Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ “Yeni Poliqrafist” mmc baki 2016 Redaktor



Yüklə 447,19 Kb.
səhifə3/10
tarix03.10.2017
ölçüsü447,19 Kb.
#3036
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

İKİNCİ BAB


Mülayimlik və ciddiliyin sifətləri
İkinci gün ki, fələklərin qoruyucusu dördüncü göyün qübbəsini günəş nuru ilə nurlandırdı və zülmət aləminə nurdan paltar geyindirdi, şah Səmmah səltənət taxtında oturub aləmə ədlü-insaf və ədalət bağışlamaqla ziynət vurdu. O gün səhər açılandan ta axşam vaxtının sonuna kimi bütün camaatın məsələlərini yerinə yetirib, ədalət və insafla məşğul oldu. Elə ki nurlu aləmin gül üzünün rəngi zəfəran kimi saraldı və cahanın günəşi batmağa doğru getdi, şah Səmmah öz hücrəsinə gedib Əcubə və Məhcubənin söhbətlərini dinləməyə başladı. Ta ki, onların danışdıqlarından və gözəl söhbət-lərindən faydalana.

Onlardan soruşdu:

-Məliklərin əxlaq adətlərindən hansı əməllər şərəflidir ki, onun vasitəsi ilə dövlətin davamı hasil ola, o dövlətə bir zaval olmaya?

Əcubə dedi:

-Şahımızın hökmranlığı daimi olsun. Hikmət sahibi məlikdə heç mülayimlikdən göyçək bəzək və vüqardan faydalı sifət yoxdur. Ona görə ki, üstün və aşağı təbəqə adamları o xasiyyətlərin səbəbinə mədəni olurlar və məliklər onun nəticəsinin ləzzətindən xoşlanırlar. Əgər bir hökm edən padşahın qəzəbli vaxtında bir az sakitləşib, özlüyündə yumşaqlığa qərar verib, günahkarların cərimə-lənməsindən bağışlanma yolunu tutub göz yumsa, xalq qəlbində onun hərəkətlərinə məftun olurlar və ona o qəzəbdən ziyan dəyməz. Yox, əgər onun əksinə, Allahdan qorxmaz bir padşah ki, acıqlı vaxtında cəsarət edib, təcavüzkar siyasətində tələsikliyə yol versə və ağır cərimə üçün təftiş və axtarış etməyib, işgəncə siyasətində həddini aşsa, xalq ondan inciyər və pərişan olarlar. Rəiyyət onun xidmətinə rəğbət göstərməz. Həm də padşahlara lazımdır ki, ümumi siyasəti xalqın üzərindən qaldırmaya. Ta ki yaramaz adamlar baş qaldırıb, fitnə-fəsad törətməyələr. Həm də cəza işində çox irəli getməyə. Xalq da onun mərhəmətindən ümid kəsməyələr və şər-böhtanın ortadan qaldırılması üçün başqa adama pənah aparmayalar. Məliklərdə səbirlə vaxtı gözləmək incə yaraşıqdır və mütləq gözü bunların üstündə olmalı, siyasəti sonraya saxlayıb, vaxtı gözləməli və səbirlə sakitliyə çalışmalıdır. Ta o müqəssirlərin gizli əməlləri ortaya çıxdıqdan sonra çox faydalı mənfəətləri müşahidə olunar. Necə ki o qazi şah mülayimliyinin bərəkəti ilə nahaq qandan xilas oldu və zəhmətsiz xəzinə əlinə geçdi.

Məlik Səmmah soruşdu ki, necədir o hekayət?

Əcubə dedi:

Mülayimlik və ciddilik barədə Əcubənin hekayəti

Hekayət söyləyənlər belə nəql etmişlər ki, İran ölkəsində Qaysum adında bir padşah var idi. Xoş simalı, gözəl əxlaqlı, ağıl və zəkada çox üstün, əsl səltənət taxtına layiq bir adam idi. O, saf əqidəli və dininə sədaqətli idi. Ancaq Allah yolunda kafirlərlə müharibə etmək onun adəti idi. Bir gün yenə adətinə uyğun olaraq kafirlərlə müharibəyə hazırlıq görüb, qoşununu qəza12 üçün hazır vəziyyətə gətirib düşmən üzərinə səfər etdi. Yolda gedərkən təsadüfən bir zahidin ibadətgahına yaxın yerdə dayandılar. Padşah bir neçə yaxın adamı ilə o zahidin hüzuruna getdi və dedi:

-Mənə nəsihət eylə və elə bir şey öyrət ki, dünyada hörmətə səbəb və axirətdə günahların bağışlanmasına vasitə olsun.

