Vəziyyəti belə görən Erna gecə ikən bir bağlama paltarla onlara gəlib hamilə
olduğunu və atası anası tərəfindən evdən qovulduğunu deyir. Ulduzun ürəyi
yanır Ernaya. Nə də olsa öz oğlunun günahını daşıyırdı bətnində. Odur ki,
İsabala ilə qərarlaşıb onları evləndirirlər. Qısa zamandan sonra Ulduz ürək
çatışmamazlığından dünyasını dəyişir. Bu itgi Faiqi sarsıdır. Atasını da
itirməmək üçün anasına verdiyi son vədinə əməl etmək üçün gecələri oxuyur,
gündüzləri işləyirdi. Çox çətin olsa da səbr edirdi. Erna evin xanımı olmuşdu
artıq. İsabala müəllim də xanımının ölümündən sonra Bakıda qala bilməyib
rayonların birinə köçdü. Tək yaşamağa üstünlük verdi. Faiq isə atasının bu
addımını anlaya bilmədi. Ondan bərk incidi. Zamanla Ernadan oğlu doğuldu.
Faiq hər uşağa baxanda öz qanından olmadığını hiss edirdi. Lakin Erna onun bu
şübhəsini də yoluna qoymuşdu. Hadisələri su kimi axarlı etmişdi. Erna hətta
uşağa öz atasının adını qoymaq istəsə də Faiq Fuad qoydu. Günləri
mübahisələrlə bol idi. Ernanın əvvəllər nümayiş etdiyi sevgisindən bir parça da
qalmamışdı. Faiq isə yalnız oğlu üçün işləyirdi. Erna Fuadın tərbiyəsinə ciddi
yanaşırdı. Ona qəddarlığı öyrədirdi. Qarşısına çıxan uşağı döyməyi, dalaşmağı,
əlinə daş alıb baş yarmağı öyrədirdi. Oyuncaqlarının əksəriyyəti tapanca idi.
Onu zalım və qorxusuz böyüdürdü. Bu tərbiyyədən Faiqin xəbəri olmurdu.
Bütün gününü evdən çöldə keçirirdi. Tezliklə İnistutu bitirdi və işləməyə
başladı. Əvvəlcə kiçik işdə işləyirdi. Bu onu qane etsə də Ernanı qane etmirdi.
Daha çox pul, daha çox yemək, daha çox geyinmək istəyirdi. Bir gün işdən evə
gələn Faiq Ernanın masa üzərinə qoyduğu məktubu tapır. Əvvəlcə nə baş
verdiyini anlamasa da məktubda yazılanları oxuyub hər şeyi dərk edir.
Faiq, sənin nazına çox dözdüm. Evə gətirdiyi 5-3 manatla güclə dolandırırsan
məni. Atamla anam İrəvana dönürlər. Mən də onlarla birlikdə gedirəm. Fuadı
aparmağa qoymadılar. Mən də sənə verirəm. O sənin oğlun, o da sən. Mənsə
hələ cavanam. Evlənib həyatımı yaşayacam. Məni itirib axtarma.
Erna...
Bu sanki məktub deyildi, xəncər idi Faiqin sinəsinə batmışdı. Sadəcə oğlunun
anası idi. Bir qədər stulda əyləşib əsəbindən nə edəcəyini düşünsə də, Fuadı
aparmadığına şükr edib həyatını yaşamağa başladı. Əvvəlcə Fuada səbəb
demədi. Sanki Erna harasa dincəlməyə gedib. Lakin sonra Fuada hər şeyi başa
saldı. Ayrıldıqlarını və anasının ondan imtina etdiyini dedi. Fuad bunu başqa
uşaqlara nisbətən soyuq qarşıladı. Lakin içində nələr yaşadığını kim bilə bilərdi
ki...
İllər keçir Fuad İnistuta qəbul olur. Faiq vəzifəcə yüksəlməyə başlayır. İşləri
əvvəlkindən qat-qat yaxşı gedir. Hər hansısa işə sərmayə qoyub artıqlaması ilə
qazanır. Faiq fabriklərdən birində işləyən mehriban bir xanımla evlənir. Ernanı
onsuz da sevməmişdi. Buna görə də sevginin nə olduğunu ilk dəfə İradə
xanımdan duyur. Onunla xoşbəxt həyatına qədəm qoyur. Tezliklə ekiz qızları
doğulur. Onlar məktəbə gedəndə Fuad evlənir. Beləliklə Faiqin başı ailəsinə
qarışır. Fuad onun tək varisi, yeganə oğlu olur.
On birinci fəsil
Səhərin nə zaman açıldığının fərqinə varmayan Məmmədzadə gecəni
divanda yatıb qalmışdı. O qədər dərin yatmışdı ki, kabinetinə daxil olub
sənədləri masa üzərinə qoyan Qədiri belə görməmişdi. Qədir də istəməzdi ki,
şirin yuxu ilə yatan rəisini cinayət işinə aid sənədə görə oyatsın. Odur ki,
sənədləri sakitcə masa üzərinə qoyub getmişdi. Polkovnik-leytenant ayıldıqda
isə artıq günorta saat 12 idi. Çox yatmışdı. Lakin gecə də gec yatmışdı. Demək
olar səhərə kimi düşünmüşdü. Ayağa qalxıb küncdəki otağın qapısını açdı. Əl -
üzünü yuyub dəsmalla qurulandı. Sonra yenidən iş otağına qayıdıb, şəxsi
stulunda əyləşdi. Qədirin qoyduğu qovluğu diqqətlə nəzərdən keçirib masa
üzərindəki müvafiq düyməni basdı:
- Mayor Paşazadə və mayor Eyvazovu yanıma çağırın!
- Baş üstə! – Leytenant Nəsirovun səsi eşidildi.
Bir dəqiqə sonra qabı döyülərək açıldı.
- Sabahınız xeyir olsun yoldaş Məmmədzadə! – hər ikisi birlikdə
salamlaşdılar.
- Sabahınız xeyir. Qədir, qoçaq adammışan, maşallah!
- Sizin kimi rəisi olan işçi qoçaq olmayıb nə etməlidir?
- Yaxşı. Əhsən sənə. Demək tezdən fabrikə gedərək analiz üçün torpaq
götürüb, ekspertizaya təhvil vermisən.
- Üstəlik ekspertizanın rəyini və tapşırdığınız kimi Faiq bəyi də oğlu ilə
gətirib. – Paşazadə fərəhlə dilləndi.
- Vallah qızıl oğlansan. – yarı gerçək, yarı istehzalı danışan polkovnik-
leytenant ayağa qalxıb pəncərə önündə dayandı. Eyvazova baxaraq
dedi– Ekspertlərin rəyini oxu.
- Baş üstə! - qovluğu əlinə alıb stulda əyləşdi. Burada qeyd olunur ki,
həqiqətən də torpaq nümunələri arasında 99% oxşarlıq var. Bu o
deməkdir ki, cinayət törədilmiş yerdən tapılmış torpaq qalığı ilə həm
fabrikdən mənim nümunə olaraq verdiyim torpaq parçası, həm də
Səyavuş bəyin ayaqqabısının altından alınmış torpaq nümunəsi ilə
eynilik təşkil edir. Lakin hadisə yerindən tapılmış ayaqqabı izi ilə
Səyavuş bəyin ayaqqabısının izi eyni deyil. Səyavuş bəyin ayaqqabısı
həm də pəncəsiz olmağı ilə həmin ayaqqabı izindən fərqlənir. Həmin
gün Səyacuş ayrı ayaqqabıd olsaydı da yenə də tapılan ayaqqabı izi ilə
eyni olmayacaqdı. Qeyd etdiyim kimi, qatilin ayağı 46 ölçülü olmaqla
yanaşı həm də pəncəlidir. Səyavuşun isə ayağı pəncəsizdir.
- Dayan! – polkovnik-leytenant qəfildən Eyvazovun nitqini yarımçıq
qoydu. – Belə çıxır ki, həmin gecə Səyavuş orada olmayıb?
- Görünür ki, elədir.
- Bəs onda xalça üzərindən tapılan torpaq qalığı? O ki, Səyavuşun
ayaqqabısındakı torpaqla, üstəlik fabrikin torpağı ilə eynidir.
- Yoldaş polkovnik-leytenant mənə elə gəlir ki, Səyavuş burada
günahsızdır. Torpaq xalça üzərinə Vahid bəylə ölümündən 3-4 gün
əvvəl həmin kabinetdə keçirdiyi söhbət zamanı da düşə bilərdi. –
Mayor Paşazadə dedi.
- Bildiyinizə görə xadimə həmin evə həftədə yalnız bir dəfə baş çəkir.
Bu isə o deməkdir ki, Səyavuşla Vahid bəyin məhz həmin kabinetdə
görüşləri olmuşdu. Ya görüşündən sonra xadimə orada olmayıb, ya da
xadimə həmin həftəni işə gəlməyib.
- Bu dəfə gərək özüm xadiməni danışdırım. Unutmayın, Qüsursuz
cinayət yoxdur. Qatil mütləq nədəsə səhv edir. Bizim işimizdə isə o
ayaqqabı izini səhv olaraq buraxıb. Daha bir neçə bu növ səhvlər aşkar
etsək bir o qədər tez qatili həbs edərik.
- Sizinlə tamamilə razıyıq Asif müəllim. Bu arada onu da deyim ki,
xadiməni xəstəxanadan vaxtından əvvəl buraxıblar.
- Lap yaxşı xadimə nahardan sonra burda olsun. O zamanadək Faiq
bəyin ifadəsini alaq.
Eyvazov cəld dəhlizə çıxdı. Məmmədzadə yenidən pəncərə önünə keçdi.
Hikmət isə qovluqdakı sənədləri daha da dərindən oxuyur, nəyisə beynində
götür qoy edirdi. Bu an Qədir alçaq boy, dolu bədənli, qara saçı ağ saçları
arasından güclə seçilən, çənəsində və burnunun altında seyrək saqqalı olan,
bahalı kostyum geyinmiş şəxslə otağa daxil oldu. Qədir əli ilə həmin şəxsi işarə
edib:
- Cənab polkovnik-leytenant sizə Faiq bəyi təqdim edirəm.
- Keçin əyləşin! – Məmmədzadə qarşısında dayanmış boynu yoğun
kişiyə stulda yer göstərdi. Özü də onunla üz -üzə əyləşdi. – Özünüzü
təqdim edin!
- Faiq bəy İsabala oğlu İsayev. 1956-cı il təvəllüdüyəm. Bir oğlum, üç
qızım, iki nəvəm var. – mehribancasına dilləndi.
Dostları ilə paylaş: |