Fəsil 18. İNstitusional-sosioloji İSTİqamət sosial iNstitusionaliZMİn meydana gəLMƏSİ VƏ mahiYYƏTİ


§ 1. Təklif iqtisadiyyatı nəzəriyyəsi



Yüklə 431,84 Kb.
səhifə5/6
tarix27.10.2017
ölçüsü431,84 Kb.
#7005
1   2   3   4   5   6
§ 1. Təklif iqtisadiyyatı nəzəriyyəsi
XX əsrin 70-ci illərində yaranan nəzəriyyələrdən biri iqtisadi təklif (A.Laffer) nəzəriyyəsidir. Təklif iqtisadiyyatı nəzəriyyəsinin tərəfdarları da Fridmen tərəfindən yaradılmış metodoloji prinsipə əsaslanmışlar. Monetarizmin və təklif nəzəriyyəsinin hər ikisinin eyni metodoloji və ideya mövqeyindən çıxış etmələrinə baxmayaraq iqtisadi problemlərə baxışlarındakı fərqə görə bir-birindən fərqlənirlər.

Təklif nəzəriyyəsinin ən mühüm xidməti - iqtisadi artım probleminin əsaslı surətdə öyrənilməsidir. Təklif nəzəriyyəsinin monetarizmdən fərqli cəhəti, onun nümayəndələrinin istehsal amillərinin (kapital və iş qüvvəsi) təklifinin uzunmüddətli dövlət tənzimlənməsini, vergi dərəcəsini aşağı salmağı və məhdud pul siyasətinin yeridilməsini zəruri hesab etmələridir. İqtisadi təklif nəzəriyyəsi məcmu təklifi öyrənən cərəyandır. Onun mahiyyəti məcmu təklifi stimullaşdırmaq, istehsalı və məşğulluğu fəallaşdırmaqdır. Bu nəzəriyyənin tərəfdarları bazarı - iqtisadiyyatın təşkilinin ən səmərəli üsulu və təbii qərarlaşmış iqtisadi fəaliyyət sistemi kimi qələmə verirlər.

Təklif nəzəriyyəsinin nümayəndələri monetarizm tərəfindən yaradılmış işsizlik, inflyasiya və iqtisadiyyatın dövlət tənzimləməsi konsepsiyalarına bəzi əlavələr etmişlər. Bu nəzəriyyənin tərəfdarları qeyd edirlər ki, təbii işsiliyin əsas amili dövlətin sosial təminat sistemidir. Geniş miqyaslı sosial proqrama dövlət büdcəsinin xərclərinin artması, sonuncuya isə vergi rüsumlarının yüksək dərəcəsinin səbəbi kimi baxırlar. Vergi dərəcələri yüksək olduqda vergilər ödənildikdən sonra real gəlirlərin səviyyəsi azad əmək bazarı üçün səciyyəvi olan kəmiyyətdən aşağı düşür, işə cazibədarlıq və əmək haqqı işləməmə ilə müqayisədə azalır. Bu vaxt real gəlirlərlə təmin olunmamış əhalinin çox hissəsi könüllü işsizlər sırasına keçir. Bundan başqa, sosial məqsədlər üçün əlavə dövlət xərcləri məcmu gəlirdə yığımın payını azaldır. Nəticədə kredit resurslarının həcminin azalması iqtisadi artımın zəifləməsinə səbəb olur və məşğulluğa mənfi təsir edir.

Monetaristlərdən fərqli olaraq təklif nəzəriyyəsinin yaradıcıları gözlənilməyən inflyasiyanın əsas səbəbini yüksək vergi dərəcəsinin və istehsal məsrəflərinin gözlənilmədən dəyişməsinə səbəb olan dövlət fəaliyyətində görürlər.

Təklif nəzəriyyəsinin nümayəndələri büdcə kəsirini tamamilə qəbul etmirlər. Dövlətə gözlənilməyən inflyasiyanın büdcə kanalını tam kəsməyi və pul təklifini başqa yolla, kəsiri nəzərə almayaraq dəyişməyi tövsiyə edirlər.

Yeni konservativ iqtisadi artım nəzəriyyəsini tamamilə təklif nəzəriyyəsinin nümayəndələri işləyib hazırlamışdır. Bu nəzəriyyədə mərkəzi yeri yığım problemi tutur. Onlar yığımın çatışmamasına iqtisadi artımın zəifləməsinin əsas səbəbi kimi baxırlar və yığım kəsirini vergi sisteminin qeyri-mükəmməlliyi ilə əlaqələndirirlər.

Təklif nəzəriyyəsinin tərəfdarları dövlətə yığımı vergi islahatının köməyi ilə dövlətin sosial xərclərini azaltmaqla, büdcə kəsirini aradan qaldırmaqla artırmağa imkan yaratmağı tövsiyə edirlər. Onlar amortizasiyanı sürətləndirmək siyasətilə istehsalın stimullaşdırılmasına xüsusi əhəmiyyət verirlər. Dövlətdən vergi tənzimlənməsi ilə bazar sisteminin normal fəaliyyətini təmin etməyi tələb edirlər. Vergiləri aşağı salmaq yolu ilə iqtisadiyyatı stimullaşdırmağın yüksək səmərəliliyini qeyd edirlər. Onlar büdcə siyasətini pul siyasətindən ayırırlar. Monetarizmin uzunmüddətli pul siyasətinin mütləqləşdirilməsinə qarşı çıxırlar. Qeyd edirlər ki, əgər bazar mexanizminin azad fəaliyyəti qeyri-təkmil vergi sistemi ilə pozularsa, pul siyasəti özlüyündə onun fəaliyyətinə qəti təminat vermir. Pul tənzimlənməsi arzu olunan nəticəni yalnız yeni vergi siyasətilə əlaqələndirdikdə verir. Göstərirlər ki, inflyasiyasız iqtisadi artımın hərəkətverici qüvvəsi təklif nəzəriyyəsinə uyğun olan və pul kütləsinin artım sürətinin azalması ilə möhkəmləndirilmiş vergi stimuludur.

Təklif nəzəriyyəsində "Laffer səmərəsi" son dərəcə mühüm yer tutur. Vergi tənzimlənməsi konsepsiyası ilə büdcənin tarazlığı prinsipi arasındakı əlaqənin əsas xətti onun üzərindən keçir. Vergi tənzimlənməsi təklif nəzəriyyəsinin mərkəzində durmuş, tarazlı büdcə prinsipi isə inflyasiya və iqtisadi artım konsepsiyalarının əsasını təşkil etmişdi. Təklif nəzəriyyəsinin nümayəndələrinin iqtisadiyyatın dövlət tənzimlənməsi sisteminə münasibəti ondan ibarətdir ki, bu tənzimləmə uzunmuddətli xarakterə malik olmalı və məcmu tələbin antitsiklik idarə olunmasına yox, əmtəələrin, kapitalların və digər istehsal amillərinin təklifinin stimullaşdırılmasına yönəldilməlidir.


§ 2. SƏMƏRƏLİ GÖZLƏMƏ NƏZƏRİYYƏSİ
XX əsrin 70-ci illərinin ortalarından makroiqtisadi nəzəriyyələr sırasına yeni bir nəzəriyyə də daxil olmuşdu. Bu tələbin idarə olunmasının ənənəvi keynsçi nəzəriyyəsi - amerikan iqtisadiyyatının makroiqtisadi problemlərinin səmərəli həll edə bilmədiyi, keynsçi siyasətin inflyasiya ilə səciyyələndiyi dövrdə ABŞ-da yaranmış səmərəli gözləmə nəzəriyyəsidir. Onun görkəmli nümayəndələri R.Lukas, T.Sarcent, N.Uolles, C.Mut və başqaları olmuşdu. T.Lukas 1996-cı ildə Nobel mükafatı almışdı. Bu nəzəriyyənin adı iqtisadi vəziyyətin dəyişməsinə təsərrüfat subyektlərinin münasibətinin xarakterini əks etdirir. Şəxsin özünün əvvəlki təcrübəsini nəzərə alan, bütün mövcud informasiyanı istifadə edən, sonra isə iqtisadi vəziyyətin inkişafının mümkün istiqamətini müəyyən dərəcədə görməyi bacaran münasibət səmərəli adlanır. Səmərəli gözləmə anlayışını ilk dəfə iqtisadi ədəbiyyata 1961-ci ildə C.F.Mut gətirmişdi. Səmərəli gözləmə nəzəriyyəsi "yeni klassik makroiqtisadi nəzəriyyə" də adlanır və bəziləri buna gələcəyin nüfuzlu nəzəriyyəsi kimi böyük ümid bəsləyir. Səmərəli gözləmə nəzəriyyəsi metodoloji əsası monetarizmlə eyni olan neoklassik təsəvvürlü makroiqtisadi nəzəriyyədir. Bu nəzəriyyə prinsipcə neoklassik istiqamət kimi azad sahibkarlıq konsepsiyasına və iqtisadiyyatın öz-özünə bazar tənzimlənməsinə əsaslanmışdı. O həm də mikroiqtisadi nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyə iqtisadçıların çoxdan gözlədiyi makro və mikro nəzəriyyələr arasında əlaqə yaratmağa çalışır. Səmərəli gözləmə nəzəriyyəsi təklif siyasətinin köməyi, iqtisadi sabitsizliyin həll edilməsini mümkün hesab edən konsepsiyalarla təmsil olunduğundan diqqəti cəlb etmişdi. Səmərəli gözləmə nəzəriyyəçilərinin fikrincə dövlət iqtisadiyyata nə qədər az müdaxilə edərsə o qədər yaxşıdır. Hesab edirlər ki, məhz bu müdaxilə iqtisadiyyatın sabitliyini pozur, onu daima şok vəziyyətinə salır. Onlar son dövrlərin inflyasiyasının sürətini isə tamamilə təklif və qiymətlə əlaqədar olan təsadüfi şoklarla izah etmişlər.

Səmərəli gözləmə nəzəriyyəsi Keynsin makroiqtisadi nəzəri­y­yə­­sini tənqid edən və ona alternativ olan nəzəriyyədir. Səmərəli göz­ləmə nəzəriyyəçiləri monetarist qaydanın xeyrinə keynsçi diskretsion siyasətdən imtina etməyi məqsədəuyğun hesab edirlər. Onlar göstərirlər ki, diskresion siyasət iqtisadi sabitsizliyi gücləndirir.

Səmərəli gözləmə nəzəriyyəçilərinin dəlillərinə görə keynsçi ucuz pul siyasəti istehsalın real həcminin və məşğulluğun arzu olu­nan artımına deyil, inflyasiyaya səbəb olmuşdu. Bu nəzəriyyəyə görə bazar subyektləri ekspansiya siyasətinin qiymətlərin artmasını görə bilir və əmtəələrin qiymətinə, nominal əmək haqqı də­rə­cəsinə, nominal faiz dərəcələrinə aid olan qərar qəbul edərək onun gözlənilən nəticələrini nəzərə alır. Səmərəli gözləmə nəzəriy­yə­çiləri göstərirlər ki, məcmu təklif əyrisi şaquli xəttdir və məcmu tələ­bin genişlənməsi dərhal qiymətin səviyyəsinin uyğun artmasına səbəb olur, ona görə də istehsalın həcmi ölkədə dəyişməz qalır.

Səmərəli gözləmə nəzəriyyəçiləri əsaslı surətdə aşağıdakı müddəa xarakterli ilkin şərtlərə əsaslanmışlar: təsərrüfat prosesinin iştirakçıları iqtisadiyyatın necə fəaliyyət göstərdiyini başa düşür; siyasi və digər dəyişikliklərin gələcək nəticələrini qiymətləndirməyi bacarır; özlərinin mənafeyinə cavab verən davranış xəttini seçə bilir. Səmərəli gözləmə nəzəriyyəsinə "yeni klassik makroiqtisadi nəzəriyyə" xarakteri verən müddəa isə onların yüksək bazar rəqabətliliyinə malik olmasıdır; qiymət və əmək haqqının səviyyəsi isə "tələb və təklifin dəyişməsinə dərhal uyğunlaşır" fikrində olmalarıdır.

Səmərəli gözləmə nəzəriyyəsinin əsasını "əhalinin özünün ümidinə ümumi münasibəti diskretsion sabitləşdirmə siyasətini səmərəsiz edir" müddəası təşkil edir. Bu nəzəriyyəyə görə siyasətin səmərəsizliyi siyasi səhvlərlə, yaxud vaxtında qərar qəbul etməyi bacarmamaqla deyil, bu siyasətin gözlənilən nəticələrinə insanların münasibətləri ilə şərtlənir. Səmərəli gözləmə nəzəriyyəçiləri göstərirlər ki, əhali sabitləşdirmə siyasətinin gözlənilən nəticələrinə münasibət bildirdikdə, onun səmərəliliyi sıfra bərabər olur.

Beləliklə, iqtisadiyyatın makroiqtisadi problemlərinə səmərəli gözləmə nəzəriyyəsi mövqeyindən yanaşma istər-istəməz aşağıdakı ən radikal antikeynsçi nəticələrə gətirib çıxarır: Hökumət ancaq inflyasiyanın sürəti kimi nominal dəyişikliklərə təsir etməyi bacarır, lakin onlar istehsal və məşğulluq kimi real kəmiyyətlərə müna­si­bət­də gücsüzdür; antitsiklik sabitləşdirmə siyasətini həyata keçirmək üçün heç bir imkan yoxdur. Bunlar isə səmərəli gözləmə nəzəriyyəsinin "yeni klassik makroiqtisadiyyat" adını almasını təbii edir.

Səmərəli gözləmə nəzəriyyəçiləri iqtisadi nəzəriyyədə hamının qəbul etdiyi insanların davranışlarında özlərini səmərəli aparmaları qənaətini əsas götürərək öz diqqətlərini hər şeydən əvvəl cari inflyasiyaya, xüsusən də iqtisadi siyasətin təntənə ilə deyilən tədbirlərinə, pul kütləsinin elan edilmiş artım istiqamətlərinə, valyuta kursunun dinamikasına cəmləşdirmişlər. Onlar hesab edirlər ki, səmərəli davranan iqtisadi subyektlər (sahibkarlar, istehlakçılar və fəhlələr) inflyasiyanın həqiqi inkişafına əks olan hər hansı sxem əsasında qiymət gözləməsini yaratmırlar. Bazar subyektləri onların pul mənafelərinə məxsus olan predmetlərə dair gözləmə yaratdıqda informasiya toplayır və dərk edir. Son nəticədə iqtisadi subyektlər, onların əlində inflyasiya prosesinə aid olan bütün bu infor­ma­siyaların onların şəxsi mənafelərinə uyğun olan qərarları qəbul etmək üçün səmərəli istifadə etmək imkanlarına malik olurlar.

Səmərəli gözləmə nəzəriyyəsi praktiki olaraq siyasətçilərin inflyasiya və işsizlik arasında seçmə yol verən istənilən variantlarından imtina etmək deməkdir. Bu nəzəriyyə işsizliyin təbii səviyyəsi fərziyyəsinin variantlarından biridir. Təbii səviyyə fərziyyəsi işsizliyin və inflyasiyanın yüksək artım sürətlərinin eyni zamanda baş verməsini, daha doğrusu, iqtisadiyyatın staqflyasiya vəziyyətində olmasını mümkün sayır.

Təbii səviyyə fərziyyəsinin digər variantı uyğunlaşdırılmış göz­­­­­­­lə­mə nəzəriyyəsidir. Bu nəzəriyyə M.Fridmen tərəfindən irəli sü­rül­müşdü. Uyğunlaşdırılmış gözləmə nəzəriyyəsi güman edir ki, no­mi­nal əmək haqqının dəyişməsi qiymətin səviyyəsindəki dəyi­şik­lik­dən geri qalır. Məhz bu vaxt qalığı mənfəətin yüksəldilməsini müm­kün edir ki, bu da öz növbəsində məşğulluğu müvəqqəti stimul­laş­dırır. Lakin nominal əmək haqqı bir az keçəndən sonra mənfəətin azalmasına səbəb olmaqla istehsala və məşğulluğa olan qısamüd­dət­li stimulu ləğv edərək yüksələcəkdir. Buna görə də uzunmüd­dətli planda inflyasiya və işsizliyin səviyyəsi arasında alternativlik yoxdur. Uzunmüddətli Fillips əyrisi şaquli düz xətt şəklindədir. Bu isə o deməkdir ki, Keynsin stimullaşdırıcı siyasəti işsizliyin səviy­yə­si­ni azaltmaq əvəzinə inflyasiyanın getdikcə artmasına gətirib çıxarır.

Uyğunlaşdırılmış gözləmə nəzəriyyəsində yalnız qısamüddətli planda inflyasiyanın və işsizliyin alternativliyi mümkün sayılır. Lakin uzunmüddətli planda bu cür alternativliyin olmadığı qeyd olunur. Səmərəli gözləmə nəzəriyyəçiləri isə göstərirlər ki, makroiqtisadi siyasət, onun nəticələri fəhlələr tərəfindən əvvəlcədən nəzərə alındığından (səmərəsiz olması üzündən) inflyasiya və işsizlik arasında hətta qısa müddətdə də alternativ əlaqə yoxdur.

İşsizliyin səviyyəsini təbii səviyyədən aşağı salmağa göstərilən hər cür cəhd Fillips əyrisini pozan qüvvələri hərəkətə gətirir və onu sağa çəkir: Fillips əyrisinə görə işsizlik və inflyasiya arasında sabit alternativ əks əlaqə mövcuddur, daha doğrusu hər ikisi eyni zamanda baş vermir və onlar əks istiqamətdə dəyişir. Fillips əyrisi modelində inflyasiyanın yüksək səviyyəsi adətən işsizliyin səviyyəsinin azalması ilə müşayiət olunur.

Beləliklə, təbii səviyyə fərziyyəsinin səmərəli gözləmə ehtimalı­na əsaslanan variantının tərəfdarları hesab edirlər ki, işçilər stimul­laş­dırıcı siyasətin inflyasiyalı səmərəsini görürlər. Bu nominal əmək haq­qının artırılması tələblərində əks etdirilir, nəticədə qısa müd­dət­də məşğulluğun heç bir artımı olmur. Uyğunlaşdırılmış gözləmə varian­tının tərəfdarları hesab edirlər ki, Fillips əyrisində əks olunmuş ənənəvi əlaqələr mövcud deyil. Tələbin idarə olunmasına aid stimul­laş­­dırıcı siyasət işsizliyi tez bir zamanda sabit azaltmadan inflya­si­yanın artmasına səbəb olur.

Deməli, təbii səviyyə fərziyyəsinin müxtəlif variantlarının (səmərəli gözləmə və uyğunlaşdırılmış gözləmə) birgə gəldikləri nəticəyə əsasən tələbin stimullaşdırılması siyasəti uzunmüddətli planda istehsalın real həcminə və məşğulluğa təsir göstərə bilmir, ancaq yalnız qiymətin səviyyəsinə təsir göstərə bilir.

§ 3. NEOKLASSİK SİNTEZ NƏZƏRİYYƏSİ
İqtisad elmində kök salmış makroiqtisadi nəzəriyyələr iqtisadiyyatın necə fəaliyyət göstərdiyini izah etməkdə öz aralarında rəqabət aparan və biri-digərinə alternativ olan nəzəriyyələr olmuşdu. Bu nəzəriyyələrə neoklassik, keynsçi, monetarist, təklif iqtisadiyyatı və səmərəli gözləmə nəzəriyyələri daxildir. Bu nəzəriyyələr, xüsusən də neoklassik və keynsçilik daim təkamülə uğramış, inkişaf edib təkmilləşmişdi. Hər bir nəzəriyyənin tərəfdarları iqtisadiyyatın makroiqtisadi problemlərinə aid olan əsas müddəalara vaxtaşırı yenidən baxıb, öz mövqelərində dəyişikliklər etməklə mühüm kompromislərə nail olmuşlar. Lakin monetarizm və səmərəli gözləmə nəzəriyyəsinin makroiqtisadi siyasətə güclü təsir göstərməsinə baxmayaraq, hamı tərəfindən qəbul olunmuş nöqtey-nəzər öz əmələ gəlməsi ilə keynsçilikdə qalmışdı.

İqtisadi nəzəriyyələrin təkamülünün indiki son mərhələsində onun ənənəvi istiqamətlərinin - keynsçiliyin və neoklassizmin ünva­nı­na tənqid getdikcə artmışdı. Bununla yanaşı, onların əsasında kon­sepsiyaların yeni variantlarının, iqtisadi doktrinanın yenidən qiy­mət­ləndirilməsi, iqtisadiyyatın tənzimlənməsinin yeni metodlarının ya­radılması prosesi gedir. XX əsrin 80-cı illərinin əvvəllərindən mü­ha­­­fizəkar meyllər, iqtisadi nəzəriyyədə azad sahibkarlıq iqtisadiyyatı bayrağı altında yeni mühafizəkar istiqamət olduqca güclənmişdi. Nəticədə ön plana neoklassik yönümlü təklif iqtisadiyyatı və səmərəli gözləmə nəzəriyyələri keçmişdi.

Müasir dövrdə həm də istiqamətlər, cərəyanlar və məktəblər arasındakı hüdudların silinməsi prosesi gedir. Çünki əsas istiqamətlərdən heç biri müasir iqtisadiyyatın həqiqi vəziyyətini əks etdirmir. Onların hər biri bu və ya digər real prosesləri əsas götürür və bu prosesləri birtərəfli izah edirlər. Ona görə də müasir dövrdə iqtisadi proseslərin mürəkkəbləşməsi, müəssisələrin iriləşməsi, satış probleminin kəskinləşməsi ilə iqtisadi problemlərin praktiki həllinin çətinləşməsi üzündən müxtəlif istiqamətlərin yaxınlaşma və sintez prosesi güclənmişdi. Bu yaxınlaşmanın obyektiv əsası praktiki vəzifələrin həllində dövlətin rolunun artmasıdır.

Əsas istiqamətlərin sintezləşməsinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Müasir dövrdə müxtəlif istiqamətin iqti­­sadçıları öz diqqətlərini iqtisadi artım, onun amilləri və nəticələri, inhisarlar, dünya iqtisadiyyatı, inkişaf edən ölkələrin iqtisadi prob­lem­ləri, ətraf mühitin mühafizəsi məsələləri kimi aktual problemlərə cəmləşdirmişdir.

Neoklassizm və keynsçilik sintezinin əsasını neokeynsçi iqtisadçılar (Nobel mükafatı laureatları C.Xiks və P.Samuelson) qoy­muş­du. Onlar Keynsin nəzəriyyəsinə neoklassik təsvir vermiş, onu neoklassik iqtisadçı adlandırmış və onun iqtisadi nəzəriy­yə­si­nin neoklassik ənənələri və kökləri haqqında danışmışlar. "Neoklas­sik sintez" anlayışı ilk dəfə 1937-ci ildə ingilis iqtisadçısı C.Xiks tə­rə­findən işlənilmişdi. Neoklassik sintez keynsin nəzəriyyəsilə neoklas­sik iqtisadi artım nəzəriyyəsinin sintezidir. Neoklassik sintez Keynsin nəzəriyyəsini "Natamam işsizlik" şəraitində müvazinət nəzəriyyəsi kimi şərh etmişdi. Keynsin nəzəriyyəsinin bu cür izah edilməsi müharibədən sonra hakim istiqamət olmuş və iqtisadi siyasətin əsas prinsiplərini formalaşdıran ortodoksal keynsçiliyin inkişafına səbəb olmuşdu.

Neoklassik sintezin görkəmli təbliğatçısı və yaradıcılarından biri amerikan iqtisadçısı P.Samuelson olmuşdu. O, 50-ci illərin əvvəlində keynsçiliyin və neoklassizmin bir vahid istiqamətdə birləşməsinin zəruriliyini əsaslandırmışdı. Neoklassizmin və keyns­çi­liyin yaxşılaşmasının və sintezinin aydın ifadəsi, onun "neoklassik sintez" nəzəriyyəsi oldu. P.Samuelsonun "Neoklassik sintez" nəzə­riy­yəsi iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin mühüm qolu olmaq şərtilə iki istiqamətin əsas prinsiplərinin əlaqələndirilməsidir. Samu­elsonun "Neoklassik sintez" nəzəriyyəsinin əsasını keynsçi səmə­rəli tələb nəzəriyyəsi ilə neoklassik istehsal və bölgü nəzəriy­yə­sinin birləşməsi təşkil edir. P.Samuelson özünün nəzəriyyəsinə həm­çinin elmi-texniki inqilaba böyük əhəmiyyət verən institusionaliz­min müasir nəzəriyyəçisi C.Helbreytin əsas ideyalarını da daxil etmişdi. Nəticədə xüsusi və dövlət sahibkarlığını əlaqələndirən qarışıq iqtisadiyyat yaranmışdı.

"Neoklassik sintez" - pul amili əlavə olmaqla natamam məşğulluq şəraitində tarazlıq nəzəriyyəsidir. Bu nəzəriyyədə fiskalizmin keynsçi ideyaları iqtisadiyyatı pul-kredit siyasətinin (faiz dərəcəsini dəyişmə, açıq bazarda əməliyyatları keçirmə və s.) köməyi ilə tənzimlənməsini nəzərdə tutan neoklassik konsepsiyaları ilə birləşmişdi. P.Samuelsonun fikrinə görə maliyyə siyasətinin vəzifəsi "ictimai əmtəələr" təklifi sferası üçün tənzimləyici tədbirləri təmin etməkdir. Dövlətin mikro aləmə müdaxiləsinin əsas məqsədi hökümət məsrəflərində optimallığa və dövlət, müəssisələr və cəmiyyətin ayrı-ayrı üzvləri arasında resursların səmərəli bölgüsünə və yenidən bölgüsünə nail olmaqdır.

Müasir dövrdə pulun iqtisadiyyatda oynadığı rol haqqında keynsçi və monetarist baxışlarda müəyyən yanaşma nəzərə çarpır. Pul haqqında ənənəvi keynsçi baxış olan "pul əhəmiyyət kəsb etmir" və yaxud ifrat monetarist ideya olan "yalnız pul əhəmiyyət kəsb edir" fikirlərinin olmasına baxmayaraq hər iki modellərdə pul xalis milli məhsulla eyni istiqamətdə təsir göstərir. Hər iki nəzəriyyəyə uyğun olaraq pul təklifinin genişlənməsi xalis milli məhsulu artırır və əksinə. Keynsçilik və monetarizm arasında mübahisə bu dəyişikliklərin kəmiyyəti mənasına cəmləşdirilmişdir.

Monetaristlərin sıxışdırılıb aradan çıxarılma səmərəsinə qarşı inamla mübarizə aparmaları sayəsində (nəticəsində) iqtisadçılar və siyasətçilər pul-kredit və fiskal siyasətin əlaqələndirilməsi zəruriliyini tam dərk etmişlər. Monetaristlər resursların yenidən bölgüsü və sabitləşmə vasitəsi kimi fiskal siyasəti rədd etmişlər. Onlar göstərirlər ki, fiskal siyasətin tam köməksizliyi və nəticəsizliyi sıxış­dı­rıb ortadan çıxartma səmərəsi ilə şərtlənmişdir. Monetaristlərin fikrincə dövlət istiqraz satmaqla, yəni əhalidən pul borc almaqla büdcə defisiti yaradır. Nəticədə isə dövlət borcu pula tələbi artırır, faiz dərəcəsini yüksəldir və beləliklə də özəl bölmədən mühüm miqdarda xüsusi kapital qoyuluşları sıxışdırılıb aradan çıxarılır. Əks halda bu mənfəət olur.

Əgər fiskal siyasət sıxışdırıb aradan çıxarma səmərəsi törədirsə, bu səbəbdən fiskal siyasətin səmərəliliyi azalırsa, onda xüsusi investisiyaların potensial sıxışdırılıb aradan çıxarılmasını bir təhər kənar etmək üçün uyğun olan pul-kredit siyasətinin eyni zamanda aparılması zərurəti görünür.

Bunlardan başqa bütün istiqamətlərin yaxınlaşması prosesi özü­nü həm də iqtisadçıların indi həm məcmu tələbin və həm də məc­mu təklifin təhlilinə əhəmiyyət vermələrində göstərir. Səmərəli gözləmə nəzəriyyəsi nəticəsində isə iqtisadçılar və siyasətçilər siya­sə­tin dəyişməsinin nəticələrinə, gözləmənin mümkün təsirinə, mik­­ro və makro nəzəriyyələr arasında əlaqələrə olduqca böyük əhəmiyyət yetirirlər.

FƏSİL 21. DÜNYA TƏSƏRRÜFATI HAQQINDA

NƏZƏRİYYƏLƏR
§1. DÜNYA TƏSƏRRÜFATININ NƏZƏRİ PROBLEMLƏRİ
Dünya təsərrüfatına dair çoxlu miqdarda müxtəlif problemləri bir sıra istiqamətlərinə görə qruplaşdırmaq olar. Buraya daxildir: xarici ticarət münasibətləri; beynəlxalq maliyyə və tədiyə balansı; gömrük müdafiəsinin optimal səviyyəsilə bağlı olan problemlər; valyuta kursu rejimi və optimal kurs problemləri; açıq iqtisadiyyatda müvazinət problemləri. Dünya təsərrüfatında ictimai məhsulun strukturu və dinamikasına, milli gəlirin bölgüsünə təsir problemləri, iqtisadi inteqrasiya problemləri, həmçinin bir çox başqa problemlər də bu qəbildəndir.

Ona görə də bunların hamısını bu mövzuda tam işıqlandırmaq mümkün deyil. Odur ki, dünya təsərrüfatı haqqında nəzəriyyələrin mövzuya daha münasiblərini nəzərdən keçirəcəyik. Bunlara əsasən aşağıdakılar aid edilir:

- xarici ticarət haqqında nəzəriyyələr;

- beynəlxalq maliyyə nəzəriyyəsi;

- beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyəsi.

Xarici ticarət haqqında nəzəriyyələr beynəlxalq əmtəə mübadiləsinin səbəbləri, quruluşu və səmərəliliyi haqqında məsələlərə cavab verməyə qabildir.

Dünya təsərrüfatının formalaşması bəşəriyyətin ictimai həyatının bütün sahələrindəki inkişafın qanunauyğun nəticəsidir. Bu, hər bir ölkənin daxili və xarici aləmində baş verən sosial-iqtisadi tərəqqi, təsərrüfat əlaqələrinin yaranması və inkişafı ilə bilavasitə bağlıdır. Burada ictimai əmək bölgüsünün eninə və dərininə inkişafı, onun beynəlxalq əmək bölgüsü səviyyəsinə yüksəlməsi sayəsində iqtisadi münasibətlərin dairəsi genişlənərək beynəlxalq xarakter almış, dünya təsərrüfatının formalaşmasında həlledici əhəmiyyət kəsb etmiş, iqtisadi əlaqələrin təşəkkülünə zəmin yaratmışdır. Bu özünü hər şeydən əvvəl ayrı-ayrı ölkələrin bu və ya digər məhsulun istehsalı üzrə ixtisaslaşmasında, beynəlxalq ticarətin meydana gəlməsində göstərmişdir. İxtisaslaşma sayəsində istehsal xərclərinin aşağı, məhsulun keyfiyyətinin yüksək olması, onun ucuz başa gəlməsi hər bir ölkədə beynəlxalq əmək bölgüsünün üstünlüklərindən başqalarının bəhrələnməsinə imkan yaradır.

Ona görə dünya təsərrüfatı dedikdə, öncə xarici ticarət münasibətləri diqqət mərkəzində dayanır. Bununla əlaqədar bir sıra süallar yaranır. Beynəlxalq ticarət həmişəmi inkişafa səbəb olur? O, inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr arasındakı uyğunsuzluğu azaldırmı, yoxsa dərinləşdirir? O, daxili problemlərin həllinə necə təsir göstərir: dualizmin, yoxsulluq və qeyri-bərabərliyin aradan qaldırılmasına, ümumiyyətlə təsir göstərirmi? Bəlkə də o, zəif inkişaf etmiş ölkələrin mənafe və istəklərinə cavab vermir, yaxud onların inkişaf etmiş ölkələrdən asılılığını gücləndirir?

Bir-birilə bağlı olan belə suallar da meydana çıxır: "Üçüncü dünya" ölkələri özlərini necə aparmalıdır; emal edilməmiş əmtəələrin ixracını artırmalımı, yaxud xarici aləmdən ayrılaraq əvəzedici strategiyasını inkişaf etdirməkmi? Xarici investisiya qoyuluşunu həvəsləndirmək lazımdırmı? Zəngin ölkələrin köməyinin rolu necədir? O, "üçüncü dünya" ölkələri borclarının azalmasına, yaxud artmasına səbəb olurmu? Ümumiyyətlə, dünya kapitalizm mərkəzlərindən asılılıq dairəsi, yəni periferiya azalır və yaxud artır?

Aydındır ki, bu suallar inkişaf etməkdə olan ölkələrin qarşısında duran çoxsaylı problemlərin başa düşülməsi üçün mühüm şərtdir. Ona görə hər bir ölkənin iqtisadiyyatında xarici amillərin rolu həmişə öz təsirini göstərir.

Əvvəlcə bazar iqtisadiyyatının qərarlaşmasında mübadilə və kapitalın rolu haqqında mübahisəni, sonra isə fritrederlər, xarici ticarəti liberallaşdırmağın tərəfdarları və proteksionistlər arasındakı mübahisələri nəzərdən keçirək. Müasir mübahisənin xarakterini başa düşmək üçün heç olmasa, neoklassik müqayisəli üstünlük nəzəriyyəsinə diqqət yetirək. Belə ki, bütün mübahisə iştirakçıları bü nəzəriyyəyə söykənmiş və ya əsaslanaraq irəli getmişdir.
§ 2. NEOKLASSİK MÜQAYİSƏLİ ÜSTÜNLÜK

NƏZƏRİYYƏSİ
Xarici ticarətin öyrənilməsi probleminin əsası XVI-XVIII əsrlərdə merkantilizm dövründə qoyulmuşdur. Lakin o vaxt hesab edilirdi ki, qabaqcıl ölkələr idxal etdiyindən çox ixrac etməlidir: yəni müsbət ticarət və tədiyə balansına malik olmalıdır. Bunun da saldosu qiymətli metallar və xarici valyutalar ilə təmin edilir.

Merkantilist nəzəriyyəsi məlum dərəcədə ölkələr arasında antaqonist münasibətlərin səbəbi olmuşdur Çünki belə bəhs etmədə bir ölkə qalib, başqaları isə məğlub hesab edilir; birisi zəngin, başqası kasıb olur.

Klassik nəzəriyyə D.Rikardo və C.S.Milin müqayisəli üstünlük prinsiplərinə əsaslanaraq ölkələr arasında daha ahəngdar münasibətləri bərpa etməyə cəhd göstərir. Burada ilkin nəzəriyyə bir dəyişən amildən, yəni iş qüvvəsi qiymətindən və tam ixtisaslaşma prinsiplərindən törəmişdir. Bunu misalla belə izah etmək olar. Fərz edək, müəyyən bir ölkədə yalnız iki əmtəə - traktor və düyü istehsal edilir; nisbi qiymətlər isə həmin ölkədə belədir ki, bir traktor 5 ton düyüyə dəyir və ölkə öz istehsal güclərini traktor istehsalı və düyü yetişdirilməsi arasında bərabər bölür. Bu halda ölkə 25 mln. ton düyü və 5 min traktor istehsal etməyi nəzərdə tutan orta səviyyədə dayanır. Fərz edək ki, dünya bazarında isə vəziyyət belədir: 1 traktor 10 ton düyüyə dəyir. Bu o deməkdir ki, həmin ölkədə düyü istehsalı əvəzinə yalnız traktor istehsalı üzrə ixtisaslaşma xeyirlidir.

Əgər traktor və düyü istehlakına dəyişiklik olmasa, ölkə əvvəlki kimi onları bərabər nisbətdə istehlak etməyə çalışsa, onda həmin ölkəyə 10 min traktor istehsal edərək onun yarısını dünya bazarında 50 mln ton düyüyə mübadilə etməsi çox faydalıdır. Çünki ölkə daxilində 1 traktorun dəyəri 5 ton, dünya bazarında isə 10 ton düyünün dəyərinə müqabildir.

İlkin klassik nəzəriyyə XX əsrdə bu sahədə xeyli düzəlişə uğradı, bunda isə əsas xidmət İsveç iqtisadçıları Eli Henşerə və Nobel laureatı Bertil Olinə məxsusdur. Beynəlxalq ticarəti ayra-ayrı ölkələrdə əmək məhsuldarlığının müxtəlifliyilə izah edən klassik nəzəriyyədən fərqli olaraq neoklassik nəzəriyyə bu faktı ondan başlayır ki, ölkələrin hamısı bütün əmtəələrin istehsal texnologiyasına daxil olmağın eyni imkanlarına malikdir.

Lakin müxtəlif ölkələrdə resursların qiymətləri müxtəlifdir. Ona görə iş qüvvəsi ucuz olan ölkələr əmək tutumlu əmtəələr istehsalında, kapitalın qiyməti yüksək olmayan ölkələr isə kapital tutumlu əmtəələr istehsalında nisbi üstünlüyə malik olur.

Dünya ölkələri resurslarla təminatına görə fərqləndiyindən müxtəlif məhsullar istehsalı müxtəlif resurslar nisbətini tələb edir, qarşılıqlı faydalı mübadilə üçün ilkin şərtlər yaradır. Tutaq ki, inkişaf etmiş və inkişaf etməkdə olan iki ölkə var: inkişaf etməkdə olan ölkə üçün aqrar sahədə böyük ixtisaslaşma kənd təsərrüfatı məhsulları istehsalında, inkişaf etmiş ölkə üçün isə sənaye sferasında nisbi üstünlük səciyyəvidir. Belə ki, hər bir ölkənin öz nisbi üstünlüyü vardır. Bu ondan yaranır ki, qiymətlərin beynəlxalq nisbəti onların daxilindəki nisbətinə uyğun gəlmir. Bu isə istehsalı ucuz başa gələn və yüksək keyfiyyətli əmtəələri idxal etmək zərurəti doğurur. Bundan həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr qazanır.

Qeyd etmək lazımdır ki, qarşılıqlı əlaqədə olan iki ölkədə ixracın dəyəri idxalın dəyərinə bərabər olanda ticarət balanslaşır. Belə ki, neoklassik nəzəriyyəyə görə beynəlxalq ticarətin artması ilə müvafiq olaraq onda iştirak edən ölkələrin xeyri artır (istənilən əmtəənin istehsalında tam ixtisaslaşma mümkün olmasa da, nisbi ixtisaslaşmanın xeyri) və çoxalır. Bu, istehsal amilləri qiymətlərinin müvazinətini təmin edir. Belə ki, beynəlxalq ixtisaslaşma nəticəsində qənaət olunan istehsal amillərinin artmasına tələb yüksəlir.

Neoklassik nəzəriyyə nöqteyi-nəzərindən inkişaf hər bir ölkənin beynəlxalq ticarətdə müqayisəli üstünlüklərdən tam istifadə etməsi deməkdir. Ona görə artımı stimullaşdırmaq üçün ölkənin iqtisadi siyasəti kənara, yəni beynəlxalq ticarətə yönəldilməlidir. Lakin kənara yönəldilən belə iqtisadi siyasət uzunmüddətli plana nisbətən qısa müddətdə daha tez fayda gətirir. Həm də belə xatırladılır ki, ixtisaslaşmanın faydasını ilk kolonistlər və sahibkar-mühacirlər artıq çoxdan əldə etmişlər.

Müharibədən sonrakı illərdə inkişaf etməkdə olan ölkələrin xarici ticarətin üstünlüklərindən tam istifadə etmək üçün cəhdləri uğurlu olmamışdır. Dünya ixracatının xeyli, son iyirmi il ərzində 10 dəfə artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin bu sahədə payı əvvəlki kimi qalmışdır. Bunun bir qismi onunla bağlıdır ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün monokultur ixtisaslaşma xarakterikdir. Onlar başlıca olaraq kənd təsərrüfatı xammalları, mineral və yanacaq ixrac edirlər. İlk məhsulların monokultur ixracı bir qayda olaraq risk və qeyri-müəyyən vəziyyət ilə bağlıdır. Bundan başqa ilk məhsulların çox hissəsinin gəlirinə görə tələb əyrisi olduqca aşağıdır. Belə ki, sərvətin artmasilə istehlakçının büdcəsində qida məhsullarının nisbi payı aşağı düşür.

Başqa sferalardan fərqli olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün təkmil rəqabət daha çox tipikdir. Aqrar sferası təbii şəraitdən xeyli dərəcədə asılıdır. Bu isə kəskin kortəbii tərəddüdlər doğurur Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi qabaqcadan məlum olmur; sənayedəki kimi istehsalın həcminə o dərəcədə həm nəzarət etmək, həm də onu tənzimləmək mümkün deyil. Kənd təsərrüfatından fərqli olaraq sənaye məhsuluna tələb sabit artım meylilə xarakterizə olunur və gəlirlərə görə tələb elastikliyi yüksəkdir. Bütün bunlar inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında ticarət şəraitinin pisləşməsi üçün obyektiv ilkin şərtlər yaradır. Təəssüf ki, bir çox inkişaf etməkdə olan ölkələr ixrac olunan məhsulun həcmini sərbəst tənzimləyə və milli mənafe naminə beynəlxalq ticarətdən imtina edə bilmirlər. Onlar üçün məhsul ixracı xarici valyuta əldə etməyin əsəs mənbəyidir. Onların özləri də ixracı genişləndirərək ixrac olunan əmtəələrin qiymətinin düşməsi üçün ilkin şərtlər yaradırlar.

Əlbəttə, xarici ticarətin Tayvan, Cənubi Koreya, Braziliya, bəzi OPEK və başqaları kimi ölkələrdə sürətli iqtisadi artımın mühüm ilkin şərt olması inkar olunmazdır. Lakin onların uğurlarının əsasında hələ keçən əsrin 70-ci illərindən qiyməti kəskin artan ya emal sənayesi məhsullarının, ya da enerji daşıyıcıların ixracı durur. Neoklassik nəzəriyyə bunlarla yanaşı müasir dünyada müşahidə olunmayan bir sıra ilkin şərtlərə əsaslanır. Buna inkişaf problemi ilə məşğul olan həm A.Xirşman, L.Lyuks, Q.Myurdal, T.Baloq, F.Perru, Q.Zinger kimi radikal, həm də Y.Tinberqen, V.Brandt komissiyasının uzvləri və b. kimi liberal cərəyan alimləri diqqət vermişlər.

İstehsal resurslarının mümkün həcmi heç də kəmiyyətcə təsbit olunmur. Buna görə onlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə keyfiyyətcə çox fərqlənirlər. İstehsal amillərinin, məsələn, əmək və kapitalın sürətlə hərəkət etmə qabiliyyəti dəyişir. Bu proseslər inkişaf etməkdə olan ölkələrin daxilində məhduddur.

Azad rəqabətin hakim olduğu klassik kapitalizm genezisindən fərqli olaraq müasir dünyada beynəlxalq arenada transmilli korporasiyalar hökmranlıq edir, dünya ticarətinin 1/3 hissəsini əlində saxlayır. Belə şəraitdə neoklassik nəzəriyyə əvvəllər malik olduğu üstünlüklərə əsaslanır. Bu o deməkdir ki, inkişaf etməkdə olan ölkələrin ixtisassız iş qüvvəsindən geniş istifadə etməklə əməktutumlu məhsullar istehsalında ixtisaslaşması onların möhkəmlənir. Yəni material və əmək resursları aşağı keyfiyyətdə qalır. Halbuki həmin ölkələr üçün informasiya, sahibkarlıq qabiliyyəti insan kapital kimi istehsal amillərinin əldə edilməsi problemi son dərəcədə aktuallığını saxlayır.

Neoklassik nəzəriyyə beynəlxalq ticarətdə dövlətin artan rolunu nəzərə almır; hətta inkişaf etməkdə olan ölkələr üçün istehsal amillərinin milli mənsubiyyətini təhrif edir.

Müqayisəli üstünlüklərdən danışarkən nəzərə almaq lazımdır ki, inkişaf etməkdə olan ölkələrdə məhsul ixracını təmin edən resursların çoxu qeyri rezidentlərə məxsusdur. Bu ixracat üçün işləyən bir sıra emal sənayesi şirkətlərinə və aqrofirmalara xarakterikdir. Odur ki, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının ixrac bölməsinin başqa sahələrlə əlaqəsi mühüm əhəmiyyət kəsb edir.

Dünya təsərrüfatı yerində saymır: daim yeniləşir, struktur dəyişiklikləri baş verir. Belə dəyişikliklərin təşəbbüsçüləri bir qayda olaraq daha güclü, yəni inkişaf etmiş ölkələr olur. Daha zəiflər - inkişaf etməkdə olan ölkələr isə buna uyğunlaşmaq məcburiyyətində qalır. Bu, xərclərin "ölməsinə", əmək ehtiyatlarının səmərəsiz istifadəsinə səbəb olur, beynəlxalq əmək bölgüsünün üstünlüklərini bitərəfləşdirir. Belə hallar heç də təsadüfü deyil. Bütün bunlar inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə nisbətən kapital qoyuluşu üçün daha çox cəlbedici obyektə çevirir.

Ona görə sol radikallar müqayisəli üstünlük nəzəriyyəsini "üçüncü dünya"ya tətbiq olunmaz hesab edirlər. Onlar müasir bərabərsizliyi şərh edən bir sıra nəzəriyyələr də irəli sürürlər. Onların əksəriyyəti marksizmin böyük təsiri altındadır. Lakin bu ənənəvi marksizm şəklində deyil, neomarksist ideyanı əks etdirir.



Yüklə 431,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə