demək heç yadına düşmür. Çünki onun şikəst etdiyi zavallı qadınlar sizin
heç nəyiniz deyildir. Həmişə özünüz üçün, pul naminə yaşamısız.
Amma arxayın olun. Bu dəfə də arzunuza çatdız. Mədinə
mənə sarı baxmaq istəmir. O, çox qürurludur. Arzu olunmadığı evin
gəlini olmaq istəmir.- Qaldı sənin pullarına, onsuz da onlar məni xoşbəxt
edə bilməyəcək. Mən bu pullara yiyələnməkdənsə azad olmağı üstün
tuturam.
Söhbətin xoşagəlməz həddə
çatacağını heç birisi
gözləmirdi. Atasının gözləri qızarmışdı. Üzünün əzələləri, dodaqları
əsirdi. Anasının gözləri yaşla doluydu. -Ata–bala aradan pərdəni
götürmüşdülər. Indi heç biri evdə üz-üzə qalmaq istəmirdi. Barışa bilmək
üçün, deyəsən, çox uzağa getmişdilər. Sanki hər şey bir göz qırpımında
məhv olmuşdu.
Bu söhbətdən sonra evə gəlmir, bağda gecələyirdi. Ata-
anası bərk narahat olsa da Teymur heç anasına da zəng edib hal - əhval
soruşmurdu.
Budur, keçib gedən bu illərdən sonra indi Teymurun ata-
anasına necə ürəyi yanırdı. Onlar ömür boyu Teymuru əzizləmişdilər,
onun xoşbəxtliyini arzulamışdılar. Amma nə olsun. Onlara heç nə qismət
olmadı. Nə toy gördülər, nə nəvə. Arzuları ürəklərində qaldı. Teymurun
qəlbinə hökm etməyə çalışanda onu birdəfəlik, ömürlük itirdilər. İndi
onlar üçün necə göynəyirdi. Heç qəbirlərinin də üstünə illərlə gedə
bilməmişdi. Rauf ondan yaxşı oğul, yaxşı kürəkən olmuşdu. Zəng edib
Teymura deyirdi: “ -Mamanın ad günüdür, qəbriüstə getdik... Papanın
ölən günüdür, Nərgiz halva çaldı. Qəbir üstünə gül aldıq” və s. və s.
***
Bütün ailənin bir yerdə cəm olduğu o gün. Atası, anası,
qohum - əqrəba Nərgizgildə Rüfətin ad gününə yığışmışdılar. Nərgizi də
çoxdan görmürdü. Qapını ona elə Nərgiz açmışdı. Teymur bacısını hər
dəfə təzə paltarda görməyə adət etsə də, bu dəfə onun əyninə, boyuna,
rənginə biçilmiş paltara, nə üçünsə, çox baxdı. Onun baxışları Nərgizin
nəzərindən yayınmadı. Nərgiz onu qucaqlayıb öpdü. Doğma qan hər
ikisinin bu görüşdən məmnun qaldığını deyirdi. Bacısı həmişə olduğu
təki bu gün də onun xoşuna gəlirdi. Geyinməkdə, saçlarını qaydaya
salmaqda bacısına şəhərdə qız çatmasa da, bircə Mədinə ilə müqayisədə
Nərgiz Teymurun nəzərində solğunlaşırdı. Nərgiz də ənlik- kirşandan
istifadə etmirdi. Ağ, hamar üzü, lalə rəngində yanaqları, mavi gözləri
diqqəti çəkirdi. Ancaq, bu gözlərin mavi dərinliyindəki soyuqluq,
etinasızlıq, qəddarlıq cazibədarlığını boğurdu. Onun əda və davranışında
Mədinənin zərifliyi, incəliyi, məsumluğu çatmırdı. Qəzəblənəndə
Nərgizin üzünü görməsən yaxşı idi. Bu vaxt onun üzünün gözəl ifadəsi
də, saçlarının düzümü də, əyninə geydiyi paltar da adiləşirdi. Bacısı əlini
ölçə-ölçə adamın üstünə elə gəlirdi ki, elə bil, bu dəqiqə barmaqlarını
gözünə soxacaqdı. Qollarını çirmələyir, başını hikkəli-hikkəli tərpədirdi.
Bir sözlə, təbiət bacısını zərif hisslərdən məhrum yaratmışdı, amma aciz
yox! Nərgiz uğursuzluq bilmirdi. Həyatda əlini nəyə uzatmışdısa
götürmüşdü. Nərgizi aldatmaq, ona kələk gəlmək də mümkün deyildi. O,
özünü qiymətləndirməyi, yerini şirin etməyi bacarırdı. İndi də zərif bir
hərəkətlə Teymurun qolundan tutub ata və anasına sarı apardı. Bəlkə də
bacısı bu gün onunla atası arasındakı buz qatı əritmək istəyirdi. Elə
Teymur da, atası da danışmamaqdan, bir – birini dindirməməkdən təngə
gəlmişdilər. Hər nə olsa da bu kişi onun atası idi. Teymur atası ilə
əvvəlki münasibəti bərpa etmək, onun qılığına girmək istəyirdi.
Mədinəni ona sevdirmək niyyəti hələ qəlbində soluxmamışdı.
Atası anası ilə oturmuşdu. Belə bir məclisdə onların
yanaşı oturması da Teymura xoş idi. Raufun valideynləri də onların
yanında əyləşmişdilər. Teymur anasına yaxınlaşdı, yanağından öpdü.
Atası da gülümsəyərək ona əl uzatdı. Teymur atasının da üzündən öpdü.
Bu öpüşdən xoşhal olan atasının, elə bil, üzü işıqlandı:
- Səhərdən gözləyirik, qonaqlar da intizardadır, – dedi.
Teymur onu da hiss etdi ki, atası onunla barışmağın
həsrətindəymiş. “Düz eləyib gəlib,” - ürəyində düşündü. Hamı ilə əl - ələ
görüşəndən sonra valideynləri ilə üz-üzə əyləşdi. Ətrafa nəzər saldı.
Atasının oturuşunda, hərəkətlərində, danışmasında bir ağırlıq, sanballıq,
yaşına uyğun ədəb - ərkan duyulurdu. Atası 60 yaşını adlasa da təravətini
saxlamışdı. Gur, ağsaçlı cazibədar kişi idi. Uzun illər müəssisə direktoru
olması onu təmkinli, özünəgüvənən etmişdi. Hörmətli, nüfuzlu idi.
Teymuru çox vaxt barmaqla göstərib: “filankəsin oğludur,”- deyirdilər.
Atası özünü adına, yaşına, tutduğu mövqeyə uyğun aparan, ayıq – sayıq,
diribaş adam idi. İşinin çəmini, yolunu bilirdi. Işgüzarlığı, intizamı, bir
də taleyin üzünə gülməsi sayəsində vəzifə sahibi olmuşdu.
Teymur nə xaricən, nə daxilən ona oxşamırdı. O,
gözlərinin rəngində, açıqürəkliliyində, könlünün toxluğunda anasına
çəkmişdi. Anası qarabəniz, qaragöz, şirin qadın idi. Duru gözləri, nurlu
üzü vardı. Ərinin bütün şıltaqlıqlarına dözən, şikayətlənməyən idi.
Anasında qəribə mütilik vardı. Ancaq bu qorxaq mütilik deyildi. O,
yanaşı oturduğu bu yaraşıqlı kişini çox sevirdi. Ömrünü-gününü onun
qulluğunda əritmişdi. Ali savad diplomu olsa da bir gün də işləməmişdi.
Özünü ailəyə həsr etmişdi. Yeməkləri o qədər dadlı olurdu ki, nə Nərgiz,
nə də Teymur, ac olanda belə, heç yerdə yemirdilər. Evə qaçırdılar. Ən
bahalı restoranlar da onun anasının hazırladığını hazırlaya bilmirdi. Atası
anasını çox qiymətləndirirdi. Yaşa dolduqca anasının nazını lap qızı kimi
çəkirdi. Atasının bu kefiyyəti Teymura çox xoş gəlirdi. Atası anasına
həmişə gözəl, zərif, bahalı hədiyyələr alırdı. Onların arasında narazılıq
yalnız Teymurla əlaqədar olurdu.
Anası Mədinəni görüb bəyənmişdi. Atasına az qala
yalvararaq: “ İndi ki Teymurun ürəyinə yatır gəl elçi gedək, o da yaxşı
bir ailənin qızıdır,” -deyirdi. Atası çox sərt: “Sən işə qarışma, bu söhbəti
yığışdır, eşitdin,” cavab verirdi.
Qonaqların darıxmaması üçün Nərgizin hər cür şəraiti var
idi. Kimi küncdəki divanlara çəkilib işgüzar söhbət edir, kimi musiqiyə
qulaq asır, kimi də rəqs edirdi.
Teymurun gözləri birdən atası ilə üzbəüz oturan bir
qadına sataşdı. Onun ipək paltarının yaxası o qədər açıq idi ki, iri,
qabarıq döşləri görünürdü. Teymur ikrahla üzünü çevirdi. Bu qadının
ailənin məhrəm məclisinə düşməsi ona xoş gəlmədi. Teymur onu dərhal
tanıdı. Atasının katibəsi idi. Əri ilə gəlsə də Teymur bunun gözdən pərdə
olduğunu anlayırdı. O, atasının məşuqəsiydi. Yaşı qırxdan çox olmazdı.
Bu sirri göründüyü təki burada oturanların heç biri bilmirdi. Teymur da
təsadüfən bilmişdi. Bəlkə idarədə də bilən vardı. Teymur bir dəfə nahar
vaxtı, nə üçünsə, atasının yanına getmişdi. Katibə yerində yox idi.
Atasının qapısı örtülü olsa da açar qapının üstündə idi. İçəridə kənar
adamların ola biləcəyindən ehtiyat etdiyi üçün Teymur qapını yavaşca
araladı. Katibə atasının dizləri üstündə oturmuşdu. Teymur qapını örtüb
getsə də, sonra bunu utana – utana atasının yadına salmışdı: “Ata, elə et
ki, bu yaşda biabır olmayasan. Mən eybi yox, amma başqaları da görə
bilərdi. Dostdan çox düşmən var. Özünü qorumaq istəməyən qadından
uzaq durmaq məsləhətdir”.
Dostları ilə paylaş: |