41
biçinçiliklə əsasən qadınlar məşğul olurdular. Onlar səhər tezdən əkin sahəsinə girərək qoluna dolaq
taxar, belinə isə döşlük bağlayaraq taxılı biçməyə başlayardılar. Kişilər isə dərz bağlamaq üçün bəndəm
hazırlayardılar. Adətən bəndəm taxıldan hazırlanırdı. Bəndəm arpa və ya buğdanın kökündən çıxarılmış
gövdəsindən eşilib düzəldilirdi. Bəzən bəndəm quru təhər olanda onun üzərinə su da səpilirdi, sonra
biçilmiş bafaları bəndəmə qoyub bağlayırdılar. Biçinçinin bir əl tutumu sünbül gövdəsi isə bafa
adlanırdı. On bafadan bir dərz bağlanırdı. Usta biçinçi bir gündə 80, 100 dərz biçirdi.
Taxıl biçini əsasən iyun ayında başlayırdı iyulun sonunda qurtarırdı. Adətən hər bir
təsərrüfat
sahibi öz qüvvəsi ilə öz əkin sahəsini biçərdi. Lakin iri təsərrüfat sahibləri biçin zamanı muzdlu
biçinçi fəhlə də tutardılar. Bəzən isə qohumlar 4-5 nəfərlik dəstə ilə birləşib biçini başa çatdırırdılar.
İnformator Babək rayonu Sirab kənd sakini 1927-vi il təvəllüdlü
Əli müəllim qeyd edirdi ki,
muzdla
işləyən biçinçiyə biçdiyi hər 20 dərzdən ikisi, məhsul bol olduqda isə 3-ü muzd haqqı verilirdi.
Məhsul az və seyrək olduqda isə günə muzd əməkhaqqı verilirdi. Bu qayda demək olar ki,
Naxçıvanın əksər kəndlərində, o cümlədən Şıxmahmud, Sirab, Qahab, Cəhri, Tırkeş və sairə kimi
yerlərdə mövcud olmuşdur. Muzdlu biçinçi bir mövsümdə 100-150-yə qədər dərz qazana bilirdi.
əgər bir dərz 4-5 kiloqram məhsul verirdisə, onda biçinçi mövsüm ərzində 400 kiloqramdan çox
taxıl qazanmış olurdu.
Biçinçi çalışırdı ki, məhsul itkisi olmaması üçün biçini tez bir zamanda həyata keçirib başa
çatdırsın. Ona görə Naxçıvan bölgəsində Şərur-Dərələyəz, Culfa, Şahbuz, Ordubad və başqa
yerlərdə biçin işi çox mütəşəkkil həyata keçirilirdi.
Dərzlər döyüm üçün əkin sahəsindən kənd arabaları vasitəsi ilə xırmana gətirilirdi. Xırman
taxıl döyülən yerə deyilir. Xırman adətən açıq və külək tutan yerdə bir
neçə qohum və yaxud ailənin
şərikliyi ilə düzəldilirdi. Arabası olmayanlar və xüsusən araba işləməyan dağətəyi yerlərdə isə
dərzləri sahələrdən at, dəvə və ulaq vasitəsilə daşıyırdılar.
Xırman şərikləri öz dərzlərini növbə ilə döyərdilər. Hər bir şərikin dərzləri isə ayrı tayalanırdı.
Qədim dövrdən fərqli olaraq, XX əsrdə döymə üsulu bir qədər təkmilləşmişdir, yəni əl ilə
ovxalamaq, ağaclarla döymək üsulları aradan çıxmışdı. Taxılı qoşqu aləti olan öküzlərə qoşulan vəl
ilə (Naxçıvanın çox yerində vələ gəm də deyirlər) döyürdülər.
Taxılı döymək üçün dərzlər dairəvi şəkildə xırmanda yerə dağıdılırdı. Onun döyülməsində
bir-birinə çatılmış öküzləri vələ (el arasında buna gəm də deyilir) qoşub üstünə çıxarıb gəzdirərək
döymə üsulunu başa çatdırmaqla sünbüldən dəni ayırmağa nail olandan sonra, külək vasitəsi ilə
sovurub saman və ya küləşdən ayırıb işi başa çatdırmış olurlar. Digər bir qayda isə xırmanda
sərilmiş dərzin ortasında bir dirək basdırıb, atı onun ətrafında fırladaraq taxılın döyülməsi yerinə
yetirilirdi. Atın və heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olurdu. XX-əsrdə taxılın
döyülməsində ən geniş yayılan ağac vəllər olmuşdur. Azərbaycanda bu döymə aləti eradan evvəl II
minilliyin sonuna aid olsa da Naxçıvanda XIX-əsrin sonu XX-əsrin birinci yarısında da döymə aləti
olmuşdur.
Bu alətə hazırda Babək rayonunun Sirab kəndində, XX-əsrin 45-50-ci iilərində kalxoz
briqadiri işləmiş məhrum Babayev Əşrəf Cəbaryıl oğlunun həyətində də rast gəlmək olar.
Məhrumdan 1994-cü ildə alınan məlumata görə vəl daha davamlı olan ağac materialında
hazırlanırdı və iki növü olurdu. 1) tay vəl, 2) qoşa vəl. Tay vəl qoşa vələ nisbətən sadə, ağır və iri
olurdu. Vəlin uzunluğu 1,5 və ya 1,8 metrə qədər idi. Onun eni 60-70, qalınlığı 4-6 santimetrə
bərabər olurdu. Ağac vəlin döyüm prosesini sürətləndirmək üçün onun altı hissəsində işlək
hissəsindəki gözlərə xırda daş parçalar və dəmir pərçimlənirdi.
Vəlin qabaq hissəsi bir qədər yuxarı olurdu ki, burun hissə dərzə ilişib komalanmasın. Vəlin
qabaq hissəsində xüsusi göz açılırdı və həmin gözdən ip və ya zəncir salınaraq boyunduruğa
bağlanır və boyunduruğa öküz qoşulurdu. Vəlin üstünə 14-18 yaşlı uşaq minib dərzin üstündə
döyümü həyata keçirirdilər. Qoşa vəllər isə daha çox istifadə edilirdi və döyümü tez başa çatdırırdı.
Taxılın döyülməsində istifadə edilən alətlərdən biri də carcardır. Bu alətin Azərbaycanda nə
vaxtdan istifadə edilməsi məlum deyil. Ona Naxçıvanda rus carcarı da deyilirdi. İnformator Sirab
kənd sakini 1931-ci il təvəllüdlü Ağayev Nəsrullah məlumat verir ki, ağac carcar daha mürəkkəb
olmuşdur. O, davamlı ağacdan hazırlanaraq 3 hissədən ibarət idi. 1) çərçivə, 2) ox, 3) oturacaqdan
ibarət olmuşdur. Onun qalınlığı 10-12 santimetr, uzunluğu 2 metrdən artıq olurdu. Onların
42
gövdəsinə 15-20 ədəd kərkiyə oxşar metal bərkidirdi. Çərçivənin ortasına taxtadan düzəldilən
oturacaq düzəldilirdi. Carcar 1 və ya 2 qoşqu öküzü vasitəsiylə həyata keçirilirdi.
Taxıl döyüm zamanı ağac yaba, kürək, süpürgə, xəlbir, şadara və başqa əmək alətləri və
əşyalardan istifadə edilirdi.
Döyülmüş küləşin çevrilməsində yaba və şanadan, sovurmada isə kürəkdən istifadə edilirdi.
Sovuruq çətin olduğundan xüsusi ustalıq tələb etdiyindən bu işi daha bacarıqlı xırmançı həyata
keçirirdi. Qadınlar və yeniyetmələr isə xırmanın kənarını süpürüb, öküz sürür, su gətirir, taxıl
təmizləyir və yardımçı işlər görürdülər.
Taxıl təmizləndikdən sonra onu çuvallara və ya təlislərə doldurub xırmandan aparılırdı. Sonra
qış üçün çörək tədarükü məqsədi ilə taxılın bir qismi su dəyirmanlarında üyüdülürdü. Xalq arasında
buna qışlıq deyilirdi. Artıq qalan taxılın saxlanılmasına isə küplərdən, taxtadan qayırılmış dənlik
qutulardan, (onlar un üçün də istifadə edilərək unnuq adlanırdı) istifadə edilirdi. Onlara böyük
kiçikliyinə görə tay və qoşa gözlü qapılar qoyulurdu. Bu taxta qutuların 4-5 santimetrə qədər
ayaqları, ucalığı isə 1 və ya 1,5 metr olurdu. Bundan əlavə taxılın saxlanılmasında keçi qəzili və
yundan hazırlanmış çuvallardan, kisələrdən, xurcunlardan da daha geniş istifadə edilirdi.
ƏDƏBİYYAT
1.
Azərbaycan etnoqrafiyası, I cild, Bakı, 2007-ci il
2.
Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin tarixinə dair. Bakı, 1964
3.
Emilya Əliyeva. XIII-əsrin ikinci yarısı XX-əsrin əvvəllərində Naxçıvan xanlığında
əkinçilik.
Tarix və onun problemləri, 1-2 Bakı,2009
4.
Sahibə Budaqova. Naxçıvan diyarının tarixi coğrafiyası
5.
Григорев В.Н. Статистическол описанил Нахичеванской провинчии СПБ, 1833
6.
Путещественники об Азербайджане. Баку, 1961
7.
Akif Məmmədli. Balakən-Zaqatala bölgəsi tarixi etnoqrafiyası. Adiloğlu, Bakı, 2001
8.
ASE. Bakı, 1986, I cild
9.
Müəllif tərəfində 2014-2015-ci illərdə toplanmış etnoqrafik
çöl tədqiqat işləri
10.
Ədalət Qasımov. “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının
inkişafı” (XX-əsrin 70-80-ci illəri) Elmi əsərlər, Tarix və ictimai elmlər seriyası N 1 (29),
Naxçıvan, NDU, Qeyrət, 2010
ABSTRACT
Ismayil Zeynalov
The husbandary farming in the Nakhchivan region of Azerbaijan in the late XIX
century and in the first half of the XX century
The article deals with the corn-growing which is one of the main fields in the husbandary
farming in the Nakhchivan region of Azerbaijan in the late XIX century and in the first half of the
XX century. The author shows that in the XIX century, that’s since 1828 though Azerbaijan was
under subordination of Russia and there were some obstacles in the development of separate fields
of economy. But thanks to the rich production skills that have been gained and developed through
centuries, and also the difference of relief and climate condition in the region and involvement of
common land fields in the farming, great efforts have been made for the development of corn-
growing which is an important field of husbandary farming and positive results have been obtained
in
the Nakhchivan region, the integral part of Azerbaijan.
The article also highlights the customs and traditions related to the corn growing which is a
part of husbandary farming, the realized events and rules, as well as, the work tools used in the
corn-growing, grain harvesting and its stocking up and main results in the region in the shown
period.