ki, o, bu təcrübə haq­qın­da, bu tanışlığın necə baş verdiyi barədə söhbət açmaq iqtidarın­dadır. Bəlli sosial-siyasi mühitdə böyümüş bir uşağın, dünyəvi təhsil alan bir şagird və tələbənin, təbiəti və cəmiyyəti öyrənmək və tədqiq etməklə məşğul olan bir elm adamının dini təsəvvürləri, dinə və din­darlara münasibəti nə qədər fərdi xarakter daşısa da, cəmiyyətin bö­yük bir qrupunun uyğun təsəvvür və münasibətini, sxematik olsa da, düzgün təmsil etdiyinə əminəm.

Ateizmi rəsmi ideologiya elan etmiş Sovetlər Birliyi zamanında yaşayan nənəm Zeynəb mömin insan idi. Namaz və orucu yerində ol­maqla, zəiflərə və kasıblara köməyi, mərhəməti ilə seçilirdi. “İlan ye­ri­sin balaları dalınca, içində də mənimkilər” - bunu dua kimi tez-tez təkrar edərdi. Məkkəni ziyarət edə bilməmişdi, amma atası Hacı Məm­məd kişi, deyilənə görə, yeddi dəfə həccə getmişdi. Nənəmi çox sevirdim. O da məni çox sevirdi. Orucluq ayında nənəmin öz orucunu açmaq vaxtına mən nəzarət edirdim; söhbət mənim orta məktəbdə oxu­duğum illərdən gedir. Adətim üzrə gecə keçənə kimi oxuyub-yazardım, Orucluq ayında isə bu sevimli zehni işi səhərə az qalmışa qədər davam edərdim ki, nənəmi sübh açılana yaxın oyada bilim və o, yemək yesin. Evimizdə nənəmdən başqa heç kim dindar deyildi. Din haqqında hər şeyi uşaqlıqda mən ondan eşitmişdim, mənim dinlə ilkin tanışlığım onun namazı, duaları, orucu və söhbətlərindən ibarət idi. Nə Quran oxumuşdum, nə hədis. Məktəbdə isə dünyəvi elmlər öyrədilir, onların içində də ateizm tərbiyəsi verilirdi. “Kim kimi yaratdı” adlı şeirimdə bu məsələyə toxunmuşam; aşağıda onun bir hissəsi gətirilir:


Allah özü xəlq eyləyib

Ən əziz bəndəsini-insanı

Quran-i Kərimi, Musanı, Isanı…

Imanı, ilahi dini -

Bunları mənə nənəm söyləyib

Çox istəyirdim onun xətrini...


O mələkdi, ülfəti qəlbimə doldu

Onun şığındığı tanrı

Mənim də allahım oldu,

Mən onun, nənəmin allahını sevdim.


Önсə nənəm mənə bir dünya yaratdı

Sonra gördüm həyat qəribə həyatdı.

Nədir həyat? Yaşadıqсa duydum az-az

Anladım ki onu tam anlamaq olmaz.

Müdriklərsə...elə hey ortanı qatdı

Ortaya hey sual atdı:

Kim kimi yaratdı?
Sonralar ”Ziyarət” adlı poema yazdım. Doğulduğum diyarı və sanki uşaqlığımı və keçmişi ziyarət edirəm - duyğusu ilə yazılan bu lirik-epik əsərin də baş qəhrəmanı, belə demək olarsa, nənəm Zey­nəb­dir. Aşağıda həmin poemadan kiçik bir parça gətirilir:
Sübh tezdən, axşam çağı

Sakit dua oxumağı

Məndə min hiss oyadardı

O ətrafda, o dünyada

İmansızlıq ruhu vardı

Dərdi ki, açmazlar yada –

Dərdini göyə açardı...
Oruс, namaz, dəstəmazı

Yerindəydi, dəyişməzdi

Ruhu dolu sevgi, vüqar

Allahla oturub-durar

İnsanlarla deyişməzdi.

Dilindən heç vaxt düşməzdi

Allah, peyğəmbər kəlməsi.

Hələ getmir qulağımdan

"Bismillah, üssəməd..." səsi

O pıçıltı, o ruh, iman

Mənimlə dünyanı gəzdi...
Zülm gördü, сəfa çəkdi

Ayaq altında qalmadı.

Arzusu gözündə qaldı

İmanı zədə almadı.


