Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   28   29   30   31   32   33   34   35   ...   136

65 
 
yaradıldı.  Bu  komitəyə  Rusiya  maliyyə,  daxili  və  xarici  işlər  nazirləri  və  baş  qərargah  rəisi  daxil 
edildi.  Bu  komitəyə  tapşırıldı  ki,  İrəvan  və  Naxçıvan  xanlıqları  ərazisində  Rusiya  işğalının 
nəticələrini və dövlət maraqlarını özündə əks etdirən quruluşun layihəsini hazırlasın. Nəticədə qısa 
müddət  ərazində  İrəvan  əyalətinin  və  ətraf  ərazilərin  idarəçiliyi  üçün  əsas  götürüləcək  Qaydalar 
layihəsi hazırlandı və bu layihə 1827-ci ilin dekabrında Rusiya imperatoruna təqdim edildi [6, sənəd 
435,  s.  482-484].  18  maddədən  ibarət  olan  bu  Qaydalara  görə  İrəvan  və  Naxçıvan  xanlıqlarının, 
habelə  son  müharibə  dövründə  işğal  edilmiş  Şuragöl  və  Pəmbək mahallarının  idarə  edilməsi  üçün 
İrəvan  Müvəqqəti  idarəsi  ləğv  edilməli  və  onun  yerində  Xüsusi  idarəetmə  yaradılmalı  idi.  Bu 
idarəçilik  Cənubi  Qafqazın  digər  bölgələrində  mövcud  olan idarəçiliyə  oxşar  şəkildə  qurulmalı  və 
istər  İrəvan  bölgəsinin  mərkəzi  idarəçiliyində,  istərsə  də  yerlərdəki  idarəçiliyində  xristian əhalinin 
müsəlmanlardan asılı vəziyyətdə qalmasına imkan verilməməli, müsəlman əhalinin idarə olunması 
isə  müsəlmanlar  arasından  müəyyənləşdirilən  nümayəndələrə  həvalə  edilməli  idi.  Bu  idarəçilik 
general-adyutant İ.Paskeviçin rəhbərliyi altında həyata keçirilməli idi. Xüsusi idarəetmə qurumunun 
tərkibinə bölgədəki qoşunların komandanı, biri polis, digəri isə maliyyə işləri üzrə olmaqla iki nəfər 
Rusiya  məmuru  və  məşvərətçi  səslə  bir  erməni  və  bir  müsəlman  nümayəndə  daxil  edilməli  idi. 
Maliyyə məsələləri üzrə məmur Maliyyə  Nazirliyi tərəfindən göndərilməli, digər məmur və işçilər 
isə Paskeviç tərəfindən təyin edilməli idi [6, sənəd 435, s. 482-483]. 
Qaydalara  görə,  İrəvan  bölgəsində  yerli  idarəçiliyin  isə  aşağıdakı  formada  qurulması  təklif 
edilirdi:  a)  şəhərlərdə  erməni  toplumunun  idarə  olunması  onların  böyüklərinə  və  başçılarına 
tapşırılmalı idi; b) müsəlman naiblər tərəfindən idarə olunan kəndlərdə ermənilər də yaşayırdılarsa, 
onda həmin kəndlərdə ermənilərin idarə edilməsi onların arasından çıxmış bəylərə və yaxud nüfuzlu 
adamlara  həvalə  olunmalı  idi.  Əgər  bu  kəndlərdə  müsəlmanlar  da  varsa,  onda  onlar  əvvəlki  kimi 
müsəlman  naiblər  tərəfindən  idarə  edilməli  idilər;  c)  müsəlman  kəndlərini  idarə  edən  naiblərin 
hökumətə  qarşı  yarıtmaz  əməlləri  müşahidə  edilməmişdisə,  onlar  yerində  saxlanmalı  idilər;  ç) 
müsəlman xanların, bəylərin və məmurların daimi və ya müvəqqəti mülklərində yaşayan ermənilər 
özlərinin  daxili  idarəçiliyi  üçün  aralarından  bir  nəfəri  başçı  seçməli  idilər.  Bu  başçı  həm  də 
ermənilərin  öz  sahibləri  qarşısında  olan  mükəlləfiyyətlərini  necə  yerinə  yetirməsini  müşahidə 
altında saxlamalı idi; d) sahibləri tərəfindən tərk edilən mülkiyyət varsa, bu mülkiyyətlər müvəqqəti 
olaraq etibarlı adamların idarəsinə verilməli idi; e) köçəri əhali öz ağalarının idarəçiliyində qalmalı, 
ağaları tərəfindən tərk edilmiş köçəri əhali isə həmin ağaların Rusiyaya itaət edən qohumlarından 
birinə müvəqqəti olaraq tapşırılmalı idi. Müharibə qurtardıqdan və sülh bağlandıqdan sonra İrəvan 
xanlığından getmiş xristianların geri qaytarılması üçün 5 il, müsəlmanların geri qayıtması üçün isə 2 
il vaxt verilməli idi. Verilən müddət ərzində geri qayıdan xristianlar öz mülklərini geri ala bilərdilər. 
Verilən  müddət  ərzində  geri  qayıdan  müsəlmanlar  isə  əvvəlcə  Rusiyaya  sədaqət  andı  içməli  və 
bundan sonra onların əvvəlki mülklərinin geri qaytarılması məsələsinə baxılmalı idi. Geri qayıdan 
müsəlmanlara əyalətin idarəçiliyinə təsir göstərə biləcək hər hansı bir hüquq verilməməli idi. İrəvan 
xanlığı  ərazisini  tərk  etmiş  xan  və  bəylər  verilmiş  müddət  ərzində  geri  qayıtmadıqları  təqdirdə 
onların mülkləri dövlətə keçməli idi [6, sənəd 435, s. 482-483]. 
Bundan  başqa  Qaydalarda  İrəvan  əyaləti  daxilində  dini  əlamətlər  üzrə  yeni  məhkəmələrin 
yaradılması  nəzərdə  tutulurdu.  Müsəlman  və  xristianlar  arasındakı  mübahisələrə  isə  şəhər 
məhkəmələrində  baxılması  nəzərdə  tutulurdu.  Bu  qaydalara  görə,  yaradılacaq  Xüsusi  idarə  İrəvan 
xanlığı ərazisində yerli hakimiyyət orqanı funksiyasını yerinə yetirməli, bölgədə asayişi və sakitliyi 
təmin etməli və xanlıq ərazisində Rusiya üçün şübhə yaradan şəxsləri müşahidə altında saxlamalı və 
lazımi  olduqda  zərərləşdirməli,  eyni  zamanda  Rusiya  qoşunlarının  baş  komandanının  göstərişi 
əsasında  qoşunların  ərzaqla  təmin  edilməsi  üçün  kömək  göstərməli,  qalaları  zəruri  ərzaq  və 
əşyalarla  təmin  etməli,  vergiləri  toplamalı,  ticarət  və  sənətkarlığın  bərpasına,  pambıq  parça 
istehsalının genişləndirilməsinə çalışmalı idi.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  Qaydalarda  İrəvan  bölgəsi  üçün  nəzərdə  tutulan  Xüsusi 
idarəçilik  formasında  müsəlmanlarla  müqayisədə  ermənilərə  üstünlük  verilsə  də,  bu  üstünlük 
Müvəqqəti  idarədə  olduğundan  az  idi  və  xüsusi  idarəçilik  əvvəlki  kimi  sırf  erməni  maraqlarına 
deyil, daha çox Rusiyanın bölgədəki dövlət maraqlarına uyğunlaşdırılmışdı. 
Bu  zaman  erməni  ideoloqları  (X.Lazarev,  A.Xudabaşyan,  K.Arqutinski-Dolqoruki  və  b.)  da 


66 
 
İrəvan  bölgəsində  yaradılmaqda  olan  yeni  idarəçilik  formasını  özlərinin  etnik  istəklərinə 
uyğunlaşdırmaq üçün müxtəlif  layihələr hazırlayaraq Rusiya hökumətinə təqdim etdilər.  
Erməni arxiyepiskopu Nerses və onun baş məsləhətçisi Hovsep Arqutyanın iştirakı ilə hazırlanan 
və çar hökumətinə təqdim edilən layihəyə görə İrəvan xanlığı ərazisində erməni dövləti yaradılmalı və 
ona Rusiyanın himayəsi altında muxtariyyət verilməli idi. Rusiya imperatoru I Nikolay “qədim erməni 
çarlığının”  bütün  torpaqlarını  özündə  birləşdirən  yeni  erməni  dövlətinin  çarı  elan  edilməli  idi  [12,  s. 
163]. Ermənilərə görə yaradılacaq erməni dövlətinin təhlükəsizliyini ermənilər özləri təmin etməli idilər. 
Bunun üçün ermənilər arasından könüllülük əsasında qvardiya və eskadron təşkil edilməli və bu hərbi 
qurumlara cəlb edilən erməni əsgər və zabitləri güzəştlərə malik olmalı və istismara məruz qalmamalı 
idilər. Layihədə göstərilirdi ki, hərbçilər arasında zülm və istismar nə qədər az olsa, xidmət o dərəcədə 
yaxşı olar. Hərbçilərə əlavə güzəştlərin verilməsi daha çox ermənilərin bu sahəyə cəlb edilməsinə maraq 
yarada  bilərdi.  Erməni  muxtar  hakimiyyətinin  qurulması  üçün  zəruri  olan  kadrların  isə  Moskvadakı 
Lazarev  institutundan  və  Tiflisdəki  “Nersisyan”  məktəbindən  alınması  məqsədəuyğun  hesab  edilirdi 
[12, s. 163; 13, s. 360-361]. 
Rusiya sarayına yaxınlığı ilə seçilən erməni ideoloqu Xaçatur Lazarev 1827-ci ilin dekabrında 
Rusiya  qoşunları  Baş  Qərargahının  rəisi  general  Dibiçə  və  general  Benkendorfa  “Asiya  xalqları 
haqqında məlumatların icmalı” adlı təkliflər-məlumatlar toplusunu təqdim etdi. Erməni ideoloqu bu 
icmalda  II  Yekaterinanın  da  erməni  çarlığını  bərpa  etmək  niyyətinə  toxunur  və  bu  ideyaya 
arxalanmaqla  İrəvan  xanlığı  ərazisində  Rusiyanın  tərkibində  olan  Şimali  Ermənistan  knyazlığının 
və  ya  Erməni  çarlığının  təşkili  təklifini  irəli  sürürdü.  Bu  icmalda  İranda,  Türkiyədə  və  başqa 
yerlərdə yaşayan ermənilərin təşkil olunacaq erməni qurumu ərazisinə köçürülməsinə də xüsusi yer 
ayrılırdı [1, v. 21; 19, s. 57; 14, s. 631]. 
İrəvan bölgəsinin idarəsi ilə bağlı layihələrdən biri də general Krasovski tərəfindən hazırlanmışdı. 
Erməni  arxiyepiskopu  Nerses  Aştarakesinin  də  yaxından  iştirakı ilə  hazırlanan  bu  layihə  də  mahiyyət 
etibarilə erməni ideoloqlarının hazırladıqları layihələrdən fərqli deyildi və bölgənin erməniləşdirilməsini 
nəzərdə  tuturdu.  “Ehtimallar”,  “Baxış”  və  “Layihə”  adlı  üç  hissədən  ibarət  olan  Krasovski  layihəsinə 
görə  İrəvan  və  Naxçıvan  xanlıqları  və  Maku  ərazisi  bir  inzibati  vahiddə  birləşdirilməli  idi.  Bundan 
başqa  Şuragöl  və  Pəmbək  mahalı  da  bu  inzibati  vahidə  daxil  edilməli  idi.  İrəvan,  Naxçıvan,  Maku, 
Şuragöl və Pəmbək qəzalarından ibarət olacaq İrəvan vilayətinin rəhbəri hərbi-qubernator və ya əyalət 
rəisi olmalı idi. Vilayətin hakimi kimi qubernator bütün hərbi və mülki işlərə rəhbərlik etməli və onun 
katib,  ober-auditor,  2  nəfər  tərcüməçi  və  4  nəfər  mirzədən  ibarət  dəftərxanası  yaradılması  nəzərdə 
tutulurdu.  Bundan  başqa  qubernator  yanında  vilayət  şurası  da  yaradılmalı  və  bu  şuraya  aşağıdakılar 
daxil edilməli idi: general-mayor və ya polkovnik rütbəli sədr, biri hərbçi, digəri mülki şəxs olmaqla iki 
müşavir,  prokuror,  katib  və  biri  xristian,  digəri  isə  müsəlman  olmaqla  2  nəfər  də  ruhani.  Vilayətin 
qorunması üçün hər biri üç tabordan ibarət olan üç piyada alayı həmçinin 1500 piyada və 500 atlıdan 
ibarət erməni legionu yaradılmalı idi [4, v. 14-24]. 
Krasovski, planlaşdırdığı şəkildə təşkil ediləcək İrəvan vilayətinin ərazisini 9 mahala bölünməsini 
təklif  edirdi:  1.  Maku-Pəmbək;  2.  Şərur;  3.  Gərnibasar-Vedibasar;  4.  Zəngibasar  (Qırxbulaq);  5. 
Gərnibasar-Aparan, Baş Aparan və Talın; 6. Şuragöl-Pəmbək; 7. Sürməli-Parçi-Dərəkənd; 8. Dərəçiçək; 
9. Göyçə-Kolandar. Naxçıvan xanlığı ərazisində isə əvvəllər mövcud olan mahal bölgüsü saxlanılmalı 
idi. Mahalları hərbçilərdən təyin edilmiş mahal hakimləri idarə etməli və onların yanında biri müsəlman, 
digəri isə erməni olmaqla 2 nəfər kovxa və tərcüməçi olmalı idi [19, s. 64-65]. 
Krasovski,  layihəsində  erməni  arxiyepiskopu  Nerses  Aştarakesini  də  unutmurdu.  Layihəyə 
görə, Nerses hərbi qubernatorun və ya vilayət hakiminin müavini postunu tutmalı idi. 
Bu  layihə  general  Krasovski  tərəfindən  1828-ci  il  yanvarın  25-də  Rusiya  qoşunlarının  Baş 
Qərargah  rəisi  general  Dibiçə  göndərildi.  Lakin  bu  zaman  artıq  Peterburqda  İrəvan  xanlığının 
idarəsi ilə bağlı layihə hazırlanmış və bu layihə baxılması üçün general İ.Paskeviçə göndərilmişdi. 
Paskeviç isə Krasovskinin fəaliyyətindən qəti razı deyildi. Krasovskinin İrəvan müvəqqəti idarəsinə 
rəhbərlik  etdiyi  qısa  müddət  ərzində  Nerses  ilə  birləşib  erməni  arxiyepiskopunun  iradəsini  yerinə 
yetirməsi İrəvan bölgəsində müsəlman əhalinin ciddi narazılığı ilə qarşılanmış və Krasovski-Nerses 
cütlüyünün həyata keçirdiyi irqi, milli, dini ayrıseçkilik siyasəti nəticəsində müsəlmanların kütləvi 
şəkildə  Arazın  o  tayına  köçməsi  Paskeviçdə  də  ciddi  narahatlıq  yaratmışdı.  Paskeviç  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə