130
gülə-gülə qızıl onluğu qarının xirtdəyinə tulladı. Qarı az qaldı qızılı udsun. Tez
qabar atmış qara, ətsiz barmaqlarını xirtdəyinə salıb, gözləri yaşarmış halda, onluq
qızılı güclə çıxartdı. Pulu tumanının lifəsindən asdığı ağzı büzməli xrom kisəsinə
atdı.
-Cavan oğlan, sənin qara çuxan oyaqdı, allah səni ata-anana çox görməsin.
– Qarı xan oğlunu doyunca tə
,
riflədi: - Sən çox əliaçıq oğlansan. Özünün də ürəyin
bu əlimdəki güzgü kimi təmizdir. Hər şeyi hər yerdə danışma. Üzünə gülüb,
çörəyini yeyənlər sənə quyu qazır. Kərimin canı haqqı, düz sözümdür.
-Sən Kərimin anasısan?
Qarı sözün deyilişindən məsələni duydu, dilini dəyişdi:
-Kərim kimdir?
-Qaçaq Nəbiyə mahnı qoşan Lotu Kərimi deyirəm.
Qarının dodaqları torba ağzı təki büzüldü:
-Cavan oğlan, Lotu Kərimin anası ölsün, üçünü də verək, Lotu Kərim,
Lotu Kərim... Aralığa
söz salma, əlini cibinə apar görüm. Tez ol, tas qururam.
Qaraçının dişsiz damağından qurtarmaq çətin idi. Cavad xan cibinin
boşalacağından qorxub, qamçısını havaya qaldırdı, atını tərpətdi. Qaraçı xan
oğlunun arxasınca deyinməyə başladı:
-Ay səni öləsən, daha mən də dost-düşmənimi yaxşı tanıyıram. Qaçaq
Nəbi tutulub deyə hamınız kişi olmusunuz?! Neynək, Həcər xanım hələ
açıqlıqdadır. Bir azdan gedəcəyəm onun yanına, mənə şey tapşırıb, gərək aparıb
çatdıram.
Həcər xanım qaynanasını xəlvətə çəkib, xan oğlunu necə aldatmasını ona
danışdı:
-Gözəl xala, indi iş belə olmalıdır... Koroğlu deyib ki, qaçıb qurtarmaq da
igidlikdəndir. Gərək o axmaq gəlməmiş biz kənddən çıxaq. Tövlədən qonşu həyətə
yol açmışam. Qaçanda ordan çıxacayıq ki, sərbazlar bilməsinlər. Bozatın da yarası
yaxşı olub. Quş kimi uçacaq. Bayaq həyətdə minib yoxlamışam. Lotu Kərimin
anası da bizə bir heybə güllə gətirib. Bəsimizdi.
-Ay gəlin, başına dönüm, elə et səs çıxmasın.
-Mən də istəmirəm səs çıxa, ancaq, Gözəl xala, düşmən qazdan ayıqdır.
Işdi güllə atıb-eləsəm, qorxma, birdən çığırıb işi korlayarsan.
-Başına dönüm, məgər mən uşağam?! Mən səndən qorxuram, körpədən
qorxuram. Düşmən qarışqa olsa da
onu fil hesab elə; qürbət eldi bala.
Həcər ərklə qaynanasının boynunu qucaqladı:
-Gözəl xala, lax yumurtanı sahibinin başında sındırarlar.
Kənddə çıraqlar sönmüşdü. Cənub səmasını ulduzları da sanki yoxa
çıxmışdı. Kəndin səssizliyindən adam qorxurdu. Nə dərvişin səsi gəlirdi, nə
sofunun, nə də hallaçın. Gecə elə bil bütün gündüzkü hay-küyü min arşın quyuya
doldurub ağzını iri bir dəyirman daşı basmışdı.
Səssizlik xan oğlunu sevindirirdi. O, hiyləgərlikdə atasından dərs almışdı.
Hətəmin həyətinə nizəli sərbazlardan yenə çəpər çəkdirmişdi. Onların əlindən xilas
olmaq çətin idi.
Həcərgil qaçmağa fürsət gözləyirdi.
131
Görüş vaxtına az qalırdı. Həcər xanım ud
ağacına dönmüşdü; söyüdün
altında səssizcə gəzişir, ürəyində bir-birinə zidd hökmlər çıxarırdı: “Kaş
gəlməyəydi... Yox, qoy gəlsin”
Qaradağ tərəfdən axıb gələn tala-tala buludlar göyün üzünü tutmuşdu. Təzə
dil açan beçələrin banı eşidilirdi. Arabir küçük zəngildəyirdi. Söyüdün alçaq
budaqları arxın suyuna sallanmışdı. Payız küləyi budaqlarda olub-qalan yarpaqları
heysiz saplağından üzüb sulara atırdı.
Xan oğlu atdan düşməmiş qızıl zəncirli qızıl saatını da xüsusi bir əda ilə döş
cibindən çıxarıb gözünə yaxınlaşdırdı. Fasforlu saat sanki ulduzlu cənub səması
idi, alışıb yanırdı. Qızıl əqrəblər elə bil kişicik ulduzların gözü qabağında
öpüşmüşdü. Xan oğlu Həcər xanıma sarı əyilib təntənəli surətdə saatını ona
göstərdi:
-Bura bax, xanım qız, gör bu əqrəblər necə qucaqlaşıblar. Indi biz də onlar
kimi...
Həcər xanımın nifrətli baxışı xəncərə dönsə də xan oğlunun dilini gecənin
qaranlığında gödəldə bilmədi; o qızıl qaşlı yəhərdə şəhanə bir görkəm alıb çox
sevdiyi aşiqanə sözləri yenə də oxumağa başladı:
-Əgər on torke şirazi...
Əlini qoynuna salıb tapancasını ayağa çəkdi. Xan oğlu atdan enmək istərkən
Həcər xanım zəhmli bir səslə dilləndi:
-Düşmə!
-...
-Eşitmirsənmi?! Dedim ki, atdan düşmə!
Hardan gəlmisən, ora qayıt!
Xan oğlunun çil sifəti, kim bilir, neçə rəngə düşdü.
-Xanım qız, zarafatı burax, mən bu saat...
Ehturas Cavad xanın gözlərinə pərdə çəkmişdi. O, atdan Həcər xanımın
üstünə qor təki çınqıdı:
-Xanım, unutma ki, mənə yüz silahlı sərbaz keşik çəkir!..
-Dedim ki, mənə yaxın gəlmə! Yoxsa...
Cavad xan vəhçi çöl pişiyinə dönmüşdü; Həcər xanımın üst-başına
sarmaşmaq istəyirdi. Həcər xanım onun odlu üzünə elə bir sillə ilişdirdi ki,
gözlərindən od çıxdı.
-Həddini bil, axmaq. Yoxsa...
-Tapancanı at yerə!...
-Çəkil sərsəri, çəkil! Yoxsa...
-Həcər xanım mən sənin aşiqinəm!..
Xan oğlu qollarını açıb Həcərə tərəf uçmaq istəyəndə tapanca açıldı. Cavad
xanın qolları boşaldı, yanlarına düşdü, özü dibdən baltalanmış ağac təki yerə
sərildi. Bağırdı. Torpağı cırmaqlayıb qalxmaq istədi, lakin son nəfəsində bu sözü
güclə deyə bildi:
-Pədər sek!...
Söyüşün pisi qıcırtdanmış dişlərinin arasında qaldı. At ürkdü... itlər uladı...
Mallar böyürdü... Sərbazlar çaşbaş qalmışdılar. Həcər xanım Cavad xanın meyitini
sürüyüb arxa atdı. “Sənə dedim ki, atdan düşmə!”