186
-Ay oğul, mənim fikrim tamam başqaydı. Mən istəyirdim ki, elə səni övladlığa
götürüm, var-yoxumu verim sənə. amma allah rüsxət vermədi. Belə məsləhət imiş. Ay
Nəbi, day sən uşaq deyilsən, altı-yeddi ildir süfrəmdə çörək yeyirsən, maşallah cavan
oğlan olmusan. Biz ağa-nökər yox, elə ata-bala olmuşuq. Gülsabahdan sonar day
bilirəm ki, mənimkinə də çox qalmayıb. Öləndə məni öz çiynində apar, qoyma “gözünə
torpaq tökəni yoxdur, sonsuzdur” desinlər. Əyil gözümə bir ovuc torpaq at. Bir də oğul,
yaman pis zamandır, özündən muğayat ol, bəyə, hampaya bənd olma. Səni qapımda
nökər adıyla saxlamaq mənə ar gəlir! Qayıt Molluya sənə bir cüt kəl-araba verirəm,
sürünü də hayla həyətinə. Onları özün bəsləmisən, sənə çatmalıdır. Həyətdəki mal-
qaranın öhdəsindən Kürd Əli ancaq gələr.
Nəbi doluxsundu:
-Yox elə işmi olar? Molluya heç bir quzu da aparmaram. Sən mənə atalıq
eləmisən – dedi. – Kəl arabasını deyirsən, elə o bəs eləyər, başlaram çütcülüyə.
Binədarlıq edərəm, hər şey düzələr. bir də ki, həftənin bu başı da, o başı da
qulluğundayam.
Bəli, Nəbi arada Molluya qayıdanda bəylərin dişi bağırsağını kəsdi. Amma heç
kim Nəbiyə bir söz deyə bilmədi. Nəbi çütünü qoşub, əkin-biçinə əl qoymalı oldu.
Gözəlin, Alonun ürəyi dağa döndü. Bəli, Nəbi bir gün öküzləri sulamağa gedəndə
gördü, budu, bir qız qabağında da bir sürü endi arxa. Qız uzaqdan qışqırdı:
-Ey, su kiçiyindir, qoy quzuları suluyum, sonra öküzləri arxa as.
-Gözüm üsrtə, gözəl qız!
-Ey, gözəl nənəndir!
-Mənim nənəm doğurdanda
Gözəldir, bəs sənin adın nədir?
-Ey, keçəl deyilsən ki... Öz adını deməmiş, mənim adımı öyrənmək istəyirsən.
-Yox, keçəl niyə oluram, - Nəbi qara motal papağını başından çıxardı. Qıvrım
saçlarını qız elə ürəklə süzdü ki, gəl görəsən. Qızı da görəndə az qaldı Nəbinin ürəyi
keçə... Ancaq birtəhər özünü toplayıb cavab verdi:
-Mənim adım Nəbidir.
Qız Nəbini bir də süzüb dedi:
-Mənim adım da Həcərdir! Elata car çəkmə ey!..
-Sən Xanoğlanın tə
,
rifli Həcərisən?
Qız dasöz altında qalmadı:
-Sən də Gözəlin göyçək Nəbisisən?
O gündən öküzlərlə quzuların sulanan vaxtı bir oldu. Bu minvalla qış oldu. Bir gün
Nəbi dedi:
-Day dözə bilmirəm, ay Həcər, sənə bir söz demək istəyirəm. Izn ver...
-Sözünü de görək, izn sonra verərik.
-Səni istəyirəm.
Həcər gül kimi qızardı. Nəbiyə cavab verə bilmədi. Quzuları hayladı, tələm-tələsik
Nəbidən uzaqlaşdı. Nəbi həcərin allı-güllü donuna, ay tək şəfəq saçan üzünə doyunca
baxa bilmədi. Bir də onu gördü ki, lap uzaqlarda görünən Həcərin yüyürməkdən
gərdəninə tökülən saçları axşamın toranında bərq vurur. Külək güllü donun ətəyini
yırğalayır. Həcər gülümsəyərək ucadan nəsə deyir, təkrar edir, ləçəyini ara vermədən
yellədirdi. Nəbi yerində dayana bilmədi. Həkəri boyu üzüaşağı yüyürdü. Ancaq heç nə
187
eşidə bilmədi. Peşmançılıqla öküzlərə tərəf addımladı. Öz-özünə dedi: Eh bu Həkərinin
qığıltısına bax, Həcərin səsini batırdı, bilmədim nə deyirdi.