Zahid dedi:

-O şey ki dünyada və axirətdə faydalıdır, mülayimlik və vüqardır. Qüdrətli vaxtında hirs və qəzəbi özündən uzaqlaşdırıb, səbrə itaət etməkdir. Bu nəsihəti yadında saxla. Nə vaxt ki bir günahkara acıqlansan, o halda bir az nəfsinə hökm eylə. Ta ki, gələcək zamanda onun zövqü-ləzzətindən həzz alasan.

Məlik Qaysum o nəsihəti qəbul etdi və zahidlə vidalaşıb düşmən diyarına tərəf yola düşdü. Kafirlərin padşahı elə ki məlik Qaysumun gəlməsindən xəbərdar oldu, onun qətiyyət və qüdrətini eşitdi, bildi ki onunla bacara bilməyəcək. Xəzinəsində nə qədər malı var idisə, hamısını yığıb bir möhkəm yerdə gizlətdi. Belə ki, öz qızından başqa heç kəs onun yerini bilmədi. Bunu ona görə elədi ki, əgər müharibədə məğlub olsa, düşmən əsgərləri o mala sahib olmasınlar.

Elə ki məlik Qaysum öz qüdrətli qoşunu ilə din düşməninin qoşununa həmlə etdi, hamısını qılıncdan keçirdi və yerlə bir elədi. O müharibədə kafir şahı bütün əhalisi ilə birgə məhv etdilər və şahın qızını alıb, sağ qalanlarla birgə məlik Qaysum üçün töhfə apardılar. Məlik Qaysum qıza nəzər saldı. Onun bir gözəl üzlü məhbub, bir qəşəng qamətli dilbər və bir pəri üzlü sənəm olduğunu gördü. Elə ki, məlik onu bu hüsnü-camalda gördü, yüz can ilə ona aşiq oldu. Həmin saat qazılar hüzurunda nikah edib özünə arvad eylədi və döyüş zamanı düşmən məlikdən əldə edilən malını yerbəyer elətdirdi.

Qız atasının qətlə yetirildiyini yadına salıb daima ah-zar edirdi. Qəlbində məlik Qaysuma kin-küdurəti möhkəm idi. Fürsət gözləyirdi ki, bir məkrü-hiylə ilə məlik Qaysumu öldürüb, atasının qisasını ala.

Bu qızın bir dayəsi var idi. Bir gün xəlvət bir otaqda dayəsi ilə söhbətə məşğul ikən, dayə qızın söhbətində qəm-qubar, gül rəngli camalında bir dəyişiklik gördü və mehribanlıq edib dedi ki, bəndələr bir-biri ilə ona görə dost olurlar ki, Allahın yolunda cəhd göstərib, dost üçün şirin canı əsirgəməyələr. Könlündəki qubara və gül camalının pozulmasına səbəb nədir? Mən cariyənə bildir. Ta ki nə yol ilə mümkün olsa bir gözəl tədbir ilə səni muradına çatdıraram.

Qız dedi:

-Bu dünyada qəm-qüssəyə məndən artıq layiq olan varmı? Var-dövlətimiz və şan-şöhrətimiz tələf oldu. Könlümün nuru və gözümün işığı atam min bir əzab-əziyyətlə öldürüldü. Mən isə onun qatili ilə bir yastığa baş qoyuram. Günlərim bu minvalla keçəcəksə, necə qəmgin olmayım?

Dayə dedi:

-İndi ki bu sirdən məni agah etdin, içində olan dərdinə düşməni məhv eyləməklə və sinəndə olan yaraları düşmənini öldürməklə çarə eyləyim və bu çox çətin iş sənin bəxşişlərinlə şübhəsiz müyəssər olur. Məlik Qaysum ləvzinəyi13 çox sevir. İki dənə ləvzinəyə bir az həlahil zəhəri qatıb, bir neçəsini də onun yanına qoyub bir sinidə öz əlinlə məlikin hüzuruna apar. Xoş əhval-ruhiyyə ilə məliklə birlikdə yeyin. Elə et ki məlik şübhələnməsin. Ancaq sən o iki zəhərli ləvzinəyə toxunma ha. Məlik Qaysum ləvzinələrin ləzzətindən və sənin camalının şövqündən məst olub iştahı açılar və o iki ləvzinəni yeyər. O saat da zaval üzəngisinə ayaq basıb ölüm atına minər. Sən də atanın qisasını almaqla könül sakitliyi taparsan. Allahu-Təala da həyatda qisası halal buyurur.

Məlik Qaysumun xüsusi xidmətində olan bir kəniz var idi. Bunların gizli söhbətlərini eşidib, niyyətlərini və çirkin hərəkətlərini uzaqdan izləyib o iki zəhərli ləvzinənin nişanlarını bildi. Bunlar isə arxayınlıqla öz işlərini gördülər. Elə ki onların bu çirkin işləri hazır oldu, məlikə həmin sinini götürüb yüz işvə-nazla şad-xürrəm Qaysumun hüzuruna gəldi. Bu hərəkət məlik Qaysumun o qədər xoşuna gəldi ki, heç nədən ehtiyat eyləmədən xoş münasibətlə ləvzinələri yeməyə başladılar. Kəniz də bir kənarda durub onlara fikir verirdi. Elə ki gördü məlik o iki zəhərli ləvzinəni götürmək istəyir, yerindən sıçrayıb sinini ortadan qapdı. Məlik kənizin bu hərəkətinə bərk hirslənib, sinini tələb eylədi. Kəniz əmrə itaət eyləməyib ləvzinələri yerə atdı.

Qız dedi:

-Bu həyasıza nə oldu ki, bu cür ədəbsizliyə cürət etdi? Yəqin ki bizim mehribanlığımıza paxıllıq edir.

Məlik Qaysum o hərəkətdən çox sinirləndi və acıqlı halda qılıncı əlinə aldı ki, zalımlıqla kənizi öldürə. Bu an o zahidin sözləri yadına düşdü. Hirsi soyuyub, qəlb rahatlığı ilə mərhəmət edib biçarə kənizin günahından keçdi və yanına çağırıb bu hərəkətinə nəyin səbəb olduğunu soruşdu:

-Sən heç bir vaxt bu cür həyasızlıq etməzdin. İndi bu ədəbsizliyə səni nə vadar etdi?

Kəniz cavab verib dedi:

-Nə qədər ki sənin kəbinində olan bu məlikədə atasının qisasını almaq kini var, mən bu cür səfehlikləri çox edəcəyəm.

Məlik bu sözdən çox heyrətlənib buyurdu ki, bu söz çox fitnə törədən və ağlagəlməzdir. Bu işin səbəbini bizə izah eylə.

Cariyə dedi:

-Məlikənin dayəsi sənə hiylə və məkr quraşdırıb, yeməyinə zəhər qatıb, canına qəsd etmək istədi. Əgər bu hadisəni mən görməsəydim səni öldürüb, düşmənlərini sevindirərdilər.

Məlikə ah-nalə edib dedi:

-Bir bu cadugərə bax. Şahın acıqlanmasına necə də həvəslə təkan verir. Özünün həyasızlığını isə ört-basdır edərək istəyir ki, bu yolla şaha xoş gələ.

Kəniz dedi:

-Bütün mübahisələr dəlil-sübutla aşkarla-nar və müəyyən olar. Əgər məlik dayəni hüzura gətirdib bu iki ləvzinəni ona yedirirsə, haq ortaya çıxar və şah da mənim doğru olduğuma inanar.

Məlik dayəni hüzuruna gətirdib əmr eylədi ki, o iki dənə ləvzinəni yesin. Xain dayə qorxusundan onları yedi və elə oradaca canını haqqa təslim eylədi.

Qaysum vəziyyəti belə görüb, istədi ki məlikəni öldürsün. Yenə o zahidin sözləri yadına düşdü. Dərhal acığı soyuyub sakitləşdi və məlikəyə dedi:

-Baxmayaraq ki sən bizə bu cür böyük bir bəlanı rəva gördün, amma bizim mülayim-liyimiz bu təhlükəli cinayətdən bizi xilas etdi. Mən isə sənin bu qaniçənliyini bağışladım.

Şahın bu mərdanəliyindən təsirlənən məlikə peşmançılıq və hörmətlə taxt önündə səcdə etdi və dedi:

-Sən ki mənim günahımı əfv edib canımı bağışladın, mən də bundan sonra ikiüzlülükdən əl çəkib, səninlə barışmağı qəbul etdim. Odur ki sənə bir sirr açım. Mənim atam filan yerdə çoxlu mal və bol xəzinə gizlətmişdir. Səninlə nikahlı olsam da bu sirri səndən qapalı və gizli saxlayırdım. İndi ki səninlə sədaqətlə barışdım, lazımdır ki o xəzinəni çıxarasan və lazım olan yerlərə xərcləyəsən.

Məlik Qaysum o hədsiz-hesabsız malı və xəzinəni deyilən yerdən çıxartdırıb, xeyli hissəsini o sədaqətli kənizə hədiyyə eylədi. Qalanını isə xəzinəyə qoyub məlikəyə dedi ki, bu mal sənin haqqındır. İstədiyin kimi götürüb xərcləyə bilərsən.

Beləliklə də, mülayimlik və sakitliyin bərəkətindən dostluq, sevgi, birlik və məhəbbət hasil olub, kin və qərəz ortadan qalxdı. Məlik Qaysum da birdəfəlik qan tökməkdən aralandı.

Məhcubə dedi:

-Bu çox gözəl bir söhbət oldu. Bu maraqlı hekayətin və könül oxşayan rəvayətin bir bənzəri də o məlik hekayətidir ki, öz mülayim-liyinin gücü ilə öz mehriban və günahsız qulamının ölümündən keçib, xain günahkarı haqqına görə edam eylədi.

Əcubə dedi:

-Məhcubə, o hekayət necədir? Danış görək.

Məhcubə dedi:

Mülayimlik və ciddilik barədə Məhcubənin hekayəti

Xəbər söyləyənlər belə rəvayət etdilər ki, Bədəxşan diyarında bir padşah var idi. O, hədsiz dərəcədə təmiz ürəkli və gözəl xasiyyətli idi. Onun adına Çəhram deyirlərdi. Ölkə onun varlığı ilə şərəfli və əxlaq qaydalarını gözləmələri ilə tərifə layiq bir şəkildə rahat olmuşdu.

Bir gün məlik Çəhram ov etmək üçün ata minib səhraya getdi. Bir müddət səhrada at sürüb, hər tərəfi dolaşdı, sağına və soluna diqqətlə baxdı. Gözünə heç bir şikar dəymədi.

Bir odunçu həddən artıq kasıb olduğu üçün ceyran dərisini özünə bürüncək eyləmişdi. O gün həmin çöldə bir qədər odun kəsib yorulmuşdu. Bir az dincini almaq üçün bir ağac dibində yatıb qalmışdı. Məlik Çəhram uzaqdan onu gördü. Elə düşündü ki bu bir ceyrandır. Ox-kamanı əlinə götürüb, odunçunu nişan alıb atdı. O biçarəni vurub yaraladı. Padşah ov bilib vurduğu odunçunun yanına gəldi. Yazıq odunçunu bu halda görüb çox peşman oldu və dedi:

-Bu cəsarət mənə çox baha başa gəldi. O fağıra min dinar qızıl pul verib ondan üzrlər dilədi və əhd eylədi ki, bir daha heç bir işə tələsməsin, heç bir halda tələsikliyə yol verməsin.

Məlik Çəhramın gözəllikdə tayı-bərabəri olmayan bir cariyəsi var idi. Bu cariyə həm də xoş üzlü və könülaçan idi. Məlik Çəhram o kənizin vurğunu olmuşdu. Belə ki, öz kəbinli arvadının və başqalarının söhbətlərindən ayrıldıqdan sonra həmişə onunla sevişməklə məşğul olurdu. Məliyin arvadı isə qeyrət atəşi ilə ciyərini kabab edib, daim gözlərindən həsrət yaşını axıdırdı. Bir gün bu vəziyyəti bir qadına söylədi, ona bu möhnətin şiddətindən xəbər verdi və dedi:

-Məlik o cadugər kənizə dəlicəsinə aşiq olmuşdur. Mən də bu həsrətin atəşindən taqətdən kəsilib, yəqin ki axırda həlak olacağam.

Qadın ona təsəlli edərək cavab verib dedi ki, könlündən qəm-qüssəni çıxart. Sən ki məni bu iş üçün sir dostu eylədin, mən səni o cariyənin sənə verdiyi əzablardan xilas eylərəm. Mənə söylə görüm, məlik o cariyənin harasını daha çox sevib- oxşayır?

Məliyin qadını dedi ki, bir xəlvət vaxtı gördüm ki, məlik onun gümüşü rəngdə olan çənəsini daha çox öpərdi. Onun ağ bədəninin qoynunda məst olub, ürəkləri ovlayan böyük xəta edərdi.

Qadın dedi:

-İndi iş ona qalır ki, gərək mən qız-gəlinə bəzək vuran məşşatələr14 kimi bəzək qutusunu zinət əşyaları ilə dolduram və məliyin hərəmxanasına girəm. O kənizin hüzurunda xidmət şərtlərini yerinə yetirəm. Çox həvəslə mənim bəzək vurmağıma sevinəcək. Rənglərin içinə bir qədər həlahil zəhəri doldurub saxlayam. Bəzək işini qurtardıqdan sonra o zəhərli rənglərlə onun çənə çuxurunda bir zəhərli xətt çəkəm. Elə ki, məlik məst halda ona dodaq vurub, çənəsindən busə aldı, o saat zəhər ağzına gedib onu öldürəcək. Sən də bu qüssə və qəmdən qurtularsan.

