63
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 5(79)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 5 (79)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 5 (79)
İBRAHİM KAZIMBƏYLİ
Naxçıvan Dövlət Universiteti
e-mail: ibrahimkazimbeyli@gmail.com
UOT: 94 (479.24)
RUSİYA İŞĞALINDAN SONRA İRƏVAN BÖLGƏSİNİN İDARƏÇİLİYİ
Açar sözlər: İrəvan xanlığı, İrəvan bölgəsi, Müvəqqəti idarə, “Erməni vilayəti”, Erməni
kilsəsi.
Key words: Iravan Khanate, Iravan province, temporary administratioin, “the Armenian
province”, Armenian churces.
Ключевые слова: Эриванское ханство, Эриванская провинциея, Временное управление,
Армянская область, Армянская церковь.
İrəvanın işğal edilməsindən bir neçə gün sonra, 1827-ci il oktyabrın 6-da Qafqazdakı rus
qoşunlarının komandanı general İ.Paskeviçinin əmri ilə İrəvanda “Müvəqqəti idarə” yaradıldı. Yerli
qoşunların komandanı general Krasovski idarənin rəisi, İrəvan qalasının komendantı podpolkovnik
Borodin və erməni arxiyepiskopu Nerses Aştarakesi idarənin üzvləri təyin edildilər. İrəvan xanlığı
ərazisində azərbaycanlı əhalinin mütləq çoxluğa malik olmasına baxmayaraq Müvəqqəti idarədə
azərbaycanlılar təmsil olunmadı.
1827-ci il oktyabrın 6-da general İ.Paskeviç tərəfindən Müvəqqəti idarənin qarşısında
dayanan vəzifələr haqqında Ümumi Qaydalar təsdiq edildi. Bu Qaydalara görə Müvəqqəti idarənin
qarşısında 19 vəzifə qoyulmuşdu ki, bunlar aşağıdakılar idi:
1.
Yerli qoşunların komandanı general Krasovskinin rəhbərlik etdiyi və erməni
arxiyepiskopu Nerses Aştarakesi və İrəvan qalasının komendantı podpolkovnik Borodinin üzv
olduğu Müvəqqəti idarə İrəvan xanlığı ərazisində bütün
mülki işləri idarə etməli;
2.
Müvəqqəti idarə ilk əvvəl bölgədə asayişin bərpa edilməsi və daxili sakitliyin yaradılması
və bölgəni düşmən hücumlarından qorunması üçün tədbirlər görməli;
3.
Xidməti əmlakı qeydiyyata almalı, əvvəlki hakimiyyətin qəlirlərini müəyyənləşdirməli və
onlardan Rusiya hökumətinin
xeyrinə istifadə etməli;
4.
Qoşunların ərzaqla təmin edilməsi üçün başlıca olaraq yerli ehtiyatlardan istifadə etməli,
xanlıq ərazisinə yenicə köçməkdə olan əhalinin talanmasına yol verməməli, yerli əhaliyə
münasibətdə də əvvəlki hakimiyyətin topladığı vergidən artıq tələb etməməli və əhalinin var-
yoxdan çıxmasına imkan verməməli idi;
5.
Əhaliyə ədalət daxilində şərait yaradılmalı və düşmən müdaxiləsi olduğu halda isə silah
gücü ilə qayğı göstərilməli idi;
6.
Rusiya hakimiyyətini, himayədarlığını və onun tərəfindən fəth edilməsini istəyən Arazın
cənubunda yaşayan əhaliyə qayğı göstərilməli;
7.
Belələrinin gələcəkdə qəbul edilməsi və Ayırımlı Məhəmməd Cəfər xana müəyyən
edilmiş şərtlərin
onlara da şamil edilməsi;
8.
Bölgənin mühafizəsi üçün daha çox yerli əhalidən, xüsusilə də ermənilərdən ibarət silahlı
dəstələrin təşkil edilməsi;
9.
Əhalinin və onların ağalarının hüquqlarının
təmin edilməsi;
10.
Rusiyaya sədəqətinə görə ziyan görmüş şəxslərə qayğı göstərmək;
11.
Rusiya sərhədlərinin və yeni əldə edilmiş vilayətlərin sərhədlərinin Türkiyənin sərhəd
vilayətlərində yayılmış taun xəstəliyindən qorunması üçün tədbirlərin görülməsi;
12.
İrəvan və Sərdarabad qalalarının qarnizonlarını və əhalisini zəruri əşyalarla təmin etmək;
13.
Türkiyə paşalıqları daxilində qoşunların bütün hərəkətləri və onların silahları haqqında,
mümkün olarsa, Türkiyə hökumətinin niyyətləri haqqında doğru
məlumatlar toplamaq;
64
14.
Sənətkarlığı və xüsusilə də Gürcüstanla ticarət əlaqələrini bərpa etmək;
15.
Dağlarda yaşayan tatar (azərbaycanlı) əhalinin hərəkətlərini daim nəzarətdə saxlamaq,
düşmən niyyətlərə və çıxışlara meyl edən belə əhalini dərhal hərbi güclə sakitləşdirmək;
16.
Abaran və Dilican dərəsi vasitəsilə Gürcüstanla əlaqəni təmin etmək;
17.
İrəvan və Sərdarabadda ələ keçirilmiş pambıq parça ehtiyatlarının satışını təşkil etmək,
bu istehsal sahəsini və onun ticarətini gələcəkdə də dəstəkləmək və yerli əhalidən toplanan
vergilərin bir hissəsini parça ilə almaq;
18.
Duz istehsalını təşviq etmək, əhalinin istehsal etdiyi duzun bir hissəsini hökumətin
hesabına qəbul etmək və Gürcüstanla duz ticarətini təşkil etmək;
19.
Abbasabad qalası Şuşadan hündür dağlarla ayrıldığı üçün bu qalanın təminatını İrəvan
ərazisindən aparmaq [6, sənəd 432, s. 480-481].
Göründüyü kimi, İrəvan bölgəsində hakimiyyəti tam ələ almaq, idarəetmə işlərini həyata
keçirmək, qayda-qanun yaratmaq, bölgədəki rus qoşunlarının təminat və təchizat məsələlərini həll
etmək kimi məsələlər Müvəqqəti idarənin qarşısına əsas vəzifə kimi qoyulmuş, eyni zamanda
İrəvan xanlığı ərazisində təhlükəsizliyin təmin edilməsi və bölgədə qaravul xidmətinin təşkil
edilməsi üçün erməni əhalidən piyada və süvari drujinaların təşkil edilməsi də bu idarəyə
tapşırılmışdı [6, sənəd 432, s. 480-481]. İrəvan xanlığı ərazisində azərbaycanlı əhalinin mütləq
çoxluğa malik olmasına baxmayaraq Müvəqqəti idarədə azərbaycanlıların təmsil olunmaması,
təhlükəsizlik və qaravul xidməti üçün də məhz erməni əhalidən silahlı birləşmələrin yaradılması
İrəvan bölgəsinin erməniləşdirilməsinin əsasını qoydu.
Rusiya-İran müharibəsi dövründə bütün vasitələrlə ruslara xidmət göstərən və bu xidmətlərinə
görə 1828-ci ilin yanvarında çar I Nikolay tərəfindən “Aleksandr Nevski” ordeni ilə təltif edilən erməni
arxiyepiskopu Nerses Aştarakesi İrəvanın işğalından sonra yaradılan Müvəqqəti idarənin rəisi general
Krasovski ilə birləşərək bu bölgədə Rusiyanın himayəsi altında erməni dövlət qurumu təşkilinin
əsaslarını yaratmağa çalışırdı. O, İrəvan xanlığı ərazisində erməni dövlət qurumunun yaradılmasına və
bu quruma rəhbərliyi öz əlinə almasına böyük ümid edirdi. Nerses eyni zamanda, planlaşdırdığı gələcək
erməni dövləti üçün yalnız İrəvan və Naxçıvan xanlıqlarının ərazisi ilə kifayətlənmirdi. O, bütün
vasitələrlə rus generallarına, xüsusilə də İ.Paskeviçə təsir göstərirdi ki, Arazın cənubunda olan Maku
xanlığı da Rusiya hüdudlarına daxil edilsin, Naxçıvandan sonra sərhəd xətti qərbə doğru düz xətt
boyunca aparılsın və bununla da Maku xanlığı ərazisi burada olan Tatevos monastr kilsəsi ilə birlikdə
Rusiya tərkibinə qatılsın. Nerses, 1827-ci il oktyabrın 6-da general İ.Paskeviçə göndərdiyi məktubunda
açıq-aydın şəkildə iddia edirdi ki, əgər yeni Rusiya sərhəd xətti Araz boyunca uzanıb getsə, bu zaman
gələcək erməni dövləti üçün nəzərdə tutulmuş torpaqların bir hissəsi İranda qalar. Maku dərəsi, çətin
keçidli dağ yolları, bütöv Ararat, hətta duz mədənləri ilə zəngin olan Koxp da gələcək erməni dövləti
hüdudları daxilində qalmalıdır [12, s. 160].
Ümumiyyətlə, erməni arxiyepiskopu Nerses Aştarakesi bu zaman çox fəallıq göstərir, İrəvan
bölgəsi və ətraf ərazilərdə Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, qonşu
ölkələrdə olan erməni əhalisinin bu bölgədə məskunlaşdırılması ilə bağlı Rusiya hərbi və mülki
hakimiyyət orqanları qarşısında məsələ qaldırır, layihə və təkliflər irəli sürürdü. O, hətta 1829-cu il
yanvarın 21-də general İ.Paskeviçə yazdığı məktubunda ərazi iddiaları qaldırmaqla yanaşı,
Rusiyanın yeni sərhədlərinin müəyyən edilməsində Paskeviçin çox ciddi səhvlərə yol verdiyini də
sərt şəkildə tənqid edirdi. Nerses Maku ərazisinin də mütləq İrəvan bölgəsinə qatılmasını və
nəzarətdə saxlanılmasını gələcəkdə yaradılacaq erməni dövləti üçün həyati əhəmiyyətli məsələ
hesab edir və bunu təkidlə tələb edirdi [18, s. 745-746]. Lakin Paskeviç arxiyepiskopun Maku ilə
bağlı iddiasını onun bu ərazidə olan kilsəni öz nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirdi və
eyni zamanda bu iddianı Rusiya üçün lazımsız hesab edərək rədd etdi.
1827-ci il oktyabrın 6-da yaradılan Müvəqqəti idarənin mövcudluğu dövründə İrəvan
xanlığının inzibati-ərazi quruluşu dəyişdirilmədi və bu inzibati quruluş 1833-cü ilə qədər davam
etdi. Xanlıq dövründə olduğu kimi, bu dövrdə də bölgə mahallara, mahallar isə kəndlərə bölünürdü.
Mahalları rus hakim dairələrinə yaxın
olan yerli bəylər, xanlar və məliklər idarə edirdilər.
Müvəqqəti idarənin adından da göründüyü kimi, bu idarə forması müvəqqəti bir xarakter
daşıyırdı. İrəvanın işğalından az sonra Rusiya imperatorunun fərmanı ilə Peterburqda bir komitə