Məmməd Araz
QARANQUŞ
Əsdi vədə yeli... yaz müjdəsilə,
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!
Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də, o yadındadır.
Dilin yox dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.
Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!
Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə, ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.
Bəlkə, bu halımdan incidi dağ-daş,
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahımı kaş
Bütün ömrüm boyu yuya biləydim.
Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə, ev qayğısı, övlad nəfəsi
Olmasa, indi də duymazdım bunu.
Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!
Vaxt olur, cansızdan can umur insan,
Adi təsəllidir bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.
Gəl, yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!
________________
Elçin Əfəndiyev
İKİ QIZ VƏ SƏRÇƏ
Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.
Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: özündən razı, həddən artıq dəblə geyinmiş,
yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Küçə ilə o tərəf-bu tərəfə gedib-gələn adamlar elə bil ki, bu qızlar üçün sıfır idi, elə bil
ki, bu qızlar dağın zirvəsində, adamlar isə dərənin dibində idi və dünya açıq-aşkar bu
qızların vecinə deyildi.
Bu vaxt qəribə bir hadisə baş verdi: bir sərçə hoppana-hoppana qızların qıçlarına
dolaşa-dolaşa küçənin ortasına qondu və yerə düşmüş bir çörək qırıntısını acgözlüklə
dimdikləməyə başladı. Qızlar əvvəlcə gülümsədilər, sonra səkidə ayaq saxlayıb
təəccüblə əl-ayağa dolaşan o sərçəyə baxdılar.
Sarı işıq yandı və irəlidəki maşınlar yavaş-yavaş tərpənməyə başladı, sərçə isə küçənin
ortasından uçmurdu.
Mən aləmə meydan oxuyan bu qızların rəng çəkilmiş, uzun kirpik yapışdırılmış
gözlərində bir təlaş oxudum və əvvəlcə mənə elə gəldi ki, o uzun yalançı kirpiklərlə o
təlaş hissi bir-birinə heç cürə uyuşmur.
Ac sərçə, yəqin, xəstə idi, ya zədəli idi, uça bilmirdi. Maşınlar yavaş-yavaş sürətini
artırırdı. Şaşırıb qalmış o iki qız küçənin ortasında çörək
qırıntısını dimdikləyən o sərçəyə baxa-baxa bir-birinə tələsik nəsə deyirdi və mən
onların nə dediyini eşitmirdim, amma bir şey tamam aydın idi ki, qızlar bərk
həyəcanlanmışdı və o həyəcan daha o uzun yalançı kirpiklər üçün yad, yabançı bir şey
deyildi. Onların həyəcanı mənə də sirayət etdi və mən də maşının pəncərəsindən
boylanıb ətrafında maşınlar ötüşən o sərçəyə baxdım.
Yaşıl işıq yanmışdı. Qabaqdakı ağ maşın sərçənin lap yanından ötdü. Qızlardan biri
cəld səkidən düşüb küçənin ortasında çörək qırıntısını təpişdirən o sərçəyə tərəf qaçdı
və bir əlini maşınların qabağında yelləyəyelləyə – yəni ki, bir dəqiqə gözləyin! – o biri
əlini aşağı uzadıb sərçəni götürmək istədi və bu zaman... həmin ac sərçə “pır-r-r”
eləyib qızın əlinin altından havaya qalxdı və sürətlə göyə baş vurub gözdən itdi.
Qız əvvəlcə məəttəl qaldı, sonra gülə-gülə rəfiqəsinin yanına qayıtdı və ikisi də yoluna
davam etdi.
Bizim maşın da yerindən tərpəndi. Mən geri çevrilib arxa şüşədən bu iki qızın ardınca
baxdım. Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun
kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o gözlərdə
o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər...
________________
İfadəli oxuda istifadə edilən
şərti işarələr
1
Qısa fasilə (bir sayına bərabər)
sətri
2
Orta fasilə (iki sayına bərabər)
sətri
3
Uzun fasilə (üç sayına bərabər)
sətri
4
Məntiqi vurğu
sətiraltı
5
Tonun yüksəlməsi
sətirüstü
6
Tonun alçalması
sətirüstü
7
Sözün uzadılması, yaxud cümlənin hissəsinin
oxu tempinin aşağı salınması
sətirüstü
8
Tempin artırılması (oxunun sürətləndirilməsi)
sətiraltı
9
Yanaşı gələn sözlərin birnəfəsə deyilməklə oxunması
sətri
10
Misrada fikir tamamlanmayıb növbəti misraya köçürüləndə
qoyulur
sətri
LÜĞƏT
A
Alaçıq – çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili,
çadır
Alay – qoşun vahidi, polk
Amal – qayə, məqsəd, arzu, dilək
Aul – məntəqə, kənd
Ayğır – erkək at
Azman – çox böyük, iri, əzəmətli
Azuqə – qida ehtiyatı, ərzaq ehtiyatı
B
Bac-xərac – vergi, rüsum
Bədbin – həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan,
gələcəyə
inanmayan
Bəndə – qul, mömin insan, fağır adam
Bikar – işsiz, peşəsiz, məşğuliyyətsiz adam
Biruh – ruhsuz, huşsuz
Bəzirgan – tacir
Bilmərrə – tamamilə, büsbütün
Binə – köçərilərin mal-qara ilə köçüb kənddən kənarda yaylaqda
məskən saldıqları yer, yurd
Biryolluq – birdəfəlik, həmişəlik, qəti olaraq
Bürünc – mis, sink, qalay xəlitəsindən ibarət metal
C
Calal – əzəmət, dəbdəbə, təmtəraq, büsat
Cəvahirat – qiymətli daşlar, daş-qaş
Cəllad – ölüm hökmünü icra edən adam
Cıqqa – tacşəkilli, daş-qaşlı başlıq
Cida – ayrı, uzaq
Ç
Çapacaq – ət çapmaq üçün işlədilən kəsici alət, ət baltası
Çapar – atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs,
qasid
Çarıq – göndən tikilən ayaqqabı; keçmişdə kəndlilər istifadə
edərdilər.
Çarvadar – yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan
adam
Dostları ilə paylaş: |