Bir dəfə, 11-12 yaşım ola bilərdi, evimizin həyətində böyük şai­ri­mizin növbəti şeirini oxumaqla məşğuldum. Müəllimlər şeiri uca­dan, səslə oxumağı tövsiyə edirdilər. Mən də çox dərindən düşün­mə­dən, heç nəyi vecimə almadan, hətta bir az təntənə ilə şeiri oxu­yur­dum:
Nəbilərin,

allahların,

kralların,

şahların


Ölümünə qərar yazırıq!
Nəbi sözünün peyğəmbər mənası verdiyini o zaman bilirdim, ya yox – doğrusu bu yadımda deyil. Allahların ölümünə qərar vermək mə­nə qəribə gəlirdi, amma o zaman bu məsələni tam hiss etdiyimi də dü­şünmürəm. Sən demə nənəm şeiri-səsimi eşidirmiş. Çox pərt ol­muş­du, “o nədir oxuyursan, Allaha, peyğəmbərə də elə deyərlərmi?”. Mən şairin kim olduğunu dedim, şairi təriflədim. Nənəm “nə olsun ki, yaxşı şairdir, özünü-sözünü bilsin, küfr danışmasın, Allahla, pey­ğəm­bərlə işi olmasın” dedi. Mən, əlbəttə o zaman bilməyərəkdən ne­cə günah işlətdiyimi tam anlamamışdım, etiraf edirəm ki, vəziyyət­dən necə çıxdığım da tam yadımda deyil. İndi, bu sətirləri yazarkən, nənəmin o mələk surətindən üzr istəməkdən və “eeh” deyə nəha­yətsiz bir kədərlə içimi çəkməkdən başqa çarəm qalmır.

Sonralar din və onun tarixini öyrənməyə cəhd etdim. Ali mək­təb­də “elmi ateizm” dərsi də keçdik; əlbəttə ki, bu dərsdən də mənə qalan din və onun tarixi haqqında fikirlər oldu. Qur`anı oxudum. Digər dini, tarixi, fəlsəfi fikirlərlə, əsərlərlə tanış oldum. Dəqiq elm­lərdən fərqli olaraq təsdiq-oluna-bilməyən və təkzib-oluna-bilməyən ideya və nəzəriyyələrlə rastlaşdım. Bu dərkedilməzliyin fəlsəfədə araşdırma mövzusu olduğunu bildim (İ. Kant) və bu problem üzrə formal (riyazi) məntiqdə alınmış məşhur natamamlıq teoremləri ilə tanış oldum (K. Gödel). Bir elm adamı, riyaziyyatçı və təbiətşünas ki­mi, tarix və mənəviyyat fəlsəfəsini dərk etmək istəyən bir insan kimi öz mövqeyim əmələ gəldi. Vətən, dil və mədəniyyətlə yanaşı dinin də kimliyimizi müəyyən edən mühüm ünsür olduğunu anladım, dini öz şəxsimdə sitayiş və ibadətlə deyil, kimlik və mədəniyyətlə bağlı gördüm.

٭ ٭ ٭

Dinin əsasında müşahidə-edilə-bilməyən fövqəlgüclərə sitayiş dayanır. Din öz prinsipləri, ənənəsi, mənəvi dəyərləri (yaxşı və pis, xeyir və şər), müqəddəsləri olan inanc və ibadət sistemidir. Din kai­nat, həyat, ölüm, yaradılış, ölümdənsonrakı həyat haqqında, əxlaq, dav­­ranış və yaşayış normaları haqqında təsəvvürlər küllisidir. Mü­­qəd­dəslik və ilahilik dinin mühüm atributlarıdır, onlar din kənarında az gözə çarpan, özünə xüsusi yer tapmayan cazibə qüvvələridir. Di­nin yaranmasında və ilkin yayılmasında başqalarını ilhamlandıra, ruh­landıra, arxasınca apara bilən, böyük təsir gücünə və müstəsna keyfiyyətlərə malik xarizmatik rəhbərlər - peyğəmbər və onun layiqli davamçıları əsas rol oynayır.



Yaxşı və pis nədir, onu kim müəyyən edir? Allahın nəyi yaxşı, nəyi pis saydığı barədə müqəddəs kitablar söz deyir. Təəssüf ki, təş­ki­latlanmış dinin öz içində xeyir və mərhəmətin işə keçmədiyi, güc­süz qaldığı hallar da çoxdur. Dildə sülhə və sevgiyə çağıran dinin ta­ri­xində çox zorakılıqlar olmuşdur, elə müqəddəs dini kitabların özləri də zorakılığı tam inkar etmirlər. Din tarixində dinlərarası savaşlar və mü­naqişələrlə yanaşı qardaşın qardaşla qarşıdurması da az deyil. 16-cı əsrdə Fransa və digər yerlərdə protestant-katolik, Bağdad xilafəti dövründə (və təəssüf ki, bu gün də arası kəsilməmiş) şiə-sünni qarşı­dur­ması günahsız qanlar axmasına, böyük qırğınlara səbəb olub. Yaxın zamanlara nəzər salsaq, M. Qandini, Ənvər Sadatı, Yitzhak Rabini öz dindaşlarının qətlə yetirdiyi yada düşür.

Dini baxışlara görə əməllərində nisbətən azad olan insan öz azadlığı zamanı sanki təkəbbürlü və özünüsevər olub, Allahı bir qə­dər unudub günaha bata bilir. Allah bu nöqsanlarına görə insana və ya günah işlətmiş bütöv xalqa müxtəlif şəkildə bəla göndərib cəza ve­rə bilər. İnsan düşünməli, doğru yola qayıtmalıdır, bu halda o, ba­ğış­lanmaq ümidi ilə yaşaya bilər. İnsan birinci həyatı hesab olunan ana bətnində günah işlətmək iqtidarında deyil. Deməli insanın əməlləri onun ikinci, yəni fiziki həyatında baş verir, bu əməllərin əsil qiymə­tini isə o, fiziki ölümdən sonrakı keçid dövrü (?!) bitdikdən sonra - qiyamət günündə alacaq. Yəni insan öz azadlığından necə istifadə et­diyinə görə axirətdə cavab verməli olacaq, əsl mükafatını və ya cə­za­sını alacaq. Hər halda, ölümsüzlük varsa, o, ölümdən sonra başlayır. Insan öz əməlləri ilə tək həzzi, bu dünyadakı şöhrəti təmin etmir, sü­rək­liliyi, ölümdən sonrakı həyatı da hazırlayır.


İnsan ölür. Deməli

Qalsa qalır əməli

Və əməldən hörülür

Dünyamızın təməli.


Din vəhyə, mütləq inanca və etiqada, “mənim sahəm, mənim mey­danım” olan təbiət elmləri isə müşahidəyə, təcrübəyə, ölçüyə, mən­tiqə, rasional düşüncəyə, şübhəyə, sübuta əsaslanır. Dinə və in­san təbiətinə, duyğular aləminə xas olan irrasionallığı da rasional dü­şüncə ilə dərk etməyə çalışırıq. Ayrı yol hələ icad olunmayıb! Tamlıq və bütövlük üçün rasionalla irrasionalın, məhdud olanla nəhayətsiz ola­nın, sonlu ilə sonsuzun, müəyyən olanla qeyri-müəyyənliyin bir­liyi zəruridir. Ruhi və cismani vəhdətin nəticəsidir həyat! Mahiyyətcə subyektiv olana və ya subyektivizmi çox yüksək olana, bu halda ir­ra­sionala rasionalın, idrakın cığırları ilə yaxınlaşırıq. Yollar, cığırlar çoxdur, irrasionalın istənilən qədər yaxınlığında sonsuz miqdarda ra­sional olan var. Bu da öz növbəsində hər hansı ölçüsüzlüyün, irrasio­nal­lığın və sonsuzluğun birqiymətli şəkildə dəyərləndirilməsini, ob­yek­tiv tam anlaşılmasını mümkünsüz edir. Yaradılış, başlanğıc kimi məsələlər idrakı zora salır. Nədir başlanğıc? Başlanğıcdan əvvəl nə olub? – ağıllı da, dəli də bu sualları verəcək...
Başlanğıc olubsa, söylə, o nədir,

Öncə kainatdır, ya düşüncədir?

Məhdud ağlımızla əbədiyyəti

Dərk edə bilmirik, iş çox incədir.


Rasional yolla müşahidə-oluna-bilməyən fövqəlqüdrətə sitayiş üzərində kök atan və vəhylə gəlmiş sayılan dinin bir çox təməl müd­dəa­larını rasional düşüncə ilə dərk etmək cəhdi ciddi problemlərlə üzləşir. Məsələn, İsa ilə bağlı olan hadisələr və Ata, Oğul və Müqəd­dəs ruhdan ibarət üçlüyün anlaşılması; və ya Allahın heç kimə, heç nəyə bənzəməyən dərkedilməz zatı ilə yanaşı Onun müqəddəs dini kitablarda maddi ünsürlər və insani sifətlərlə təqdim edilməsi, insan kimi hərəkət etməsi (yaradır, nəzarət edir, nəsihət verir, yada salır, sevir, mükafatlandırır, məhkəmə qurur, cəza verir...), xüsusi halda Onun zorakılıqdan çəkinməməsi; yaxud Allahın və İblisin yanaşı mövcudluğu. Qədim zamanlardan gələn və “Epikurus paradoksu” ad­lanan sonuncu problemin David Hume tərəfindən deyilişini yada sa­laq. Allahın fövqəlqüdrətli və xeyrxah olması ilə İblisin mövcud­luğu bir-birinə uymur. Əgər Allah İblisi məhv etmək istəyir, amma ba­car­mırsa, deməli O, fövqəl qüdrətə malik deyil. Əgər Allah İblisi məhv et­mək istəmirsə, deməli, O, xeyrxah deyil. Əgər Allah İblisi məhv et­mək istəyirsə və bunu bacarırsa, onda niyə İblis mövcuddur? (və ya Allahın mövcudluğu sual altına alınır). “Üç sual” adlı şeirimiz də sanki bu sualla bağlıdır:
Birinсi hansı bəxtəvər daddı

Güllərin bihuş edən ətrini?

Gülə nəfəs verənmi yaratdı

Bəşəri içindən yeyən kini?

İfadə сaiz isə

Kim belə qüdrət veribdir İblisə?


Bəzi qədim xristian teoloqlar “Allah bizə nə dost, nə düşməndir” deyirdilər.
Müxtəlif ideologiyalar dinin daşıdığı missiyanı, vəzifəni müəy­yən dərəcədə əvəz etməyə çalışmışlar. Filosoflar və digər mütəfək­kir­lər tərəfindən çox fərziyyələr irəli sürülmüş, cəmiyyət modelləri ya­ra­dılmış, ideologiyaya çevrilməyən nəzəriyyələr sadəcə utopiya sa­yıl­mışlar. Böyük insan toplumunda tətbiqini tapan ideologiya xüsusi-“düzgün” həyat tərzi bəyan edir və həmin toplumu qətiyyətlə bu hə­yat tərzinə, əxlaq kodeksinə uyğunlaşmağa çağırır, yəni məcbur edir. Həyata keçirilmiş ideologiyalardan biri (və ən güclüsü) olan Mark­sizmə görə din insanı sosial problemlərdən yayındıran, maddi olan dün­yada insanlara xəyali bir inanc sistemi quran ziyankardır, “din xalq üçün tiryəkdir”. Kommunist ideologiyalı dövlətlər də, dinlər ki­mi, onları qəbul etməyənləri, onlara şübhə ilə yanaşanları təqib etmiş, əzmiş, məhv etmişlər. Din kimi Marksizm də əxlaq normaları işləyib hazırlamış, tarixin və insanlığın məqsədini və inkişaf yolunu elan etmiş, bu yolda təşkilati fəaliyyətə xüsusi yer ayırmışdı; kommunust partiyası dini qurumu, kilsəni, xəlifəliyi, Papalığı əvəz etmişdi. Kom­mu­nizmi, geniş mənada, bir din kimi təqdim edənlər var; univer­sal­lığa iddialı bu din digər dinlərlə yola gedə bilməzdi, ona görə də ateiz­­mi öz ideologiyasının təməlində yerləşdirmişdi.
٭ ٭ ٭
Çağdaş cəmiyyətdə insanları birləşdirən və insanlara böyük təsir gücü olan ən böyük, ən geniş vüsət almış fəaliyyət növləri hansı­lar­dır? Üç böyük fəaliyyət şəbəkəsinin varlığı aydındır: təhsil, din və me­dia-əyləncə. Demək olar ki, hər kəs, hər ailə müəyyən şəkildə təh­sil­lə bağlıdır. Hər kəs televiziya, radio, qəzet, jurnal, internet kimi informasiya qaynaqları və əyləncə növlərindən istifadə edir. Allah, peyğəmbər, axirət, dini anlayış, dəyər və ibadətlər hər kəsin həya­tın­da, sözündə-söhbətində bu və ya digər dərəcədə yer tutur. Bu üç şə­bə­kə bir-biri ilə də bağlıdır. Yazının və savadlılığın yayılmasında, təh­silin inkişafında din həlledici rol oynamışdır. İslam dünyasında məktəbləşmənin necə getdiyini, mədrəsələrin necə qurulduğunu yada sal­maq kifayətdir. Təhsilin dinə təsiri olub, bu təsir indi də var və bir­qiymətli deyil. Elm şəbəkəsi də nüfuzludur, lakin onun əhatə dairəsi nisbətən kiçikdir. Elm və din arasındakı ziddiyyətlər bir tərəfdən onların fərqli təbiəti və öz problemlərinə yanaşma sistemi ilə bağlıdır, digər tərəfdən isə, bu qarşıdurmaların ən azı bir qismi şəxsi haki­miy­yət və dini hakimiyyət uğrunda gedən mübarizədən qaynaqlanmışdır. Dinin siyasət və təhsilə birbaşa nüfuz etməsini dayandıran, dini si­ya­sət­dən ayıran Dünyəvilik (sekularlıq) isə 16-17-ci əsrlərdə Qərb dün­ya­sında həddini aşan dini zorakılığa etirazın və həmçinin, elmi-tex­niki tərəqqinin nəticəsində baş tutdu.

