110
“Bizim gəlinə də bir söz deyəndə salır zarafata, hələ gözə inanmır, yoxsa elə
deməz!”. Gözəl əyilib palıdın yanından ötən yoldan bir ovuc torpaq götürdü və
dodağının altında nə isə deyə-deyə nəvəsinin başına fırlatdı: “Mərdüməzarın
gözünə bıçaq!” Sonra torpağı ayaq dəyməz yerə tulladı.
Həcər güldü, yanağındakı xal az qaldı alışa:
Daha nəvənə qorxu yoxdur.
-Ay gəlin, elə demə, mən bədnəzərdən gördüyümü görmüşəm. Mənim
Nəbim də uşaqlıqda bu nəvəm təki gözəgəlimli idi. Qalayçı Osman onun adını
Hacımurad qoymaq istəyirdi...Razı olmadım. Qalayçı deyirdi ki, bu uşaq
Hacımurad kimi igid olacaq... Əgər Nəbinin gözmuncuğu olmasaydı, bədnəzər
onu çoxdan çatdatmışdı.
Araz qığıldandı. Gözəl məzəmmətli nəzərlə gəlininə baxıb başını yellədi:
-Hə... Görürsən, bədnəzərə inanmayanda elə olar da! Dünən gördün uşaq
necə göyərmişdi?! Vallah, qorxuram bu tifili dəli eləyəsiniz. Ay gəlin, oğul ki, var
düşməm toxmağıdır. O, Misir karvanı kimi qırx ildə bir gələr.
Həcər körpəni əmizdirməyə başladı.
-Narahat olma, Gözəl xala, nəvən acıbmış. Gör səsini necə kəsdi!..
Axşam qanadlarını ətrafa gərir... Palıdın kölgəsi hiss olunmadan itir...
Üfüqdə kənd uşaqları sanki çərşənbə tonqalı qalayır... Bu tonqal ağ buludların
ətəyini qızardır. Cənub mehi Qarasu çayı boyu özü ilə xoş bir sərinlik gətirir.
Ağacın qızılı yarpaqları əsir, çay sanki öz kövrək və incə nəğməsini körpənin
nəfəsinə, kirpiyinə damcı-damcı axıdır. Çox keçmir ki, göylərin şamları yanır. Ay
da çıxır. Həcər xanım palıda söykənib, tüfəngini silib parıldatmaqla vaxtı
xırdalayır. Gözəl isə ayaqlarını soyunub dağ çayına salmışdı. Palıdın çayda
daranan qarğıdalı saçaqlarına oxşar kökləri onun yalın ayaqlarına toxunur: “Gör
bu tellər ayağımı nece oxşayır! Su da sərindir. Bir az toxtadım”.
Su Gözəlin ayağına sarı bir qaratikan kolu axıdırdı. Kolun üstündə bir atlı
qarışqa bir xallı kəpənəklə əlbəyaxa idi. Kəpənək zərif qanadlarını hara gəldi
çırpır, canını amansız “ovçudan” xilas etmək istəyir. Gözəl əlini uzadıb kolu tutdu:
“Bu yazığın günahı nədir? Nəbi bizim bu Araz boyda olanda Həmzəli kövşəninə
başaq yığmağa gedirdim... Yolda bir ilan qurbağanı diri-diri bu cür yeyirdi. Heyf
ki, qurbağanı xilas edə bilmədim. Yazığın fəryadı hərdən qulağıma gəlir. Bu
qarışqaya ki, gücüm çatar...”
Gözəl heydən düşmüş bu kəpənəyi qarışqanın ağzından ehtiyyatla aldı.
Kəpənək didilmiş yelpinclərin bir neçə dəfə çaldı, qanadlanıb əvvəlcə
gözəlin qulağına qondu, oradan da palıda tərəf uçdu.
Karvansarada göz-göz işıqlar yanırdı. Adamlar ora-bura qaçırdılar səs-küy
eşidilirdi. Tacirlər nökərlərini harası gəldi söyürdülər:
-Ə, yekəpər köpəkoğlu, harda köpürdün?
-Buna bax, buna, ləmə pişiyi tək necə ətlənib?!
-Tez olun arpa gətirin! Heyvanlar damaq oldu.
Yarıyuxulu nökərlər qabar atmış iri əllərinin dalı ilə qan sağılmış gözlərini
ova-ova hacımənəbax, kisəyi, qanovuz taylarının üstündən tökülüşür, şirin-şirin
gərnəşirdilər:
111
-Bu evi yıxılmış tacirlər qoymazlar gözümüzün acısını alaq. Yuxumuz
haram oldu.
Qoca bir nökər ucadan deyinirdi:
Gecəli-gündüzlü yoldayıq... Şuşa qalası hardadır?! Ordan bura əlimizdə
silah düşmüşük karvanın qabağına. Nədi, nədi, ayıq olun ki, Qaçaq Nəbi indi
qabağınızı kəsəcək! Ay siz öləsiniz, Qaçaq Nəbinin sizinlə nə işi var? O, düşməni
Tacır Fərəcoğlunu axtarır, Qara Nəbini axtarır. Balası ölmüş tacirlər qorxularından
nə özləri yatırlar, nə də bizi qoyurlar yataq.
Tacirlər yaxınlaşanda qoca nökər sözünü udub, əlində at torbası toyuq təki
özünü samanlığa saldı.
Tacir atları kişnəyib ayaqlarını yerə döyür, başlarını torbaya salır, nökərlərin
əl- qolunu gəmirirdi.
-Çər dəymiş, dayan də, ölmədin ki!
Atlar arpanı fınxıra-fınxıra, xırtıldada-xırtıldada yeyir, həmişə ağırını çəkən
eşşəklərə, qatırlara elə bil yanıq verirdi. Tamahını saxlaya bilməyən qatırlar,
eşşəklər dartınıb başlarını at torbalarına uzadırdı, lakin onlar at təpiklərindən başqa
bir şey dada bilmir, anqırışırdı.
Araz yuxuda diksindi.
-Bu çər aparmışlar da anqırışmağa vaxt tapdı! – deyə Gözəl tez qalxıb
“qanadını” yüyrükdə yatmış nəvəsinin üstünə gərdi. – Ay gəlin, görürsən də,
axşam da oldu, bu xaraba karvansarada yenə ağız deyəni qulaq eşitmir. Nəbigil
harda qaldı? Neçə aydır ki, bu qürbət eldə ürəyimi yeyirəm. Zalım balası elə bil çöl
quşudur, heç bir yerdə dayana bilmir. Allaha şükür ki, ay doğdu, yoxsa qaranlıqda
ürəyim parçalanırdı.
-Gözəl xala, narahat olma. Mən belə hay-küyə öyrənmişəm, qoy körpədə
alışsın. Qaçaq həyatı bəs necə olur?!.. Sağlıq olsun hər şey düzələcək.
- Ay gəlin,elə bil Bəzz qalası tərəfdən gələn yolları kəsiblər. Ürəyim
döyünür. – Gözəl əyilib yüyrükdə su qızılgülü təki açılmış nəvəsini qoxladı. –
Yaxşı ki, bu körpə varmış... elə bil çiyələkdir. Ox, ürəyimin ağrısı çəkildi. Səni
verən allaha qurban olum, ay bala! Nənənə gülürsən?
Araz isə aləmdən xəbərsiz idi. Yuxuda gülürdü. O bilmirdi ki, həyatda
gülmək hamı üçün deyil. Bilmirdi ki, onu əhatə edən mühit həm kədər, həm nəşə
doğub; həm zəhər kimi acı, həm nabat kimi şirindir. Körpə bilmirdi ki, həyatın acı
qasırğaları həmişə qanadı bərkiməmiş qartal balalarını məhv edir, təbiəti bəzəyən
zərif
çiçəkləri, ətirli gülləri, qönçələri məhv edir.
Axşam-səhər ev-eşikdə hərlənən, çörək yapan, paltar yuyan, su gətirən
Gözələ qaçaqlıq həyatı çox cansıxıcı gəlirdi. O, bu gün bekar qaldığı üçün daha
bərk darıxırdı. Gah oturub nəvəsinin əskilərini əli ilə ütüləyir, gah da corab
toxuyurdu.
Bu Nəbiyə nə deyim. Kişi olan kəs də arvad-uşağını özgə karvansarasında
qoyub gedər? Eh, ay gəlin, sənin o ərin hərdən elə çiy iş tutur ki... Belə gec
gələcəkdilər, gərək heç Mehdini aparmayaydılar.
-Gözəl xala, - deyə Həcər sakitcə dilləndi, - Nəbi gedəndə mənə dedi ki,
işdi gec gəlsək, bizdən nigaran olmayın. Bəlkə qaldıq Kəleybər kəndində. Ordan