Fitosanitar nəzarəti haqqında


Maddə 12. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri



Yüklə 137,41 Kb.
səhifə2/3
tarix14.10.2017
ölçüsü137,41 Kb.
#4741
1   2   3
Maddə 12. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri

12.1. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri aşağıdakılardır:

12.1.1. zərurət olduğu hallarda öz ərazilərində və obyektlərində müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim edilməsi üçün lazımi şərait yaratmaq;

12.1.2. bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında, istifadə edilməsində və zərərsizləşdirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmək, ətraf mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək;

12.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;

12.1.4. fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün dövlət fitosanitar müfəttişləri tərəfindən verilmiş qərarlara və göstərişlərə əməl etmək;

12.1.5. fəaliyyət göstərdikləri ərazilərdə və digər yerlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu barədə dövlət fitosanitar nəzarəti xidmətinə vaxtında məlumat vermək;

12.1.6. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə yol verməmək;

12.1.7. fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi zərurəti yarandığı hallarda bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmaq;

12.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə fitosanitar nəzarəti sahəsində nəzərdə tutulan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

12.2. Hüquqi və fiziki şəxslər fitosanitar tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi üçün öz vəsaitləri hesabına məqsədli fondlar yarada bilərlər.

III fəsil. Fitosanitar tədbirlər

Maddə 13. İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər

13.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti məntəqələri təşkil edilir. Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu məntəqələr öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti orqanlarla əlaqələndirir.

13.2. Zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı dövlət fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata keçirilir:

13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları və yükləri fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;

13.2.2. zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.

13.3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə, bu qanunun 11.1.1-ci maddəsində göstərilən tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki cəhətdən əsaslandırılsın və zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının qarşısının alınması zərurəti yaranmış olsun.

13.4. Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.

13.5. İdxal olunan yükün müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda dövlət fitosanitar nəzarəti xidməti tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:

13.5.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq, karantin rejiminin tətbiq olunması;

13.5.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədi ilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;

13.5.3. zərərsizləşdirmə zərurəti yarandığı hallarda yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;

13.5.4. zərərsizləşdirmə məqsədi ilə yükün boşaldılıb yenidən yüklənməsi;

13.5.5. yükün məhv edilməsinin zəruriliyi.

13.6. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri götürülmədikdə, dövlət fitosanitar nəzarəti xidməti yükün məhv edilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edə bilər.

13.7. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.

13.8. Poçtamtlar vasitəsilə gətirilən bitki və bitkiçilik məhsulları, bitki mühafizə vasitələri və digər yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məntəqələrdən qəbul edilir. Bu məntəqələrin siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılaraq təsdiq edilir və bitki mühafizəsi və karantini üzrə beynəlxalq təşkilatlara və yük göndərən ölkələrə sorğu əsasında məlumat verilir.



Maddə 14. İxrac edilən məhsulların sertifikatlaşdırılması

14.1. Azərbaycan Respublikasından ixrac edilən bitki və bitkiçilik məhsullarının beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə fitosanitar sertifikatlaşdırılması aparılır.

14.2. Fitosanitar sertifikatlar və ya onların elektron əvəzediciləri beynəlxalq standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir. Fitosanitar sertifikatlarda təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

14.3. İxrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları dövlət fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı hallarda verilir:

14.3.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;

14.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;

14.3.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər, baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

14.3.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.



Maddə 15. Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər

15.1. Karantin nəzarətində olan materialların Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə daşınması zamanı həmin yüklər üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir.

15.2. Dövlət fitosanitar nəzarəti xidməti tranzit daşınan bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatı tələb edir və zəruri hallarda karantin nəzarətində olan materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.

15.3. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur:

15.3.1. bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;

15.3.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə.



IV fəsil. Zərərli orqanizmlərlə mübarizə

Maddə 16. Ərazidə karantin elan olunması

16.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onlarla mübarizə aparmaq məqsədi ilə dövlət fitosanitar nəzarəti xidməti həmin ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif verir.

16.2. Karantin rejiminin tətbiq olunduğu ərazinin hüdudları zərərli orqanizmlərin yayılma dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

16.3. Ərazidə karantin rejiminin tətbiq edildiyi barədə məlumat dərhal rəsmi elan olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir.

16.4. Ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarında aşağıdakı məlumatlar əks olunur:

16.4.1. karantin elan olunmasının səbəbləri;

16.4.2. karantin elan olunan ərazinin yeri və hüdudları;

16.4.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.



Maddə 17. Karantin elan olunan ərazilərdə tətbiq edilən məhdudiyyətlər və fitosanitar tədbirlər

17.1. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirləri tətbiq edilir:

17.1.1. zərərli orqanizmlərə qarşı dövlət fitosanitar nəzarəti xidmətinin müəyyən etdiyi bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

17.1.2. karantin elan olunan ərazidən və ya həmin əraziyə, habelə ərazi daxilində bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;

17.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə qadağa qoyulması.

17.2. Dövlət fitosanitar nəzarəti xidməti məqsədəuyğun hesab etdiyi halda karantin elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə), müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericilikdə nəzərdə tutulmuş tələblər qoyur.

17.3. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda dövlət fitosanitar nəzarəti xidməti bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata keçirmək məqsədi ilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.

17.4. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.



Maddə 18. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərin elan olunması

18.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan olunur:

18.1.1. ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə;

18.1.2. zərərli orqanizmlərin yayılmasının məhdud dairədə qalması üçün müvafiq fitosanitar tədbirləri həyata keçirildikdə və lazımi nəzarət sistemi tətbiq edildikdə.

18.2. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərdən bitki və bitkiçilik məhsullarının kənara daşınmasına yol verilmir.

Maddə 19. Ərazinin zərərli orqanizmlərdən azad elan olunması

19.1. Dövlət fitosanitar nəzarəti xidməti karantin elan olunan ərazini müntəzəm olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu daim nəzarətdə saxlayır.

19.2. Fitosanitar tədbirlərin aparılmasından sonra dövlət fitosanitar nəzarəti xidməti zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verir.

19.3. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunmuş ərazini, o cümlədən məhsulun istehsal yerini və sahələrini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan edir:

19.3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin olduqda;

19.3.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədi ilə nəzərdə tutulmuş fitosanitar tədbirlər tam həyata keçirildikdə;

19.3.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq məqsədi ilə müşahidələr keçirildikdə.

19.4. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.



V fəsil. Bitki mühafizəsi ilə bağlı fitosanitar tələblər

Maddə 20. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının və qeydiyyatının aparılması

20.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədi ilə aparılır.

20.2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq elmi-tədqiqat müəssisələrində aparılır.

20.3. İstehsalatda sınaqdan keçirmək, qeydiyyata almaq və elmi-tədqiqat işlərində istifadə etmək məqsədi ilə xarici ölkələrdən gətirilən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.4. Dövlət sınağından keçmiş, insan, heyvan və bitki orqanizmləri, habelə ətraf mühit üçün təhlükəsizliyi təsdiq edilmiş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir.

20.5. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.

20.6. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyat müddəti 5 ildir və bu müddət başa çatdıqdan sonra onlar müəyyən edilmiş qaydada yenidən qeydiyyatdan keçirilirlər. Preparatların təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda müvafiq icra hakimiyyəti orqanı onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edə bilər.

Maddə 21. Zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarəti

21.1. Bütün növ bitki və bitkiçilik məhsullarında və torpaqda pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.2. Bitki və bitkiçilik məhsullarının tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarının yol verilən normadan artıq olmamasını təsdiq edən müvafiq sertifikat olduqda, onların satışına icazə verilir.

21.3. Məhsulun tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olduqda, onun satışına icazə verilmir və bu məhsul qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılır.



Maddə 22. İstifadəyə yararsız zəhərli kimyəvi maddələrin məhv edilməsi

22.1. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada onların sahibindən geri alınaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada zərərsizləşdirilir və ya məhv edilir.

22.2. Pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xüsusi anbarlarda (qəbiristanlıqlarda) aparılır.

22.3. Xüsusi anbarların (qəbiristanlıqların) sayını və onların yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.



Maddə 23. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi

23.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, onlar fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada zərərsizləşdirilir.

23.2. Bitki və bitkiçilik məhsullarının daşınması üçün istifadə edilən nəqliyyat vasitələri məcburi təmizlənir və zərurət yarandığı hallarda fitosanitar tələblərə uyğun olaraq zərərsizləşdirilir.

23.3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanan müqavilə əsasında dövlət fitosanitar nəzarəti xidməti tərəfindən həyata keçirilir.



Maddə 24. Pestisidlərin ehtiyatının yaradılması və saxlanması

24.1. Pestisidlərin ehtiyatı, fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, dövlət büdcəsi vəsaiti hesabına yaradılır.

24.2. Pestisidlərin növlər üzrə ehtiyat normaları və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.3. Pestisidlərin ehtiyatı müntəzəm olaraq təzələnir və istifadəsi müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.



VI fəsil. Fitosanitar xidməti

Maddə 25. Fitosanitar xidmətinin təşkili

25.1. Azərbaycan Respublikasında fitosanitar xidməti dövlət və qeyri-dövlət fitosanitar xidmətləri vasitəsilə həyata keçirilir.

25.2. Bu qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə təmin edilir.

25.3. Dövlət fitosanitar xidmətinin vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25.4. Dövlət fitosanitar xidməti qeyri-dövlət fitosanitar xidmətinin funksiyalarını yerinə yetirə bilər.

Maddə 26. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri

26.1. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, daşınması, saxlanması, satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərdir.

26.2. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirə bilməzlər.

26.3. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durduqdan sonra fəaliyyət göstərirlər.



Maddə 27. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin hüquq və vəzifələri

27.1. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin aşağıdakı hüquqları vardır:

27.1.1. istehsal etdikləri və xaricdən gətirdikləri preparatların qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;

27.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitar tədbirlərinin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək;

27.1.3. dövlət, regional və yerli proqramlar əsasında kənd təsərrüfatına aqrokimyəvi xidmət, bitki mühafizəsi və bitkilərin məhsuldarlığının artırılması tədbirlərinin həyata keçirilməsi məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək;

27.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

27.2. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin vəzifələri aşağıdakılardır:

27.2.1. fitosanitar nəzarəti qanunvericiliyinə əməl etmək və müəyyən olunmuş qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durmaq;

27.2.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına və bağçılıq təsərrüfatlarına aqrokimyəvi xidmətlər göstərmək;

27.2.3. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, fitosanitar və texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərini yerinə yetirmək;

27.2.4. istehsal etdikləri və xaricdən gətirdikləri bitki və bitkiçilik məhsullarının, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək və məsuliyyət daşımaq;

27.2.5. istifadəyə yararsız pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsini və ya məhv edilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin etmək;

27.2.6. dövlət fitosanitar müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etdikləri qərarlara və göstərişlərə əməl etmək;

27.2.7. xidmət etdikləri obyektlərdə zərərli orqanizmlər aşkar edildikdə, dövlət fitosanitar nəzarəti xidmətinə məlumat vermək və onların yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;

27.2.8. fitosanitar tədbirlərin həyata keçirilməsində dövlət fitosanitar nəzarəti xidmətinə lazımi köməklik göstərmək və fitosanitar xidməti sahəsində həyata keçirdikləri işlər barədə müvafiq icra hakimiyyəti orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;

27.2.9. xidmət etdikləri obyektlərdə istehsal edilən bitki və bitkiçilik məhsullarının fitosanitar normalara uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;

27.2.10. bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, habelə bitki mühafizəsi üzrə dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

27.2.11. qanunvericiliklə müəyyən olunmuş qaydada və formada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatını aparmaq;

27.2.12. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

VII fəsil. Zəhərli kimyəvi maddələrin istehsalı, tətbiqi və dövriyyəsinə tələblər

Maddə 28. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri

28.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:



28.1.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramı hazırlayıb təsdiq etmək və onun həyata keçirilməsini təmin etmək;

28.1.1. bitki mühafizə vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair standartları və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;

28.1.2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarını müəyyən etmək;

28.1.3. yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin siyahısını təsdiq etmək və müstəsna hallarda onların tətbiqinə razılıq vermək;

28.1.4. fövqəladə ekoloji şərait zonalarında zəhərli kimyəvi maddələrin tətbiqini məhdudlaşdırmaq;

28.1.5. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;

28.1.6. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiqini qadağan etmək;

28.1.7. yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida məhsullarının istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədi ilə xüsusi xammal istehsalı bölgələri təşkil etmək, onların hüdudları, hüquqi və texnoloji rejimlərini müəyyən etmək;

28.1.8. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması qaydalarını müəyyən etmək;

28.1.9. bitki və bitkiçilik məhsullarını karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərdən qorumaq üçün lazım olan bitki mühafizə vasitələrinin tədarükünə dövlət sifarişi vermək;

28.1.10. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;

28.1.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

28.2. Qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə becərilən bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilmir.

28.3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinin vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət rəyi əsasında bu qanunun 28.1.7-ci maddəsində göstərilən ərazilərdə müvafiq icra hakimiyyəti orqanının ciddi nəzarəti altında onların məhdud çeşidlərinin tətbiqinə qanunvericiliklə müəyyən olunmuş qaydada icazə verilir.

28.4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, daşınması, saxlanması, tətbiqi, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı işləri bilavasitə yerinə yetirən və bu sahədə nəzarət müayinəsi aparan işçilərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.




Yüklə 137,41 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə