ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

yuxarı dırmanırdılar. Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi 
baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda o mənə baxmazdı, mən də baxışlarımı onun 
yanından başqa tərəflərə çevirirdim. O dağlıların qanununu yaxşı qavramışdı.  Qanun isə 
bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz məhəbbətini biruzə 
verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və mənə bir 
parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd 
camaatı kimi yeməyi əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi.  
Yeməyimizi yeyib qurtardıqdan sonra  Nino barmaqlarını yalayaraq ağappaq dişlərini 
göstərərdi. Sonra deyərdi:  
  Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək 
olduğumuza görə və mən də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı 
yumalısan.  
  Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq 
kimi ayaqlarını oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada 
otururduq. Nino bəzən pəsdən mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini 
mənə çevirib susardı. Mən isə Madonnanın sifətinə baxmaqdan heç yorulmurdum. Hər 
gecə balaca bir heyvan kimi büzüşüb yatardı.  
  Bir dəfə Nino məndən soruşdu: 
  – Əli xan, xoşbəxtsənmi? 
  – Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi? 
  – Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının 
bacardığını mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.  
  Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə 
baxaraq önəmli məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər 
sarımsaq tökmək lazım idi, ya yox? Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir 
məhəbbət əlaqəsi vardı, yoxsa, yox? Kənddə yaşayan zaman birdən diş ağrısı tutsa, 
kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini süpürgə ilə amansızcasına 
döyürdü?  
  Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar
dirsəyimə toxunar, sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə 
yatardı. Mən onun incə çiyinlərini yorğanla örtərdim.  
  “Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı 
yerlərdə yaşamağa layiq adamsan”. 
  Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, 
qrammofon və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri 
kəlləsinə çıxdı. Amma çox təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. 
Onlardan biri dağlı rəqsi, ikincisi isə “Aida” operasından bir ariya idi. Biz bu valların 
ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları dalbadal qoyub qulaq asırdıq.  
  Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni 
ölkəyə gedib orada yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə 
yanımıza gəldi. Qızının komada yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.  
  – Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.  
  Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan 
heç yana gedə bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.  
 
94


  – Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada 
sizə ilişə bilməz.  
  – Bəs İspaniyaya necə gedə bilərik, Ata? 
  – İsveç yolu ilə. 
  Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.  
  Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino 
da kitabları saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.  
  Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.  
  – Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.  
  – Bəli, mən bişirirəm.  
  – Suyu da sən daşıyırsan?  
  – Bəli, mən daşıyıram.  
  – Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?  
  Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” 
deyib cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna 
taxdı. Sonra Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və 
qərarını bildirdi: “Əli xan, sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə 
Bakıdan bir aşpaz göndərəcəyəm”. 
  Nino qışqırıb dedi:  
  – Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.  
  Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.  
  Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Molla  böyük bir xəbərlə 
yanımıza gəlib dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, 
bu naməlum şəxs erməni imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi 
olan mən, kəndin qonağı idim. Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və 
heysiyyətinə vurulmuş silinməz bir ləkə ola bilərdi. Bayıra çıxdım ki, gedim o adamı 
görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun Naçararyan nəslindən olub-
olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb məsləhətləşirlər  və belə 
qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar. Əgər o 
Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən 
deyilsə, onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.  
  Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. 
Dağlarımız Şamil dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib 
çatmırdı. Dostlarımız vaxtaşırı bizə qəzet göndərirdilər, lakin mən gələn qəzetləri 
oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:  
  – Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.  
  Mən gülə-gülə cavab verdim:  
  – Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə 
gələcək arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl 
bir həyat ola bilməzdi. Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.  
  Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə 
atamdan, nə də Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” 
sözləri yazılmışdı. Nino təəccüblə soruşdu:  
  – O bizdən nə istəyə bilər?  
 
95


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə