Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   14   15   16   17   18   19   20   21   ...   136

37 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
İSMAYIL ZEYNALOV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 94 (479.242) 
XIX-ƏSRİN SONU XX-ƏSRİN BİRİNCİ YARISINDA AZƏRBAYCANIN NAXÇIVAN 
BÖLGƏSİNDƏ ƏKİNÇİLİK TƏSƏRRÜFATI (TAXILÇILIQ) 
 
Açar sözlər: tarixi etnoqrafiya, kənd təsərrüfatı, əkinçilik, taxılçılıq, “Qafqaz” qəzeti, aqrar 
islahat, əkinçilik mədəniyyəti 
Key  words:  historical  ethnography,  agryculture,  plantation,  wheet  growing,  “Qafqaz” 
newspaper, agrarian reform, culture of plantation 
Ключевые  слова:  историческая  етнография,  сельское  хозяйство,  земледелие, 
зерноводство, газета «Кавказ», аграрная реформа, земледельческая культура 
 
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  bölgəsinin  tarixi  etnoqrafiyasının  ayrı-
ayrı  sahələrinin  öyrənilməsi  ilə  yanaşı  onun  XIX-əsrin  sonu  XX-əsrin  birinci  yarısında  əkinçilik 
təsərrüfatı ilə bağlı taxılçılıq sahəsinin də etnoqrafik baxımdan araşdırılıb tədqiq olunmasını təqdirə 
layiq  hesab  etmək  olar.  Çünki  Azərbaycan  xalqının  tarixində  özünəməxsus  mövqeyi  olan  hər  bir 
bölgənin istər inzibati-ərazi, istər əhalinin məşğuliyyəti, istərsə də təsərrüfat həyatını öyrənmək və 
üzə çıxarmaq vacib məsələlərdən biri sayılır. Həm də Azərbaycan etnoqrafiyasındakı bölgələr üzrə 
çatışmayan məlumatlar əldə edilmiş olur.    
Məlumdur ki, Naxçıvan Azərbaycanın ayrıca bir tarixi etnoqrafik vilayətidir. Bölgənin ərazisi 
əsasən  düzənlik,  dağətəyi  və  dağlıq  sahələrə  ayrılır.  Bu  vilayətin  Ermənistanla  sərhəddə  olan 
nöqtələri  Qapıçıq  dağı  (hündürlüyü  3904  metr)  və  Küküdağ  (hündürlüyü  3120  metr)  zirvələridir. 
Zəngəzur və Dərələyəz dağ silsiləsinin qovşağında yerləşən Biçənək aşırımı (Batabat ərazisi) dəniz 
səviyyəsindən  2346  metr  hündürlükdədir.  Bölgənin  çayları  Arpaçay,  Əlincəçay,  Naxçıvançay, 
Ordubadçay,  Gilançay  və  başqaları  öz  başlanğıcını  Qafqaz  dağlarının  Zəngəzur  və  Dərələyəz 
silsiləsindən götürür və Araz çayına tökülürlər.  
Qeyd  etmək lazımdır  ki,  XIX-əsin  əvvəllərində  (1828-ci  il  Türkmənçay  sülh  müqaviləsi  ilə) 
Azərbaycan Çar Rusiyasının tərkibinə birləşdirildikdən sonra Azərbaycanın tarixi etnoqrafiyasının 
yazılması və öyrənilməsinə biganə yanaşılmışdır. Məhz bu baxımdan da deyə bilərik ki, istər XIX-
əsrdə, istərsə də sonrakı illərdə Azərbaycanın tarixi etnoqrafiayası haqqında həcm etibarı ilə böyük 
olmayan məcmuələri, qəzet materiallarını nəzərə almasaq elə bir sanballı əsər yazılmamışdır. Eyni 
zamanda  nəşr  olunmuş  məqalələr  müəyyən  bir  mövzunu  əhatə  etməyib,  müxtəlif  sahələri  özündə 
əks etdirən, o cümlədən tarixi, iqtisadi, maliyyə, hərbi xarakterli məlumatlar olmuşdur. 
Ancaq  bütün  bunlara  baxmayaraq  XIX-əsrin  sonunda  Azərbaycan  etnoqrafiyasının 
inkişafında, onun tədqiq olunmasında ciddi dönüş yaranmış və Azərbaycanın ayrılmaz tərkib hissəsi 
olan Naxçıvan bölgəsində də bu sahədə mühüm addımlar atılmışdır.  
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  etnoqrafiyasının  bəzi  məsələlərinin araşdırılmasında, o 
cümlədən  onun  Naxçıvan  bölgəsində  etnoqrafik  məsələlərə  dair  elmi-tədqiqat  işlərinin 
aparılmasında Xristian Xristianoviç Stevanın (1781-1861), İvan  İvanoviç Şopenin (1798-1847)  və 
başqalarının  əsərlərindəki  məlumatların  xüsusi  xidmətləri  olmuşdur.  Bununla  yanaşı  Azərbaycan 
etnoqrafiyasının  inkişafında  1846-cı  ildə  Tiflisdə  dərc  olunan  “Qafqaz”  qəzetinin  də  böyük  rolu 
olmuşdur.  Eyni  zamanda  adlarını  çəkdiyimiz  etnoqrafların  və  “Qafqaz”  qəzetinin  köməyi  ilə 
Azərbaycanın  tərkib  hissəsi  olan  Naxçıvanın  XIX-əsrin  sonu  XX-əsrin  birinci  yarısında  bölgə 
əhalisinin təsərrüfat həyatını əks etdirən dəyərli məlumatlara da rast gəlmiş oluruq. Ona görə də bu 
etnoqrafların  və  mətbuat  səhifələrinin  məlumatlarına,  həmçinin  2014-2015-ci  illərdə  Naxçıvan 
bölgəsində  apardığımız  şəxsi  etnoqrafik  tədqiqatlarımıza  söykənərək,  Naxçıvan  əhalisinin  maddi-


38 
 
mədəniyyəti ilə bağlı olan əkinçilik təsərrüfatının bir sahəsi olan taxılçılığın inkişaf yoluna aydınlıq 
gətirmək mümkün olmuşdur. 
Məlum  olduğu  kimi  ölkənin  iqtisadi  bazasının  yaranması,  xalqın  həyat  səviyyəsinin 
yüksəldilməsi  və  onun  gündən-günə  artan  tələbatının  ödənilməsi  kənd  təsərrüfatının 
müvəffəqiyyətindən  xeyli  dərəcədə  asılıdır.  Çünki  kənd  təsərrüfatı  inkişaf  etmədən,  cəmiyyətin 
iqtisadi  həyatını  normal  şəkildə  təmin  etmək  mümkün  deyil.  Ona  görə  də  cəmiyyətin  inkişafında 
əkinçilik mədəniyyəti mühüm əhəmiyyət kəsb edir. 
Məhz bu mənada ölkəmiz müstəqillik əldə edəndən sonra ulu öndər Heydər Əliyev tərəfindən 
1996-1998-ci  illər  ərzində  aqrar  sahədə  islahatların  həyata  keçirilməsi  təsadüfi  deyildi.  Çünki 
müstəqilliyi qoruyub saxlamaq üçün ölkənin iqtisadi qüdrətini gücləndirmək əsas şərtdir. 
Heydər Əliyevdən sonra da onun siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının 
prezidenti  cənab  İlham  Əliyev  və  eləcə  də  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri 
Vasif Talıbov tərəfindən kənd təsərrüfatını bütün digər sahələri kimi taxılçılıq sahəsinin də inkişaf 
etdirilməsi istiqamətində çoxşaxəli işlər görülmüş və uğurlar qazanılmışdır. 
Əkinçilik  mədəniyyəti  Azərbaycan  xalqının  lap  qədim  zamanlardan  bəri  məşğul  olduğu 
təsərrüfat sahələrindən biridir.  
Əkinçilik  mədəniyyətinin  inkişaf  tarixinə  aydınlıq  gətirilməsində  respublikamızın  ərazisində 
aparılan  arxeoloji  qazıntılar  və  etnoqrafik  tədqiqatlar  geniş  məlumat  verir.  Naxçıvanın  12 
kilometrliyində  yerləşən  Kültəpə  kəndində  1956-cı  ildə  Osman  Həbibullayev  tərəfindən  aparılan 
arxeoloji  tədqiqatlar  nəticəsində  Azərbaycanda  əkinçiliyin  qədim  tarixi  haqqında  geniş  məlumat 
əldə  edilmişdir.  Burada  neolitin  sonuna  aid  bir  qəbirdən  meyitin  başı  altından  dəm  daşı,  çanaq 
hissəsi yaxınlığında isə həvəngdəstə tapılmışdır. 
Eyni  zamanda  Kültəpənin  mədəni  təbəqələrindən  dən  daşları,  daş  toxalar  və  əkinçiliyə  aid 
maddi mədəniyyət nümunələri də tapılmışdır.  
Arxeoloji  tədqiqat  zamanı  Kültəpədə  yanmış  taxıl  qalıqları  da  aşkar  edilmişdir.  Tarixi 
ədəbiyyatlardan  və  aşkar  edilmiş  arxeoloji  materiallardan  aydın  olur  ki,  Naxçıvanda  kənd 
təsərrüfatının mühüm  sahələrindən  biri  sayılan  əkinçilik  təsərrüfatı  zaman-zaman  inkişaf  etmişdir. 
Xalqın  təsərrüfat  fəaliyyətinin  ənənəvi  sahələrindən  olan  əkinçilik  əvvəllərdə  olduğu  kimi,  XIX-
əsrin  sonu  XX-əsrin  birinci  yarısında  da  Naxçıvanda  yenə  öz  əvvəlki  əhəmiyyətini  saxlamışdır. 
Qeyd etmək lazımdır ki, Naxçıvanda olan  əlverişli iqlim şəraiti, münbüt torpaq örtüyünün olması, 
yüksək  inkişaf  səviyyəsinə  çıxmış  süni  suvarma  sistemi  və  nəhayət,  əsrlər  boyu  təşəkkül  tapmış 
zəngin istehsal vərdişləri ölkə əhalisinin böyük əksəriyyətinin əkinçiliyin müxtəlif sahələrindən biri 
olan  taxılçılıqla  da  məşğul  olmasına  şərait  yaratdığından,  dənli  bitkilərin  əkin  sahəsi  xeyli 
genişləndirilmiş və bununla da taxıl məhsulunun ümumi yığımı xeyli dərəcədə artmışdır. Taxılçılıq 
təsərrüfatında  dənli  bitkilərdən  buğda  və  arpa  əkilməsi  əsas  yer  tuturdu.  Naxçıvanda  qədim 
dövrlərdən  əkilib  becərilən  darı,  tez  yetişməsinə  və  məhsuldarlığına  görə  başqa  dənli  bitkilərdən 
fərqlənsə  də  özünün  keyfiyyət  tutumuna  görə  bir  o  qədər  də  əlverişli  olmadığı  üçün  onun  əkilib 
becərilməsi  sərfəli  sayılmırdı.  Darıdan  fərqli  olaraq  taxıl  bitkilərindən  hesab  olunan  çovdarın 
becərilməsinə daha çox üstünlük verilirdi. 
Təqribi  hesablamalara  görə  XIX-əsrin  sonunda  Ordubad  dairəsi  istisna  olmaqla,  Naxçıvan 
bölgəsində 20 min desyatin becərilən torpaq sahəsi var idi. Naxçıvan şəhəri də daxil olmaqla burada 
5500  ailə  yaşayırdı.  Becərilən  torpaq  sahələrini  ailələrin  ümumi  sayına  bölsək,  hər  ailəyə  orta 
hesabla 3,6 desyatin torpaq sahəsi düşdüyünün şahidi olarıq.  
Naxçıvan  bölgəsi  üzrə  əkilib  becərilən  34096  xalvar  (1  xalvar  28  put  4  funda  bərabərdir) 
torpaq  sahəsinin  böyük  bir  hissəsi  (52,6  %)  Dərələyəz  mahalının  payına  düşürdü.  İkinci  yerdə 
Naxçıvan şəhəri daxil olmaqla, Naxçıvan mahalı durur ki, bu da 34,4% təşkil edirdi. Bu mahalda 
əkilən torpaqların 600 xalvarı Naxçıvan şəhəri və onun ətrafında olmuşdur. Naxçıvan mahalı üzrə 
əkilən torpaqların 5,1%-i Naxçıvan şəhərinin payına düşürdü.  
Əkinçiliyin  inkişaf  etdiyi  Ordubad  bölgəsində  isə  hər  ailəyə  düşən  becərilən  torpaqlar 
Naxçıvan  mahalına  nisbətən  az  idi.  Cəmisi  5  kəndi  əhatə  edən  Çinanap  (Çənnəb)  mahalında 
yaşayan 128 ailənin istifadəsində 125 xalvar becərilən torpaq sahəsi var idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə