120
Müxtəlif tədqiqatçıların fikrincə qloballaşma sərhədsizliyə gətirib çıxarır. Sərhədsizlik
anlayışı getdikcə genişlənən böyük bir prosesin yeni dünya düzəni şəklində daha da dərinləşməsidir.
Qloballaşma siyasətinin təsirində öz həyat tərzini qorumaq istəyən insanlar başa düşməlidirlər ki,
onlar zaman-zaman bu prosesdə hansı prinsiplərin əhatəsindədirlərsə, elə həmin dəyərlərin həm də
mənəvi, ictimai baxımdan köləsinə çevrilirlər.
Sistemli xarakter daşıyan və obyektiv proses olan qloballaşmanı bəzi tədqiqatçılar
ümumdünya iqtisadi, siyasi və mədəni inteqrasiya prosesi kimi qiymətləndirirlər.
Qloballaşma milli dövlətlərin səlahiyyətlərini, strukturunu, suverenliyini və legitimliyini
zəiflədir. Siyasi, iqtisadi və sosial baxımdan digərlərindən təcrid olunmamış milli dövlətin təkcə
səlahiyyət sahəsi məhdudlaşmamış, eyni zamanda forması da dəyişmişdir. XX əsrin ikinci
yarısından sonra beynəlxalq təşkilatların sayında fövqəladə bir artım müşahidə olunmuş, bunun
nəticəsində isə dövlətin beynəlxalq mahiyyəti formalaşmışdır. Qərbdəki əksər milli dövlətlərin belə
təşkilatlarla sıx şəkildə təmas qurması ilə yerli və qlobal siyasət qurma mexanizmləri arasındakı
fərqlər azalmışdır. Bunun nəticəsində demokratik vasitələrlə üzv dövlətlərin suverenliyini
beynəlxalq hüquqa uyğun bir şəkildə uzlaşdıra bilən Avropa Birliyi kimi güc sistemləri meydana
gəlmişdir.
Qloballaşma bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni
mərhələdir. O, yeni informasiya kommunikasiya texnologiyaları əsasında ayrı-ayrı xalqların vahid
iqtisadi, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması
prosesidir
Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin
stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına,
xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. ( 1. 6 ).
Müstəqilliklərini əldə etmək və milli özünəməxsusluqlarını qorumaq üçün yüz illərlə
mübarizə aparan, itkilər verən xalqlar qloballaşma prosesinin təsiri ilə öz tarixi nailiyyətlərini
itirmiş olurlar.
Başqa bir yanaşmada isə qloballaşma və regionallaşma prosesləri milli dövlətlərin
miqyasına tabe olan meyllər və istiqamətlər olaraq göstərilir. Şübhəsiz ki, hər iki proses arasında
qarşılıqlı əlaqə mövcuddur və bu əlaqələr hər iki prosesə, daha çox regionallaşma prosesinə təsir
göstərir. Buna görə də qloballaşma əsrinin neoliberal regionallaşmasının sosial və milli dövlətdən
imtina vasitəsi olması və dövlətin bu iki xüsusiyyətini itirməsi müstəmləkəçilik prosesinin
inkişafını, maliyyə kapitalının şəksiz hegemonluğunu stimullaşdırır.
Müxtəlif dövlətlər arasında ətraf mühit, insan hüquqları və qlobal iqtisadi problemlər kimi
məsələlər ətrafında əməkdaşlıq beynəlxalq rejimlərin və beynəlxalq tənzimləyici sistemlərin
yaranmasına şərait yaratmışdır. Bu da onu göstərir ki, belə sahələrdə beynəlxalq əməkdaşlıq
olmadan milli dövlət vətəndaşlarının tələb və ehtiyaclarını ödəyə bilmir.
Müasir dövrdə həm də, dövlət səlahiyyətlərinin mərkəzdən regionlara ötürülməsi
, milli
dövlət daxilində mərkəzi hakimiyyəti yerli orqanların xeyrinə azaltması, dövlətin özünün
səlahiyyət, vəzifə və resurslarının bir qismindən imtina etməsi prosesi gedir. Mərkəzi hakimiyyətin
əlində olan planlaşdırma, qərarvermə, qaydalar yaratma və onları yönəltmək kimi idarəçilik
funksiyaları bölgə təşkilatlarına, bələdiyyələrə, könüllü təşkilatlara və özəl şirkətlərə verilir. Yeni
yerli orqanlara səlahiyyətlər verilməsi siyasəti əslində səlahiyyətlərin buradan da bazar qüvvələrinə
ötürülməsi məqsədi daşıyır.
Qloballaşma və regionallaşma üst-üstə düşən proses kimi milli dövlət anlayışını və onun
beynəlxalq münasibətlərdə iştirak formasını dəyişə bilmək xüsusiyyətlərini özündə əks etdirir. Bunun
müqabilində regionallaşma prosesi isə qloballaşmanın birtərəfli və mərkəzçi xarakterinə əks olaraq,
yerli, tarixi, mədəni və maddi xüsusiyyətlərin qorunması və inkişaf etdirilməsi imkanlarına malikdir.
Regionlar
öz mövqelərini iqtisadi sahədə milli dövlətdən müstəqil şəkildə
müəyyənləşdirirlər. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı da regionların
beynəlxalq əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradır və onların daxili və xarici əlaqələr
qurmaq qabiliyyətini artırır.
Qloballaşmanın mərkəzində insan maraqları olduğundan onun ayrı - ayrı dövrlərdəki inkişaf
meylləri də həmin maraqların reallaşdırılmasından asılı olmuşdur (4.s.3).