- 134 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
ZENFİRA SEYİDOVA
Naxçıvan Dövlət Universiteti
UOT:069
“KLASSİK AZƏRBAYCAN QADIN ŞAİRLƏRİ
MUZEY EKSPOZİSİYASINDA”
Açar sözlər: Klassik, qadın, şair, ədəbiyyat, portret, eksponat, muzey
Key Words: Classical, female, poet, literature, portrait, exhibit, museum
Ключевые слова: Классический, женский, поэт, литература, портрет, выставка, музей
Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah hisslər
xəzinəsidir. Cüng və təzkirələri bəzəyərək dillərdə gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən
qadın şairlərinin şerləri, rübailəri, qəzəlləri xalqın qəlbinə yol tapmış, dildən-dilə, nəsildən-nəslə
keçərək, bu günə qədər gəlib çatmışdır.
XII əsrdə Azərbaycanda başlamış İntibah poeziyasının ən istedadlı nümayəndələrindən olan
Məhsəti Gəncəvinin klassik Azərbaycan ədəbiyyatının yüksək zirvələrində duran parlaq
ulduzlarından biri sayılmışdır.
Rübai janrının görkəmli sənətkarı kimi tanınan Məhsəti Gəncəvinin rübailərinin əksəriyyəti
məhəbbətə həsr olunmuşdur. Onun sevda ilə çırpınan rübailərində sevən bir qəlbin həyəcanlarını,
saf və real bir eşqin ifadəsini görürük.
Gəncənin qiymətli incisi sayılan Məhsəti xanımın vüqarla dayanan boy-buxunu ilə insanı
heyran edib nur saçan gözəl siması istedadlı rəssam N.Əliyev tərəfindən incə zövqlə rəsmə alınmış,
portreti ekspozisiya zalında vüqar və əzəməti ilə nəzər diqqəti cəlb edir.
Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər eylədi divan.
Deyəsən əhd etmiş dolandıqca hey,
Məni də özüylə hərlətsin dövran.
Ədəbi fəaliyyətinin ən gözəl dövrünü Sultan Səncər sarayında keçirən Məhsətinin bəzən
Dəbir (Katib) kimi xatırlanması onun yüksək savada malik bir ziyalı olduğunu göstərir. (1-səh. 12).
Xoşbəxtlikdən Məhsətinin irsi itib-batmamış, şeir həvəskarları onun rübailərini əzbərləmiş,
haqqında dastan yazmış, rəvayətlər söyləmişlər. “Əmir Əhməd və Məhsəti” adlı dastan şairənin
həyatı, yaradıcılığı və şeirləri əsasında yaranmışdır.
Qədim tarixə malik olan şahmat oyununa orta əsrlərdə Şərq ölkələrində qadınların da maraq
göstərdiklərini bilirik. Bu müdrik oyunla Məhsəti xanım da maraqlanmışdır.
Məhsəti xanım şahmat oyunu zamanı Əmir Əhməd qarşısında bədahətən dediyi:
Müdam oynayırıq qəm şahmatını
Birdən mat eyləsəm incimə hərgiz
rübaisində Azərbaycan qadınının yüksək şahmat oynamaq bacarığı olduğunu sübut edir.
Mənbələrdə Məhsəti xanım həm şair, həm musiqişünas, həm xanəndə, həm də gözəl arfa
çaldığı göstərilir.
Rəssam T.Əliyev və P.Nuriyevanın Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş illüstrasiyalar
və müxtəlif şeirləri ekspozisiyada nümayiş etdirilir.
Klassik qadın sənətkarlarının qəlbinə xitab edə bilmək, onların kədər və sevinclərini, mənəvi
aləmlərini dərindən duymaq, hiss etmək, xalqa çatdırmaq ən böyük xoşbəxtlikdir. Bu cəhətdən
Nigar Rəfibəylinin uğurlu tərcümələri nəticəsində dillər əzbəri olan Məhsəti rübailəri Azərbaycan
ədəbiyyatında mühüm rol oynamışdır.
- 135 -
1940-cı ildə ədəbiyyatşünas, professor Həmid Araslının redaktorluğu ilə ilk dəfə Azərnəşr
tərəfindən Məhsətinin Azərbaycan dilində rübailəri nəşr edilmişdir. Müasir ədiblərimiz, şairlərimiz,
alimlərimiz Məhsəti Gəncəviyə şeirlər, poemalar həsr etmiş, məqalələr yazmışlar. (2 səh.202)
Məhsəti surətini ilk dəfə ədəbiyyatımıza gətirənlər arasında ən əvvəl Məmməd Səid
Ordubadinin adını çəkməliyik. Nizaminin həyatı və dövrünə həsr edilmiş “Qılınc və qələm” romanı
M.S.Ordubadi yaradıcılığının mühüm pillələrindən idi. Əsərdə Nizami müasirlərindən biri kimi
Məhsətiyə də müəyyən yer verilmişdir (2 səh 201).
Şairə Kəmalə Ağayevanın “Məhsəti” mənzum faciəsi məşhur klassikin bədii obrazının
yaranması yolunda daha bir addıma çevrildi. Əsərdə yeri düşdükcə “Məhsəti və Əmir Əhməd”
əlyazmasındakı motivlərindən də istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, bu, Məhsətiyə həsr
edilmiş ilk səhnə əsəridir.
Kəmalə Ağayevanın “Məhsəti”-si çox keçmədən səhnə üzü görür. C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ermənistan SSR Əməkdar incəsənət xadimi Baxış
Qələndərovun rejissorluğu ilə pyes müvəffəqiyyətlə nümayiş etdirilir. Məhsəti surətini
Azərbaycanın xalq artisti Zəroş Həmzəyeva ifa edir.
Hazırda bir çox tədqiqatçılar Məhsətiyə “Xanımlar xanımı”, “Yüksək zövqlü şairə”,
“Qocalmayan gözəl” deyərək, onu orta əsr qadın şairlərinin ən qüdrətli nümayəndəsi kimi təqdim
edirlər.
Ədəbiyyatşünas alim, tədqiqatçı Rəfael Hüseynov yazır:
“Məhsətinin şeirlərini oxuduqca sezirsən ki, bu səs qadın səsidir. “Mən qadınam və mən də
duymağa, sevməyə, nifrət etməyə, öz sözünü deməyə layiqəm və həm də qadirəm”. (2 səh.188)
Şer dünyamızda Məhsəti Gəncəvi adlı bir gözəl xanım var – desək səhv etmərik.
Məhsətiyəm, oldum gözəllərə tağ,
Hüsnümü
vəsf edir Xorasan, İraq
deyən şairənin ömür yoluna nəzər saldıqda görürük ki, həqiqətən də Məhsəti xanımlar
xanımıdır. (7-səh 12)
Ekspozisiya zalında R.Hüseynovun “Məhsəti necə varsa”, “Rübailər aləmində” Bakı 1989
kitabı və müxtəlif şeirlər kitabı, rübailərinə çəkilmiş illüstrasiyalar və Kəmalə Ağayevanın
“Məhsəti” tamaşasından fotolar özünəməxsus yer tuturlar.
Klassik Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri də XVIII əsrin sonu XIX əsrin
əvvəllərində yaşayıb-yaratmış şairə Heyran xanımdır.
Azərbaycanda məşhur Dünbili Kəngərli tayfasından olan Heyran xanım XVIII əsrin 90-cı
illərində Naxçıvan şəhərində anadan olmuşdur. Gənc yaşından ailəsi ilə birlikdə İrana köçürülmüş
Heyran xanımın el-obasından, xüsusən nişanlısından ayrı düşməsi onu həddindən artıq
kədərləndirmişdir. Şeirlərində vətən həsrəti, hicran dərdi mühüm yer tutduğundandır ki, vətəndə
ölməyi qürbətdə yaşamaqdan üstün sayan şairə şeirlərinin birində “Ey mənim kimi ürəyini
məhəbbətə verənlər yarından və diyarından ayrı düşənlər” deyə fəryad edir.
Heyran xanım bir müddət Urmiyada və Xoyda yaşadıqdan sonra Təbrizə gəlir. Təbrizdə o,
yaxın adamlarından birinə ərə getsə də, ailədə fərəhli bir gün görmədiyindən, şeirlərinin birində
“Cavankən
qoca oldum əfsus, öz ömrümdən dilgir oldum əfsus” deyə şikayətlənir. (4 səh 227)
Heyran xanımın əsərlərində dünyəvi hiss və arzular hər şeydən yüksək tutulur. O, gözəl
saydığı hər şeyi həyatda görür. Onun ilham mənbəyi gözəllik və həyatdır.
Şeir və sənətin gözəlliklərini onun nikbinliyində görən Heyran xanım bədbin ruhlu
şeirlərindən özü narazı qalaraq şövq ilə yazdığı şeirləri “inci danəsi”, “qiymətli dürr” adlandırırdı.
Əgər şeirim şikəst olsa, mənə etmə məlamət kim,
Şikəstə söz bəyan etmək, şikəstə təbə qanundur.(3 səh 18)
deyərək qəzəllərinin nikbin və bədbin olmasının səbəbini özünün əhval-ruhiyyəsi ilə
əlaqələndirir.
Tədqiqatçı Qulam Məmmədli haqlı olaraq yazır:
“Şairə istər şəxsi həyatında, istərsə də şeirlərində pak və yüksək bir məhəbbətin müğənnisi
olaraq qalır”.