www.vivo-book.com
53
çənəsini aça bilmir. Keşkə üzə çıxaydı, bir yaxşı-yaxşı ona
baxaydım. Görəydim məni incidən bu balıq nə balıqdır belə.
Ulduzlara baxa-baxa təyin etdi ki, balıq bütün gecəni
eyni səmtə üzüb; o nə cəhəti, nə də istiqaməti dəyişirdi.
Gün batandan sonra hava xeyli soyudu; qocanın
kürəyində, çiynində, qollarında, yorğun qıçlarında tər
puçurları qurumuşdu: indi canını soyuq kəsirdi. Yem
qutusunun üstünə örtdüyü kisəni bayaqdan günə sərib
qurutmuşdu. Götürüb kisəni boynuna doladı, kənarlarını
kürəyinə saldı, uclarını ehmalca qaytanın altına keçirtdi;
qaytan indi çiyinlərini az kəsirdi. Beləcə, qayığın burnunda
oturub, bir az qabağa əyilərək dincini alırdı. Əslində, yeri
rahat deyildi, lakin özünü inandırmaq istəyirdi ki, guya çox
yaxşı dincəlir.
“Hələlik nə mən balığa bir şey eləyə bilirəm, nə də
balıq mənimlə bacara bilir. Görəsən, indən belə nə həngamə
qopacaq?”
Yerindən qalxıb qayığın kənarından dənizə peşab elədi,
ulduzlara baxıb istiqaməti müəyyənləşdirdi. Çiynindən
aşırdığı və birbaşa suyun altına gedən tilov ipi fosfor təki
www.vivo-book.com
54
işıq saçırdı. Qayıq aramla və çox asta üzürdü. Havana
çıraqlarının işığı o qədər də gur deyildi. Qoca başa düşdü ki,
axın qayığı gündoğana tərəf aparır. “Havananın işıqları get-
gedə sozalırsa, demək onda biz daha çox üzü gündoğana
tərəf gedirik, – qoca düşündü. – Əgər balıq öz istiqamətini
dəyişməsəydi, mən onları daha çox seyr edərdim, işıqlar bu
tezliklə nəzərdən itməzdi. Görəsən, beysbol necə qurtardı?
Kim uddu? Qayıqda radio bax belə vaxtlarda lazımdır!»
Amma sonra fikirlərinin axarını dəyişdi: «Əsas
məsələdən yayınma! Başqa vaxt beysbol barədə nə qədər
istəsən, fikirləşə bilərsən, indi isə yalnız nə edəcəyini düşün!
Boş xəyallara uyma, yoxsa uduzarsan!”
Sonra ucadan dedi:
– Heyf ki, oğlan yanımda deyil. Yanımda olsaydı,
mənə kömək edərdi, bu həngaməni də öz gözüylə görərdi.
Fikirləşdi ki, gərək insan qocalanda tək qalmasın,
amma neyləmək olar, bu qaçılmazdır. Tunes iylənib xarab
olmamış bəlkə ətindən bir az qoparıb yeyim. Gücdən
düşməmək üçün yemək lazımdır. İştaham olmasa da, gərək
səhər ondan bir az dilimə vurum. Əbəs yerə deməyiblər ki,
www.vivo-book.com
55
səhər tikəsi qüvvətdir; mən də ac oldum-olmadım,
yeməliyəm.
Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura
qayığın ətrafında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək
donuz bərkdən, dişisi isə astadan fısıldayırdı.
– Yaxşı heyvanlardır, – qoca dedi. – Oynayırlar,
zarafatlaşırlar. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara
çox yaxındır.
Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü
ki, balıq deyil, xalis möcüzədir. Görəsən, onun neçə yaşı
olar? Mən ömrümdə belə güclü balıq tutmamışam, başıma
belə qəribə oyun açanı olmayıb. Görünür, çox ağıllı balıqdır
ki, atılıb-düşmür. Əgər ipi dartsa, ya hoppansa, məni bir
andaca məhv edə bilər. Ola bilsin, qabaqlar dəfələrlə
qarmağa keçib, indi də qərara gəlib ki, canını bu sayaq
mübarizə yoluyla ölümdən qurtarsın. Yəqin qoca ilə tək
vuruşduğunu bilmir. Nəsə çox zırpı şeydir. Görəsən, əti
ləzzətli olsa, bazarda nə qədər pul çıxardar? Yemi
götürməyindən bildim ki, erkəkdir. Özünü əsl kişi kimi
apardı. Heç nədən də qorxub-eləmir. Görəsən, nə etdiyini
www.vivo-book.com
56
bilirmi, yoxsa o da elə mənim kimi bəxtə-bəxt baş götürüb
hara gəldi gedir?
Bir dəfə bir dişi marlin balığı tutmağı yadına düşdü.
Erkək balıq, həmişə olduğu kimi, dişini qabağa buraxdı ki,
yeməyə birinci o girişsin. Dişi balıq qarmağa keçib ora-bura
vurnuxanda erkək tayı dəridən-qabıqdan çıxıb onu xilas
etməyə çalışırdı. Dişi balıq taqətdən düşəndən sonra da
erkək balıq onu tərk etmirdi; suyun üzünə çıxıb dövrə vura-
vura elə hey özünü qabağa atır, vəhşicəsinə atılıb-düşür, gah
qaytana, gah qayığa hücum çəkib qocanı çaşdırırdı. O vaxt
erkək balığın oraq kimi əyri, ülgüctək iti quyruğu ilə tilov
ipini kəsəcəyi hətta qocanı qorxutmuşdu da. Ona görə də
nizəni dişi marlinə sancan kimi, tez qarmağı onun ağzına
ilişdirmişdi, toppuzla başına dalbadal bir neçə zərbə
endirmişdi. Erkək marlin bundan sonra da əl çəkməmişdi.
Dişi marlin toppuz zərbələri altında əsl rəngini itirib,
güzgülərin arxa tərəfinə çəkilən amalqama rənginə bənzər
bir rəng almışdı və qoca oğlanla köməkləşib birtəhər onu
qayığa çəkib salmışdı. Erkək marlin isə mübarizədən
yorulmayıb, hələ də qayığın ətrafında fırlanırdı. Qoca ipi
www.vivo-book.com
57
yığışdırıb nizəni götürəndə o, lap yaxınlıqdaca havaya
tullanıb, dişi marlini görmək eşqilə qayığın içinə baxmışdı,
sonra dənizə düşmüşdü və açıq-yasəməni rəngə çalan döş
üzgəclərini geniş açaraq üzə-üzə dərinliklərdə gözdən
itmişdi. Onun belindəki bənövşəyi zolaqlar par-par
parıldayırdı. Qoca indiyəcən də onun gözəlliyini, sədaqətini
unuda bilmirdi.
“Ömrümdə bundan kədərli, bundan qəmgin hadisəylə
rastlaşmamışam, – qoca təəssüflə köks ötürdü, – oğlan da
bərk məyus olmuşdu. Dişi marlindən üzr istəyib, onu
parçaladıq”.
“Heyf ki, oğlan burada yoxdur”, – qoca düşündü və
özünü yığışdırıb yerini rahatladı.
Çiynindən aşırdığı ip nəhəng balığın ağırlığını aşkar
hiss etdirirdi. Balıq yorulmaq bilmədən üzürdü. Qoca
düşündü: “Gör ona necə kələk gəlmişəm ki, taleyi ilə
barışmağa məcbur olub”.
“Balıq insanların hər cür hiyləsindən və qurduqları
tələdən uzaqda, okeanın dərin suları altında yaşamaq
istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən
Dostları ilə paylaş: |