Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   16   17   18   19   20   21   22   23   ...   136

41 
 
biçinçiliklə  əsasən  qadınlar  məşğul  olurdular.  Onlar  səhər  tezdən  əkin  sahəsinə  girərək  qoluna  dolaq 
taxar, belinə isə  döşlük bağlayaraq taxılı biçməyə başlayardılar. Kişilər isə dərz bağlamaq üçün bəndəm 
hazırlayardılar. Adətən bəndəm taxıldan hazırlanırdı. Bəndəm arpa və ya buğdanın kökündən çıxarılmış 
gövdəsindən  eşilib  düzəldilirdi.  Bəzən  bəndəm  quru  təhər  olanda  onun  üzərinə  su  da  səpilirdi,  sonra 
biçilmiş  bafaları  bəndəmə  qoyub  bağlayırdılar.  Biçinçinin  bir  əl  tutumu  sünbül  gövdəsi  isə  bafa 
adlanırdı. On bafadan bir dərz bağlanırdı. Usta biçinçi bir gündə 80, 100  dərz biçirdi. 
 Taxıl biçini əsasən iyun ayında başlayırdı iyulun sonunda qurtarırdı. Adətən hər bir təsərrüfat 
sahibi  öz  qüvvəsi  ilə    öz  əkin  sahəsini  biçərdi.  Lakin  iri  təsərrüfat  sahibləri  biçin  zamanı  muzdlu 
biçinçi fəhlə də tutardılar. Bəzən isə qohumlar 4-5 nəfərlik dəstə ilə birləşib biçini başa çatdırırdılar. 
İnformator Babək rayonu Sirab kənd sakini 1927-vi il təvəllüdlü Əli müəllim qeyd edirdi ki, muzdla 
işləyən  biçinçiyə  biçdiyi  hər  20  dərzdən  ikisi,  məhsul  bol  olduqda  isə  3-ü  muzd  haqqı  verilirdi. 
Məhsul  az  və  seyrək  olduqda  isə  günə  muzd  əməkhaqqı  verilirdi.  Bu  qayda  demək  olar  ki, 
Naxçıvanın əksər kəndlərində, o cümlədən Şıxmahmud, Sirab, Qahab, Cəhri, Tırkeş və sairə kimi 
yerlərdə  mövcud  olmuşdur.  Muzdlu  biçinçi  bir  mövsümdə  100-150-yə  qədər  dərz  qazana  bilirdi. 
əgər  bir  dərz  4-5  kiloqram  məhsul  verirdisə,  onda  biçinçi  mövsüm  ərzində  400  kiloqramdan  çox 
taxıl qazanmış olurdu. 
Biçinçi çalışırdı  ki,  məhsul itkisi  olmaması  üçün  biçini  tez  bir  zamanda  həyata  keçirib  başa 
çatdırsın.  Ona  görə  Naxçıvan  bölgəsində  Şərur-Dərələyəz,  Culfa,  Şahbuz,  Ordubad  və  başqa 
yerlərdə biçin işi çox mütəşəkkil həyata keçirilirdi.  
Dərzlər  döyüm  üçün  əkin  sahəsindən  kənd  arabaları  vasitəsi  ilə  xırmana  gətirilirdi.  Xırman 
taxıl döyülən yerə deyilir. Xırman adətən açıq və külək tutan yerdə bir neçə qohum və yaxud ailənin 
şərikliyi  ilə  düzəldilirdi.  Arabası  olmayanlar  və  xüsusən  araba  işləməyan  dağətəyi  yerlərdə  isə 
dərzləri sahələrdən at, dəvə və ulaq vasitəsilə daşıyırdılar.  
Xırman şərikləri öz dərzlərini növbə ilə döyərdilər. Hər bir şərikin dərzləri isə ayrı tayalanırdı. 
Qədim  dövrdən  fərqli  olaraq,  XX  əsrdə  döymə  üsulu  bir  qədər  təkmilləşmişdir,  yəni  əl  ilə 
ovxalamaq, ağaclarla döymək üsulları aradan çıxmışdı. Taxılı qoşqu aləti olan öküzlərə qoşulan vəl 
ilə (Naxçıvanın çox yerində vələ  gəm də deyirlər) döyürdülər.  
Taxılı  döymək  üçün  dərzlər  dairəvi  şəkildə  xırmanda  yerə  dağıdılırdı.  Onun  döyülməsində 
bir-birinə çatılmış öküzləri vələ (el arasında buna gəm də deyilir) qoşub üstünə çıxarıb gəzdirərək 
döymə  üsulunu  başa  çatdırmaqla  sünbüldən  dəni  ayırmağa  nail  olandan  sonra,  külək  vasitəsi  ilə 
sovurub  saman  və  ya  küləşdən  ayırıb  işi  başa  çatdırmış  olurlar.  Digər  bir  qayda  isə  xırmanda 
sərilmiş  dərzin  ortasında  bir  dirək  basdırıb,  atı  onun  ətrafında  fırladaraq  taxılın  döyülməsi  yerinə 
yetirilirdi. Atın və heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olurdu. XX-əsrdə taxılın 
döyülməsində ən geniş yayılan ağac vəllər olmuşdur. Azərbaycanda bu döymə aləti eradan evvəl II 
minilliyin sonuna aid olsa da Naxçıvanda XIX-əsrin sonu XX-əsrin birinci yarısında da döymə aləti 
olmuşdur.  
Bu  alətə  hazırda  Babək  rayonunun  Sirab  kəndində,  XX-əsrin  45-50-ci  iilərində  kalxoz 
briqadiri  işləmiş  məhrum  Babayev  Əşrəf  Cəbaryıl  oğlunun  həyətində  də  rast  gəlmək  olar. 
Məhrumdan  1994-cü  ildə  alınan  məlumata  görə  vəl  daha  davamlı  olan  ağac  materialında 
hazırlanırdı və iki növü olurdu. 1) tay vəl, 2) qoşa vəl. Tay vəl qoşa vələ nisbətən sadə, ağır və iri 
olurdu.  Vəlin  uzunluğu  1,5  və  ya  1,8  metrə  qədər  idi.  Onun  eni  60-70,  qalınlığı  4-6  santimetrə 
bərabər  olurdu.  Ağac  vəlin  döyüm  prosesini  sürətləndirmək  üçün  onun  altı  hissəsində  işlək 
hissəsindəki gözlərə xırda daş parçalar və dəmir pərçimlənirdi.  
Vəlin qabaq hissəsi bir qədər yuxarı olurdu ki, burun hissə dərzə ilişib komalanmasın. Vəlin 
qabaq  hissəsində  xüsusi  göz  açılırdı  və  həmin  gözdən  ip  və  ya  zəncir  salınaraq  boyunduruğa 
bağlanır  və  boyunduruğa  öküz  qoşulurdu.  Vəlin  üstünə  14-18  yaşlı  uşaq  minib  dərzin  üstündə 
döyümü həyata keçirirdilər. Qoşa vəllər isə daha çox istifadə edilirdi və döyümü tez başa çatdırırdı.  
Taxılın döyülməsində istifadə edilən alətlərdən biri də carcardır. Bu alətin Azərbaycanda nə 
vaxtdan  istifadə edilməsi  məlum  deyil.  Ona  Naxçıvanda  rus  carcarı  da  deyilirdi.  İnformator  Sirab 
kənd  sakini  1931-ci  il  təvəllüdlü  Ağayev  Nəsrullah  məlumat  verir  ki,  ağac  carcar  daha  mürəkkəb 
olmuşdur. O, davamlı ağacdan hazırlanaraq 3 hissədən ibarət idi. 1) çərçivə, 2) ox, 3) oturacaqdan 
ibarət  olmuşdur.  Onun  qalınlığı  10-12  santimetr,  uzunluğu  2  metrdən  artıq  olurdu.  Onların 


42 
 
gövdəsinə  15-20  ədəd  kərkiyə  oxşar  metal  bərkidirdi.  Çərçivənin  ortasına  taxtadan  düzəldilən 
oturacaq düzəldilirdi. Carcar 1 və ya 2 qoşqu öküzü vasitəsiylə həyata keçirilirdi.  
Taxıl  döyüm  zamanı  ağac  yaba,  kürək,  süpürgə,  xəlbir,  şadara  və  başqa  əmək  alətləri  və 
əşyalardan istifadə edilirdi.  
Döyülmüş küləşin çevrilməsində yaba  və şanadan, sovurmada isə kürəkdən istifadə edilirdi. 
Sovuruq  çətin  olduğundan  xüsusi  ustalıq  tələb  etdiyindən  bu  işi  daha  bacarıqlı  xırmançı  həyata 
keçirirdi.  Qadınlar  və  yeniyetmələr  isə  xırmanın  kənarını  süpürüb,  öküz  sürür,  su  gətirir,  taxıl 
təmizləyir və yardımçı işlər görürdülər. 
Taxıl təmizləndikdən sonra onu çuvallara və ya təlislərə doldurub xırmandan aparılırdı. Sonra 
qış üçün çörək tədarükü məqsədi ilə taxılın bir qismi su dəyirmanlarında üyüdülürdü. Xalq arasında 
buna  qışlıq  deyilirdi.  Artıq  qalan  taxılın  saxlanılmasına  isə  küplərdən,  taxtadan  qayırılmış  dənlik 
qutulardan,  (onlar  un  üçün  də  istifadə  edilərək  unnuq  adlanırdı)  istifadə  edilirdi.  Onlara  böyük 
kiçikliyinə  görə  tay  və  qoşa  gözlü  qapılar  qoyulurdu.  Bu  taxta  qutuların  4-5  santimetrə  qədər 
ayaqları,  ucalığı  isə  1  və  ya  1,5  metr  olurdu.  Bundan  əlavə  taxılın  saxlanılmasında  keçi  qəzili  və 
yundan hazırlanmış çuvallardan, kisələrdən, xurcunlardan da daha geniş istifadə edilirdi. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan etnoqrafiyası, I cild, Bakı, 2007-ci il 
2.
 
Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin tarixinə dair. Bakı, 1964 
3.
 
Emilya  Əliyeva.  XIII-əsrin  ikinci  yarısı  XX-əsrin  əvvəllərində  Naxçıvan  xanlığında 
əkinçilik. Tarix və onun problemləri, 1-2 Bakı,2009 
4.
 
Sahibə Budaqova. Naxçıvan diyarının tarixi coğrafiyası 
5.
 
Григорев В.Н. Статистическол описанил Нахичеванской провинчии СПБ, 1833 
6.
 
Путещественники об Азербайджане. Баку, 1961 
7.
 
Akif Məmmədli. Balakən-Zaqatala bölgəsi tarixi etnoqrafiyası. Adiloğlu, Bakı, 2001 
8.
 
ASE. Bakı, 1986, I cild 
9.
 
Müəllif tərəfində 2014-2015-ci illərdə toplanmış etnoqrafik çöl tədqiqat işləri  
10.
 
Ədalət Qasımov. “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının 
inkişafı” (XX-əsrin 70-80-ci illəri) Elmi əsərlər, Tarix və ictimai elmlər seriyası  N 1 (29), 
Naxçıvan, NDU, Qeyrət, 2010 
 
ABSTRACT 
Ismayil Zeynalov 
 
The husbandary farming in the Nakhchivan region of Azerbaijan in the late XIX 
century and in the first half of the XX century 
 
The  article  deals  with  the  corn-growing  which  is  one  of  the  main  fields  in  the  husbandary 
farming in the Nakhchivan region of Azerbaijan in the late XIX century and in the first half of the 
XX century. The author shows that in the XIX century, that’s since 1828 though  Azerbaijan was 
under subordination of Russia and there were some obstacles in the development of separate fields 
of economy. But thanks to  the rich production skills that have been gained and developed through 
centuries, and also the difference of relief and climate condition in the region and involvement of 
common  land  fields  in  the  farming,  great  efforts  have  been  made  for  the  development  of  corn-
growing which is an important field of husbandary farming and positive results have been obtained 
in the Nakhchivan region, the integral part of Azerbaijan.   
The article also highlights the customs and traditions related to the corn growing  which is a 
part  of  husbandary  farming,  the  realized  events  and  rules,  as  well  as,  the  work  tools  used  in  the 
corn-growing,  grain  harvesting  and  its  stocking  up  and  main  results    in  the  region  in  the  shown 
period. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə