- 8 -
aprior (təcrübədən kənar) sintetik mühakimələr aiddir. Məsələn,
bütün riyazi mühakimlər aprior olmaqla yanaşı, həm də
sintetikdir. Bu kontekstdə Kant xalis, yəni təcrübədən kənar
biliklərin təsnifatını verir və kitab da buna uyğun olaraq üç
hissəyə bölünür: transsendental estetika, analitika və dialektika.
Kantın idrak nəzəriyyəsinə daxil etdiyi yeni kateqoriyalar
bütün sonrakı qnoseologiyanın mərkəzində dayanmış, müasir
epistemologiyanın formalaşmasına xidmət etmişdir. Lakin Kan-
tın tədqiqatları idrak prosesinin öyrənilməsi ilə bitmir. O,
insanın praktik həyatını, əməli fəaliyyət sferasını da zəka
zirvəsindən təhlil edir və özünün məşhur «Praktik zəkanın
tənqidi» əsərində etika problemlərini ön plana çəkir. Məşhur
Kant antinomiyalarının əxlaq sferasına tətbiqi insan mənəvi
aləminin dialektik mənzərəsini yaradır. Kantın estetik təlimi də
bu gün öz müasirliyini itirməmişdir. Gözəlliyi
məqsədəuyğunluq forması kimi qiymətləndirən Kant estetik
meyarları əməli və əxlaqi sferalara tətbiq edir.
Kant ideyaları heç də təkcə kantçılıq və yeni kantçılıq
təlimlərində davam etdirilmir. XX əsrin bir çox böyük fəlsəfi
cərəyanları: fenomenologiya, analitik fəlsəfə, germenevtika,
hətta freydizm də Kant fəlsəfəsinin güclü təsiri altında for-
malaşmışdır. Maraqlıdır ki, Kant təlimi hətta bir sıra teoloji
cərəyanlar üçün də elmi baza kimi götürülür, Kant etikası yeni
dini istiqamət – «əxlaqi din» kimi qəbul olunur. Kantın məşhur
«inam üçün yer təmizləmək naminə biliyi məhdudlaşdırmaq
lazım gəldi», – fikri teologiyanın xeyrinə mühakimə kimi
qiymətləndirilir. Halbuki, Kant «dini ancaq zəka çərçivəsində»
qəbul edirdi.
Bu qədər müxtəlif, hətta bir-birinə zidd olan fəlsəfi cərə-
yanların Kant təlimindən bəhrələnməsi ilk növbədə bu təlimin
mürəkkəb və çoxpilləli strukturu ilə, əksiklikləri özündə ehtiva
etməsi ilə əlaqədardır. Özündən sonrakı fəlsəfəyə və filosoflara
böyük təsirinin nəticəsidir ki, müasir dövrdə böyük nüfuz
qazanmış bir çox canlı klassiklərin adı başqaları ilə yox, məhz
Kantla yanaşı, onun davamçısı kimi çəkilir. «Kant və
Haydeqqer», «Kant və Husserl», «Kant və Qadamer», «Kant və
Kassirer» və s., və s. Əlamətdar haldır ki, oxuculara təqdim
etdiyimiz kitabda da belə bir paralel aparılır: «Kant və
- 9 -
Sührəvərdi». Bununla yanaşı, göstərilir ki, burada Kant öz
xələfləri ilə deyil, sələfi ilə – ondan altı əsr əvvəl yaşamış
böyük Azərbaycan filosofu ilə müqayisə olunur. Lakin
Azərbaycanda Kant ideyalarını müəyyən məqamlarda
qabaqlamış şəxslərlə yanaşı, bu gün bu ideyaları qəbul edən,
bölüşən və onun davamçısı, tədqiqatçısı olan şəxslər də az
deyil. Həm də Kanta olan maraq günü-gündən artır.
Kant fəlsəfi təliminin aspektləri çoxdur. Lakin bu gün ən
çox diqqəti çəkən və Kantı bizim böyük müasirimiz edən
təlimlərdən biri onun ümumdünya vətəndaş cəmiyyəti haq-
qında, insan azadlığı haqqında, mədəniyyətin və mənəvi kamil-
liyin dövlətçilikdə rolu haqqında yazdıqlarıdır. Kantın
«Ümumdünya vətəndaş planı»nda ümumi tarix ideyası» adlı
əsəri çağdaş dövlət quruculuğu prosesində, dünyada gedən
qloballaşma prosesinin mahiyyətinin dərk olunmasında böyük
rol oynayır. Kant azadlıq ideyasının ictimai münasibətlərdə bər-
qərar olmasını ilk növbədə düşüncə azadlığı ilə əlaqələndirir.
Bizcə, Kantın özü öz misilsiz fəlsəfi yaradıcılığı ilə azad
düşüncənin nəyə qadir olduğunu gözəl nümayiş etdirmişdir.
Bu gün Azərbaycanda Kant fəlsəfəsinə münasibəti iki
aspektdə nəzərdən keçirmək olar. Birincisi, Kant fəlsəfəsinin
əsaslarının öyrədilməsi, dərsliklərdə və dərs vəsaitlərində bu
sahənin daha aydın və geniş şərh olunması vacibdir. İkincisi,
bütün dünya ölkələri kimi, ölkəmizin fəlsəfə mütəxəssisləri də
Kant ideyalarının tədqiq olunması və inkişaf etdirilməsi
sahəsində öz xidmətlərini əsirgəməməlidirlər; oxuculara təqdim
olunan bu kitab məhz belə bir məqsədə xidmət edir.
Orta əsrlərdə bütün İslam şərqində olduğu kimi, Azər-
baycanda da fəlsəfi fikir əsasən iki istiqamətdə inkişaf etmişdir.
Bir tərəfdən, qədim yunan fəlsəfəsinin təsiri ilə məntiq və
metafizika problemlərinə geniş yer ayrılmış, digər tərəfdən də,
islam ehkamlarının təsiri ilə kəlamçılıq inkişaf etmiş, Quranın
düzgün təfsiri məsələsi ön plana çəkilmişdir. Bununla belə, bu
iki qütb arasında bir sıra başqa fəlsəfi təlimlər də meydana gəl-
mişdir. Buna ən parlaq misal sufilik və işraqilikdir.
Müasir Qərb fəlsəfəsində dini-mistik düşüncəyə, qədim
Şərq təlimlərinə, o cümlədən, təsəvvüf və işraqilik fəlsəfəsinə
meyl getdikcə artmaqdadır. Daha çox elm fəlsəfəsinə,
- 10 -
epistemologiya problemlərinə üstünlük verən, ilahiyyat və me-
tafizika problemlərindən qaçmağa çalışan Qərb tədqiqatçıları
son dövrlərdə insan mənəvi aləminin (Mən-in) öyrənilməsinə,
şüur fəlsəfəsinə, özünüdərk problemlərinə geniş yer verməyə
başlamışlar. Yeni problemlərə keçid orta əsrlərin islam
filosoflarının elmi-fəlsəfi irsini xeyli aktuallaşdırmışdır. Bu
baxımdan, son illərdə Avropa ölkələrindəki konfransların
proqramına işraqlik təlimi ilə əlaqədar məruzələrin daxil
edilməsi xüsusi diqqətə layiqdir. Ona görə də, prof.S.Xəlilovun
Oksford Universitetində
və Hollandiyanın Nicmegen
Universitetində etdiyi məruzələrin mətnini ingilis dilində son
söz əvəzi kimi kitaba daxil etməsi əsərin aktuallığını daha da
artırır.
Orta əsr Azərbaycan fəlsəfi fikrinin böyük nümayəndəsi
Şihabəddin Yəhya Sührəvərdinin irsinə maraq getdikcə artır.
Avropada və ABŞ-da onun əsərlərinin yenidən çap olunması və
İşraqilik fəlsəfəsinin şərhinə həsr olunmuş yeni-yeni kitablar
çıxması göstərir ki, orta əsrlərdə irəli sürülmüş konsepsiyalar
hələ də öz elmi-fəlsəfi dəyərini itirməmişdir.
Müəllif işraqiliklə yanaşı, orta əsrlərdə daha geniş yayıl-
mış olan təsəvvüf fəlsəfəsinə də müraciət etmişdir. Sufizmin
bütün aspektləri nəzərdən keçirilməsə də, onun eşq probleminə
münasibəti müasir dövrün «məhəbbət» anlamı kontekstində
təhlil edilmişdir. S.Xəlilov böyük Azərbaycan filosofu
Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik
yubileyi münasibəti ilə İşraq fəlsəfəsinə həsr olunmuş
təqdiqatlarını ayrıca bir fəsil kimi kitaba daxil etmiş və işraqilik
təlimini müasir Qərb fəlsəfi sistemləri ilə müqayisədə nəzərdən
keçirmişdir ki, bu da kitabın ümumi ruhuna tamamilə uyğun
gəlir. H.Cavid və C.Cabbarlının fəlsəfi dünyagörüşlərinin həm
ayrılıqda, həm də qarşılıqlı surətdə və qərb mütəfəkkirləri ilə
müqayisəli şəkildə şərhi də Azərbaycan fəlsəfi fikir tarixi üçün
uğurlu addım hesab oluna bilər.
Kitabda habelə böyük ingilis mütəfəkkiri Con Lokkun
fəlsəfi təliminə münasibət bildirilmiş, xüsusən onun dini-fəlsəfi
fikirləri ilk dəfə olaraq Azərbaycan dilində şərh olunmuşdur.
Con Lokk Yeni dövrün məfkurə əsasını qoyan böyük
filosoflardan biridir. Azərbaycanın Avropaya inteqrasiya
Dostları ilə paylaş: |