132
Sərbazlar hər tərəfdən həyəti gülləyə basdılar. Kim hara gəldi atırdı. Həcər
xanım fövqəladə bir cəldliklə oğlunu kürəyinə şəlləyib qaynanası ilə tövlədən
qonşu həyətə çıxdı.
Bozat quş təki qanadlandı. Sərbazların bundan xəbəri olmadı. At Araza tərəf
uçurdu.
-Belimdən bərk yapış, Gözəl xala!
-Ay aman, deyəsən gəlirlər!
-Qorxma, Gözəl xala, Bozata çata bilməzlər.
-Uşaq açılacaq.
-Qorxma, şəlləyi bərkdir.
Gecə sanki həm sevinc doğmuşdu, həm kədər. Şadlıqdan az qala
qəbristanlıqdakı ölülər də baş qaldırıb hadisə yerinə qaçacaqdı. Xan oğlunun
üstündə şivən qopmuşdu. Ata-anası, yaxın qohumları üz-gözlərini cırır, saçlarını
yolurdular. Əhməd xan ovurdunu dişləri arasına alıb qanını həcəmət təki
sümürürdü.
-Ey.... maymaqlar, niyə durmusunuz? Tapın o cadugünü! Onu tutub
saçından atın quyruğuna bağlayacam! Atamın goruna and içirəm: onun körpəsini
gözündən dirəyə mıxlayacağam!
Yoxsullar isə həyətin bir küncünə çəkilib bir-birinin əlini sıxırdılar.
-Görüm Həcər xanım min yaşasın! Gərək o quduz iti çoxdan öldürəydi!
-Allah onun ərini də dardan qurtarsın. Gün o gün olsun ki, Qaçaq Nəbi
qazamatdan xilas olsun.
Əhməd xan böyük bir dəstə ilə Həcərin arxasınca düşdü. Atların ayaqları
yollarda çaxmaq çalırdı...
DOST DAR GÜNDƏ TANINAR
Araza gedən el yolu çaylaq daşlarından tikilmiş, üstü qamışla örtülmüş xosma
evləri olan bağ-bağatlı Kəleybər kəndinin ortasından millənirdi. Həcər xanımgil
kəndə girən kimi nalların səsinə oynamış köpəklər onlara cumuxurdu. Bozat
təpiklə vurub köpəkləri şil-küt edirdi.
Həcər xanım atın başını həyətində üç gözlü hündür çardaq olan kərpic
hasarlı, ikimərtəbəli daş evə sarı döndərdi.
-Gözəl xala, bu, Şeyxin malikanəsidir. Hava az qalır işıqlana, Arazacan
kənd yoxdur. Şeyxin evində daldalanmalıyıq.
-Ay gəlin, birdən...
-Yox, Gözəl xala, ürəyinə başqa şey gətirmə, Şeyx çox e,tibarlı adamdır.
Neçə dəfə bizi ölümdən qurtarıb.
-Özün bilən məsləhətdir. Sən bu yerlərin adamlarına məndən yaxşı
bələdsən.
Şeyx yaşadığı əsri boğazlayıb dizlərinin altına qoymuşdu. Lakin dağ
təkəsindən cəld, qamçıya bənzər bu qocaya heç kəs altmış beş-yetmiş yaş
verməzdi. Kitab təki yığcam bədənində igidlərin gücü gizləmişdi. Ətsiz üzü, enli
alnı, ağıllı gözləri həmişə qayğılı görünərdi. Qəribə qaşları vardı. Elə bil kimsə ağ,
133
yoğun bir sapı gözlərinin bulağından başlayıb gözünün üstü ilə qulağınacan
çəkmişdi. Şeyx həmişə saqqalını qırqovul qanadıtək qızardıb qurşağacan uzadardı.
Dodağına düşmüş noxud boyda ziyilini bircə dəfə görən adam onu əlli ildən sonra
belə tanıya bilərdi.
Şeyx itlərin səsini eştcək özünü alt tuman-köynəkdə eyvana atdı. Bu zaman
Həcərgil atdan təzəcə düşmüşdü.
Şeyx cəld evə döndü. “Xeyir olsun, xeyir olsun!” Uzun əbasını geyə-geyə
qonaqların qabağına çıxdı:
-Xoş gəlmisiniz...
Şeyx hadisədən xəbər tutandan sonra vəziyyətin çox qorxulu olduğunu
anladı. O, tez oğlunu o taya – Qaçaq Nəbinin dostu Ələkbərin arxasınca göndərdi.
Bozatı qonşuluqdakı kahaya salıb qapını qıfılladı. Arazı isə anasının qucağından
şirin dillə qoparıb zahı gəlinin yatağına saldı. Gözələ də, Həcərə də e
,
tibarlı yer
tapdı: onları çürük pilləkənlə yuxarıya-çardağın son gözünə çıxarıb otun içərisində
gizlətdi.
-Bax, beləcə, səssizcə uzanın! Mən işarə eləməsəm, yerinizdən
tərpənməyin!`
-Tərpənmərik, Şeyx ağa, sən tez ol düş aşağı, gəlirlər!
-Qoy gəlsinlər qızım , belə hücumları çox görmüşük...
Mən öskürəndə bilin ki, düşmən hələ burdadır.
Kəndin girəcəyində Əhməd xanın sərbazlarının qabağını qanıq çoban itləri
kəsmişdi. Sərbazlar itləri güllə ilə susdurub hay-küylə kəndə girdilər.
Həcər xanımın barmağı Aynalının tətiyində idi:
-Qoy gəlsinlər... Gülləyə basacağam! Namusu itə atıblar itdə yeməyib!
-Ay bala, sən kimlə danışırsan, eşidərlər.
Həcər xanımın qəzəbi hələ soyumamışdı. Nəbi onu görsəydi, tanımazdı;
ceyran gözləri yuvasında oynayırdı.
Şeyx tələm-tələsik soyunub yatağına girdi. Bir xorna çəkdi ki, hindəki
toyuqlar bir-birinə qısılıb cükküldəşdi.
Kəndin ortasında bir neçə güllə atıldı. Yatanlar oynadılar.
Əhməd xan dəstəsi ilə Şeyxin həyətinə soxuldu.
Şeyx həyətə bu dəfə də alt paltarında çıxdı, baxdı. Əhməd xanın bütün
hərəkətlərini gözləri ilə tərəzidə çəkirdi.
-Nə olub belə, xan?
Əhməd xanın çer gözləri bir az da qıyıldı. O, hirslə xromçəkməsinin
boğazına sancdığı qamçısını çəkib Şeyxin baş-gözünə doladı:
-Hiyləgər iblis! Sən din adı ilə çox işlər görürsən! Tez ol, o cadukun
hardadır
yerini göstər, yoxsa sənin boğazına qurğuşun əridib tökdürərəm!
Şeyx geri səndirləyib çardağın dirəyinə söykəndi. Üzünə dəyən şallaq
yerlərini ovuşdura-ovuşdura xanı hədələdi:
-Mən səninlə Şeyxul-İslamın huzurunda danışaram! Sənin nə haqqın var,
günahsız yerə məni bihörmət eləyirsən?!
Səs-küyə evdəkilər həyətə töküldü. Ağlaşma, qarğış-nalə... Şeyx arvad-
uşağa acıqlandı:
-Keçin içəri!