Nəbi istədi arxasınca yüyürsün, ancaq artıq Həcər görünməz olmuşdu. Həcərin
şümşad boyu, sədəf dişləri, co.ğun Həkəri tək oynaq gözlərinin əksi isə Nəbinin
gözlərinin qabağından getmirdi.
Nəbi o gecəni səhərə qədər yata bilmədi. Dan yeri söküləndə yerindən qalxdı.
Öküz-arabanı qoşub, boyunduruğa atıldı. Həkərinin sahili ilə başı yuxarı sürdü. Nəbi
bilirdi Həcər quzuları çölə yaymamış, suya gətirəcək. Odur ki, öküzləri örüşə buraxdı.
Arabanın başını yerə qoydu. Çıxıb içərisində uzandı.
Günəş üfüqdən boylananda Həcər uzun hörüyünün birini arxasında, birini sinəsinin
üstündə ataraq quzunu Həkəri çayına endirdi. Gecəni yuxusuz qalan Nəbi təzəcə çimir
eləmişdi. Həcər gördü ki, Nəbi xor-xor yatır. Gülməyi tutdu. Arabaya yaxınlaşıb
çomaqla qozlanı tıqqıldatdı. Sonra da ucadan ahənglə oxudu:
Gün çıxıbdır günortanın yerinə
Tənbəl minib şirin yuxu belinə...
Həcərin səsinə Nəbi yerindən dik qalxdı. Elə sevindi ki, elə bil dünyaları ona
verdilər. Həcər zarafatından əl çəkmirdi:
-Öküzlərini sürüb qaytardım Molluya. Gedərsən həm dincini alarsan, həm də
öküzləri nalladarsan. Ala öküzün nalı sökülüb, heyvan yaman axsayırdı.
-Ay rəhmətliyin nəvəsi, məndə dincəlməyə, öküz-arabaya baxmaqda hal
qoyubsan ki... Yuxumu elə ərşə çəkmisən ki...
-Yaman da... yuxusu ərşə çəkilmiş sənin kimi olaydı... Elə arabada yatırsan ki...
Nəbi bildi ki, Həcər də gecəni yatmayıb. Odur ki, yaxşı məqam idi. Məsələni həll
etmək gərək idi. Belə fürsəti əldən vermək istəmirdi.
-Ay Həcər, şərti şumda
kəsmək istəyirəm ki, xırmanda yabalaşmayaq.
-Nə yaman qəliz danışırsan! Kim sənə ixtiyar verib ki, mənimlə şərt kəsəsən?
Adam dilində danışsan olmaz, mus-mus eliyincə birdəfəlik Mustafa de!.. Mətləbini elə
de ki, başa düşək də...
-Düz deyirsən, ay Həcər! Ancaq demək istədiyim budu ki səni istiyirəm. Mənə
gələrsən, ya yox?
Həcər aydın cavab verdi:
-Gəlməyinə gələrəm. Ancaq gərək atamı razı salasan...
-Əşi, o mənim gözüm üstə, - deyə Nəbi öküzlərin dalınca yüyürdü. Həcər bir
dəfə gördü ki, Nəbi arabanı öküzlərə qioşdu, bir göz qırpımında boyunduruğa atıldı,
arabanın ağzını Molluya döndərdi.
Axşam Həcər anasının əl-ayaq etməsindən məsələnin nə yerdə olduğunu başa
düşdü. Amma anasına
nə bir söz deyə bildi, nə də xəbər aldı.
Nəbinin atası Alo kişi bir neçə ağsaqqalla gəlmişdi. O, xanalıya nə qədər minnət
etdi, ancaq Xanalı daşı ətəyindən tökmədi ki, tökmədi.
Dedi:
-Ay Alo, özün pis adam deyilsən. Amma oğlun bəy-hampa içərisində üz
qoymayıb. Bəylərin onu görməyə gözü yoxdu. Qızı verdim ona, nə gün görəcək?..