Fitosanitar nəzarəti haqqında


Maddə 29. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi



Yüklə 137,41 Kb.
səhifə3/3
tarix14.10.2017
ölçüsü137,41 Kb.
#4741
1   2   3
Maddə 29. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi

29.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi şərti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən həyata keçirilir.

29.2. Pestisidlər və bioloji preparatlar istehsal edən müəssisə istehsal etdiyi preparatların keyfiyyətinə zəmanət vermək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair müvafiq sertifikat alır və onun keyfiyyəti və tətbiqi üçün məsuliyyət daşıyır.

29.3. İstehsal olunan hər hansı preparat qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət sınağından keçirilir və qeydiyyata alınır, onun texniki şərtləri və standartlaşdırma üzrə normativ sənədləri hazırlanır.

29.4. Pestisidlərin və bioloji preparatların standartlaşdırılmasını və sertifikatlaşdırılmasını qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

29.5. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara uyğun olmayan, habelə dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin istehsalına, satışına və tətbiqinə yol verilmir.

29.6. Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısının təsdiq edilməsi və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29.7. Fövqəladə ekoloji şərait zonasında pestisidlərin və bioloji preparatların tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.



Maddə 30. Zəhərli kimyəvi maddələrin idxalı və ixracı

30.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatlar idxal və ixrac oluna bilər.

30.2. Mənşəyi və keyfiyyəti barədə sertifikatları olmayan pestisidlərin və bioloji preparatların idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir.

30.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, pestisidlərin və bioloji preparatların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.

30.4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxal və ixracına aşağıdakı hallarda yol verilə bilər:

30.4.1. elmi-tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;

30.4.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları ilə birlikdə idxal və ixrac edildikdə;

30.4.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında.

30.5. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların qanunvericilikdə nəzərdə tutulan qaydada idxalı və tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.

Maddə 31. Zəhərli kimyəvi maddələrin qablaşdırılması, saxlanması və daşınması

31.1. Azərbaycan Respublikasında istehsal olunmuş və tətbiqinə icazə verilmiş pestisidlər və bioloji preparatlar müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərində və istifadə təlimatlarında Azərbaycan dilində və zəruri hallarda başqa dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.

31.2. Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki şərtlərə və tələblərə riayət edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

VIII fəsil. Fitosanitar xidmətinin elmi və kadr təminatı və maliyyələşdirilməsi

Maddə 32. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura

32.1. Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə baxmaq, müasir elmi-texniki nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq məqsədi ilə dövlət fitosanitar nəzarəti xidmətinin nəzdində, tərkibi alim və yüksək ixtisaslı mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.

32.2. Elmi-Texniki Şura aşağıdakı məsələlərə baxıb rəy verir:

32.2.1. bitki mühafizəsi və karantini sahəsində elmi nailiyyətlərin istehsalatda tətbiqinin yekunlarına;

32.2.2. zərərli orqanizmlərin risk analizinin nəticələrinə;

32.2.3. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin normativ-texniki tələblərə uyğunluğuna;

32.2.4. bitki mühafizəsi və karantini sahəsində hazırlanmış təlimatların, qaydaların, tövsiyələrin və digər normativ sənədlərin elmi cəhətdən əsaslandırılmasına;

32.2.5. bitki mühafizəsi sahəsində elmi və kadr təminatının planlaşdırılmasına və həlli vacib olan digər məsələlərə.

32.3. Fitosanitar nəzarəti sahəsində Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Maddə 33. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması

33.1. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

33.2. Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasının planlaşdırılması və həyata keçirilməsi proqramı müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.

Maddə 34. Fitosanitar xidmətinin maliyyələşdirilməsi

34.1. Dövlət fitosanitar nəzarəti xidmətinin maliyyə mənbəyi dövlət büdcəsindən ayrılan, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlər, könüllü ödənişlər və donor təşkilatların texniki maliyyə yardımlarından ibarətdir.

34.2. Fitosanitar nəzarəti sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:

34.2.1. dövlət fitosanitar nəzarəti xidmətinin və onun tabeliyində olan təşkilatların saxlanılması xərcləri və maddi-texniki təminatı;

34.2.2. qanunvericiliyə müvafiq olaraq bitki mühafizəsi və karantini sahəsində tədbirlərin həyata keçirilməsi;

34.2.3. pestisidlərin ehtiyatının yaradılması və saxlanması;

34.2.4. bitki mühafizəsi sahəsində elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması;

34.2.5. məqsədli dövlət və regional proqramlar əsasında fitosanitar və aqrokimyəvi tədbirlərin aparılması;

34.2.6. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi;

34.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər fitosanitar tədbirlər.

34.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə göstərilən aşağıdakı fitosanitar xidmətləri həmin şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir:

34.3.1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası;

34.3.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi;

34.3.3. fitosanitar sertifikatların, idxal karantin icazələrinin, vahid uçot və hesabat formalarının və digər fitosanitar sənədlərin verilməsi;

34.3.4. fitosanitar karantin baxışının, müayinəsinin və ekspertizasının aparılması;

34.3.5. bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması;

34.3.6. karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri istisna olmaqla, digər bitki mühafizə tədbirlərinin aparılması;

34.3.7. qanunvericilikdə nəzərdə tutulan digər xidmətlər.



IX fəsil. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 35. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

35.1. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

35.2. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

Maddə 36. Mübahisələrin həlli

Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən məhkəmə qaydasında həll edilir.



X fəsil. Beynəlxalq əməkdaşlıq və yekun müddəaları

Maddə 37. Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq

Fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.



Maddə 38. Qanunun qüvvəyə minməsi

38.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

38.2. Bu Qanun qüvvəyə mindiyi gündən «Bitki karantini haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 103; 1998-ci il, № 2, maddə 83; 2002-ci il, № 5, maddə 241, №12, maddə 706; 2004-cü il, № 2, maddə 57), «Bitki mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 274; 2002-ci il, № 5, maddə 241) və «Pestisidlər və aqrokimyəvi maddələr haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 396; 2003-cü il, № 1, maddə 7) qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 12 may 2006-cı il

102-IIIQ



«Azərbaycan» qəzetində dərc edilmişdir

(4 avqust 2006-cı il, № 172)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2006-cı il, № 8, maddə 655)

5 iyun 2007-ci il tarixli, 373-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə
Yüklə 137,41 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə