128
Cıqqırını çıxaran yox idi. Dodaqlar şirinliyindən partlayan qovun təki açıla
qalmışdı. Ağaran dişlər qovun tumuna oxşayırdı.
Qoca dərviş səsinin gur yerinə salıb, təbərzinini yenə başının üstünə qaldırdı:
“Yahu!... Ya Əli!.. Əli yolunda!” deyə-deyə hərəyə bir reyhan yarpağı payladı.
Kimin cibində nə vardısa... Kimin gümanı nəyə gəlirdisə... Kimin səxavəti
nəyə çatırdısa... Mis pullar dərvişini kəşkülündə cingildəyirdi. Dərviş getdikcə
şirnikirdi, elə bil toruna qızıl balıq düşmüşdü. Təzə-təzə əfsanlər danışırdı. Hərdən
əfsanənin şirin yerində dayanıb yenə camaata reyhan paylayırdı...
Cavad xan atını düz dərvişlərin yanına sürdü. Xan oğluna yenə fikir verən
olmadı. Dərviş müsəlmanların başını elə qarışdırmışdı ki, onları “cənnət
aləmindən” məngənə ilə də qoparmaq çətin idi. Cavad xan istədi dərvişlərə
açıqlasın. Lakin axşamkı görüşün xatirinə o, heç kəsin nəşəsini pozmaq istəmədi:
“Müsəlmanın tənbəli dərviş, rusunku keşiş olar. Qoy nə qədər Əlidən deyir, desin.
Əlbət axşam rədd olub çıxıb gedərlər”.
Xan oğlu köhlənin başını öz evlərinə tərəf döndərdi. Bu saat ona səssiz bir
yerdə axşamı gözləmək lazım idi. Çəpərlərə qonan sərçələr belə xan oğlunu
əsəbləşdirirdi. Bir neçə hallac isə ərbablardan birinin həyətində qəlib salırdı. Qol-
qılcadan qüvvətli cavanlar oxa sarınmış çiy qəlibi “puf-puf” eləyə-eləyə həyətin bu
başından o başına təpirdilər. Hallaclardan ikisi də eyvanda yun atırdı. Yay-oxun
cingiltisi Cavad xanın başına düşmüşdü. Onun imkanı olsaydı, əvvəlcə çəpərdə
civildəşən sərçələri qırar, sonra isə, hallacların oxunu alıb başlarını qarpız təki
partladardı. Xan oğlunun düşməni bu gün səs salanlar idi. “Bu uşaqlar niyə atılıb-
düşürlər?!” Bir neçə ayaqyalın, başıaçıq uşaq yoxsul bir evin sarı palçıqla təzəcə
suvanmış eyvanında oynayırdı. Uşaqlar bir ayaqlarının üstündə eyvanın bu
başından o başına səkirdilər.
-Ay vurun, başmaq yırtılsın!
-Başmaq alan sağ olsun!
Ağzı əjdaha ağzına bənzəyən komalarında adamlar görünürdü. Sanki
saqqallı uşaqlar üstü qamışla döşənmiş damlardan sərçə balası düşürürdülər.
Amma onların dərdi başqa idi. Axşamkı güclü külək damların köhnə qamışını
süpürüb həyət-bacalara səpələmişdi. Ev sahibləri damlarına təzə qamış
döşəyirdilər. Buludlar qaradağın başına ox atan gündən yoxsul öz qara gününü
qabaqlamışdı. Xan oğlunun onlara da acığı tuturdu: “Elə bil bayquşdular, çıxıblar
damın üstünə”.
Yenə kişilər, yenə səs-küy salan uşaqlar, yenə qızlar-gəlinlər... Yenə kəndin
avara cavanları... Bir dəstə adam ilan oynadan sofunun başına yığışmışdı. Üz-
gözünü çal tük örtmüş kökburun, axsaq sofu böyründən asdığı ağac qutudan qara
ilanları bir-bir çıxarıb ovsunlayır, sonra şərf kimi boyun-boğazına dolayırdı.
Uşaqlar bir-birinə sığınıb sofunun boynundan asdığı ilanlara tamaşa edirdilər.
-Birdən kişini vurar ha!..
-Ay allah, bu sofu qorxmur??..
Sofu isə uşaqları daha da həyəcanlandırırdı. O, çırtma ilə ilanın başına
vururdu:
-Ey allahın heyvanı, tərpənmə! Yoxsa səni daşa döndərərəm!
129
Sofu qara ilanlardan birini burnuna salıb başını ağzından çıxartdı. Ilan haça
dilini çıxarıb yalmandı, sanki uşaqlardan imdad istəyirdi.
Bu əyləncə hamını ofsunlamışdı. Baxanlara elə gəlirdi ki, yuxu görürlər.
Xan oğlu sofunun yanından keçərkən dabanı ilə atının böyrünü “isitdi”.
-Mazandaranda eşşək az idi, biri də gəmi ilə gəldi. Kənddən xeyli aralı,
sarı yelpicləri seyrəlmiş ağacların arasında xan evinin qırmızı taxtapuşları
görünürdü. Kəndin girəcəyindəki hündür, sarı yarğanlarda tülkü yuvasına bənzər
çoxlu külfələr gözə dəyirdi. Qoca bir qarı qara, çarşaba bürünmüş bir uşağı yerin
altından keçirirdi. Qarının yanında cavan bir gəlin durmuşdu. Gəlinin yanı
işıldayan gözləri görünürdü. At külfədən çıxan əliuşaqlı qarını görcək qulaqlarını
şəklədi. Xan oğlu şallağını qarıya silkələdi:
-Cadugün, çıx yoldan! At az qala məni yıxmışdı!
Çarşablı qarı uşağı taxta sinəsinə sıxıb yalvardı:
-Başına dönüm, acıqlanma, bilmədim, bizim qonaqın uşağını cin vurub,
yerin altından keçirirdim.
Xan oğlu gülümsədi: “Belə de!...” Əlini kisəsinə salıb bir qızıl onluq
çıxartdı:
-Al, qarı nənə, bu da sənin zəhmət haqqın.
Onun eşqi yenə coşdu. Əzbərlədiyi qəzəli yəhərdə oxuya-oxuya atını
evlərinə sarı məhmizlədi.
Xan oğlu yenə istəmədiyi adamlara rast gəldi: yolun ortasında beş qız
dayanmışdı. Bir qaraçı qarısı onları dilə tutmuşdu:
-Ay su pəriləri, bir nəzir verin, bəxtinizi açım.
-Vallah heç nəyimiz yoxdur; təzək yığmaqdan gəlirik.
-Saqqız istəyirsən? Çoxlu saqqız tutmuşuq.
-Saqqız? Dişim var ki çeynəyəm?! Canı yanmışlar mənə sataşır ha!..
Qızlar gülüşdülər.
Qarının dili dinc durmadı:
-Neynək, oğlum çeynəyər. Saqqızı verin bəri, falınıza baxım.
Birdən Cavad xan böyürdən çıxdı. Qızların hərəsi bir tərəfə qaçdı. Kəndə üz
tutdular. Sanki kəklik qaraquş görmüşdü. “Aman allah, bu şorgöz hardan gəlir?”
Qarı özünü sındırmayıb xan oğlunun qabağını Ərəbzəngi təki kəsdi:
-Ey gözündən şeytan, ürəyindən düz oğlan, əlini ver bura görüm... – Qarı
Cavad xanın ətli, isti əlini qurumuş ovcuna aldı. – Cavan oğlan, sənin bu Qaradağ
mahalında düşmənin çoxdur. Bir dəfə ölüb ölümdən qayıtmısan... İranın qızları
sənin dərdindən dəli-divanə olublar. Sən isə heç kəsi bəyənmirsən...
Tərifdən xan oğlunun çil sifəti xınaya döndü, dodaqları çəkişdi, yaraşıqlı
bığlarının altından ağappaq, nizamlı dişləri göründü: “Bu nə bilici qarıdır, hamısını
düz deyir!”.
Falçı sanki dilotu yemişdi. Bir az bundan əvvəl bir çeynəm saqqıza fala
baxan qarı indi yağlı bir müştəri tapdığına sevinirdi:
-Cavan oğlan, sənin meylin xallı bir mələkdir. Işin düyünə düşə bilrə. O
mələk sənə naz satır. Bu qoca xalana
bir nəzir ver, düyünü açsın.
Xan oğlu əlini şəstlə kisəsinə saldı. Qarının çuxura düşmüş alıcı gözləri
civəyə döndü. Dişsiz ağzı eymə ağzı kimi özündən xəbərsiz açıldı. Cavad xan