--Bəs bədii film bitəndən sonra nə etdiz?
--Heç bir şey. Əslinə qalsa filmə axıradək baxmağa səbrim çatmadı. Odur
ki, başqa kanalları gəzməyə başladım. Hansısa kanalda xalq mahnısı
oxuyurdular. Bir parça da ona qulaq asdım. On dəqiqə sonra yerimə
uzanıb yuxuya getdim.
--Təxmini yatdığınız vaxt neçə olardı.
--Qulaq asın, mən onu öldürə bilməzdim. Əvvəla ona görə ki, onu çox
sevmişəm. Tək balamın atasıdır. Hər istəyimi canla başla yerinə
yetirib. Qəti ondan narazı olmamışam. Bir də ki, evdə olduğum halda
onu necə gedib öldürə bilərdim? Bundan nə qazanacaqdım ki?
--Sualımıza cavab verin! – Məmmədzadə ciddi nəzərlərlə baxıb soruşdu.
--12-yə 10 dəqiqə işləyirdi ki, yerimə uzandım. Saat yataq otağımda düz
gözlərimin önündədir. Ona görə dəqiq deyirəm.
--Bizim vəzifəmiz qatili tezliklə tutub həbs etməkdir. Bunun üçün kim
olur olsun biz ondan şübhə edirik. İndi isə ifadənizi diqqətlə oxuyub,
imzalayın.
--Gedə bilərəm?
--Əlbəttə! Lakin yaxın zaman ərzində şəhəri tərk etməsəniz yaxşı olar.
Lazım ola bilərsiz.
--Yaxşı, sağ olun! – deyən Vəfa xanım leytenant Nəsirovun ona doğru
uzatdığı ifadəni gözucu nəzərindən keçirib imzalayaraq getdi.
Vəfa xanımın otağı tərk etməsindən iki saniyə sonra Polkovnik-leytenant əlini
qaldırıb stola çırpdı.
--Qatilin izində düşmüşük.
--Mən də belə düşünürəm! - Eyvazov başını tərpədərək Hikmətə baxdı.
--Asif bəy, icazənizlə fikrimi bildirim!
--Buyur!
--Əldə etdiyimiz yeni məlumatlara əsaslanaraq onu deyə bilərik ki, cinayət
törədilmiş əraziyə yaxın yerdə aşkar olunmuş
46 ölçülü ayaqqabı izi tamamilə Səyavuş bəyin ayaqqabı ölçüləri ilə uyğun gəlir.
Bir tərəfdə də Faiq bəyin Vahid bəyə etdiyi hədəni xatırlayaq. Vəfa xanımın
dediyinə inanarsaq onda belə çıxır ki, Faiq bəy fabriki geri satması üçün Vahid
bəyə iki günlük möhlət verib. Əks halda onu öldürəcəyi ilə hədələyib. Mən belə
düşünürəm ki, Səyavuş və Faiq bəy oğlu ilə istintaqa cəlb olunmalıdırlar.
--Fikirlərinlə tamamilə razıyam. –Məmmədzadə ayağa qalxıb pəncərə önünə
keçdi. Ani sükutdan sonra kiçik masa arxasında əyləşən arıq uzun ağbəniz
oğlana baxaraq dedi – Leytenant Nəsirov Səyavuş dəhlizdədirsə çağırın ifadə
versin.
--Baş üstə!
Bir dəqiqədən sonra Nəsirov Səyavuşla otağa daxil oldu.
--Keçin əyləşin Səyavuş bəy! – Polkovnik-leytenant yarı kinayəli dedi.
--Mənə Səyavuş deyə bilərsiniz. Rəsmiyyətdən xoşum gəlmir.
--Olsun Səyavuş. Özün haqqında qısaca məlumat verə bilərsən?
--Adım Səyavuş, soyadım Ömərov, ata adı Müşfiqdir. Orta təhsilliyəm. Hal-
hazırda yaxın tanışın Fabrikində nəzarətçi işləyirəm. Ailəliyəm.
--Bu qədər kifayət edər. İndi isə bizə avqustun 4-ü gecə 10-11 radələrində
harada olduğunu de. – Məmmədzadə gözlərini Səyavuşun ağzına zilləyib
diqqətlə qulaq asmağa başladı.
--Cümə axşamına düşür? – öz sualına özü də cavab verməli oldu - Hə, həmin
günü cümə axşamı idi. Mənim gecə növbəm var idi. İşdə olmuşam.
--Saat neçədən-neçəyə kimi?
--Saat 9 dan 9-a kimi.
--Sizdən başqa növbədə duran olub?
--Yox. O gecə mən tək idim.
--Deməli sənin saat 10-11 arası fabrikdən çıxıb çıxmadığını görən olmayıb?
--Mən heç çıxmamışam ki, kimsə də görə. Bütün gecəni narahat olmuşam.
Səhərə kimi gah fabrikin başına dolanmışam, gah divanda uzanıb televizora
baxmışam, gah da güllərə qulluq etmişəm.
--Səyavuş, ayaqqabı ölçün neçədir?
--Niyə soruşursunuz?
--Ona görə ki, Vahid bəyin bağ evinin hasara yaxın hissəsində palçıq üzərindən
ayaqqabı izi tapılıb. Biz əminik ki, bu qatilə məxsusdur.
--Demək istəyirsiniz ki, Vahid əmini mən öldürmüşəm? Yəni məndən də şübhə
edirsiz?
--Sualıma sualla cavab vermə. De görək ayaqqabı ölçün neçədir?
--46-dır. Amma mən ona qıymaram. Öldürmək qırağa dursun. Mən heç ona əl
də qaldıra bilmərəm. Hörmətim vardı ata kimi. Məni, qardaşımı oxudub, əlimizə
sənət verib. Qızını istəmişəm yox deməyib. Siz nə danışırsınız?
--Sakitliyə riayət edin! – Eyvazov ciddi şəkildə dedi.
--Məgər tapdığınız ayaqqabı izində bilinmir ki, neçə ölçülü ayaqqabıdır?
Tutuşdurun da. Mənim ayaq ölçümdən az adamda rast gəlmək olur. Əminəm ki,
orda 44-dən yuxarı ölçü olmaz.
--Biz bu suala cavab tapmışıq. Orda səninki kimi 46- ölçülü ayaqqabı izi tapılıb.
--Necə? Onda bu bir təsadüfdür. Başqa cür ola da bilməz.
--Şahidin olsaydı bəlkə də işimiz çətin olardı. Amma sən həmin gecə fabriki tərk
edə də bilərdin, Vahid bəyi öldürə də bilərdin. Biz sənin quru sözlərinə inana
bilmərik.
--Nə edim indi mən? Bir şey ki, indi sözə inam da qalmayıb. Bəs necə inandırım
sizi ki, o gecə həmin vaxtda da, ondan sonra da səhərə kimi fabrikdən bayıra bir
addım da çıxmamışam.
--Sonuncu dəfə Vahid bəyi harada və necə görmüsüz? – Mayor Paşazadə
qəfildən soruşdu.
--Bir həftəndən də çox olar. Dəqiq gününü xatırlamıram. Dedi ki, günortadan
sonra tək məni sahildəki bağ evində gözləyəcək.
--Getdin? Niyə tək?
--Getdim. Tək getməyimin səbəbi isə onun Qönçənin ad gününə etmək istədiyi
sürprizlə bağlı idi. Məsləhətləşmək istiyirdi.
--Səninlə?
--Hə! Evdə onun kabineti var. Oturduq orda. 2-3 saat danışdıq. Qəti qərara gəlib
birlikdə şəhərə qayıtdıq. Evin yaxınlığında maşından düşəndə tapşırdı ki,
Qönçəyə heç bir söz deməyim. Mən də demədim.
--Sürpriz nə idi?
--Həmin gün məndən onun nə arzuladığını soruşdu. Dedim bir ildir maşın
istəyir. Pulum kifayət etmir. İki aya ancaq ala biləcəm. O da çek yazıb pulun
qalan hissəsini verdi. Həmin günün səhəri gedib pulları bankdan aldım. İstəsəniz
bankdan maraqlana bilərsiniz. Onda günü də dəqiqləşər.
Dostları ilə paylaş: |