290
- Vətənin taleyi həll olunan saatlarda sən istirahətdənmi danışırsan, keşiş?!.
- Bura döyüş meydanından bir qədər uzaq olsa da, hər halda ehtiyat lazımdır.
Birdən düşmən topun ağzını monastıra çevirər, Allah eləməmiş… - Keşiş sözünü
qurtarmamış Manuçar qışqırdı:
- Ora baxın, ora! Kəndə sarı çapan atlını görürsünüzmü?.. – Njde və Mesrop
çevrilib baxdılar. Atlı dərədən keçib kəndin altındakı düzənliyə çıxanda onu
tanıdılar.
- Samvel gəldi, gedək görək nə xəbər gətirib, - deyə Njde daş pillələrlə aşağı
enməyə başladı…
Monastırın həyətində atı yedəyində tutmuş Samvel, əsəbilikdənmi,
qorxudanmı, sinəsi atlana-atlana dedi:
- Dava Kafanın lap yaxınlığında gedir. Bizimkilər qırmızıları şəhərə
buraxmamaq üçün bərk dayanıblar. Ancaq qırmızılar heç nəyə baxmırlar. Elə hey
irəli soxulmağa can atırlar. Mən…
Mesrop Samvelin sözünü kəsib soruşdu:
- Bizimkilər qırmızıları geri qaytara biləcəklərmi?
- Bilmirəm. Ancaq polk komandiri mənə dedi ki, bolşeviklərin gülləsinin
səsini eşidən kimi fəhlələrdən bir çoxu gecə ilə şəhərdən çıxıb onlara tərəf
qaçıblar…
Njde qışqıra-qışqıra dedi:
- Ağacı öz içindən qurd yeyər. Günah məndədir ki, Kafan fəhlələrinin
hamısını, Şaxnazaryanı mis mədəninin şaxtalarında boğdurduğum kimi
boğdurmadım. – O, bir an susub, sonra acıqlı-acıqlı Samveldən soruşdu: - Daha nə
sözün var?
- Vəziyyət ağırdır, sparapet ağa! Düzü, ölən, yaralanan çoxdur. Camaat
dönük çıxıb, bizimkilərə kömək eləmir. Polk komandiri dedi ki, cənab sparapet
bizə əlavə qüvvə və patron göndərsin.
- Qüvvəni, patronu sparapet hardan alsın? – deyə keşiş dilləndi. – Qırmızılar
bizi elə karıxdırdılar ki, Gorusdan tüfəng, patron, taxıl da çıxarda bilmədik…
- Heyif mənim dolu qalan taxıl anbarlarıma! – deyə Manuçar köksünü
ötürdü.
Qızıl Ordunun qabağında çox dayana bilməyəcəyini yəqin edən Njde dedi:
- Keşiş ağa, sən bu saat Tehrana yola düşməlisən.
- Tehrana? – deyə keşiş təəccüblə Njdeyə baxdı.
- Bəli, keşiş ağa. Səni özümə sədaqətli bir adam bilib Tehrandakı ingilis
konsulunun yanına göndərirəm. Syunik hökumətimin və erməni millətinin bir
nümayəndəsi kimi onunla görüşüb danış. Vəziyyətimizi nağıl elə. De ki, Njde
sizdən təcili kömək gözləyir. De ki, Syunik hökuməti Zəngəzurun meşələrini, mis
mədənlərini və başqa yeraltı sərvətlərini onlara verməyi vəd edir. Xüsusi qeyd et
ki, Njde sizə arxalandığı üçün qırmızılara təslim olmur. Bəs ingilis qoşunu niyə
hərəkətə gəlmir? Niyə bizi döyüş meydanında tək qoyur?! Britaniya hökuməti
Zaqafqaziya kimi bir incinin bolşeviklərin əlində qalmasına niyə razı olur? Sonra
cənab konsulun vasitəsilə İran hökumət başçıları ilə də görüş. Onlara de ki,
bolşeviklər yerlərini Zaqafqaziyada bərkitsələr, İran həmişə təhlükə altında
olacaqdır. Qoy İran hökuməti bacardığı qədər bizə kömək eləsin. Heç olmasa,
291
Azərbaycandan qaçmış müsavatçıları toplayıb ingilis qoşununa qatsın, bizə
köməyə göndərsin… Başa düşdünmü, keşiş ağa?..
- Bəli. Ancaq, cənab sparapet, ingilis konsulu mənim sözlərimə inanarmı?
- Sənə öz hökumətim adından vəkalətnamə verəcəyəm.
- Bəs İrana hardan, nə ilə getməliyəm?
- Burdan Meğriyə kimi atla get. Orda Setrak adlı bir adam var. Soruşsan,
hamı onun evini sənə göstərər. O, mənim dostum və köhnə kontrabatçıdır. Onun
adına kağız verəcəyəm. O səni Arazın o tayına keçirər.
…Njde vəkalətnamə və Setraka kağız yazdı, imza atıb möhür basaraq
Mesropa verdi.
Keşiş, Samvelin, necə deyərlər, yerlə-göylə əlləşən boz atını mindi.
Njde dedi:
- Keşiş ağa, tez get, heç yerdə yubanma. Özünü ələ vermə. Bəlkə iş elə
gətirdi ki, sən qayıdıb gələnə kimi mən Tatevdən çıxmalı oldum. Hər halda məni
ya Qatar, ya da Xüstub dağlarında taparsan. Bir tək özüm qalana kimi qırmızılarla
vuruşacağam. Yaxşı yol!
- Xudahafiz! – deyə Mesrop atı tərpətdi…
Njde, Samvel, Manuçar və Saak qülləyə çıxmaq istəyəndə, Aşot qaça-qaça
gəlib Njdenin qabağında dayandı. Əlini gicgahına aparıb töyşüyə-töyşüyə dedi:
- Sparapet ağa! Sparapet ağa!
- Zəhrimar sparapet ağa! Sözünü de!
- Sparapet ağa, bağışla, təngnəfəs gəlmişəm, danışanda ürəyim acıyır… Hə,
xmbapet Karo dedi, get sparapet ağaya de ki, iş şuluqdur. Bolşovoylar
irəliləyirlər… Sparapet ağa, doğrudan da iş şuluqdur. Bizim əsgərləri qarışqa kimi
qırırlar… Xmbapet dedi ki, mənə sparapet ağadan tez xəbər gətir: qoşunu geri
çəkim, ya nə eləyim?
Njde fikirləşdi: «Tatevdəki polku Karonun köməyinə göndərimmi? Yox,
ehtiyat lap dar gün üçündür. İndidən bütün hissələri döyüşə buraxsam, sonra
adamsız qalaram…».
- Get de ki, əsgəri geri çəkməsin, bir adam qalana kimi vuruşsun.
- Baş üstə! – deyə Aşot silahını çiyninə saldı. Getmək istəyəndə Njde onu
saxladı.
- Dayan! – sonra Saakla Manuçara müraciət elədi: - Siz də Aşotla gedin,
vuruşun. Özü də qırmızılarla möhkəm vuruşun.
Özünü güllənin qabağına vermək istəməyən Saak tez dilləndi:
- Mən burda sənə lazım olaram, sparapet ağa!
Bərk ayaqda Saakdan da ağ ürək olan Manuçar dedi:
- Sparapet ağa, mən səni tək qoya bilmərəm.
Hər ikisinin ürəyini gözlərindən oxuyan Njde cavab verdi.
- Heç biriniz burda mənə lazım deyilsiniz. Samvel yanımdadır. Gedin
qırmızıların qabağına. Bildinizmi? İndi bizə vuruşan adamlar lazımdır.
Dayanmayın, gedin!
Njdenin sözünü çevirməyə cəsarət eləməyən Saak və Manuçar Aşotla
bərabər getdilər.
Njde ilə Samvel qülləyə çıxdılar.
292
Gün əyilirdi. Hava getdikcə soyuyurdu. Tatevin şimalındakı dağların
başından qalxan lay-lay duman yavaş-yavaş aşağılara doğru enirdi. Çox keçmədi
ki, kənd, ətrafdakı təpələr, meşələr, monastırın altındakı dərin və geniş dərə
görünməz oldu. Lakin susmaq bilməyən topların, tüfənglərin səsi lap yaxından
gəlirdi.
Njdeni fikir-xəyal götürdü. Qızıl Ordunun hücumunu necə dəf edəcəyi
barədə xeyli düşündü… Nəhayət, döyüş meydanına getməyi, əsgərlərə özü
komanda verməyi qərara aldı.
- Gəl gedək, Samvel!
- Hara?
- Qabağa, döyüş yerinə. Daha burada durmağın adı yoxdur.
- Niyə narahat olursan? Yəqin indi bir şad xəbər gətirərlər…
Njde bir söz demədən aşağı endi.
Onlar monastırın həyətində saxlanılan atları minəndə top güllələri kəndin
qırağında açıldı. Samvel partlayış səsindən diksinərək dedi:
- Pah atanan! Qırmızılar indi də Tatevi topa tutmağa başladılar. Yəqin ki,
irəliləyirlər. Cənab sparapet, bəlkə biz heç kənddən çıxmayaq?..
Njde ona tərs-tərs baxdı.
- Ağ ürək olma! Dalımca gəl! – deyə atını məhmizlədi.
Onlar kəndin altındakı meşəylə «Qız dərəsinə» doğru gedirdilər. Çox da
hündür olmayan təpənin gədəyini aşanda, seyrəlməkdə olan dumanda bir neçə
adam gördülər. Onlar daşnak əsgərləri idi, ağacların, kolların arası ilə əyilə-əyilə
Tatevə sarı qaçırdılar.
- O qorxaqları səslə, dayansınlar! – deyə Njde atının başını saxladı.
Samvel ağzını gah o əsgərə, gah bu əsgərə çevirib qışqırdı:
- Ərə, dayanın, bura gəlin!
Əsgərlər dayanmayıb tez ağacların dalında gözdən itdilər.
- Görürsənmi, cənab sparapet. Biqeyrətlər döyüşdən qaçırlar.
Hirsindən dişi bağırsağını kəsən Njde cavab vermədi. Atını tərpətdi.
Onlar bir qədər də getdilər. Tini burulanda, yolun içində üzüqoylu uzanmış,
tüfəngi yanına düşmüş bir əsgər gördülər. O, bərk inildəyirdi.
Samvel atdan düşüb ona yaxınlaşdı, arxası üstə çevirdi.
- Saak, sənsən? Ərə, yaralanmısan? – deyə qışqırdı.
İki əli ilə qarnını tutmuş Saak zəif səslə dedi:
- Güllə belimdən dəyib qarnımdan çıxıb, Samvel ağa! Bağırsaqlarım
doğranır. Sürünə-sürünə gəlib bura çıxmışam. Daha gedə bilmirəm. Mənə su verin.
Njde dedi:
- Çox tez yaralanmısan, biqeyrət, barı dediklərimi Karoya çatdırdınmı?
- Çatdırdım. Elə məni sənin yanına göndərirdi ki, yolda evim yıxıldı…
Başınıza dönüm, məni burda qoyub getməyin, ölürəm…
- Çox böyük hünər göstərmisən, axmaq! – deyə Njde nifrətlə üzünü Samvelə
tərəf çevirdi: - Onu yoldan kənara çək!
Dostları ilə paylaş: |