188
Ikinci dəfə də Xanalı elçiləri əliboş qaytardı. Nəbi Alonu Kərbəlayı Məhəmmədin
yanına göndərdi. Kərbəlayı Alonu mehribanlıqla qarşıladı. Məsələni eşidəndə sevindi:
-Elçi də gedərəm, qızı da alaram. Həcər elə nəbiyə layıq gözəldir – dedi.
Xanalı Kərbəlayı Məhəmmədə “yox” deyə bilmədi. Ancaq daşı da ətəyindən
tökmək istəmirdi. Kərbəlayı söhbəti açanda Xanalı yanıqlı-yanıqlı sözə başladı:
-Ay Alo, nə üçün məni el-camaat arasında öz-gözdən salırsan. Sənə sözümü
demişəm, çıxıb getmişdin. Indi bu dağ boyda kişiyə zəhmət vermək nəyə lazım idi?!
Indi ki bu kişi gəlib qızı aparıb, torpağa basdıraram, amma onun sözündən keçmərəm.
Apar, qurban olsun Həcər Kərbəlayı Məhəmmədə...
Xanalının təvər-toxmaqlı danışmağı Kərbəlayını pərt elədi. Odur ki dedi:
-Ay Xanalı, bir səbrini bas, acıqlı danışma, xeyir işi xoş söhbətlə başa vurarlar.
Təvər-toxmaq nəyə lazım? Bilirsən ki, Nəbi elə mənim də oğlumdu. Uman yerdən
küsərlər, mənim də sənə ərkim çatdığına görə qapına gəldim. Bir də ki, vallah Nəbi
mənim qapımda düz yeddi il çörək yeyib, ondan bir zərrə inciməmişəm, Nəbiyə
sataşmasan, o bir kəsin toyuğuna daş atan deyil. Sən də hər söz-söhbətə inanma! Nəbi
qeyrətli baladı.
Amma Xanalı yenə giley-güzarından əl çəkmədi.
Dedi:
-Alo kişi, qızı verirəm, ancaq onun özü ağırlıqda xərcini də gərək verəsən. Bax, 5
qoyun, iki kisə un, iki batman qənd, süd haqqı, nə bilim, kəməri, başlığı daki, öz
qaydasında. Varındı, sabah gətir, elə sabah da qızı apar. Yoxundu, bir də məni camaat
içərisində xəcil eləmə!
Kərbəlayı Məhəmməd Xanalının daşı hara atdığını başa düşdü. Aloya ağzını
açmağa macal vermədi. Təsbehini çevirib dedi:
-Xanalı, Nəbinin toyunu mən eliyəcəm. Nə gərəkdi, hamısı sabah qapıdan hazır.
Nəmər, başlıq fikri eləmə, Kərbəlayı Məhəmməd ölməyib ki, Nəbi toy xərci dərdi
çəksin. Dediklərinin hamısına razıyıq.
Alo kişi dözmədi:
-Yox, ay Kərbəlayı, sənin Nəbinin boynunda minnətin onsuz da böyükdü. Daha
rəva bilmərəm ki, bu işin də altına girəsən. Xanalı bilir ki, biz lütük. Özü məsələni belə
qoyur ki, deyək bu bizim girdiyimiz kol deyil! Kişi, qızı vermək istəmirsən, neçin bizim
ağımızı dağa-daşa salırsan?...
-Dayan görək, ay Alo, Xanalının zorla dilə gətirmişik, bir səbrini bas görək! -
deyə Kərbəlayı üzünü Xanalıya tutub sözünün dalısını dedi: - hə, qızın şirin çayını bizə
verirsən, ya yox?
Xanalı əlacsız qaldı, daha özünü o yerə qoymayıb məclisə şirin çay gətirtdi. Birinci
də çayı özü içdi, dedi:
-Allah mübarək eləsin, ay Kərbəlayı, biz nəkarıyik ki, sizin qabağınızda söz
deyək... Söz elə səninkidir.
Alo evə kefi kök qayıtdı. Kərbəlayı daha Molluda qalmadı, qazalağı düz evinə
sürdürdü. Gedəndə özü də Aloya möhkəmcə tapşırdı:
-Mən iki-üç günə toy tədarükünü görəcəyəm. Kürd Əli hər şeyi sahmana salar.
Gələn çərşənbə Nəbi mənə dəyər, özünü sıxma. Əhd eləmişdim ki, Nəbinin toyunu
özüm eliyim... neynək, qoy belə olsun.
Nəbinin sevinci yerə-göyə sığmadı. Hamıdan çox Gözəl sevinirdi, amma...
189
Səhər tezdən alo həyət qapısının bərk-bərk döyüldüyünü eşitdi. Qapıya çıxanda
gördü ki, Xanalının böyük oğlu İbadulladır. Kişinin ürəyi düşdü... “Allah xeyir eləsin”
deyib irəli keçdi, İbadullanı içəri də
,
vət elədi. Uşaq içəri girmədi, elə qapıda dayanıb
dedi:
-Alo əmi, atam dedi axşamkı söhbət baş tutmadı, şirin çay içmişik, içməmiş
olaq. Bir də Həcər adını çəkməsinlər. Bu məsələ bir daş altda, bir daş üstdə qalsın.
Uşaq sözünü deyib getdi. Alonun geri qayıtmağa taqəti olmadı. Elə doqqazın
altındakı kötüyün üstündəcə çöməldi.
Sən demə Nəbi İbadullanın bütün dediklərini eşitmişdi. Atasının halının xarab
olması Nəbiyə pis tə
,
sir elədi. Odur ki, qaçaraq gəlib atasının qoluna girdi.
Nəbi Alonu həyətə gətirdi, dedi:
-Eybi yox, ata, kefini pozma! Özü də arabanı qoşub həmişəki kimi işə getdi.
Nəbiyə güllə vursaydın qanı çıxmazdı. Düz bir baş Həcərin yanına gəldi. Həcər
gördü ki, Nəbinin halı üstündə deyil! Odur ki, istədi söhbəti zarafatla başlasın, amma
Nəbinin zarafata da taqəti yox idi. Işi belə görən Həcər bir söz demədən gəlib Nəbinin
yanında dayandı. Hannan-hana dedi:
-Demədimmi ki, atamı razı salmaq olmayacaq?
-Razı olmur cəhənnəmə olsun, mən onu bir kişi adam bilirdim. Söz verib
sözünün üstündə durmayana kişilik haramdır.
-Ey, Nəbi, həddini aşma! Atamda günah yoxdur!... – deyə Həcər doluxsundu.
-Yoxsa Xanalının fikrini dəyişməsinə sən səbəb olmusan? – deyə nəbi səksəndi.
-Yox Nəbi, sən nə danışırsan? Gecədən xeyli keçmiş Mahmud hampa bizə
gəlmişdi. Anam deyir, atam səhərə qədər yatmayıb... Mahmud hampa məni qardaşına
almaq istəyir, amma allah vurub onu!
Nəbi hirsindən az qala partlayırdı. Birdən dik yerindən qalxıb Həcərə tərəf gəldi,
sınayıcı nəzərlərlə onu süzüb dedi:
-Həcər məni istəyirsən?
Utandığından pul kimi qızaran Həcər özünü itirdi. Ancaq Nəbinin sözünü də
cavabsız qoymadı.
-Hə, Nəbi, çox istiyirəm, lap çox!..
-Onda gəl qoşulub qaçaq, qoy pislik pis adamlara qalsın!
Həcər heçnə demədi. Elə bil dünya başına fırlandı. Başını Nəbinin çiyninə qoyub
için-için ağladı.
Axşam Xanalının evində bir nigarançılıq vardı. Gecə yarıdan keçsə də Xanalı hələ
də doqqaz da oturub Həcərin yolunu gözləyirdi. Anası isə hey göz yaşı axıdırdı.
Əvvəlcə elə bilirdilər ki, Mahmud hampa qıza qəsd eləyib. Həcəri ya qayadan
itələyiblər, ya da Həkəriyə atıblar. Kərbəlayının adamı gələndən sonra Xanalı bir az
toxtaqlıq tapdı. Ana da sakitləşdi.
Molludan üç-dörd kənd aşağı Baş Cəfəridə Kərbəlayı Məhəmmədin evində isə
zurna-balaban səsi eşidilirdi. Gülsabahın vəfatından sonra birinci dəfə idi Kərbəlayı
Məhəmməd toyda oynayırdı, özü də Nəbinin atası Alo kişi ilə.
Kərbəlayı deyirdi ki, əhd eləmişdim axrıncı dəfə qızımın toyunda oynayım. Qismət
olmadı, Gülsabah əhdimi ürəyimdə qoydu. Amma təfavütü nədi, demişdim
oynayacağam, oynayıram. Elə Həcər də mənim qızımdı, ulduzları barışsın, qoşa
qarısınlar.