Bu yolla məkrinə hiylə qarışdırıb, o tərtibi necə demişdisə, tamam hazırlayıb zəhərli rəngləri kənizin çənəsinə sürtdü.

Məliyin bir qulu var idi ki, həmişə hərəmxanada olardı. Məliyə məxsus xidməti işləri ancaq o görərdi. Pərdə arxasından bunların bu gizli söhbətlərini eşidib istədi ki cariyəni bu təhlükəli hiylədən xəbərdar eyləyə. Ancaq heç cür fürsət tapa bilmədi. Məliyi də məst halda görüb, bu sirri agah etməyə bir yol tapa bilmədi.

Məlik həmişəki adəti üzrə kənizlə yataq otağına girdi. Məst idi, dərhal kənizi qucaqlayıb yuxuya getdi. Həmin qulam yavaş-yavaş cariyənin yanına gəldi. Başı ucunda durub dəsmal ilə o zəhərli xətti onun çənəsindən silməyə başladı. Qəfildən məlik Çəhram yuxudan oyandı. Baxıb gördü ki qulam əlini kənizin çənəsinə uzadıb. Bu Məlik Çəhramı bərk qəzəbləndirdi və qılıncı çəkib istədi ki tez bir zamanda qulamın başını bədənindən ayıra. Bu vaxt odunçu ilə olan əhvalat yadına düşdü. Mülayimlik və səbrlə nəfsinə təskinlik verib o qulamın günahından keçdi və soruşdu:

-Bu nə cürət idi sən elədin? Bunun səbəbi nədir ki, bu kənizə şəhvət yolu ilə mənim yatağımda və mənim yanımda təcavüzə cəhd edirsən?

Qulam cavab verib dedi:

-Şah sağ olsun. Sizin xanımınızın məşşatəsi rənglərə zəhər qarışdırıb bu kənizin çənəsinə sürtdü. Belə ki, bəzəkli surətdə pislik və hüsn pərdəsində qəbahət özünü göstərə. Mən də istədim ki o zəhərli xətti onun çənəsindən silib təmizləyəm.

Məlik dərhal arvadını yanına gətirdib bu məsələnin izahını ondan tələb eylədi.

Məliyin arvadı dedi:

-Mən neçə kərrə görmüşəm ki, bu qulam o kəniz ilə bir-birinə necə aşiqdirlər. Bu cür əməlləri çox etmişlər. Lakin mən məlikdən bunu gizlədərdim. Düşünürdüm məliyin ağlına belə gələr ki, bunu mən iftira üçün deyirəm. Elə ki məliyin özü bu işi müşahidə eylədi, daha nə deyə bilərəm? Əmr padşahındır.

Qulam dedi:

-Mən inanıram ki, o zəhərli rəng hələ məşşatənin qutusundadır. Əgər məlik buyurub məşşatəni bura gətirtsə bu şübhədən qurtarar.

Odur ki məlik əmr eylədi, məşşatəni qutusu ilə birlikdə şahın hüzuruna gətirdilər və təkid etdilər ki, o rəngi agzına alsın. Qadın can qorxusundan aman dilədi və günahını etiraf eylədi.

Məlik Çəhram buyurdu:

-Arvadımı boğun, məşşatəni də odda yandırın!

O qulama da gözəl xələtlər bağışlayıb, bir neçə böyük şəhərin əmirliyini ona tapşırdılar. O məlik böyük səbir və dəyanətlə o işdə araşdırma apardı. Mülayimlik və ciddiyyətin bərəkətiylə haq nahaqdan ayrıldı. Allah-Təala buyurur: “Haq gəldi və batil yox oldu!”

Məhcubə dedi:

-Bu məsəli onun üçün gətirdim ki, ta zəmanə hakimləri və cahan padşahlarına məlum olsun ki, vüqarlı olmanın və mülayimliyin nəticəsinin sonu yoxdur. Hər kim bu xasiyyətlərə diqqət göstərsə həmişə qəlbi şad və fərəhli olar. Xalq içində də qəbul olunar və nəzərə alınar. Haq-Təala səltənət mülkünün sahiblərini vüqar bəzəyi və gözəlliklərlə müzəyyən eyləsin. Həmişə könül muradı və qəlb səfası hasil olsun.




Yüklə 447,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə