təəccüblənəcək. Lakin qarşısında əyləşmiş qadın o qədər möhkəm
görünürdü ki, dolmuş gözlərindəki yaşı belə axmağa qoymurdu. –Siz
təəccüblənmədiniz?
--Təəccübləndim. Lakin özümü bura gəlməzdən əvvəl hər bir xəbərə hazır
etmişdim. Bilirdim ki, Vahidin təzyiq problemi elə də ciddi dərəcədə
deyildi ki, onu öldürə. Odur ki, öldürüldüyünü daha dəqiq
düşünürdüm.
--Sizcə onu kim öldürə bilərdi?
--Vahidin özünə düşmən bildiyi kimsə yox idi. Lakin çoxları onu düşmən
hesab edirdilər. Konkret olaraq kiminsə adını çəksəm bu o demək deyil
ki, Vahidi o öldürüb.
--Orasını bizim ixtiyarımıza buraxın. Qatilin kimliyini aşkar etmək bizim
işimizdir. Sizin işiniz isə bizə istintaqda kömək etməkdir – bir az ciddi
danışan Məmmədzadə yenidən mülayimləşməyə başladı – Siz kimdən
şübhələnərdiniz?
-- Faiq bəydən. Lakin o çoxdandır ki, gəlib getmirdi. Demək olar
unutmuşduq da. Amma Vahid ölməzdən üç gün əvvəl bizə gəlmişdi.
Qönçənin heç nədən xəbəri yoxdur.
--Niyə gəlmişdi?
--Bilirsinizmi, Vahid vaxtilə həmən Faiq bəyin sahib olduğu fabriki satın
almışdı. Onun banka faiz borcları var imiş. Lakin müəyyən müddət
keçəndən sonra Vahiddən fabriki geri satmasını xahiş etmişdi. Əslinə
qalsa Vahid o fabriki heç istəmədən ürəksiz almışdı. Onun əsas planı
maşın satışı ilə bağlı idi. Lakin, biləndə ki, Fabriki satmağını mən
istəmirəm. Onda Faiq bəyin son təklifini rədd etdi.
-- Fabrikin satılmasına niyə razı olmadız?- Hikmət Vəfa xanımın sözünü
ağrında qoydu.
-- Faiq bəy fabriki elə ucuz qiymətə satmışdı ki, geri almaq üçün də eyni
məbləğı vermək istəyirdi. Mən də dedim onsuz da o qiymətə fabrik
satılmaz. Qoy qalsın. Vahid də mən deyənlə razı oldu. Faiq bəy də
başqa yola əl atdı. Dedi sənin bir qızın var, mənim də bir oğlum. Gəl
tanış edək bəlkə evləndilər. Qohum olarıq. Bu təklif heç birimizin
ürəyindən deyildi. Bizim qızımızın qəlbi oyuncaq deyildi ki, ortalıqda
oynadaq. Bu barədə Qönçə də biləndə gülmüşdü. Tez bir zamanda
Səyavuşla toylarını etdik. Onsuz da bir-birlərini hələ Səyavuş
əsgərlikdən gələndən sevdiklərini anlamışdıq. Odur ki, nişanlandıqdan
dərhal sonra toylarını etdik. Bax beləcə Faiq bəy də bizdən əlini əbədi
üzdü. O gecə bizə oğlu ilə gələndə hər ikimiz təəccüb etmişdik. Hətta
bir az sərxoş idilər. Faiq iki əli ilə Vahidin yaxasından yapışıb onu
hədələməyə başladı.
--Nə dedi? – Məmmədzadə qəfildən yerindən sıçradı.
--Dedi əgər fabriki iki günə mənə satmasan, səni öldürəcəm. Vahid də
onunla ağızlaşdı. Vahidə yumruq da atdılar. Dodağı azacıq
partlamışdı. Mən də polis çağırdım. Bunu bildikləri an evi tərk etdilər.
--Polis gələndə evdə deyildilər?
--Yox. Gəlib dedim ki, polis çağırmışam. Bu saat gəlirlər. Onda oğlu Faiq
bəyin qolundan yapışıb darta-darta apardı. Faiq bəy də getdikcə
barmağını yellədə-yellədə bir də dedi ki, iki gün vaxt verirəm. Polis
zabitləri gələndə şikayətçi olmadıq. Bunu Vahid istəmədi. Ona görə də
heç Qönçəyə də demədik. O atasını çox sevirdi. Əgər bilsəydi ki,
atasının dodağı azacıq partlayıb, işini gücünü atıb gələcəkdi. Odur ki,
Vahid də qərara gəldi ki, dodağı sağalana kimi, Qönçəni görməyə
getməsin.
--Bəs bağ evinə nə zaman getmişdi?
--O hadisədən dərhal sonra səhərə yaxın. Dedi bəzi əşyalarımı hazırla
gedib bir neçə gün bağda istirahət edəcəm. O zamana kimi də
dodağım sağalar. Biz də Qönçənin suallarını cavablandırmaqdan
qurtularıq. Bir ədəd idman çantası hazırladım. O sabah çıxdığıdır ki,
hələ də qayıtmayıb.
--Demək sonuncu dəfə yoldaşınızı bağ evinə yola salarkən görmüsüz?!
--Bəli. Avqustun 2 sində səhər tezdən. İdman geyimində getdi. Öz maşını
ilə. Orada qaldığı vaxtlarda mənimlə əlaqə saxlayırdı.
--Bəs siz niyə getmədiz?
--Mənim “Moda evi”ndə bəzi təxirə salınmaz işlərim var idi. Ona görə
yalnız telefonla əlaqə saxlayırdıq. Sonuncu dəfə avqustun 4-ü danışdıq.
Dedim səhər gəlmək istəyirəm. Dedi nə zaman istəsən gələrsən.
--Bəs niyə getmədiz? –Hikmət soruşdu.
--Tezdən dükana getməli oldum. Çünki işçilərdən biri zəng vurdu ki,
Vergi Nazirliyindən bəzi şəxslər gəliblər. Mənimlə görüşmək
istəyirlər. Odur ki, bağa getməyi günortadan sonraya qərara almışdım.
--Vəfa xanım, Səyavuşla yoldaşınızın münasibəti necə idi?
--Ata ilə oğul necə münasibətdə olurlarsa onlar da elə. Mehriban idilər.
--Səyavuşu nə vaxtdan tanıyırsınız?
--Uşaqlığından. On iki, on üç yaşı olardı. Vahid bazarda rast gəlmişdi ona.
Bağda görməli bəzi işlər üçün işə götürdü. Əslində isə Vahid yetimlərə
əl tutmağı sevərdi. Bunu onların mənliyinə toxunmadan etmək
istəyirdi.
--Necə yəni?
--Vahid yetim uşaqları guya işə götürürmüş kimi davranırdı. Onlar da
həvəslə razılaşırdılar. Əks halda tanımadıqları birindən qəti pul
götürməzdilər. Odur ki, Səyavuşa da az iş müqabilində xeyli pul
verirdi. Hələ on ildir ki, şəhərin 1 saylı uşaq evinə gizlin yardım edir.
Bunu mətbuatdan da, yaxınlarımızdan da Səyavuşdan da, Qönçədən də
gizli edirdi. Tək mən bilirdim.
--Demək onun qazancının müəyyən hissəsi yetimlər evinə yardıma
gedirdi. – Polkovnik-leytenant Vəfa xanımın dediklərini təkrarladı. –
Siz Vahid bəyə sonuncu zənginizi nə zaman etmişdiniz?
--Avqustun 4-ü axşam idi. Saat haradasa 10-11 arası olardı. Xarici
kanaldan bədii filmə baxırdım. Birdən darıxdım.
--Bəs sizdən başqa evdə kimsə var idi?
--Əlbəttə! İşçilərin ikisi də evdə idi.
--Sizin yoldaşınıza zəngini onlar eşitmiş olardılar?
--Bilmirəm bunu niyə soruşursuz, amma onu deyə bilərəm ki, işçiləri ikisi
də qapı güdüb, söz aparıb gətirməyi xoşlamadığımı yaxşı bilirlər.
--Bizə maraqlı odur ki, yəni sizin həmin saatlarda evdən çıxıb
çıxmadığınızı təsdiqləyəcək kimsə var ya yox?!
--Əgər lazım gələrsə onları da sual-cavab edə bilərsiz. Telefondakı
danışığımızı eşidiblərsə də mənim bundan xəbərim yoxdur.
Dostları ilə paylaş: |