Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57

Dedi: – Səni döyərdim, 
Heyif ki, boyda məndən 
Uzunsan bir qədər sən! 
Əsl barmaq tək mənəm; 
Ələ yol göstərənəm. 
Mən sizə dərs verərəm, 
Hər işi tək görərəm! 
Baş barmaq gülümsədi, 
Eyhamla belə dedi: 
– Ah, barmaqlar, barmaqlar, 
Höcət, şıltaq barmaqlar!.. 
Təklikdə heç biriniz 
İş görə bilməzsiniz! 
Baş barmaq olsam da mən, 
Bir gün ayrılsam sizdən, 
Yaramaram heç nəyə.. 
Öyünürsünüz niyə?! 
Bir söyləyin beşlikdə, 
Deyin görüm, təklikdə 
Nə yarada bilərsiz? 
Bir ev tikə bilərsiz? 
Ağac əkə bilərsiz?.. 
Baxın, dünyada nə var, 
Hər əldəki barmaqlar 
Onu birgə yaradıb, 
Hər arzuya bir çatıb. 
Beş barmaq bir olmasa, 
Hər vaxt dilbir olmasa,
Nə yumruq, nə əl olar!
Baş barmağı dinləyib
Barmaqlar ondan belə
Höcətləşmədi daha
Heç zaman bir-birilə.


Abdulla Şaiq
MURAD
(hekayə)
Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı bir kənd var idi. Bu kəndin dörd bir yanı
bağlıq, meşəlik yerlər idi. Elə ki, bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar
yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-
axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl
olurdu ki, insan baxmaqdan doymurdu.
Belə tərifini etdiyimiz kənddə Bilqeyis və Murad adında bacı-qardaş yaşayırdı. Bilqeyis
olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında
palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də
gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynayardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq
gedib-gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq
gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə
keçərdi.
Amma Murad heç qapı-bacada tapılmazdı. Səhərdən çıxar, bir də axşam evə qayıdardı.
O gün olmazdı ki, Muradın üst-başı cırılmış evə qayıtmayaydı. Hər kəslə döyüşər,
söyüşərdi. Ona görə də onu heç kəs sevməzdi. Hətta öz ata və anası da Muradı
sevməzdi. Onun əlindən bacısı Bilqeyisin heç rahatlığı yox idi. Onun oyuncaqlarını
dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı. Ona görə Bilqeyis qardaşı Muradla
heç oynamaz və ondan qorxardı.
Bilqeyis mehriban bir qız olduğu üçün, qapılarındakı heyvanları və quşları da çox
sevərdi. Heyvanlar və quşlar da əvəzində Bilqeyisi sevərdi və ondan qaçmazdılar. Çox
vaxt olurdu ki, bağçada oynadığı zaman Mərmər pişik, Dəmir it, Məstan xoruz, toyuq-
cücələr Bilqeyisin başına cəm olar və onun əlindəki çörək parçasını alıb yemək
istərdilər. Bilqeyis isə çörəyi parça-parça edib, bir az Məstan xoruza, bir az toyuq-
cücələrə, bir az da it və pişiyə atardı. Hamısı soxulub yeməyə məşğul olardı. Bilqeyis
qara, iri gözlərini onlara dikib baxardı.


Bir də görərdi ki, it öz çörəyini yeyib qurtardı, yavaş-yavaş ağzını pişiyin qismətinə
uzadır, pişik də mırıldaya-mırıldaya çalışır ki, ağzındakı çörəyi yeyib qurtarsın, həm də
pəncələri ilə yerdə qalan çörəyi bərk-bərk tutub, acıqlı-acıqlı itə baxır. İt yenə soxulur
ki, pişiyin, ya xoruz-toyuğun çörəyini qapıb yesin; bu vaxt xoruz qaqqıldaya-qaqqıldaya
itin üstünə atılırdı...
Bilqeyis bu tamaşadan doymazdı, gülə-gülə onların davasına baxardı.
Murad isə yoldaşlarını və bacısını incitdiyi kimi, heyvanları da incidərdi. Hələ
qapılarındakı Dəmir köpəyə onun əlindən gün və dirilik yox idi. Qapı ağzında uzanıb
yatarkən Murad əlindəki daş ilə itin harası gəldi vurardı. Yazıq it quyruğunu böyrünə
qısıb, vəngildəyə-vəngildəyə qaçar, yainki iri, qara ağzını açıb Murada hürərdi. Odur ki,
Muradı heç sevməzdi. Onu harada görsə, qaçıb gizlənərdi. Mərmər pişik də Muradı
sevməzdi. Onun kölgəsini uzaqdan görüncə, quyruğunu qısıb, tələsik özünü bir yerə
soxub gizlənərdi; çünki həmişə Murad onun quyruğundan tutub dartardı. Murad pişiyin
arxasınca düşdüyü zaman pişik əvvəlcə qaçar, Muradın ona yaxınlaşdığını görüncə
birdən-birə dayanardı, belini dikləyib, dişlərini qıcayıb, “puf” eləyib Muradın üstünə
atılardı. Hətta bir neçə dəfə əllərini, üzünü cırmaqlayıb Muradı ağlaya-ağlaya evlərinə
göndərmişdi.
Elə ki axşam olurdu, təpələrdən yamaclardan naxır mələşə-mələşə kəndə gəlirdi.
Murad əlinə çomağını alıb naxırın içinə girərdi, əlindəki çomaqla o inəyin, bu öküzün
harası gəldi vurardı. Murad bir dəfə bir qara inəyin arxasınca düşdü. İnək axırda təngə
gəlib döndü və Muradı buynuzlarına götürüb yerə elə çırpdı ki, qurbağa kimi yerə
sərildi. Murad tamam bir saat özünə gəlmədi. Ondan sonra Murad nə Dəmir köpəyə,
nə Mərmər pişiyə, nə də inəklərə yaxın gedə bilirdi.
Bağçalarındakı yasəmən ağacı altında bir səbət içində toyuqlar yumurtlayırdı. Bir gün
Murad bağçada gəzirdi. Çil toyuq yumurtlayıb çıxanda Murad gördü. Yavaş-yavaş gəlib
yumurtaları cibinə doldurdu ki, aparsın. Məstan xoruz bunu uzaqdan görüb, uça-uça
Muradın üstünü aldı. Murad çox qorxmuşdu, bilmirdi ki, nə etsin. Axırda arxasında
gizlətdiyi yumurtanı atıb qaçdı, xoruz əl çəkməyib, onun arxasınca düşdü. Muradın
ayağı bir ağaca ilişib yıxıldı; cibindəki yumurtalar sındı, cibi və paltarı yumurtaya
bulandı.
Murad qorxusundan evə gedə bilmirdi. Çünki paltarları başdan-ayağa yumurta sarısı
idi. Murad bağçada bir alma ağacının altında oturub nə edəcəyini düşünürdü. Gördü ki,
Bilqeyis bağçaya çıxdı, “Məstan, Məstan!” deyə bağırdı. Bağçanın o biri başından xoruz
uça-uça gəldi. Bilqeyis xoruzun başına bir papaq tikmişdi. Mehriban qız o balaca əlləri
ilə xoruzun papağını başına qoydu, lent ilə bağladı, sonra şirin dil ilə dedi ki:
– Məstan xoruzum, ceyran xoruzum, gör sənə nə gözəl papaq tikmişəm!
Deyəsən ki, xoruz da Bilqeyisin mehriban dilini anlayırdı; gözlərini Bilqeyisin üzünə
dikib, dinməz-söyləməz dururdu. Bilqeyisin qəlbinə dəymək istəmirdi; çünki Bilqeyis
onları çox sevirdi. Hətta sarı toyuq da cücələri ilə Bilqeyisin Məstan xoruza bağışladığı
papağa diqqətlə baxırdı. Bilqeyis çox şad idi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə