--Baxın bu suala sizin də köməkliyinizlə cavab tapa bilərik. Deyin görək
atanızı sonuncu dəfə harada və nə vaxt görmüşdüz?– Polkovnik-leytenant əsas
mətləbə keçdi.
--Mən bir həftə idi ki, onunla görüşmürdüm. Adətən o fabrikə gedəndə yol
üstü mənə də baş çəkərdi. İndi isə bunu da edə bilməyəcək-sözünü bitirməyə
macal tapmamış hönkür-hönkür ağlamağa başladı.
--Xahiş edirəm xanım, özünüzü ələ alın. Acınızı yaxşı başa düşürük.
Lakin biz də sizə kömək etmək üçün burdayıq. Bizə atanızın qatilini tapmaq
önəmlidir. Atanız torpaq altında yatarkən qatil ayağını ayağı üstünə aşırıb kefini
çəkməyini istəmirsizsə bizim bütün suallarımıza cavab verin!
--Yox, elə şey istəmərəm. Nə lazım olsa soruşun.
--Onda mümkünsə yenidən başlayaq. Verilən bütün suallara bacardığınız
qədər dəqiq cavab verməlisiniz. – Qədir dedi.
--Siz suallarınızı verin. Mən də bacardıqca dəqiq cavab verəcəm.
--Deyin görək bir həftə əvvəl atanızla nə barədə danışırdınız?
--Atam hər dəfə olduğu kimi iş yerimə gəlmişdi. Soruşdum ki, necəsən?
Dedi lap əlayam. Bircə nəvəm də olsa məndən xoşbəxti ola bilməz. Mən də
güldüm. O gün yaman gülmüşdük. Demək olar çox gülmüşdük. Atamın kefi
yaxşı idi. Bunun səbəbini bilmək istəyəndə dedi sənə sürprizim var. Odur ki,
hələlik deyə bilmərəm. Bilirsiniz, - üzünü Məmmədzadəyə tutan Qönçə titrək
səslə dilləndi - sabah mənim ad günümdür. O də mənə ad günümə sürpriz
edəcəkdi.
--Deməli siz o sürprizdən bixəbərsiniz?
--Bilirsinizmi, mənə elə gəlir ki, atam mənə doğum günü hədiyyəsi olaraq
dediyi sürprizi maşındır. Bir daha deyirəm ki, bu mənim təxminimə görədir.
Başqa düşünə bildiyim heç nə yoxdur. Çünki o bilirdi ki, mən bir ildir maşın
almaq istəyirəm.
--Demək təxmininizə görə maşın sizə deyilən doğum günü sürprizidir?!
Yaxşın atanızla özgə nədən danışdız?
--Özgə deyəndə ki, işimdən. Şagirdlərimdən.
--Konkret olaraq nədən?
--Dedim bir şagirdim var. Rüstəm. O gün Motsartın simfoniyasını pianoda
ifa edərək şagirdlərimə başa salırdım. Rüstəm isə mənə qəti qulaq asmırdı. Elə
hey pəncərəyə boylanırdı. Buna görə ona cəza verəcəkdim. Lakin ürək etmədim.
Yanıma çağırıb sual verdim. Soruşdum: Rüstəm, Amadey Motsart kimdir?
Rüstəm gözünü yerə zilləyib durmuşdu. Sualımı yenə verdim. Cavabında isə -
Nədənsə bu an Qönçə gülümsədi – Dedi ki, Müəllimə məgər Amadey Motsart
məni tanıyır ki, mən də onu tanıyım?! Bircə görəydiniz atama bunu danışanda
necə qəşş edib güldü. Səsi kabinetimə yayılmışdı. Beləcə danışdıq getdi.
--Belə çıxır ki, sizinlə son görüşü heç də vacib hadisə ilə yadda qalmayıb.
--Əlbəttə. Nə ola bilərdi axı?
--Qönçə xanım, bəs siz avqustun 4-ü gecə 10-11 arası nə işlə məşğul
idiniz?
--Bu nə deməkdir? Siz məndən şübhələnirsiniz?
--Bilirsinizmi, bu cinayətdir. Və biz Vahid Zamanı tanıyan tanımayan hər
kəsdən şübhələnirik. Xətrinizə dəysə də bunu bilmək haqqımızdır. Dəqiq deyin
harada və kiminlə idiz?
--Evimizdə. Bir az televizora baxdım. Sonra salat hazırladım. Bir qab da
ondan yedim. Təxmini desəm 11 də artıq yerimə uzanmışdım. Lakin səhərə kimi
gördüyüm qorxunc yuxular məni rahat yatmağa qoymadı. Hətta düşündüm ki,
bəlkə işə getməyib rahat yatam. Lakin o da alınmadı. Demək olar günortaya
kimi yerimin içində o başa bu başa fırlanmışam. Haradan bilərdim ki, o gecə
atamı öldürüblər. – Gözləri yenidən doldu.
--Qönçə xanım özünüzü ələ alın. Biz əlimizdən gələni edəcəyik ki, qatili
tezliklə tapaq. Bəs yoldaşınız Səyavuş harda idi? – Hikmət təmkinlə soruşdu.
--O gecə onun işdə gecə növbəsi var idi.
--O nə işləyir?
--Səyavuş Broylerin birində nəzarətçisidir. Atam özü bu işi ona tanışlıqla
düzəldib. Əslinə qalsa Səyavuş əziyyət çəkmək istəyir. Yəni hər gün yorğun
gəlmək istəyir. Amma atam onun nəzarətçi kimi daha çox qabağa gedəcəyinə
inanırdı.
--Səyavuş o gecə həmin fabrikdə olub?
--Hə. O gecə onun öz qrafikinə görə gecə növbəsi idi.
--Niyə öz qrafikinə görə?
--Bilirsinizmi, Səyavuş özünü adi işçilərdən qəti fərqləndirmir. Odur ki,
tərtib etdiyi gecə növbətçisi siyahısına öz adını da əlavə edib. Ayda bir ya iki
dəfə gecə orada olur. Özü də bir yerdə duran deyil. Yuxusu gəlməsin deyə
gecəni səhərə kimi yaşıllaşdırma işi ilə məşğul olur.
--Gecə növbəsində o tək olur?
--Bəzən hə. Bəzən də yox.
--Bunu necə anlayaq?
--Yəni ki, bir dəfə tək olur. Bir dəfə də işçilərdən kimsə ilə.
--Qönçə xanım, yoldaşınızın ayaqqabı ölçüsü neçədir?
--Başa düşmürəm bunun nə dəxili var atamın ölümünə?! – Qönçə
təəccüblə soruşdu.
--Qönçə xanım, artıq sizə dedik ki, bu cinayət işidir. Və biz kim olur olsun
hər birinizdən şübhələnirik. Odur ki, səbrimizlə oynamayın. Sizə nə sual
verilirsə cavablandırın. – Məmmədzadə əsəbi halda dedi.
--Səyavuşun ayaqqabı ölçüsü 46-dır.
--46? – qəfildən Eyvazov yerindən soruşdu.
--Bəli.
--Atanızla yoldaşınızın münasibəti necə idi?
--Atam biz hələ uşaq ikən Səyavuşu bağımıza işə götürmüşdü. Onu oğlu
kimi sevirdi. Səyavuş da atama öz atası kimi baxırdı. Atam Səyavuşu da, onun
qardaşını da oxudub. Biz hər zaman mehriban olmuşuq.
--Demək istəyirsiniz ki, Səyavuş atanızı heç bir səbəbə görə öldürə
bilməz? – kinayə dolu baxışlarla qarşısında əyləşən xanımı süzən Hikmət
soruşdu.
--Bəli. Səyavuş kimsəni öldürməz. Atamı öz atası kimi sevib. Onun çörəyi
ilə böyüyüb. Onun yeganə qızı ilə ailə qurub. Onun tanışlığı ilə ən gözəl gəlirli
işdə işləyir. Sizcə hansı insan öz çörək verənini öldürər?
Dostları ilə paylaş: |