Elm və texnologiya inkişaf etdikcə, sanki dinin təsir dairəsi da­ralmışdır. Elmin qüdrəti insanları heyran etmiş, elmə sitayiş edənlər çoxalmışdır. Allahın və peyğəmbərlərin deyil, elmin qüdrətinə inanc gətirənlər üçün elm sanki dini əvəz etmiş, elm özü sanki din rolunu oynamağa başlamışdır. Elmi bilik, idrak adlı fövqəlgücə inamı, elmə pərəstişi geniş mənada bir din kimi təsəvvür etmək mümkün və bəzi insanlara da təbii görünə bilər. A. Einsteynin sözləri fikrimizə qanad verir: “Allahın göndərdiyi mələk gəlib bunları [şöhrət, qazanc, fayda məqsədilə elmə gələnləri] elm məbədindən qovsa, məbəd faciəli şə­kil­də boşalacaq, seyrələcək, amma boş qalmayacaq [...] Mələyin əziz­­lədiyi və məbəddə qalan insanların əksəriyyəti qəribə, qapalı, tən­hadırlar [...] Onları elmə və sənətə gətirən – əzabverici ağırlıq və ümidsiz boşluqla dolu olan gündəlik qayğılardan uzaqlaşmaq istə­yi­dir, öz daim dəyişən tələb və şıltaqlıqlarından uzaqlaşmaq istəyidir [...] Onlar özlərinə sadə və aydın dünya mənzərəsi yaratmaq, ya­şa­dıqları adi dünyanı öz yeni dünyaları ilə əvəz etməyə çalışırlar. Rəs­sam, şair, nəzəriyyələrlə baş sındıran filosof və təbiətşünas, hərə bir cür, bununla məşğuldur”. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, elmin əhatə dairəsi din, media-əyləncə və təhsil qədər böyük deyil. Hərçənd ki, təhsil elmin inkişafına birbaşa təsir göstərir, amma bu təsir elmi təfəkkürün elliklə qələbəsinə gətirib çıxarmır. Ümumiyyətlə, nəyin az, zəif, nəyin çox, güclü olması mübahisəlidir. Elmi təfəkkür dərə­cə­sinə yüksəlməyən ağıl, rasional düşüncə, yəqin ki, bu və ya başqa də­rə­cədə, hamıya xasdır, ilahi olana sitayiş və etiqad isə bir sıra insan­larda zəif və ya yox dərəsində ola bilər..

Görünür ki, elm dini əvəz edə bilməyəcək, din yox olan deyil; insanların böyük qisminə inanmaq bilik qazanmaqdan daha asan və maraqlı gəlir, inanmaq elmi-tənqidi düşüncədən daha əlçatan, asan-başa-düşülən və cazibəlidir. Gerçəklikdən xilas üçün xəyal etmək, ümid bəsləmək, gələcəyi öngörmək, proqnozlaşdırmaq istəyir insan. Din bu istəyə çatdıra bilir. Dinlər aradan qalxmadı və həmçinin, “uni­versal din” yaranmadı. Qərarlı inanc sisteminə malik çox müxtəlif və inkişaf etmiş mədəni cəmiyyətləri hansısa universal bir din yarat­maq­la birləşdirmək fikri utopiyadan başqa bir şey deyil. Bunun əvəzinə ümumbəşəri dəyərlərdən, ədalətdən, humanizmdən danışmaq olar. Əslində universal din rolunu oynamağa əsas namizəd məhz elm ola bilərdi. Elmi təfəkkür, dünyagörüşü insanın formalaşmasında rol oy­na­yır, şəxsin ləyaqət hissinə də təsir edir; elm həyat tərzini müəyyən edən mühüm amildir. Lakin elmin sitayiş etdiyi mütləq həqiqətdən kənarda da zənginlik və gözəllik var - poeziya, musiqi, incəsənət və bu sırada - möminlərin qəlbində yuva salan inam, fəzilət və ahəng!

Elmi düşüncənin çox əlçatan olmaması və kütləni arxasınca apara bilməməsi elmin dinə çevrilə bilməməsini, “elmi din”in daşıyı­cı­larının az saylı qalmasını şərtləndirir. Hans-Georg Gadamer elmin daim isbat tələb etməsini onun xoşqılıqlı (tolerant) olmaması kimi şərh edirdi (xüsusilə dinə, fəlsəfə və dünyagörüşünə qarşı).

Dini təzyiq alətinə çevirmək, siyasiləşdirmək təhlükəli nəticə­lə­rə, təməl insan haqları və insan azadlığının ciddi surətdə məhdudlaş­dırılmasına gətirib çıxara bilir. Çağdaş dünyanın çox böyük qismində din dövlətdən ayrılıb. Din əvvəllər ona xas olan siyasi və dövləti ida­rə­etmə funksiyalarını itirib; o, daha cəza aparatı deyil (hərçənd ki, in­san­da qorxu hissinin olmasını vacib sayır). Din Galileo Galilei (Qa­li­ley) ilə barışıb, lakin Darvini hələ tam qəbul etmək istəmir. Dinin if­rat təəssübkeşləri Əhdi-Ətiq, Qur`an və bəzi digər müqəddəs kitabları çağdaş elmi nailiyyətləri özündə əks etdirən elmi kitab kimi qələmə verməkdə israrlıdırlar. Elm və dinin fərqli sahələr olduğu, elmin əx­laq və mənəviyyat məsələlərində dinə, dinin sırf elmi məsələlərdə el­mə ehtiram göstərməsi dinlə elm arasında sülhün, əməkdaşlığın əsası ola bilər; monopolist olmaq ətrafdakıların hörmət və rəğbətini qazan­maq işinə xeyir vermir. Bununla yanaşı dinin yaşayacaq, dinə ehtiyac var. Din insanın ümid bəslədiyi inamı və sığınmaq istədiyi fövqəl­qüv­vəni ona bəxş edə bilir, ilahi və müqəddəs olana sitayiş etmək im­kanı yaradır. Din möminlərə onların ürəklərindən keçən xoşbəxt son­luğu vəd edir və ora gedən yolu göstərir. Mömin adam varlıq, möv­cud­luq şübhələrinə qapılmır, o, rahatdır.

Din sülhə və ədalətə çağırır, zəifə maddi və mənəvi kömək et­mə­yi tövsiyə edir, güclünün zəifi bağışlamasını istəyir, pis əməl­lər­dən çəkindirir, qorxudur, əxlaqı saflaşdırır. Bu çox yaxşıdır. Xü­su­silə, iradəsi zəif olan insanlara, yolunu çaşanlara, tövbə etmək istə­yən­lərə din əlini uzadır, onların ayaq üstə qalxmasına kömək edir. Ümid­sizlik, tənhalıq və ruh düşkünlüyü olan insanlar əyləncəyə, həz­zə, hay-küyə can atırlar, bu halda din sadəliyə, mənəviyyata, sakitliyə səs­ləyən alternativ cazibə məkanı kimi ortaya çıxır.

Din ləyaqəti qorumağa, əldə olunan və mümkün olanla qane ol­mağa çağırır. Din mənəvi həzzi maddiyyətdən daha yüksək saymaqla insanların özlərini xoşbəxt hiss etmələrinə kömək edir –mən bu fikrin tərəfdarları sırasındayam. Dinlər haqqında görüşlər çox müxtəlif olsa da, qardaşlıq, bərabərlik, ədalət və mərhəmət hisslərinin mü­da­fiə­sin­də və davamlılığında dinlərin böyük rolu şəksizdir. Əlbəttə ki, İlahi qüdrətə sitayişlə, dini çərçivələrlə, məhdudiyyətlərlə yanaşı din için­də insan ləyaqəti, insan əzəməti, insan dühası da unudulmamalıdır. Burada Allaha müraciət edən Məhəmməd İqbal yada düşür:
Məhəmməd də sənin, Cəbrail də sənin, Quran da sənin

Lakin müəllifi mənəmmi, sənsənmi bu şirin sözlərin?!


٭ ٭ ٭

Azərbaycan oxucularına İranlı müəllif Hüseyn Tövfiqi`nin “Bö­yük dinlərlə tanışlıq” kitabını təqdim edirik. Əsər öz məzmun və şərh­ləri ilə bu sahədə Azərbaycan oxucularına məlum olan kitab və di­gər qaynaqlardan fərqlənir, onun Azərbaycan türkcəsinə tərcümə üçün seçilməsi də məhz bu xüsusiyyəti ilə bağlıdır.

“Böyük dinlərlə tanışlıq” kitabı həcmcə bir-birinə yaxın və möv­zu baxımından təbii ardıcıllığa malik dörd hissədən ibarətdir. Birinci hissədə din haqqında ümumi məlumat verilir, qədim dünyanın dinləri və Hindistan, Çin, Yaponiya xalqlarının dinləri haqqında danışılır. Ikin­ci hissə yəhudiliyə, üçüncü-xristianlığa və nəhayət, dördüncü his­sə İslam və onun digər dinlərlə müqayisəsinə həsr olunmuşdur.

Dini anlayışların tərifi, dinlərin təsnifatı və ya qruplaşdırılması kimi məsələlər çox müxtəlif təbiətə malik subyektlər haqqında ümu­mi­ləşmiş rəy tələb edir və bu, ilk baxışdan göründüyü qədər sadə de­yil. Məsələn, müəllif dini mənsubiyyətin hansı əlamətlərə görə müəy­yən edilməsi məsələsinə xas olan qeyri-müəyyənliyə diqqət yetirir. Zən­nimcə, bu və ya digər dinə mənsub olma bu dinə hansı şəkildə isə inananların və ya möminlərin sayı ilə müəyyən edilmir; bütün insan­ların dinə inanma dərəcələrini təyin etmək çox ağır iş olardı. hər han­sı dinə mənsub olmanın tərifi az-çox dəqiq ölçülə bilən “tarixi-mə­dəni yanaşma” ilə verilə bilər. Məsələn, müsəlman deyəndə tarixən is­lam mədəniyyətinə aid edilmiş, müsəlman sayılmış xalqın nüma­yən­dələri başa düşülür. Əgər müsəlman sayılan bir kəs rəsmi olaraq başqa dinə keçibsə, o, artıq müsəlmanların deyil, keçdiyi yeni dinin nümayəndələri sırasında hesaba alınır. Həmçinin, tarixi-mədəni ba­xım­dan müsəlman və ya xristian sayılanların heç də hamısı dindar, mömin deyillər, ibadətlə məşğul olmurlar, onlar içində ateistlər də var (çox zaman bunu xüsusi bəyan etməyən). Bəzi tədqiqatçılar dün­ya əhalisinin təqribən beşdə birinin ateist olduğunu iddia edirlər.

Təqdim etdiyimiz kitabda təbiətə sitayişlə bağlı olan ibtidai din­lər və qədim dünyanın dinləri – Misir və Babilistanda, Yunan və Ro­ma­da, ərəb dünyasında və əlbəttə ki, qədim İran və onun təsirində olan ölkələrdə mövcud olmuş dinlər (Zərdüştlük, Manilik, Məz­də­kizm...) diqqətlə və yığcam şəkildə təqdim edilmişdir. Allahlar pan­te­onu, bütpərəstlik, xeir və şərin mübarizəsi kimi prinsiplər üzərində qurulmuş müxtəlif qədim dinlərin öyrənilməsi bəşər tarixinin mühüm hissəsini təşkil edir.

Qədim dünyanın Hindistan, Çin, Yaponiya kimi böyük xalqla­rının və onların təsir dairəsində yaşayan xalqlarının dinləri fəlsəfi dinlər, fəlsəfi təbiətli dünyagörüşü kimi təqdim oluna bilər. Kitabın Hindistan dinlərinə aid hissəsini oxuyarkən dil, tarix, din, çağdaş hə­yat və mədəniyyət baxımından çox rəngarəng, hər çalara malik Hin­dis­tana növbəti bir səfərimdə yazılmış bir miniatür (və onu oxucular üçün şərh edən cümlə) yadıma düşdü:


Biri quran, biri yıxan, biri qoruyan1

Allahların diyarında qaldım bir zaman.

Qurmaqdan məmnun olmuşam, yıxmaqdan uzaq

Qorumaq nə ağır dərdmiş, bərk dur, ay aman!


Din tarixinə və ya dinlərlə tanışlığa həsr olunmuş hər hansı kitabda Tövhidi, İbrahimi dinlər və ya Vəhy dinləri kimi tanıdılan Yə­hudilik, Xristianlıq və İslam üçlüyü mərkəzi yer tutur; Hüseyn Tövfiqi`nin “Böyük dinlərlə tanışlıq” kitabı da bu mənada istisna təşkil etmir. Yəhudiliyə aid fəsildə yaranışdan, əsas peyğəmbərlərdən başlamış çağdaş İsrail dövlətinin qısa yaranma tarixinə qədər dövr əhatə olunur. Kitab (bunu bölgəmizi yaxşı tanıyan oxucular təxmin edə bilər) İsrail dövlətinə xüsusi məhəbbətlə seçilmir. Əhdi-ətiq ki­tab­­larının, o cümlədən tarixi (ilk beş kitab-Tövrat daxil olmaqla) ki­tab­ların, hikmət, minacat, dua və şeir kitablarının (Davudun “Zə­bur”u, Əyyubun və Süleymanın kitabları daxil olmaqla) və nəhayət, peyğəmbərlərin gələcəyi xəbər verdikləri kitabların qısa məzmunu və şərhi verilmişdir. Müəllif, həmçinin, Tövratın təfsiri sayılan Təl­mud, o cümlədən məad - qiyamət günündə dirilmə hadisəsi, dini eh­kamlar, müxtəlif firqələr-təriqətlər haqqında məlumatlarla Yəhudilik fəslini dolğun etməyə çalışıb.

Kitabın maraqlı hissələrindən biri xristianlığa, İsanın şəxsiyyəti, əməli və ardıcıllarına həsr olunmşdur. Müəllifin şərhində İsa inqi­lab­çıdır. 12 elçi-həvarilərin və xristianlığın memarı sayılan Pavlosun (Azər­baycanda rus dilinin təsiri ilə Müqəddəs Pavel deyirlər) fəaliy­yətinə xüsusi diqqət verilmişdir; Pavlosun qüdrət sahibləri qarşısında xristianları itaətə çağırması sanki İsanın inqilabi ruhuna tərs gəlir. Ki­tabda kilsənin get-gedə gücləndikcə siyasətə daha çox qarışması və Pa­palıq siyasətinə də yer ayrılıb. Xristianlığın əsas kitabı sayılan Əhdi-Cədidin, o cümlədən İncilin (ilk dörd kitab) qısa məzmunu, xris­tian adət və mərasimləri, kilsədə (xristianlıqda) yaranmış firqələr və kilsə islahatları da xristianlıq haqqında yığcam məlumat almaq istəyənlərə maraqlı və faydalı olacaq.

Kitabın sonuncu fəsli İslam və onun digər dinlərlə müqayisəli təhlilinə həsr olunmuşdur. Bu fəsil, ilk baxışdan zəruri kimi görünən, İslamın əsasları və ya İslam dininə girişdən ibarət deyil; görünür ki, müəllif öz kitabını İslamın əsaslarını bilən oxucular üçün nəzərdə tutmuşdur. Burada, əsasən, üç İbrahimi dinlər arasında mövcud olan oxşarlıqlar, əlaqələr və münasibətlərə baxılır. Allah və peyğəmbərlik, din, dövlət və siyasət məsələləri müzakirə olunur. Dünyanın sonu və xilas, doğruçu və yalançı xilaskarlar haqqında məlumat verilir; Dəc­cal məsələsinin şərhi, zənnimcə, subyektiv xarakter daşıyır. Məişət və ailə məsələlərinin, dini adət və ehkamların müqayisəli təsvirinə də xüsusi yer ayrılmışdır. Allah və onun tanınması məsələsi, istər-is­tə­məz, antropomorfik müqayisələrə, maddi ünsürlərə, Allahın in­sa­nı si­fət­lərinə gətirib çıxarır. Təsvir edənin insan olduğunu və təsvirin in­san­lar üçün olduğunu, insanların ilahi söz sahibi olmadıqlarını nə­zərə alsaq, Allahın tanınması sanki metafizika məsələsinə gəlib çıxır, maddi məna ilə məcazi məna arasında şərhlərə yol açılır. Din və ir­fan, sufizm və ariflər haqqında qısa məlumat verilir. Müqəddəs və sə­mavi kitabların müəllifləri və mötəbərliyi, tərcümə, təfsir, təvil (her­menevtika) kimi anlama, qavrama üsulları haqqında söhbət mi­sal­larla müşayiət olunsaydı, məna və məzmun, yəqin ki, daha aydın açılar, məsələ və hadisələrə nüfuz daha şəffaf olardı.

Müzakirə etdiyimiz bu sonuncu fəsildə digər İbrahimi dinlərin İslamla müqayisədə tənqidinə mühüm yer ayrılmışdır. Təəssübkeş mü­­səlman bir sıra hallarda alimi üstələyir, hər halda, mənə belə gəldi; az qala hər məsələdə İslamın üstünlüyünü nümayiş etdirmək səyi ay­dın görünür. Müəllif kitabın birinci hissəsində tərəfsiz, obyektivdir, son­ra buna cəhd etsə də, İslam baxışı üstün gəlir; az olsa da, şiə ba­xışı da görünür. Böyük dinlərin təsviri və təhlilində, bu yolda qarşıya çıxan metafiziki problemlərin şərhində din ilə eyni anadan süd əmən fəlsəfəyə (İbn Rüşd) müraciət edilməsi arzu olunur. “Böyük dinlərlə tanışlıq” kitabı müəllifinin də bu fikirdə olduğu güman edilə bilər (ki­ta­­bında din fəlsəfəsini təhlilə xüsusi cəlb etməsə də). Sadəcə, tanışlıq xarakteri daşıyan kitabın məzmun və həcm məhdudiyyətləri oldu­ğunu da unutmaq olmaz.

Bu kitabın Azərbaycan türkcəsinə tərcüməsi və nəşri Xəzər uni­versiteti və İranın SƏMT –Humanitar Elmlər üzrə Universitet dərs­lik­­lərinin Tədqiqi və Tərtibi Təşkilatı (Səazman-i-Motale`i və Təd­vin-i-kotob-i-insani-i-daneşgah ha) arasındakı əməkdaşlığa borclu­dur. 1985-ci ildə təsis edilmiş SƏMT elmi kitabların, universitet dərs­­­likləri və dərs vəsaitlərinin tərtibi, nəşri, tərcüməsi ilə yanaşı müəy­yən elmi-tədqiqat və təşkilati işlərlə də məşğul olur, ayrı-ayrı təd­qiqatçı, müəllif və təşkilatlara dəstək verir. SƏMT-in fəaliyyət gös­­tərdiyi dillər arasında fars, ingilis, rus və Azərbaycan türkcəsi se­çilir. SƏMT-in möhtərəm sədri Höcətülislam Dr. Əh­məd Əhmədi və müavinləri ilə Bakıda və Tehranda görüşlərimiz, müzakirə və təh­lil­lərimiz nəticəsində əmək­daş­lıq etməyi, Azərbaycan türkcəsi və farscadan bir-birinə kitab tər­cü­məsi və nəşri işinə başlamağı qərara aldıq. Bakıda İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri də bu işə xeyrxah münasibətini əsir­gəmədi. Onlara təşəkkür edirəm.

Farscadan Azərbaycan türkcəsinə tərcüməsi və nəşrə hazırlıq zamanı bir sıra çətinliklərin aradan qaldırılmasında, ilkin tərcümə mət­ninin təshih edilməsində tərcüməçi - Xəzər universiteti Şərq dil­ləri və dinşünaslıq departmentinin müəllimi Dr. Rüstəm Lazımov, adı çəkilən departmentin müdiri Elnurə Əzizova mənə kömək etdilər. Çox sağ olsunlar. Redaktə işi də asan olmadı. Vaxt məhdudiyyəti ol­masa, tərcümə mətni daha mükəmməl ola bilərdi. Mümkün xətalara gö­rə əvvəlcədən üzr istəyirik. İstənilən halda Hüseyn Tövfiqi`nin “Bö­yük dinlərlə tanışlıq” kitabı Azərbaycan türkcəsində yeni həyata başlayır; oxuculara faydalı olacağını düşünürəm.


Hamlet İsaxanlı


1 Hindistanda yazılıb. Hindi allahlar panteonunda əsas yerləri tutan Brahma (tək işi dünyanı yaratmaq olub), Şiva (rəqs edən, yıxıb-dağıdan allah) və Vişnu (yarananı qoruyan) adlı allahlara işarədir.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə