Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə82/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   78   79   80   81   82   83   84   85   ...   101

 
169 
bəy  də,  koxa  Kərbəlayı  Heydər  də  yasa  batmışdı.  Bir  sözlə,  Qaçaq    Nəbinin 
dostları sevinir, düşmənləri qan ağlayırdı. 
 
Son  hadisələr  Qaçaq  Nəbinin  düşmənlərini  xeyli  quduzlaşdırmışdı.  Səlim 
bəy bütün qüvvələri birləşdirib, güclü kazak dəstələri ilə dağları dolaşır, qaçaqları 
birdəfəlik  məhv  etmək  istəyirdi.  Qaçaq  Nəbi  bundan  xəbər  tutmuşdu.  Onu  uzaq 
səfərlərdən qoyan Həcər xanım idi. Yoxsa kim bilir Qaçaq Nəbi öz dostları ilə indi 
harda idi, hara çəkilmişdi. 
 
Qaçaq  Nəbi  Həcər  xanıma  neçə  dəfə  baş  çəkməyə  gəlmişdi.  Elə  ki,  ailə 
üzvləri  alaçıqda xəstənin başına topalaşardı, Həcər xanımın vəziyyəti yaxşılaşardı. 
Gözəl gəlininin saçını sığallaya-sığallaya deyərdi: 
 
   -Başına  dönüm,  Həcər,  bir  yerin  içində  otur  görüm...      Bax  belə,  allaha 
şükür, yaxşısan. 
 
Həcər xanım gülümsəyib, yastığına dirsəkləndi. 
 
   -Bax, Gözəl xala, gördünmü? 
 
Hamı  sevinərdi.  Həcər  xanımın  qucağına  sığınan  Araz  da  şən-şən 
gülümsünərdi,  körpənin  əsl  bayramı  olardı  –  babalar  burda,  nənə  burda,  ata-ana 
burda... 
 
Gözəlin  imkanı  olsaydı,  gündə  on  dəfə  gəlinin  başına  dolanardı.  Lakin  o 
oturduğu  yerdən  qalxa  bilmirdi.  Samovar  əhvalatından  sonra  beli  əyri  qalmışdı. 
Ana  istəmirdi  ki,  oğlu  bunu  hiss  etsin:  “Onun  dərdi  özünə  bəsdi!”  Gözəl  hərdən 
sevinc  qarışıq  bir  kədərlə  ah  çəkir,  yaralı  gəlini  ilə  üzbəüz  oturmuş  igid  oğluna 
baxırdı. Bu vaxt ananın qəmi, qüssəsi bir anda xəyal təki hara isə çəkilib gedirdi. 
Anaya elə gəlirdi ki, onun oğlu Qaçaq Nəbi dünyada təkdir. Nəbi bu anda ananın 
baxışlarında hər şey, hər şey idi... Nəbi ananın dodağında sərin bir bulaq suyu idi. 
Nəbi ananın nəzərində yalçın qayalarda yuva salan qartal idi.  Nəbi ananın gözündə 
basılmaz  bir  qoşun  idi.  O,  bu  igid  Nəbisinin  boy-buxununa  hələ  doyunca 
baxmamışdı. 
 
Söhbət şaxələndi. Gözəl Kərbəlayı Cəfərin adını eşidəndə hirslənib söhbətə 
qoşuldu: 
 
   -Nəbi, o əzrayılı nahaq öldürməmisən! Görüm onun yəhəri taxçada qalsın! 
 
   -Ana... 
 
   -Oğul, bəs dayının... 
 
Söhbətin tündləşməsini istəməyən Həcər xanım aralığa səs saldı: 
 
   Nəbi, sən allah, mənə bir qurtum su, ürəyim yanır. 
 
   -Su  nədi,  gör  arandan  sənə  nə  gətirmişəm?!  –  Qaçaq  Nəbi  heybəni  açıb 
ordan ala bir qarpız çıxartdı. – Cuvar Kərim sənə göndərib. Nübardır... 
 
Həcərin gözləri gülüşləndi . Qaçaq Nəbi xəncərlə qarpızı yenicə dilimləyirdi 
ki, bu zaman alaçığın qabağına bir atlı düşdü, Ələkbər idi... 
 
   -Nəbi, arandan gələn var. Səndən sonra bəylər cuvarları tutublar. Deyirlər 
ki,  sabah  onları  Gorus    qazamatına  göndərəcəklər.  Camaatın  bağ-bağatı 
susuzluqdan yanacaq.  
 
Qaçaq Nəbi odla su arasında qalmışdı... Üzünü Həcərinə tutdu:  
 
   -Mən səni yaralı-yaralı burda tək qoyub arana necə gedə bilərəm?! 
 
Həcər xanım namusa boğuldu: 


 
170 
 
   -Nəbi, indi yaxşıyam, mənim yerimi burda allahdan başqa heç kəs bilmir. 
Camaata çörək lazımdır, bağ-bağatı yandırmaq olmaz. Sən yolundan qalma. 
 
Qaçaqlar  atlandılar.  Həcər  xanım  yastığa  dirsəkləndi.  Igid  ərinin  arxasınca 
həsrətlə  baxdı,  dalınca  su  atdı...  Qaçaq  Nəbi  öz  dəstəsi  ilə  dağ  cığırında  gözdən 
itəndə  kövrəldi:  “Nəfəsim  təngiyir.  Mən  niyə  sıxılıram?”  Böyründə  mürgüləyən 
Arazına sığındı. Uşaqdan ətir qoxusu gəlirdi. 
 
Neçə  gün  idi  Nəbigildən  xəbər  yox  idi.  Çəmənyurd  dumanlı  bir  səhərlə 
açılırdı. Çoban itləri obaya soxulan yad adamları yəhərdən salırdı. Alaçıqlara elə 
bil vəhşi heyvan sürüsü soxulmuşdu: silahlı kazaklar, yasavullar qarşılarına çıxan 
adamları ata ayaqladırdılar. Bütün bu işgəncələr  Həcər xanıma görə idi.  Lakin heç 
kəs onu ələ vermirdi. 
 
   -Əyə, tez olun Ələkbərə xəbər verin, bəylər onların alaçığına sarı gedirlər. 
 
   -Qoy getsinlər,  Ələkbər Həcər xanımı çoxdan aradan çıxarıb. 
 
Günəşin  son  saraltısı  qalana  qədər  Mollu  obası  acıqdan,  qəhərdən,  namərd 
sitəmindən  alovlanırdı.  Səlim  bəyin  zəncirli  köpəkləri  onun-bunun  üstünə 
cumurdu. Lakin dostlar əzaba  dözür, Həcərin yerini demirdilər. 
 
Yumşaq  dumana  bürünmüş  fikirli  dağlar  gecə  yarı  birdən  səksəndi:    ayıq 
çoban  itləri  hənirti    duyub  Qızıl  qayaya  tərəf  cumurdu.  Təşvişə  düşmüş  yuxulu 
çobanlar dalbadal güllə atırdılar: 
 
   -Ayə hey!... Ayə hey!... Qoymayın, sürüyə qurd təpilib!.. 
 
   -Ay alabaş, tut!..  A kafir, nə qayırırsan?! 
 
   -Ayə,  qəzyanlı  çoban  Ələkbər  hardadır?  O  yazığın  sürüsünü  canavar 
apardı! 
 
   -Deyəsən, yatıb ey... yatıb!.. 
 
   -Ayə,  o  yatan  adam  deyil,  yəqin,  kişinin  başında  bir  qəza  var,  bir  qəza 
var!.. 
 
Səlim  bəy  Xudafərin  körpüsündəki  uğursuz  səfərdən  sonra  xanımla  əməlli-
başlı  hesablaşmaq  istəyir.  Dostları  xəcalətindən  qubernatorun  gözünə  görünə 
bilmirdi.  Həcərdən  Məmməd  bəylə  Ala  Mahmud  bəy  də  onun  kimi  qəzəbli  idi. 
Bəylər  aranda  cuvarları  qəsdən  həbs  edib  Qaçaq  Nəbini  Həcər  xanımın  yanından 
uzaqlaşdırmışdılar.  
 
Çoban Ələkbər bu azğın bəylərin ağır işgəncələrinə axşamdan bəri dözürdü. 
Səlim  bəy  Qaçaq  Nəbinin  acığına  onun  dilini  ağzından  çıxartdırıb  on  qat  kirişlə 
çənəsinə  sarıtmışdı.  Məmməd  bəy  çobanın  bir  qolundan,  Ala  Mahmud  bəy  isə  o 
biri  qolundan  sallaşmışdı.  Yasavul  Tuğayla  Vəli  tüfəngin  sümbəsi    ilə  Ələkbəri 
döyür, onun qulağının altındakı şişi deşirdilər. 
 
   -A kişi, at yamanı çıxarmısan nədi? Belə də iri şiş olar?! 
 
   -Bu şiş qulağının dibində çoxdan var?  
 
   -Bəs deyirlər sənin o qarın loğmandı. Niyə bu şişi indiyəcən sağaltmayıb?! 
Dəlləkliyinizi elə qaçaqların başında eləyirsiniz?! 
 
   -Tez ol, Həcər xanımın yerini de, yoxsa sümbə ilə gözünü çıxararıq! 
 
Çoban Ələkbər dost yolunda bu ağır təhqirə, bu ağır işgəncəyə əsl kişi kimi 
tablaşırdı.  Qızıl  qayadan  səs  çıxırdı,  ondan  yox:  “Mən  o  Tərlan  balasını,  hələ 
bələkdə  olanda,  azğın  Həkərinin  caynağından  qoparmışam...  Onun  yaralı  şahinini 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə