Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57

Xəlil Rza Ulutürk
O SAHİLDƏ, BU SAHİLDƏ
Gurşad tökdü, tufan oldu, 
Araz daşdı, ümman oldu. 
Qayaları al qan oldu 
O sahildə, bu sahildə!
Bir-birindən cida düşdük, 
Diri gözlü oda düşdük. 
Biz yadlara neyləmişdik?! 
O sahildə, bu sahildə!
Ürək dustaq, Vətən məhbəs, 
Hanı Babək, Cavanşir bəs? 
Həyat bu cür qala bilməz 
O sahildə, bu sahildə!
Nə həsrət, nə hicran olsun, 
Vahid Azərbaycan olsun! 
Qoy birləşsin, bir can olsun 
O sahil də , bu sahil də!


Nəriman Həsənzadə
AZADLIQ HİMNİ
Hər millətin, hər torpağın, 
Öz adı var, öz ünvanı. 
Yağılara baş əyməyib, 
Azərbaycan qəhrəmanı. 
Vahid vətən himnimizdir, 
Şəhidlərin axan qanı. 
Nəsillərə yadigardır, 
Zaman yazdı bu dastanı.
***
Üçrənglidir bayrağımız, 
Qalxan bayraq enən deyil! 
Mərd oğullar dar ayaqda 
Öz andından dönən deyil! 
O torpaq ki tapdalanır 
Ayaq altda, 
Vətən deyil! 
O torpaqda bağ becərsən –, 
Ot göyərib bitən deyil!
***
Millətlərə hürriyyətdi, 
İstiqlaldır şüarımız. 
Azadlığı, səadəti, 
Qorumaqdı qərarımız. 
Azərbaycan – ana torpaq, 
Qədim Odlar diyarımız. 
Yaşadıqca Vətənimiz, 
Ölsək, şəhid məzarımız!
________________


Mehdi Hüseyn
KƏRƏM ƏFSANƏSİ
(ixtisarla)
Mən bu hekayədə bir igiddən danışacağam... Bu igidi el arasında Qaçaq Kərəm adı ilə
tanıyırdılar.
Kərəm öz dəstəsi ilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni
İsrafil ağa da özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar
divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Günlərin birində, hələ obalar yaylaqda ikən, Kərəm dəstəsini çəkib, arvad-uşağını
görməyə gəlmişdi. Dostları dəyələrə dağılışıb, paltarlarını çıxarmadan, aynalı
tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-döşək saldırıb
uzanmışdı. Ağır və məşəqqətli yorğunluğunu unutmaq istəyirdi. Amma onun gözlərinə
yuxu getmirdi. Düşmənini unuda bilmirdi.
Kərəm gecədən xeyli keçmiş qalxıb alaçıqdan eşiyə baxdı. Gəzindi. Ətrafı yoxladı.
Bütün oba sanki əbədi yuxuya getmişdi. Adətən, sayıq yatan qapı itlərindən də səs-
səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən hücum edə biləcəyini
düşünürdü. O, gəzinə-gəzinə obadan bir az kənarda hündür qayanın dalına girib keşik
çəkən dostuna yanaşdı, qəsdən pıçıltı ilə soruşdu:
– Yatmısanmı, Mərdan?
Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:
– Xeyr, Kərəm dayı, – dedi. – Əgər yuxu məni üstələsə, barmağımı kəsib duz
basaram!..
– Duzun varmı?
– Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi.
Yaralı barmağa duz basmaq vəfalı dost nəzərində o qədər də fədakarlıq deyildi.


Kərəm Mərdana bir söz demədən yenə gəzindi, yenə ətrafı dinlədi. Bu sakit, səssiz
aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat ola bilmirdi. Oba üzərini çən
bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası ilə süzən ay indi
hardasa gizlənmişdi.
Kərəm çox gəzib-dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər saldı, amma
heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi. “Görünür, İsrafil
ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa, indiyəcən harda olsaydı, dəstəsini çəkib
üstümüzə gələrdi,” – deyə düşündü və alaçığına qayıtdı. Qaranlıqdan arvadının səsini
eşitdi:
– Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!
Vəfalı qadın köksünü ötürəndə kədər dolu bir ah çəkdi. O, yaşarmış gözlərini göyə
dikib Allaha yalvardı:
– Ey böyük Tanrı, mənim balalarıma rəhmin gəlsin!
Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir- duası onu da
qəhərləndirdi:
– Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar.
Qadın dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da artırdı. Kərəm
uzandı. Tüfəngini yorğanının üstünə qoydu. Azca yatmaq və dünyanın dərdini, kədərini
unutmaq istədi.
Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...
Nəhayət, Kərəmin gözləri qapandı. Şirin yuxu o mərd, o qüdrətli igidi də məğlub
elədi...
...Kərəm nə qədər yatdığını bilmədi. O yalnız hava işıqlanmağa başlarkən oyandı. İndi
artıq qorxu azalmışdı. İsrafil ağa gündüz hücum fikrinə düşə bilməzdi. Kərəm yerindən
qalxaraq alaçığı tərk etdi. Obanın şimalında, dünən keşikçinin dayandığı qaya dibində
pıq-pıqla qaynayan muncuqlu bulağa tərəf getdi. Hələ gənc yaşlarından sevdiyi bu gur
çeşmə ən əziz xatirələri ilə bağlı idi. Kərəm tüfəngini qayaya söykədi, patrondaşını
açıb daşın üstünə qoydu, çuxasının ətəklərini qatlayıb kəmərlərinə keçirtdi, qollarını
çırmadı. Buz kimi soyuq suda doyunca əlüzünü yudu. Əgər bu dəmdə güzgüyə
baxsaydı, geniş alnındakı xəncər yerinin qaraşın saqqalına, uzunsov, qırxıq başına,
qalın burma bığlarına, nə isə daxili kədərlə yanan iri, tünd qara gözlərinə necə
yaraşdığını duymamış olmazdı. At belinə qalxanda saçaqlı papağı və qara yapıncısı onu
nəhəng bir qartala oxşadırdı. Amma indi, bulaq başında yuyunan vaxt Kərəmi sadə və
sıravi kənd dəliqanlısından fərqləndirmək çətin idi.
O, yaylıqla əl-üzünü silib daş üstündə oturdu, istər-istəməz dərin düşüncələrə daldı.
Özünün, ailəsinin, dostlarının taleyini fikirləşir və namərd zəmanəyə lənət oxuyurdu.
Kərəm bilirdi ki, onu arvaduşaqlardan, el-obasından didərgin salan da bu zəmanədir.
İsrafil ağanı öldürsə də, həyat onun üzünə gülməyəcək. Kərəm gənclik illərində indiki
kimi qaraqabaq deyildi. O gülər, oynar, zarafatlaşardı. Qəhqəhə çəkəndə qənd kimi ağ


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə