Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   52   53   54   55   56   57   58   59   ...   122

- 116 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
SARA BAĞIRLI 
Azərbaycan Turizm və Menecment Universiteti 
sara_baghirli@yahoo.com 
UOT:
 
663.64;
 
379.85 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MÜALİCƏVİ MİNERAL 
EHTİYATLARI VƏ ONLARIN TURİZMDƏ ƏHƏMİYYƏTİ 
 
Açar sözlər: mineral sular, turizm, müalicəvi təsirlər, perspektivlər 
Key words: mineral waters, tourism, medical effects, perspectives 
Ключевые слова: минеральные воды, туризм, медицинские эффекты, перспективы 
Azərbaycanın  çoxsaylı  mineral  və  termal  sularının  müalicəvi  əhəmiyyəti  hələ  qədim 
dövrlərdən  insanlara  məlumdur.  Ölkəmizdə  say  etibarilə  ən  qiymətli  və  çoxsaylı  mineral  sular 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  geniş  yayılmışdır.  Buna  görədir  ki,  Naxçıvan  MR 
“mineral suların təbii muzeyi” adlandırılır.  
Mineral  suların  müalicəvi  əhəmiyyəti  isə  danılmazdır.  Dünyada  müalicə  turizminin  təbii 
vasitələri arasında ən geniş yayılanlarından biri məhz mineral sulardır. Məqalədə Naxçıvan mineral 
sularının müalicəvi əhəmiyyəti, onların turizmdə istifadəsində mövcud çatışmazlıqlar, bu çatışmaz-
lıqların həlli yolları verilmiş, təkliflər irəli sürülmüşdür.  
 
Təbii  müalicəvi  ehtiyatlar  arasında  nəinki  ölkəmizdə  eləcə  də,  dünyada  xüsusi  əhəmiyyət 
kəsb  edən  resurslardan  başlıcası  sözsüz  ki,  mineral  və  termal  sulardır.  Bu  ehtiyatların  müalicə 
məqsədli istifadəsi hələ qədim zamanlardan insanlar tərəfindən istifadə edilsə də, turizmdə istifadəsi 
xüsusilə ötən əsrin ikinci yarısından etibarən kütləviləşməyə başlamışdır. Azərbaycanda da çoxsaylı 
mineral  və  termal  suların  müaliəvi  faydası  hələ  qədim  dövrlərdən  insanlara  məlumdur.  Ölkə 
ərazisində  müxtəlif  əhəmiyyətə,  tərkibə,  rəngə,  tama,  temperatura  malik  200  qrupda  cəmlənmiş 
mineral  su  yatağı,  mineral  və  termal  əhəmiyyətli  su  bulaqları  yerləşir.  Lakin  təəssüf  ki,  bunlar 
arasında  sadəcə  30  qrup  mineral  su  yatağının  tam  geoloji-kəşfiyyatı  aparılmış  və  istismara 
verilmişdir. Digər tərəfdən termal suların yeraltı istilik enerjisi xüsusiyyətlərinin olması onu qeyri-
ənənəvi enerji mənbələri sırasında xüsusi faydalı enerji mənbəyi kimi xarakterizə edilməsinə imkan 
yaradır. Bununla belə hələ bu ehtiyatların hamısının öyrənilməməsi səbəbindəndir ki, onların turizm 
məqsədilə istifadəsi də hələ ki ölkəmizdə geniş yayılmamışdır [6]. 
 İnsanların  hər  zaman  sağlamlıqlarının  bərpasına  verdiyi  əhəmiyyət  müalicə-sağlamlıq 
turizminin  potensial  və  perspektivlərinin  araşdırılmasını  aktual  edir.  Müəllif  məqalədə  müalicə-
sağlamlıq  turizminin  əsas  obyektlərindən  olan  mineral-termal  sular,  onların  tərkibi,  əhəmiyyəti, 
turizmdə  istifadəsi,  bu  zaman  yaranan  problemlər,  çatışmazlıqlar,  onların  həlli  yolları  haqqında 
məlumatlar vermişdir. Əsas məqsəd isə bu ehtiyatların perspektiv imkanlarının müəyyənləşdirilməsi 
ilə, ölkəmizdə, bölgədə müalicə-sağlamlıq turizminin inkişafı üçün problemlərin müəyyənləşdirilib, 
aradan  qaldırılma  yollarının  verilməsi  və  gələcəkyönümlü  təkliflər  irəli  sürülməsidir.  Bu  zaman 
həmçinin, mövcud ədəbiyyatlara istinad etməklə onların müqayisəsi aparılmış, suların tərkiblərinin 
müalicədə əhəmiyyəti, dolayısıyla turizmdəki faydası haqqında da məlumatlar əks edilmişdir.  
Tədqiqatlar  zamanı Azərbaycandakı mineral suların  tərkibinin  xeyli miqdarda  qazlı olduğu 
və  onların  a)  suyun  tərkibində  həll  olan  qazlar  və  b)  sudan  sərbəst  ayrılan  qazlar  şəklində  olması 
müəyyənləşmişdir.  Müalicəvi  turizm  baxımından  xüsusi  önəmə  malik  mineral  sular  qaz  tərkibinə 
görə beş qrupa ayrılır ki, bunlara aiddir: karbonlu, hidrogen-sulfitli, metan-qazlı, radonlu və azotlu 
sular. Bir litrində 250-3000 mq-a yaxın karbon qazı olan karbonlu sular ölkə sularının 35%-ni təşkil 
edib  geniş  tədqiq  edilmişdirlər  və  bu  sulara  hər  yerdə  rast  gəlinmir.  Ölkəmizdə  bu  tip  sular  Kiçik 
Qafqaz  və  Naxçıvan  MR-da  geniş  yayılmışdır.  Bu  sulara  nümunə  olaraq  Qızılca,  Çayqarışan, 


- 117 - 
 
Turşsu,  Darıdağ,  Badamlı,  Çayqarışan,  Nəhəcir,  İstisu  suları  göstərilə  bilər  [1,  səh.  87].  Yüksək 
temperatura  malik  hidrogen-sulfitli  sulara  həmçinin,  kükürdlü  sular  da  deyilir  və  demək  olar  ki, 
Azərbaycanda onların bütün növlərinə rast gəlinir. Belə sulara şimal rayonlarında, Talış və Abşeron 
bölgələrində,  Naxçıvan  MR-da  təsadüf  etmək  olar.  Metan-qazlı  termal  sular  xüsusilə  ölkəmizin 
şərq hissəsində geniş yayılmışdır. Yüksək temperaturlu metanlı sular istər təbi bulaqlar, istərsə də 
xüsusi buruqlar şəklində yer səthinə çıxır. Müalicə əhəmiyyətli bu sular təəssüf ki, hələ yaxşı tədqiq 
edilməmişdir.  Bəzi  hallarda  geoloji  və  geokimyəvi  xüsusiyyətləri  ilə  bağlı  olaraq  tərkibində 
radioaktiv  elementlər  olur  ki,  bu  elementlər  arasında  ən  çox  yayılanı  radon  qazıdır.  Suların 
tərkibində  radon  qazının  mövcudluğu  isə  onun  müalicəvi  əhəmiyyətini  artırır.  Ancaq,  təbiətdə  elə 
radonlu  sulara  çox  nadir  hallarda  rast  gəlmək  mümkündür.  Respublikamızda  isə  radon  tərkibli 
suların yayıldığı ərazilərə Kəlbəcər və Laçın nümunə çəkilə bilər. Azotlu termal sular isə daha çox 
Böyük Qafqazın və Talış bölgəsinin cənub ərazilərində geniş yayılmış, ümumilikdə ölkə üzrə yalnız 
100-ə  yaxın  azotlu  su  tədqiq  edilə  bilmişdir.  Yüksək  müalicəvi  əhəmiyyətə  malik  azotlu  sulara 
Cimi, Alaşa, Qotursu, Meşəsu, Donuzütən, Xaltan bulaqlarını nümunə çəkmək olar [5, səh. 160]. 
Tədqiqat  obyekti.  Ölkəmizdə  say  etibarilə  ən  qiymətli  və  çoxsaylı  mineral  sular  Naxçıvan 
Muxtar Respublikası ərazisində geniş yayılmışdır. Buna görədir ki, Naxçıvan MR “mineral suların 
təbii  muzeyi”  adlandırılır. Naxçıvan  MR müxtəlif  növlü  xlorlu, karbon  qazlı,  sulfatlı,  sulfitli  sular 
qrupu  ilə  zəngindir.  Naxçıvanın  mineral  suları  hələ  qədim  dövrlərdən  insanların  diqqətini  cəlb 
etmişdir. Bu əvəzsiz resursların geoloji cəhətdən araşdırılmasına isə XIX əsrdən başlanmış, bununla 
belə  planlı  tədqiqat  işləri  ancaq  XX  əsrdə  aparıla  bilmişdir.  Darıdağ,  Qızılvəng,  Sirab,  Nəhəcir, 
Badamlı  kimi  beş  qrupdan  ibarət  mineral  bulaqlar  istehlak  xüsusiyyətləri  ilə  yanaşı  balneoloji 
kurortlar  yaradılması  üçün  də  qiymətli  xammaldırlar.  Bu  isə  regionun  geniş  turizm  potensialının 
hələ  kiçik  bir  hissəsini  təşkil  edir.  Belə  ki,  burada  turizmin  müalicə-sağlamlıq  növünün  başlıca 
potensialı  əgər  bir  tərəfdən  müalicəvi  sulardırsa,  digər  tərəfdən  Duzdağdır.  Eyni  zamanda  dini 
turizm nöqteyi-nəzərdən nəinki ölkəmizin, qonşu ölkələrin də diqqət mərkəzində olan Əshabi-Kəhf 
ziyarətgahı da əhəmiyyətli turizm potensialıdır. Bununla yanaşı, bölgənin zəngin tarixi-mədəni irsi, 
abidələri,  təbiəti  buranı  bir  tərəfdən  tarixi-mədəni,  dərketmə,  digər  tərəfdən  istirahət  turizmi  üçün 
əvəzsiz  edən  imkanlardır.  Lakin  müəllifin  fikrincə,  nəinki  bu  bölgədə  bütünlükdə  ölkəmizdə  ən 
geniş perspektivə malik turizm növü məhz müalicə-sağlamlıq turizmidir.  
Qeyd  etməliyik  ki,  ölkəmizdə  ilk  dəfə  mineral  suların  şüşə  qablara  doldurularaq  geniş 
əhaliyə çatdırmağın təşəbbüskarı 1934-cü ildə Naxçıvan hökuməti olmuşdur. 1941-ci ildə Badamlı 
mineral suyu içməli su kimi Bakıya gətirilmişdir. Bu mineral suyun doldurulma zavodunun əsası isə 
1947-ci  ildə  qoyulmuşdur  [3,  səh.152].  Zavod  1987-ci  ildə  110  mln  şüşədən  artıq  su  istehsal 
etmişdir. 1950-ci ildən fəaliyyət göstərən Sirab mineral su zavodu isə ilk dövrlərdə ildə 1200 şüşə 
istehsal  etmə  tutumuna  malik  olmuşdur.  1985-ci  ilin  axırlarında  illik  istehsal  gücü  200  mln  şüşə 
olan  mineral  sudoldurma  zavodu,  Badamlı-Vayxır-Naxçıvan  su  kəmərinin  çəkilməsi  Naxçıvan 
Muxtar Respublikasının mineral su istehsalını xeyli artırmışdır [2, səh.69-70]. 
Muxtar Respublikanın mineral ehtiyatları rayonları üzrə qeyri-bərabər paylanmışdır. Müqayisə 
üçün  deyək  ki,  Ordubad  rayonu  ərazisində  29,  Culfa  rayonunda  isə  85  mineral  bulaq  vardır  və 
sulardan  bir  sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Şahbuz  rayonunda  50-ə  yaxın  mineral  su 
mənbəyi  aşkar  olunmuşdur.  Bunlar  arasında  Badamlı  mineral  sular  qrupu  xüsusi  yer  tutur.  Babək 
rayonu  ərazisində  50  mineral-müalicəvi  su  mənbəyi  öyrənilmişdir  ki,  bunlardan  da  27-si  buruq 
quyuları vasitəsilə aşkara çıxarılmışdır. Burada müalicəvi əhəmiyyətinə görə fərqlənən ən iri bulaqlar 
Vayxır, Sirab, Cəhri və Qızılvənddir. Bu rayonlarla müqayisədə nisbətən azsaylı mineral su ehtiyatına 
malik  olan  rayon  Şərurdur.  Burada  7  mineral  su  mənbəyi  aşkar  edilmişdir.  Sədərək  rayonunda  isə 
yeganə  belə  bulaq  Bahasudur.  İnsanlar  bu  sulardan  hələ  qədim  zamanlardan  istifadə  etmiş,  onlara 
müvafiq adlar vermişlər. Məsələn, Yel suyu (Darıdağ), Qotur suyu (Gömür), Şor su (Sirab) və s.  
Ümumilikdə,  Muxtar  Respublikada  200-dən  çox  mineral  su  mənbəyi  aşkarlanmışdır  [3, 
səh.144].  Bu  mineral  sulardan  həm  müxtəlif  xəstəliklərin  müalicəsində,  həm  də  süfrə  suyu  kimi 
istifadə olunur. Bunlardan başlıca olanlarının bir neçəsini qeyd edək: 
Sirab  mineral  su  yatağı  Naxçıvan  şəhərindən  18  kilometr  şimal-şərqdə  Babək  rayonu 
ərazisində Sirab kəndindən 3 kilometr şimalda dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə